Rəhman
və Rəhim Allahın adıyla
1. Ha mim.
2. Hər şeyi bəyan eləyən
Kitaba and olsun,
3. anlayasız deyə [Məkkə
əhlinə müraciətlə] ərəbcə Biz var elədik Qur'anı.
4. Şübhəsiz, bu Qur'an
dərgahımızda olan Ana Kitabda mövcuddur, ucadır, hikmətlidir.
5. Sizdən bu Qur'anı
uzaqmı tutmalıyıq, nə var nə var həddinizi aşırsız?
6. Neçə-neçə peyğəmbərlər
göndərmişdik öncəki nəsillərə.
7. Məsxərəyə qoymuşdular
hər gələn peyğəmbəri.
8. Və Biz də məhv eləmişdik
onların içində ən qüvvətli olanları. Öncəki ayələrdə bildirilmiş
aqibəti belələrinin.
9. Onlardan «Göyləri,
yeri kim yaratmış?» soruşsan, «Güclü olan, hər şeyi bilən yaratmış
göyləri, yeri!» deyərlər.
10. Yer üzünü sizin üçün
beşik eləmiş, doğru olan yolunuzu tapasız deyə burada sizin üçün
yollar açmış.
11. Göydən su göndərər
bir qədər. Ölü bir ölkəni bu su ilə dirildərik. Siz də qəbirlərdən
çıxaraq dirilərsiz beləcə.
12. Hər şeydən cüt-cüt
yaratmış. Gəmiləri, heyvanları sizinçün minik eləmiş.
13. Eləmiş ki, bunlara
minən zaman anasız Rəbbinizin ne'mətini, deyəsiz: «Ucalardan ucadır
bunları buyruğumuz altına vermiş Rəbbimiz. Yoxsa gücümüz çatmazdı
bizim tabe edək əmrimizə bunları.
14. Şübhəsiz, Rəbbimizin
dərgahına dönəcəyik axır hamımız».
15. Ona övlad caladılar
bə'zi bəndələrini. Açıq-aşkar nankorun biridir insan.
16. Deməli, yaratdıqlarından
qızları Özünə götürmüş, oğlanları da sizə vermiş, eləmi?
17. Ancaq Rəhmana caladıqlarının
müjdəsini verəndə onlardan bir kimsəyə, hirsindən qaralar o, qəm-qüssəylə
dolar o.
18. Zər-ziynət içində
bəslənənimi, haqqını qoruya bilməyənimi Allaha övlad olaraq calayırsınız?
19. Allahın bəndələri
mələkləri də qadın cinsindən sanmış onlar. Mələklər yaradılan
zaman buna şahidlikmi eləmişdilər? Mütləq qeydə alınacaq onların
bu şəhadəti və buna cavab verməli olacaqlar.
20. «Rəhman istəsəydi
əgər, ibadət eləməzdik mələklərə» deyərlər. Yox onların bu barədə
bir biliyi. Yalnız yalan olar onların dediyi.
21. Bəlkə Biz onlara
Qur'andan öncə bir kitab vermişik, o kitabda Allahdan başqasına
ibadəti caiz bilmişik və həmin kitaba bağlanıb qalmış onlar?
22. Xeyr, özləri deyirlər,
«Öz dini vardı atalarımızın, biz onların iziylə gedirik».
23. Səndən öncə Biz hansı
bir şəhərə peyğəmbər göndərmişdiksə, onun varlı başçıları, «Öz
dini vardı atalarımızın, biz onların yoluyla gedirik» demişdilər.
24. «Atalarınızın dinindən
daha doğru bir din gətirmişəmsə, necə?» demişdi hər peyğəmbər.
«Sizinlə göndəriləni biz danırıq» demişdilər.
25. Və Biz də intiqam
aldıq onlardan. Bax necə olmuş axırı elçiləri dananların.
26. Bir zamanlar İbrahim
atasına və qövmünə demişdi: «Sizin tapındığınız şeylərdən mən
uzağam.
27. Yalnız məni yaradana
tapınaram. Şübhəsiz, doğru yola O da yönəldəcək məni».
28. İbrahim bu sözləri
özündən sonrakılar üçün qoydu getdi. Dedi bəlkə haqq dininə dönələr
sonra gələn nəsillər.
29. Haqq gələnə qədər,
haqqı bəyan eləyən bir elçi gələnə qədər ömür verib yaşatdım Mən
onları və atalarını.
30. Haqq gəlib yetişəndə
isə onlara, «Bu bir cadudur, biz bunu danırıq» dedilər.
31. «İki şəhərin birində
olan bir böyük adama nazil olmalı deyildimi bu Qur'an?» dedilər.
32. Rəbbininmi rəhmətini
bölüşdürdülər? Biz onların arasında artıq bölüşdürmüşük dünya
həyatının güzəran ne'mətlərini. Biri digərinə muzdla iş gördürsün
deyə onlara verdiyimiz məqamlarla birini o birindən üstün tutmuşuq.
Rəbbinin rəhmətisə daha yaxşıdır onların yığdığı dünya malından.
33. Əgər bütün insanlar
vahid bir ümmət halında kafirlik etməsəydi, gümüşdən düzəldərdik
Rəhmanı dananların evlərinin tavanını, evlərinə qalxan pillələri,
34. evlərinin qapılarını,
söykənəcəkləri taxtları
35. və qızıldan bəzəklər
vurardıq bunlara. Bunların hamısı dünya həyatının gəldi-gedər
şeyləridir. Axirət evisə Rəbbinin dərgahında müttəqilər üçündür.
36. Rəhmanı anmaqdan
kim çəkinirsə, ayrılmaz yoldaş edərik ona şeytanı.
37. Çıxarar yolundan
şeytan belələrini. Bunlarsa doğru yolda olduqlarını zənn eləyərlər.
38. Və axır yanımıza
gəldimi, «Şərqlə qərb arası bir uzaqlıq olaydı kaş bizim aramızda,
nə pis yoldaş imişsən» deyər öz yoldaşına.
39. Bu gün peşmançılığın
sizə heç bir faydası yox. Öncə haqsızlıq eləmişdiz, indi də yoldaşınızla
bir yerdəsiz, əzab içindəsiz.
40. Sənmi söz eşitdirəcəksən
karlara, sənmi yol göstərəcəksən korlara və açıq-aşkar bir sapqınlıq
içində vurnuxanlara?
41. Ya səni öldürüb onlardan
axirətdə intiqam alacağıq,
42. ya da onlara və'd
elədiyimizi sənə göstərəcəyik. Onlara gücümüz çatar.
43. Sənə vəhy olunana
bağlanıb qal. Doğru yolun üstündəsən, şübhəsiz.
44. Sənə və qövmünə şərəf
gətirmiş bu Qur'an. Siz də cavab daşıyırsız Qur'ana.
45. Səndən öncə göndərilmiş
elçilərdən soruşsana, Rəhmandan başqa tanrılarmı var etmişik ki,
onlara bir ibadət də edələr?
46. Ayələrimizlə birgə
göndərmişdik Musanı Fir'onun və ə'yanlarının yanına. «Mən, şübhəsiz,
aləmlərin Rəbbinin elçisiyəm» demişdi.
47. Ayələrimiz görünəndə
onlara gülmüşdülər bunlara.
48. Onlara göstərdiyimiz
ayələrin biri digərindən böyükdü. Və əzaba uğratdıq Biz onları,
dedik bəlkə əl çəkələr küfrdən.
49. «Ey cadubaz! Sənə
verdiyi o əhdə görə bizdən ötrü dua elə Rəbbinə, dua elə doğru
yolu tapaq biz» dedilər.
50. Elə ki, əzabdan xilas
etdik onları, sözlərindən döndülər.
51. Qövmünü səslədi Fir'on:
«Ey qövmüm, Misir hökmdarlığı, onun axar çayları mənimki deyilmi,
deyin? Məgər görmürsünüzmü mənim böyüklüyümü?
52. Ağzı söz tutmayan
bu zavallı kimsədən mən üstün deyiləmmi?
53. Ona qızıl bilərziklər
verilməli deyilmiydi, yaxud onunla birgə mələklər gəlməli deyilmiydilər?»
54. Qövmünü yumşaltdı
Fir'on. Onun dediyinə boyun əydilər. Sapmışlardı onlar.
55. Bizi qəzəbləndirdilər.
İntiqam aldıq onlardan. Hamısını qərq elədik sulara.
56. Bir məsələ çevirdik
onların axırını, bununla dərs verdik sonrakılara.
57. Nümunə çəkiləndə
adı Məryəm oğlunun, sənin qövmün gülərdi,
58. deyərdi: «Bizimmi
tanrılarımız, omu daha yaxşıdır?» Yalnız mübahisə xatirinə bu
cür sözlər deyərdilər. Davakar bir qövmdülər.
59. Ne'mət verdiyimiz
bir bəndədir, İsrail oğullarına bir nümunədir Məryəm oğlu sadəcə,
60. İstəsəydik Biz əgər,
sizi aradan götürərdik, yer üzündə yerinizə mələkləri gətirərdik.
61. Qiyamətin qopacağının
bir əlamətidir Məsih İsanın özü. Şübhə eləməyin, gələcək o gün.
Mənə tabe olun. Doğru olan yol budur.
62. Ayıq olun, ayırmasın
şeytan sizi öz yolunuzdan. Açıqca düşməndir sizə, şübhəsiz.
63. Aşkar dəlillər gətirmişdi
İsa, demişdi: «Sizə hikmət gətirmişəm. Gəlmişəm açıqlayım ixtilafda
olduğunuz şeylərin bir qismini. Qorxun Allahdan. İtaət eləyin
mənə.
64. Allah mənim də Rəbbimdir,
sizin də Rəbbinizdir. Ona ibadət eləyin. Doğru olan yol budur».
65. Firqələrə bölündülər,
çəkişməyə başladılar aralarında. Vay halına zalımların! Qiyamət
gününün ağrılı əzabına düçar olacaqlar.
66. Qiyamət saatınımı
gözləyirlər? Bir də baxacaqlar özləri də duymadan qəflətən haqlamış
bu saat onları.
67. Müttəqilərdən savayı
bütün dostlar bir-birinə düşmən kəsilər o gün.
68. «Ey Mənim bəndələrim!
Bu gün sizə zaval yoxdur. Daha üzülməzsiniz qəm əlindən» deyər
Allah.
69. Ayələrimizə iman
gətirmiş, özlərini Bizə təslim eləmiş kimsələrdir bu kəslər.
70. Taylarınızla birgə
şad-xürrəm olaraq girin cənnətə».
71. Yrəklərinin istədiyi
və göz oxşayan şeylərlə dolu qızıl qablarla, büllur kasalarla
dolanarlar başlarına. Əbədilik qalarsız orada.
72. Gördüyünüz işlərin
qarşılığında sizlərə irs olaraq verilən cənnət budur.
73. Bol-bol meyvələr
var sizinçün orada, bunlardan yeyərsiniz.
74. Cəhənnəm əzabında
əbədilik yeri var günah yiyələrinin.
75. Yumşaldılmaz əzabları,
ümidsiz-ümidsiz sükut içindədirlər.
76. Onlara zülm eləyən
Biz deyildik. Özləri zalımlar idi.
77. «Ey cəhənnəm yiyəsi!
Rəbbinə söylə öldürsün bizi!» deyər cəhənnəm əhli. «Burada əbədilik
qalacaqsınız» deyər cəhənnəm yiyəsi.
78. Biz sizə haqq gətirmişdik.
Ancaq çoxlarınızın haqdan xoşu gəlməyir.
79. Yoxsa qərarlaşıblar
qurğu quralar Bizə? Olsun, Biz də Öz qərarımızı artıq vermişik.
80. Yoxsa elə bilirlər
onların sirlərini, gizli söhbətlərini Biz eşitmirik? Hər şeyi
qeydə alar yanlarında dolaşan elçilərimiz.
81. De ki, «Rəhmanın
övladı olsaydı əgər, buna tapınanların ilki olardım».
82. Dediklərindən ucadadır
göylərin, yerin Rəbbi, o uca ərşin Rəbbi.
83. Nə qədər ki, və'd
edilən o günə hələ qovuşmayıblar, qoy vurnuxsun, oynasın onlar
öz aləmində.
84. Göydə olan Tanrı
Odur, yerdə olan Tanrı Odur.
85. Uludan uludur göylərin,
yerin, bunların arasında olanların yiyəsi. Təkcə O bilər qiyamət
saatı nə vaxt gələcək. Onun da dərgahına axır dönəcəksiniz.
86. Allahı qoyub tapındıqları
bütlər iltimas eləyə bilməzlər onlardan ötrü. Yalnız haqqı bilən
və haqqa şəhadət verən kimsələrin iltimas eləməyə çatar haqları.
87. Soruşsan kim yaratmış
onları, «Allah» deyəcəklər. Elə isə bəs niyə aldanaraq imandan
yayınarlar?
88. «Rəbbim mənim! Bunlar
imana gəlməyən kimsələrdir!» dedi Peyğəmbər.
89. «Sən onlardan üz
çevir, sülh arzula onlara. Axır biləcəklər nə imiş küfrün axırı»
buyurdu Allah.
|