”Uca
Rəbbim Onu sevən və çoxlu zikr edən dostlarının qəlbinə elə bir
zövq qoyub ki, əgər dünya sultanları bunun nə qədər dadlı olduğunu
bilsəydilər, onu ələ keçirmək üçün bütün orduları ilə ariflərin
qəlbinə hücum edərdilər”
İbrahim Ədhəm
“Zikr” sözünün yada salma, xatirə gətirmə, adını çəkmə, söyləmə,
vird etmə, tərif etmə mənaları var. Quranda “zikr” sözü Qurani-Kərim
mənasında da işlənib: “Dedilər: «Ey zikr göndərilən kəs, sən məcnunsan,
şübhəsiz” (1, Hicr, 6). Ayələrdəm birində bu söz cümə namazı mənasındadır:
“Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman,
Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun
sizə xeyrini bilsəydiniz” (1, Cümə, 9). Başqa bir yerdə isə “zikr
əhli” bilənlər mənasında işlənilir: “Biz səndən öncə də yalnız
vəhy verdiyimiz adamları peyğəmbər göndərmişik. Bunu bilmirsinizsə,
zikr əhlindən soruşun” (1, Ənbiya, 7).
Amma bir qayda olaraq “zikr” deyəndə Allahı anma, onun
adlarını və ya başqa zikr formullarını təkrar etmək mənası yada
düşür. Zikrin vacibliyi ilə bağlı Quranda xeyli ayə var: «Ey möminlər,
Allahın adını tez-tez zikr edin, Onu səhər və axşam anın» (1,
Əhzəb, 41). “Və buna görə Məni anın, Mən də sizi anaram. Mənə
şükr eləyin, nankorluq eləməyin” (1, Bəqərə, 152), “Həcc ibadətinizi
bitirəntək anın Allahı atalarınızı andığınız sayaq və bundan da
qüvvətli bir anımla. İnsanlar içində «Rəbbimiz, payımızı dünyada
ver» deyən var. Beləsinin axirətdən payı yox” (1, Bəqərə 200),
“Ayaq üstə durarkən, bir yerdə oturarkən, böyrü üstə uzanarkən
Allahı anar, göylərin və yerin yaranışını düşünə-düşünə deyər
onlar: «Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, həmd olsun
Sənə, od əzabından qoru bizi” (1, Ali İmran 191), “Namazı bitirəndə
anın Allahı ayaq üstə dura-dura, yerdə otura-otura, böyrünüz üstə
uzana-uzana. Arxayınçılıqda isə namazı bütövlükdə qılın. Namaz
mö'minlər üçün müəyyən vaxtlarda vacib bilinir” (1, Nisə 103),
“Hər şeydən üstündür Allahı anmaq” (1, Ankəbut 45) və s.
Quranda xəstəlik və pozuntulardan təmizlənmiş qəlb “səlim qəlb”
adlanır. Rəbbimiz “Yalnız təmiz ürəklə gəlməli Allahın dərgahına”
(1, Şuara 89) deyə buyurur. “Səlim” “islam”la eyni kökdəndir.
Səlim qəlb sülh, hüzur, əminlik, sükunət dolu qəlb deməkdir. İslam
isə bu dəyərlərin əldə edilməsi yoludur. “Səlim qəlb Allaha yetərincə
təslim olduğu üçün saflaşmış qəlbdir” (2, səh. 272). Qurana görə,
Allahı zikr, şüurlu şəkildə Allahı anmaq insanların qəlbini yumşaldır
və onu riyakarlıq, tamah, qəlb qatılığı kimi xəstəliklərdən qurtarır.
Allahın əvəzinə başqa şeylərin sevgili seçilməsi qəlbi xoşbəxt
edə bilməz (1, Rad, 28, Hədid, 16, Ənfal 3). Zikr insanın Allahı
unutmaması üçündür. Unutmaq insana məxsus zəifliklərdən biridir.
Adəm peyğəmbərin səhvi də elə unutmaqla bağlıdır. “Biz öncə Adəmlə
də əhd bağlamışdıq. Əhdini unutdu o” (1, Ta-hə 115). Allahı unutmamağın
yolu Onu anmaqdır.
Elmalılı Həmdi Yazır Əhzəb surəsinin 41-ci ayəsinin təfsirində
yazır: “Burada çoxlu zikr deyiləndə zikrin növləri olan təqdis,
təmcid, təhlil kimi Allaha layiq zikr çeşidləri nəzərdə tutulur.
Zikr növləri içində təsbihin (“sübhanAllah” deyərək Allahı anmaq)
vaxtları kimi səhər və axşamın əhəmiyyəti və fəzilətinə işarə
edilərək “səhər və axşam anın” deyilir. Təsbih zikrlərin təməli,
səhər və axşam isə məşhur zamanlardır” (3). Həmdi Yazırın Bəqərə
surəsinin 152-ci ayəsi ilə bağlı təfsiri də maraqlıdır: “Zikr
də şükür kimi ya dillə, ya qəlblə, ya da bədənlə olur. Dil ilə
zikr Allah taalanı ən gözəl adları ilə anmaq, həmd, təsbih və
tənzih etmək, Kitabını oxumaq və dua etməkdir. Qəlblə zikr könüldən
anmaqdır. Onun üç şəkli var: 1. Allahın varlığını göstərən dəliləri
düşünmək, şübhələri ataraq Allahın isim və sifətlərini təfəkkür
etməkdir. 2. Allahın hökmlərini, vəzifələrimizi, Allahın vədini,
dəlillərini düşünmək. 3.Maddi və mənəvi varlıqları, bunlardakı
yaradılış sirlərini seyr edib düşünərək zərrənin müqəddəs aləmə
bir ayna olduğunu görməkdir. Bu aynaya lazım olduğu kimi baxanların
gözünə o gözəllik və böyüklük aləminin nurları yansıyar. Bir anlıq
hissələ bundan alınacaq müşahidə zövqünün bir göz qırpımı qədər
çəkən parıltısı dünyalara dəyər. Bu nöqtədə insan özündən və dünyadan
keçər, bütün hissələrlə haqqa bağlanar. Bədənlə zikr bədən orqanlarının
hər birinin məsul olduğu vəzifə ilə məşğul olması, yasaqlardan
kənar durmasıdır” (3).
Sufi təriqətlərində zikr mənəvi təmizlənmə vasitələrindən biri
kimi geniş yayılıb. Əvvəllər ondan ruhi sarsıntılardan qorunmaq
üçün istifadə ediblər. Bu, bir hədislə əlaqədardır. Mədinəyə hicrət
edəndə Məhəmməd peyğəmbər təqiblərdən qurtarmaq üçün Əbubəkrlə
mağaraya girir. Təqib edənlər mağaraya yaxınlaşanda o, Əbubəkrə
astadan Allahın adlarını zikr etməyi tapşırır. Ona görə bir sıra
təriqətlərdə zikr pıçıltıyla olur. Hər bir təriqət öz ayininin
ədəb və ərkanını müəyyənləşdirərdi. Şazililərdə bu belə idi: zikrdən
əvvəl tövbə, abdəst, qəlbi zikrə hazırlamaq, şeyxdən mənəvi yardım
istəmək, təmiz yerdə oturmaq, əlləri dizin üstünə qoymaq, gözəl
və təmiz geyinmək, gözləri qapamaq, şeyxi göz önünə gətirmək,
səmimi olmaq, zikrin mənasına qəlbi alışdırmaq, Allahdan başqa
hər şeyi yaddan çıxarmaq. Zikrin 3 növü məlumdur: gündəlik zikr,
məxfi zikr və kollektiv zikr.
Gündəlik
zikrin hər namazdan sonra olması vacibliyi Quranda deyilir (1,
Nisə, 103). Namazdan sonrakı zikrin qaydaları cərəyan, məzhəb
və təriqətlərdə fərqli ola bilir. Məsələn, Qadiriyyə təriqətindən
olanlar namazdan sonra «sübhanallah», «əlhəmdülillah» və «Alllahu
əkbər» kəlmələrinin hər birini 33 dəfə təkrarlayar, sayda yanlışlığa
yol verməmək üçün təsbehdən istifadə edirlər. Onların təsbehi
hər bölümündə 33 olmaqla 99 muncuqdan ibarət olur. Ticanilikdə
100 dənəli təsbehdən istifadə olunub. Onun bölgüsü isə belə idi:
12, 18, 20, 20, 18, 12. Xəlvətiyyə təriqətində 301 və 1000 dənəli
təsbehlər olub. Minlik təsbehlərdən müstəsna hallarda istifadə
edilirdi. Bu təsbeh xüsusi qutuda saxlanılırdı. Sufi icmalarında
onlar hakimiyyət rəmzi sayılır və qarovul onu hərbi hissənin bayrağı
kimi qoruyardı. (4, səh. 165).
Məxfi zikrin ayrıca qaydaları vardı. Bu cür zikrlərin icrası üçün
nəfəsalma və nəfəsverməni düzgün tənzimləmək lazım gəlirdi. Məşhur
sufi Bəyazid Bistami (IX əsr) «Arif üçün iman nəfəsalamya nəzarətdir»,
Şibli isə «təsəvvüf intellektə nəzarət və düzgün nəfəsalma qaydalarıdır»
- deyərdi. Məxfi zikrə başlayarkən gözləri və ağzı yummaqla zikr
formulu deyilərdi. «La ilahə»də nəfəs alır, «illallah»da nəfəs
verilərdi. Nəqşbəndilərdə məxfi zikr bu qaydayla olurdu: dil damağa
sıxılır, dodaqlar və dişlər kilidlənir, nəfəs dayandırılırdı.
«La» hissəciyi deyilir və onu mədədən «götürüb» beyinə aparırdılar.
Beyinə çatanda «ilahə», sonra başı sağ çiyinə döndərib «illəllah»
deyilməlidir. Sonra baş sol çiyinə döndərilir, «la ilahə illəllah»
ürəyə doğru aparılır. Bundan sonra o, bütün bədən boyu hərəkət
edir. «Məhəmmədən rəsulillah» deyəndə baş soldan sağa çevrilir.
Bundan sonra «Ya Allah, Sənə can atıram, Sənə çatmaq mənim ən
böyük məramımdır» sözləri deyilməlidir.
Qadiriyyə təriqəti mənsubu isə bardaş qurub əyləşər və sağ ayağının
baş barmağını sol qıçında dizə yaxın olan venaya dirəyərdi. Əllərini
dizləri üstə qoyub barmaqlarını «Allah» sözü şəklində açardı.
Əvvəlcə «lam» kəlməsindən başlayıb bunu dəfələrlə – ürəyində ilahi
odun alovlandığını hiss edənə qədər təkrarlayardı.
Kollektiv zikrlər, adətən, cümə axşamı, xüsusən bayramlarda, icma
üzvləri üçün əziz günlərdə və ya sünnət mərasimlərində keçirilərdi.
Müxtəlif dərviş qardaşlıqlarında bu ayin həm oxunan mətnlərinə,
həm də iştirakçılarının hərəkətlərinə görə fərqlənirdi. Rifailər
oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə,
şuabilər isə rəqsə üstünlük verirdilər. Adətən, analoji ierarxiya
quruluşu olan təriqətlərdə müəyyən qrup adam bu ayinlərin icrasına
birbaşa rəhbərlik edərdi. Əsas fiqur xəlifə - şeyxin ayrı-ayrı
«filial»dakı nümayəndəsi idi. İyirminci əsrin əvvəlində alman
şərqşünası Paul Kale Qahirədə müşahidə etdiyi ayini belə təsvir
edir: «Ayin iştirakçıları dairəvi əyləşmişdilər. Xəlifə ortada
idi. O həm də sahib-əl-leyl – zikr gecəsinin sahibidir. Onun işarəsi
ilə məclisin naibi yığıncağı dua ilə açdı. İştirakçılar oturaq
vəziyyətdə «la ilahə illəllah»ı 20-30 dəfə təkrar etdilər. Sonra
«huvə, huvə, huvə Allah» deyildi və xəlifə ayağa durub hamıya
qalxmaq işarəsi verdi. Bundan sonra «Allah, huvə Allah» sözlərini
hamı təkrarladı. Birinci «Allah» kəlməsi deyiləndə dərvişlər bədəni
sola, ikinci deyimdəsə sağa əyirdilər. «Huvə» isə bu iki vəziyyət
arasında tələffüz olunurdu. 20 dəqiqə belə davam etdi. Hərəkətlərin
tempini xəlifə müəyyənləşdirirdi. Daha sonra «huvə Allah, Həyy
və Qəyyum» (O, Allahdır, əbədi və daimidir) və sonda «ya Əziz,
ya Əziz» deməklə zikr davam edirdi. Sözlər pıçıltıyla deyilirdi.
Nəhayət, «Allah Qadir» kəlməsinə keçdilər. Bu sözləri dərvişlər
başlarını önə əyib, arxaya atmaqla deyirdilər. «Allah, Allah»
kəlməsinə keçəndə temp artıq yavaş-yavaş yüksəlirdi. Nəhayət,
hamı əyləşdi, zikr dua ilə sona çatdı. Onu məclisin naibi oxuyurdu.
Duadan sonra hamı dərvişin əlini öpüb dağılışdı» (5, səh. 82-83).
Kollektiv zikrlər sufizmdə
ilkin çağlardan olub. Nəqşbəndilərin «paslı mişar» adlı zikrlərinin
müəllifi Əhməd Yəsəvi (XI əst) olduğu deyilir. Bu ayin Orta Asiya
tipindədir. Bu zikr vaxtı «ha» dərin nəfəsvermə ilə, «hu» isə
lap astadan tələffüz olunardı. Bu zaman çıxarılan səslərdən yaranan
ritm paslı mişarla odun doğranmasını xatırladardı (4, 162). Bəzi
müəlliflər sufi dərnəklərində yoq sistemindən bəhs edən, hələ
XI əsrdə ərəb və fars dillərinə tərcümə edilmiş «Amrita kunda»nın
öyrənilməsi haqda məlumat verir. Biruninin yoq sistemindən bəhs
edən «Yoqa sutra»nı sanskrit dilindən ərəbcəyə tərcümə etməsi
də məlumdur. Bütün bunlar təsəvvüfün – müsəlman mistikasının,
xüsusən onun praktik hissəsinin Şərq mənşəli olması fikrini möhkəmləndirir.
Əbu Hamid əl-Qəzali “İhyayi-ulumiddin”də
yazır ki, zikr zamanı kəlmələri üç və ya yeddi dəfə təkrar etmək
lazımdır. Ən çoxu yüz və ya yetmiş dəfə təkrar edilir. Hər bir
şəxs imkan və vaxtına uyğun olaraq onları təkrar etməlidir. “Orta
dərəcədə, yəni on dəfə təkrar daha yaxşıdır. Çünki işlərin ən
xeyirlisi az da olsa davamlı olandır. Hər hansı bir işin çoxuna
davam etmək imkanı yoxsa, azına davam etmək daha yaxşıdır. Bu,
qəlbə ara-sıra edilən çoxlu zikrdən daha çox təsir edir. Daimi
şəkildə edilən aza misal: fasiləsiz olaraq damcılayan su mütləq
iz buraxır. Daşın üzərinə də düşsə, eyni təsiri buraxır. Çünki
davamlıdır”. (6, səh. 852). Qəzaliyə görə, faydalı olan qəlb hüzuru
ilə olan zikrdir. Bütün ibadətlər qəlbin hüzuru ilə dəyərləndirilir.
Mürid qəlbini zikrə bağlaya bilibsə, qəlbində zikr etdiyi kimsəyə
məhəbbət yaranar. “Çünki bir adam kənar birisini gözəl bir vəsflərlə
başqasına anladırsa, qəlbində ona eşq və məhəbbət oyanır. Bu eşqin
nəticəsi olaraq onu anmadan dayana bilmir” (6, səh. 767).
Yuxarıda deyildiyi kimi, Rəbbimiz “Məni anın, Mən də sizi anaram”
deyir. Yəni insan Allahı zikr etdiyi müddətdə Onun tərəfindən
anılır. Ariflərə görə, Allahı zikr etməyin bundan başqa faydası
olmasaydı belə, bu müjdə zikrin şərəf və fəzilətini anlamağa yetər.
ƏDƏBİYYAT
1.Qurani-Kərim, N.Qasımoğlunun
açıqlaması, Bakı, 1993.
2. Yaşar Nuri Öztürk, “Kur`an`ın temel kavramları”, İstanbul,
1999
3. Elmalılı Hemdi Yazır, Kur'an-ı Kerim tefsiri, http://www.kuranikerim.com/telmalili
4.Дж. С. Тримингем “Суфийские ордены в исламе”, Москва, «Наука»,
1989
5. “Суфизм в контексте мусульманской культуры” Москва, 1989,
6. İmam Gazali, ““İhyayi-ulumiddin”, I cild, İstanbul, Tuğra neşriyyat
Васиф Садыглы
РЕЗЮМЕ
“Зикр” - понятие и ритуалы
В статье рассматривается
влияние “зикр”а – поминания Бога на духовный рост человека. Согласно
Корану, одним из средств, препятствующих преданию завета с Богом
забвению, является поминание Бога. Под этим понятием имеется ввиду
поминание Бога. Автор также сообщает о различных вариантах “зикра”.
Для внесения ясности в свойства коллективного “зикра” суфийских
орденов, им приводятся тематические примеры из путевых заметок
ряда средневековых путещественников.
Vasif Sadigli
SUMMARY
“Zikr”: its definition
and rituals
The article discusses
the role of “zikr” – contemplation of God in the spiritaul growth
of human. According to Koran, one of the ways to prevent from
neglecting the covenant with God is contemplation of God. The
author also informs of different versions of “zikr” and qoutes
excerpts from notes of some medieval travellers to clarify the
characteristics of colective contemplation rituals used to be
followed by Sufi orders.
|