Müasir
təsəvvürlərə görə, zaman proseslərin sürəkliliyini, axıcılığını,
ardıcılığını, bu proseslərin müxtəlif faza və mərhələlərinin bir-birindən
ayırd edilməsini, səbəb-nəticə münasibətlərini, genetik əlaqələrini
və s. ifadə edir. Məkan və zamanın ümumi xassələri obyektivlik,
mütləqlik və nisbilik, bir-biri ilə və hərəkətlə üzvü əlaqə, sonsuzluq
və əbədilik, ararsıkəsilməzliklə arasıkəsilənliyin vəhdətidir.
Filosoflara görə, zaman dönməz bir axındır, yalnız bir istiqamətə
- keçmişdən bu gün vasitəsilə gələcəyə gedir və varlıqdakı fakt
olan bütün proseslər onun daxilində baş verir.
Bir sıra qədim sivilizasiyalarda zamanın insan üzərində hökm sahibi
olması, hətta ilahlaşdırılması inancı olub. Qədim yunan mifologiyasına
görə, əvvəlcə xaos (boşluq) yaranıb, sonra dişi varlıq olan Geya
(torpaq) və Eros (göylər) meydana gəlib. Kronos (zaman – “xrono”
köklü sözlər buradan götürülüb) isə daha sonra yaranıb. Onun anası
Geya, atası isə tiran Urandır. Antik yunanlarda zamana münasibət
neqativ olub. Ona görə Kronosun mifoloji obrazı da mənfi yüklüdür:
o, öz övladlarını yeyir. Yunan mifologiyasında deyilir ki, Kronos
öz bacısı Reya ilə evlənib. Amma anası Geya ona deyib ki, vaxt
gələcək, öz doğma oğlu onu hakimiyyətdən məhrum edəcək. Ona görə
hər dəfə Reyanın uşağı olanda Kronos onları yeyirmiş. Bir dəfə
arvadı onu aldadır və təzə körpəsi Zevsin əvəzinə bələyə daş parçası
bükür və Kronos onu udur. Zevsi gizlicə mağarada böyüdürlər və
o, böyüyəndə Kronosa qalib gəlib onu öldürür və yeraltı dünyaya
göndərir. Yunanların Zevsi baş allah kimi götürdüklərini nəzərə
alsaq, bu süjet nə vaxtsa zamanın Allah üzərində hökmünün olması,
sonra onun aradan qaldırılması anlamına gəlir.
Düzxətli və dairəvi zaman
Yuxarıda deyildiyi kimi, zaman bir prosesdir, amma bu prosesin
müxtəlif dinlərdə fərqli anlaşılmasına rast gəlinir. İbrahim dinlərinə
görə, zaman düzxətli bir prosesdir. Amma hind dinlərinə görə,
o, dairəvidir. Hind dinlərində “kalpa” deyilən anlayış var. O,
iyirmi dörd min ilahi ildir, yer üzünün ilinə çevirsək, bu, 8
640 000 000 il edər. Brahmanın bir günü də bu qədərdir. Hər dəfə
Brahmanın gecəsi gələndə, yəni 4 320 000 000 ildən bir maddi dünya
məhv olur. Yüz Brahma ili xaos olandan sonra yenidən başqa Brahma
yaranır və əvvəlki kimi hər şey yenidən başlayır. Bir sözlə, bu
dində zaman düzxətli yox, dairəvidir. Hər bir dövrədən sonra hər
şey sıfırdan başlayır. Ümumi proses isə üst-üstə yığılmış dairələri
xatırladır.
İslama görə, zaman geri dönməz bir prosesdir və Allahın iradəsi
zamanın üstündədir. Keçmiş və gələcəyin sahibi Odur. Quranda zamanla
yanaşı, iki yerdə keçən “dəhr” sözü (Casiyə, 45/24, İnsan 76,1)
ilk yaradılışdan sona qədər zamanın hamısını ifadə edir. Quran
dilinin böyük bilicisi Rağib İsfahaniyə görə, “dəhr”in əsl mənası
aləmin varlığının başlanğıcından sona çatmasına qədər olan müddət,
yəni külli zamandır. “Zaman” isə həm bütün zamana, həm də onun
bir hissəsinə deyilir.
Zaman hadis – yaradılmış olduğu üçün varlığının əvvəli və sonu
var. Əvvəli bizim üçün “Ol” əmri, sonu isə qiyamətdir. İnsan da
hadisdir, yəni varlığının əvvəli və sonu var. Amma onun varlığının
əvvəli və sonu ilə zamanın varlığının əvvəli ilə sonu üst-üstə
düşmür. Belə demək olar ki, kainat yaradılan kimi insan yer üzünə
yerləşdirilməyib. Yəni əvvəlcə kainat zamanla birgə, insansız
olub. İnsan surəsinin 1-ci ayəsi bəzi məallarda məhz bu cür verilir:
“Dəhrin axışı içində elə zaman geçdi ki, o dönəmdə insanın adı
belə anılmazdı” (Insan, 76/1). Burdan yer üzü yaranan kimi orda
insanın məskunlaşmadığı anlaşılır. Başqa ayələrdən də görünür
ki, əvvəlcə yer üzü yaradılıb, sonralar isə insan: «Yer üzündə
xəlifə yaradacağam» (Baqara, 30). Yəni yer üzü artıq var imiş.
Qiyamətin zamanın sonu olduğu qəbul edilirsə, insanın qiyamətdən
sonra varlığını cənnət və ya cəhənnəmdə (zamansız bir yerdə) davam
etdirəcəyini nəzərə alsaq, zamanın sonu insanın sonundan daha
əvvəl gəlir.
Qurandan onu da öyrənirik ki, cahiliyyə dövründə antik mifologiyada
olan kimi, zamanın insanlar üzərində hökmü olduğu inancı var imiş.
Araşdırıcılar yazır ki, cahiliyyə şairlərində zamana münasibətlə
bağlı narazılıqlar tez-tez qələmə alınıb. Zamanından şikayətlər
bəzən onun söyülməsi həddinə çatırmış. Amma Müqəddəs Kitabımız
insanların həyatının axışının ilahi proqram üzrə olduğunu, insanların
başlarına gələnlərin zamanla heç bir əlaqəsi olmaması, imtahan
və ya yanlışlara görə cəza olduğunu deyir. Quranda zamanın ilahllaşdırılmasına
da münasibət bildirilir və dəhrilərin azdığı vurğulanır: “İstəyini
özünə tanrı seçəni de, tanıdınmı? Yaranmamışdan öncə də tanıyırdı,
azdırmış onu Allah. Qulaqlarına, ürəyinə möhür vurmuş, gözlərinə
pərdə çəkmiş Allah. Allahdan başqa onu doğru yola kim çəkəcək?
Bunu anlamazmısınız? «Həyatımız yalnız bu dünyadadır, ölürük burada,
yaşayırıq burada. Yalnız ZAMAN bizi yoxa çıxarar» deyərlər. Yox
onların bu barədə heç bir bilgisi. Sadəcə olaraq belə zənn eləyərlər”
(Cəsiyə 23-24)
Zamanın nisbiliyi
Zamanla bağlı son vaxtlar
elmi dairələdə Eynşteyn və tərəfdarlarının çox maraqlı fikirləri
geniş yayılıb. Məsələn, deyilir ki, zaman əslində bizim tərəfimizdən
keçmiş və gələcək deyə bölünür. Əslində bir zaman var: “Bir saniyənin
içində bütün saniyələr var”. Biz sadəcə, maddə, zaman və məkana
bağlıyıq, ona görə keçmiş və gələcəkdən danışırıq. Əgər məkan
və maddə olmasa, zaman da olmaz. Hər şey olub, biz, sadəcə, seyr
edirik və s.
Daha bir geniş yayılmış fikir isə zaman fasilələrinin nisbiliyi
ilə bağlı Eynşteyn nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, sürətdən
asılı olaraq, zamanın keçməsi dəyişir: "Əgər atanın 27, oğlunun
yaşı 3 olarsa, işıq sürəti ilə hərəkət edən ata 30 dünya ili sonra
yerə qayıtsa, oğlu 33 yaşında, ata isə 30 yaşında olacaq".
Bunun təsdiqi sayıla biləcək ayələr Quranda var: ”Əlli min il
sürən bir gündə Allahın hüzuruna qalxar o pillələrlə mələklər
və Ruh” (Məaric 4);
“O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin
işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan
bir gündə Ona doğru yüksələr” (Səcdə 5); “İstərlər o əzabı tez-tələsik
gətirəsən başlarına. Verdiyi vədinə xilaf çıxan deyil Allah. Sizin
saymağınızla min ilə bərabər olar Rəbbinizin dərgahında keçən
gün” (Həcc 47). Bundan başqa, Kəhf surəsində mağaraya sığınanların
orada 300 il qaldığı deyilir: “Mağarada üç yüz il qaldı onlar.
Doqquz il də üstəlik [üç yüz il günəş, uç yüz doqquz il ay təqvimi
ilə]” (Kəhf 25); ”Amma nə qədər qaldıqlarını soruşanda “bir gün,
ya bir qədər çox” deyirlər: “Onları bir daha oyatdıq ki, hal-əhval
tutalar, sorğu-sual eləyələr aralarında. «Nə qədər yatdınız?»
dedi birisi. «Yatdığımız bir gün, yaxud bir gündən də az olar»
dedilər” (Kəhf 19). Amma bu, adi situasiyada onların bədənlərində
müvafiq proseslər getdiyi halda mümkün ola bilməz. Bizcə, həmin
vaxt zaman onları əhatə edən dünyada keçməkdə davam edib, onlarsa
ZAMANIN XARİCİNDƏ olublar. Necə? Bunu bilmirik.
Maraqlı məqamlardan biri də budur ki, Quranda keçmişlə, gələcəklə
bağlı danışılanda indiki zamanın şəkilçilərinin işləndiyini görmək
olar. Elə Kəhf surəsinə baxaq: “Və mağaranın geniş bir sahəsində
rahatlıq taparaq uyumuş onlar” (Kəhf 17); “Onlar yuxudadırlar,
ancaq görsən onları, oyaq sanarsan. Onları sağ tərəfə də, sol
tərəfə də çeviririk. Onların iti də özləri sayaq uzanıb mağaranın
önündə” (Kəhf 18).
Və ya: “Toplamışıq insanları bir yerə, onlardan heç kimi buraxmamışıq.
Rəbbinə cərgə-cərgə təqdim olunmuş onlar. “And olsun, Biz sizi
ilk dəfə necə yaratmışıqsa, eləcə də gəlmisiniz hüzurumuza. Sizsə
elə sanırdınız sizdən örtü bir vədə bəlirləmərik”. Yazı qoyulmuş
ortaya. Bu yazıda nə varsa, ondan qorxu keçirən görürsən suçluları,
deyirlər: “Vay bizim halımıza, bu nə yazıdır belə, xırda-iri,
nə varsa heç nəyi buraxmamış, hər nəsnənin hesabını aparmış!”
Gördükləri işləri çıxmış qabaqlarına. Haqsızlıq eyləməz Rəbbin
kimsəyə” (Kəhf 47-49). Göründüyü kimi, bunlar da alimlərin yuxarıda
verilən fikirləri ilə uyğundur. Yəni zaman bizim üçündür. Onun
Allah üzərində hökmü yoxdur. Allah məkan və zamandan münəzzəhdir.
Olmuşlar və olacaqlar onun üçün eynidir. Zaman onun içində olanlar
üçün keçmiş və gələcəyə bölünür, xaricində olanlar üçün o, kənardan
seyr edilən bir prosesdir. Eyni zamanda hər bir qismini görmək
olur.
Zamanın xeyri və şəri
Zamanı söymək, faciə
və bədbəxtliklərin səbəbi kimi göstərmək doğru olmadığı kimi,
islama görə, onun ayrı-ayrı qisimlərinin xoşagəlməz hadisələrə
səbəb olduğunu demək də doğru deyil. Həftənin bu və ya digər gününün
(adətən, bazar ertəsi), ayın hansısa tarixinin (məsələn, ayın
13-ü) və ya günün hansısa hissəsinin (məsələn, gecənin) damğalanması,
şər qaynağı kimi qəbul edilməsini əski inancların qalığı hesab
etmək doğru olar. Konkretləşdirsək, bazar ertəsi və 13 rəqəmi
ilə bağlı olanlar xristianlıqdan, gecənin yamanlanması isə zərdüştilikdən
qaynaqlanır. Xalq arasında “Gecənin xeyrindən sabahın şəri yaxşıdır”
məsəli bu qəbildəndir. Əlbəttə, təxirə salınması mümkün olan məsələləri
bir müddət keçdikdən sonra yenidən nəzərdən keçirmək anlamında
götürəndə bu məsəldə elə bir qəbahət yoxdur. Amma inancın özü
gündüzün Hörmüzün (inanca görə, Günəş onun gözüdür), qaranlığın,
gecənin Əhrimənin nəzarətində olması düşüncəsi ilə bağlıdır. Təsadüfi
deyil ki, bir sıra bölgələrimizdə indi də “axşam oldu” mənasında
“şər qarışdı” deyilir. Yəni hər şey Əhrimənin nəzarətinə keçdi.
Dinimizə görə, gecə nəinki neqativ yüklü deyil, əksinə, Quran
oxumaq və namaz qılmaq üçün ən müsaid vaxtdır. Səhərlər gün çıxmamış
edilən dualar isə Quranda aşkarca təşviq edilir: “Rəblərinin rizasını
qazanmaqçün səcdəylə, namazla keçirərlər gecəni. Deyərlər: «Rəbbimiz!
Bizdən iraq elə cəhənnəm əzabını, dəhşətlidir o əzab. Qalmalı
yer, olmalı yer deyil ora» (Furqan 64-66). Daha bir məqam: Qurana
görə, Müqəddəs Kitabımız məhz gecə endirilib: “Biz qədir gecəsində
nazil elədik Quranı. Nə biləsən nədir qədir gecəsi? Min aydan
yaxşıdır tək bir qədir gecəsi. Hər iş üçün Rəblərinin iznilə yerə
enər mələklər və Ruh qədir gecəsi. Dan yeri sökülənə qədər salamatlıq
deməkdir qədir gecəsi!” (Qədr 1-5).
Zamanın bir parçası olan, onunla axan ömür çox qiymətli bir sərmayədir.
ONUN QİYMƏTLƏRİLMƏYƏN HƏR BİR HİSSƏSİ İTKİDİR. İstər gecə, istər
gündüz, insan onun hər bir saniyəsini qədrini bilib yararlanmalıdır:
"İbrət almaq istəyən, şükr eləmək istəyən kəslər üçün gecəylə
gündüzü növbələşdirən Odur" (Furqan, 62). Nəhayət, isra hadisəsi
gecə olub: “Ucalardan ucadır Allah, Məscidi-Haramdan ətrafını
barlı-bərəkətli elədiyimiz Məscidi-Əqsaya aparmış Öz bəndəsini
bir gecə. Aparmış ki, ayələrimizdən bəzisini ona göstərək. Şübhəsiz,
eşidəndir, görəndir hər şeyi Allah” (İsra 1).
Sıfır vəzyyəti
Zamanın nə zaman başlandığını
Qurandan bilirik. Bu, “ol” əmridir. Allahın «Ol!» əmri ilə yaranan
və «genişlənməkdə olan» (Zariyət, 47) kainat yaradılmamış zaman
və onun birlikdə varlığı labüd olan digər iki ünsür – məkan və
maddə də olmayıb. Zamanın sonunu da Qurandan öyrənə bilirik. Bu,
Qiyamətdir. Qiyamət zaman, məkan və maddənin varlıqdan yoxluğa
çevrilməsidir. Quranda deyilir ki, bu, böyük kataklizmlərə yol
açacaq. Bu zaman hər üç ünsür eyni anda yığışdrılacaq. Bunun üçün
istifadə edilən Quran ifadələrində çox möcüzəvi bir güc var: “Kağızı
qat-qat eləyib kitaba döndərən tək qatlara bükərik o gün səmanı,
eləcə də heçdən yaratdığımız ilk xilqəti verdiyimiz vədə görə
Biz təkrarən yaradarıq. Vədimizə, şübhəsiz, əməl edərik» (Ənbiya
surəsi, 104).
“Ol” əmri ilə başlayan zamanın dayanması ilə bağlı Quranda “saat
nə zaman lövbər atacaq?” (dayanacaq) ifadəsi işlənir: «Səndən
soruşurlar ki, SAAT NƏ ZAMAN LÖVBƏR ATACAQ?» (Əraf, 187, Kraçkovski
məalı) və ya «Səndən O SAAT (QİYAMƏT) NƏ VAXT LÖVBƏR ATACAQ» deyə
soruşurlar» (Nəziat 42, Elmalılı Həmdi Yazır məalı). Zamanın durması,
sabit qalması fizika qanunlarının keçərliliyini qeyb edərək kosmosun
bütün mahiyyətini itirməsi və yeni, başqa BİÇİMLİ bir kainatın
içinə girməsi deməkdir. Beləliklə, anlaşılan odur ki, əslində
kainatdakı həyat iki sıfır arasındakı prosesdir. Düzünü Allah
bilir.
ƏDƏBİYYAT
1.Qurani-Kərim, N.Qasımoğlunun
açıqlaması, Bakı, 1993.
2.Azərbaycan Sovet Ensiklopediyası, VI cild, Bakı 1982
3.Kuran'i Kerim tefsiri, Elmalılı Muhammed Hamdi Yazır, http://www.kuranikerim.com/t_elmalili_index.htm
4. Коран, перевод И.Ю. Крачковского, M, 1990.
5. Античная мифология, Издательство "Эксмо" 2007.
АННОТАЦИЯ
ПОНЯТИЕ ВРЕМЕНИ В КОРАНЕ
Данная статья проливает
свет на Коранические аяты, затрагивающие время как “hadis”, то
есть как бытие сотворенное, его начало и конец, его относительность.
Помимо этого указавается, что негативное отношение к времени и
его определенным частицам не имеет отношение к исламу, более того,
таковое позаимствовано из различных вероисповеданий и традиций.
Автор также выражает собственное мнение относительно no возможности
гипотез о начале и конце времени в свете Коранического текста.
ANNOTATION
NOTION OF TIME IN KORAN
The article brings attention
to the Koranic verses related to time as meaning “hadis” – created-being
one, its beginning and end, and its relativity. The author points
out that the negative attitude towards time or its certain stages
has nothing to do with Islam and this as such has been derived
from different belief systems and traditions. He also expresses
his own impression on some hypothesis as possible to come up with
in light of the Koranic text.
|