Quranın
əsas anlayışlarından biridir zülm. Qaranlıq mənasına gələn «zülmət»
sözü də «zülm»lə eyni kökdəndir. Belə olması çox təbiidir, çünki
Allah nurdur, zülmət isə Allahsızlıq olan yer. Quran terminologiyasında
«zülm» sözü bir şeyi lazım gələn yerə qoymamaq kimi izah olunur.
Quranda deyilir ki, dünyada bütün zülmlər insanın işidir: «Zərrə
qədər zülm etməz Allah, zərrə qədər yaxşılıq edənin yaxşılığını
qat-qat artırar, Özü verər beləsinin böyük əcrini» (Nisa, 40)
Quranda zülmün antonimi
ədalətdir. Ədalət bir şeyi lazım olan yerə qoymaqdır. Bu fəlsəfədən
çıxış edərək şifahi ədəbiyyatımızda zülm "Atın qabağına ət,
itin qabağına ot qoyulması" şəklində ifadə olunur. Yaşar
Nuri Öztürk zülmün üç növünü göstərir. 1. İnsanla Allah
arasında zülm. Allaha şərik qoşmaq, riyakarlıq bu qəbildəndir.
2.İnsanın özü ilə yaşadığı cəmiyyət arasında olan zülm.
Burada zülm cəmiyyətin haqlarına təcavüz şəklində üzə
çıxır. Xalqın hüququna təcavüz, xalqın malını mənimsəmək, Allahın
qullarına zillətə salmaq, fitnə və fəsad, iftira-böhtan bu tip
zülmdür. 3. İnsanın özünə zülm etməsi. Adəm və
Həvva cənnətdə yasağı pozaraq özlərinə zülm etmişdilər: «Aldatdı
onları, aşağı saldı şeytan. Ağacdan meyvə daddıqca ayıb yerləri
göründü, cənnət yarpaqları ilə oralarını örtməyə başladılar. Rəbləri
səslədi onları: «O ağacı sizə yasaq etmədimmi? Şeytanın sizə açıqca
düşmən olduğunu demədimmi? «Rəbbimiz, özümüzə zülm elədik, bizi
bağışlamasan, bizə rəhm eləməsən ziyana uğrayarıq» söylədi hər
ikisi» (Əraf 22-23).
Rahiblik ruh naminə bədənə
zülmdür. Eyş-işrət düşkünlüyü isə bədən naminə ruha zülmdür. Bu
prinsiplə yanaşanda Füzulinin «Rindü Zahid» əsərində iki zalımdan
bəhs olunur. Quranda insanın özünə zülm etməsindən çox danışılır.
«Onlara zülm eləyən Biz deyildik, özləri özlərinə eləyirdilər.
Rəbbinin əmri gəldi, Allahı qoyub tapındıqları başqa tanrıları
heç nəyi sovuşdurmadı onlardan, ziyanlarını artırmaqdan savayı
bir işə yaramadılar» (Hud 101). Zülm edənlərə
meyl etmək Allahın qəzəbinə səbəb olur: «Zalımlara meylinizi salmayın,
yoxsa, od tutarsınız və Allahdan başqa dostlarınız da yoxdur ki,
Onun əzabından qoruyalar sizi. Yardımsız qalarsınız» (Hud
113). Zülmə razılıq göstərmək, ona qarşı mübarizə aparmamaq
Allah taalanın qoyduğu düzəni pozmaq istəyənlərə ortaq olmaqdır.
Zalımlarla oturub-durmaq olmaz: «Ayələrimizi çək-çevirə salanları
görəntək, onlardan üz çevir ta ki, keçməyiblər başqa söhbətə.
Şeytan unutdurursa Sənə bu hökmü, yaddaşın düzələn kimi zalımların
qövmüylə bir yerdə oturmayasan» (Ənam, 68). Onlara
kin saxlamaq və düşmənlik isə olar: «Bundan sonra düşmənçilik
yalnız zalımlarladır» (Baqara, 193). İnsanın
onlara olan münasibəti Allahın onlara olan münasibətinə müvafiq
olmalıdır. Allah zalımları sevmir. Ona görə onlara dost, yardımçı
olmaq olmaz: «Allahın qəzəbini taleyindən azacıq da dəf etməyə
çatan deyil gücləri. Şübhəsiz, bir-birinin dostudur zalımlar.
Müttəqilərinsə dostu Allahdır» (Casiyə 19).
Təsəvvüf əhli deyir ki,
elmi yaymaq alimin vəzifəsi, sirri qorumaq isə arifin vəzifəsidir.
Cəlaləddin Rumi «Fihi ma fih» əsərində yazır: "Hikməti əhli
olmayan adama verməyin. Bunu etsəniz o hikmətə zülm etmiş olarsınız.
Onu əhlindən əsirgəməyin, o zaman hikmət əhlinə zülm etmiş olarsınız.
Sənin əlinə bir gözəl, sevgili keçsə, “Məni kimsəyə göstərmə,
mən səninəm” desə, sən də onu bazarlarda gəzdirib “Gəlin bu gözələ
baxın deyə hər kəsə göstərsəniz doğrumu olar? Bu, sevgilinin də
xoşuna gəlməz, sənə nifrət edər”
Uca dinimizə görə, istər
müsəlman, istər başqa dindən olsun, heç kimsəyə haqsız hücum etmək
olmaz. Müharibə zamanı belə müsəlman onunla vuruşmayan kəslə vuruşa
bilməzlər. İslama qılınc dini deyənlər yanılırlar.
|