Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun əsdikcə
əsən yellərə,
2. and olsun yağış yüklü
buludlara,
3. and olsun su üstə
süzən gəmilərə,
4. and olsun hər şeyi
bölüşdürüb-paylaşdıran mələklərə,
5. sizə və'd edilənlər
doğrudur.
6. Və şübhəsiz, cəza
günü gələcəkdir.
7. And olsun fələklərin
yürüyərək yol getdiyi o göyə,
8. Peyğəmbər barədə dedikləriniz
bir-birindən fərqlidir.
9. Yalnız doğru yoldan
yayınan kəs dindən-imandan yayınar.
10. Ölüm olsun cürbəcür
sözlər danışan yalançılara,
11. o kəslərə ki, cəhalət
və qəflət içindədirlər.
12. «Cəza günü bəs nə
vaxt gələcək?» deyə rişxəndlə soruşarlar.
13. Cəhənnəm odunda əzab
çəkəcəkləri gündür onların cəza günü.
14. «Dadın əzabınızı.
Bunu siz özünüz tələsdirirdiz».
15. Bağlar içindədir,
bulaqlar başındadır müttəqilər, şübhəsiz.
16. Rəblərinin verdiyilə
barınırlar. Bundan öncə dünyada da yaxşılardan idilər.
17. Gecələr az yatardılar,
18. səhərlər Allahdan
məğfirət diləyərdilər.
19. Əl açana, ehtiyacı
olana mallarından pay verərdilər.
20. Şübhəsiz, dərindən
inananlar üçün ayələr var yer üzündə
21. və sizin öz xilqətinizdə.
Görməzmisiz bunları?
22. Ruziniz də göydən
gələr, sizə və'd verilənlər də.
23. And olsun göyün,
yerin Rəbbinə, sizin dillənib-danışmağınız haqq olduğu kimi sizə
verilən o qorxunc və'd də haqdır.
24. İbrahimin möhtərəm
qonaqlarının əhvalatı gəlib çatmışmı sənə?
25. Gəldilər yanına,
dedilər: «Salam!» İbrahim də «Salam!» dedi. Və düşündü namə'lum
adamlardı bu kimsələr.
26. Ailəsinin yanına
getdi, yağlı buzov əti gətirdi,
27. qoydu qabaqlarına.
«Buyurun yeyin bundan» dedi.
28. Gördü ki, yemirlər,
qorxuya düşdü. «Qorxma!» dedilər və ona biləyən bir oğlan uşağının
müjdəsini verdilər.
29. Bunu eşidəntək üz-gözünə
döyərək hıçqıra-hıçqıra gəldi arvadı. «Mən sonsuz bir qarıyam»
dedi.
30. «Dediyimiz kimi olacaq.
Belə söyləmiş Rəbbin. Şübhəsiz, müdrikdir, hər şeyi biləndir O»
dedilər.
31. «Ey elçilər! İşinizin
adı nədir?» dedi İbrahim.
32. «Suç yiyəsi bir qövmün
üstünə göndərilmişik» dedilər -
33. «Göndərilmişik ki,
odda bişmiş daş yağdıraq üstlərinə.
34. Həddini aşanlar üçün
Rəbbinin dərgahında birər-birər nişanlanmış bu daşlar».
35. Mö'minləri çıxartdıq
o şəhərdən.
36. Orada tək bircə evdə
Allaha təslim olmuş kimsələr [Lut və onun iki qızı] yaşayırdı.
37. Kafirlərin məhvindən
o şəhərdə bir əlamət saxladıq əzabdan qorxanlar üçün.
38. Musanın da əhvalatında
belə bir əlamət var. Aşkar bir dəlillə göndərmişdik onu Fir'onun
yanına.
39. Ə'yanlarıyla birgə
imandan üz döndərdi Fir'on. Dedi: «Bu cadubazdır, ya da dəlinin
biridir».
40. Biz də onu əsgərləriylə
birgə yaxaladıq, atdıq dənizə. Qınanmış bir kimsə idi Fir'on.
41. Ad qövmünün məhvi
də ibrət alınası bir əhvalatdır. Acı külək göndərmişdik üstlərinə.
42. Qabağına çıxanı toz
eləyib sovururdu göyə.
43. Səmud qövmünün məhvi
də ibrət alınası bir əhvalatdır. «Bir müddət dolanın» deyilmişdi
onlara.
44. Rəblərinin əmrindən
boyun qaçırmışdılar. İldırım vurdu onları, baxa-baxa qaldılar.
45. Nə ayağa qalxa bildi,
nə bir yardım gördü onlar kimsədən.
46. Daha öncə Nuh qövmünü
məhv eləmişdik. Onlar da yolsuzlar idi.
47. Göyü qüdrətimizlə
Biz qurduq. Böyük qüdrət yiyəsiyik, şübhəsiz.
48. Yer üzünü Biz düzəldib
döşədik. Gözəl döşəmişik, deyilmi?
49. Hər şeydən öz tayını
da yaratdıq ki, bəlkə ibrət alasız.
50. De ki, «Allaha pənah
aparın. Mən Onun tərəfindən sizə açıq-aşkar xəbərdarlıq eləyənəm.
51. Başqasını tanrı olaraq
şərik qoşmayın Allaha».
52. Onlardan öncəki qövmlər
də hər gələn peyğəmbərə «Cadubazdır», ya «Dəlidir» demişdilər.
53. Yoxsa bunumu vəsiyyət
eləmişdi onlara öncəkilər? Yox, onlar da öncəkilər tək azğın kimsələrdir
sadəcə.
54. Sən onlardan üz çevir,
qınanası deyilsən, Allahın kəlamını artıq onlara demisən.
55. Mö'minlərə Qur'an
ilə öyüd ver. Yarar gətirər onlara öyüd.
56. Mən cinləri, insanları
yaratmışam təkcə Mənə ibadət edələr.
57. Mən onlardan bir
ruzi diləyən deyiləm. Məni doyurmalarını diləyən deyiləm.
58. Əbədilik ruzi verən,
güc yiyəsi, mətin olan təkcə Allahdır.
59. Öncəki yoldaşlarıtək
bu zalımların da nəsibinə əzab düşər. Cəzalarını Məndən tələsik
istəməsinlər.
60. Və'd verilən o gün
gəlib çatdımı, vay halına kafirlərin!
|