Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm ra. Bunlar
haqqı açıqlayan Kitabın ayələridir.
2. Biz Kitabı Qur'an
olaraq ərəbcə nazil elədik bəlkə anlayasız [Məkkə əhlinə müraciətlə]
onu.
3. Bu Qur'anı Biz sənə
vəhy eləməklə qissələrin ən gözəlini danışırıq sənə. Bundan öncə
qəflətdə olan kimsələrdən idin sən.
4. Bir zaman atasına
demişdi Yusuf: «Atacan, on bir ulduz, günəşi və ayı gördüm yuxumda,
gördüm mənə səcdə eləyir onlar».
5. Atası dedi: «Yuxunu
danışma qardaşlarına, hiylə qurarlar sənə. Açıqca düşməndir şeytan
insana.
6. Beləcə səni seçəcək,
sənə yuxuların yozumunu öyrədəcək, sənə və Yaqub soyuna verdiyi
ne'mətini tamam edəcək Rəbbin. Bir zamanlar ataların İbrahimə
və İshaqa vermişdi həmin vergidən Rəbbin. Şübhəsiz, biləndir hər
şeyi, müdrikdir Rəbbin».
7. Yusufun və qardaşlarının
[on bir qardaşının] hekayətində həqiqətən ibrət dərsləri var onların
əhvalatını soruşan kimsələr üçün.
8. Qardaşları dedilər:
«Yusufu və onun doğma qardaşı Beniamini hamımızdan artıq sevir
atamız. Bizlər isə görün neçə nəfərik. Açıqdan-açığa yanılıb sapmış
atamız.
9. Öldürün Yusufu, ya
da onu bir yerə tullayın, atanızın gözünə təkcə siz görünəsiz.
Bundan sonra isə tövbə edib yaxşılardan olarsız».
10. Onlardan biri dedi:
«Yusufu öldürməyin, atın quyunun dibinə, yoldan ötən kimsələrdən
birisi tapıb aparsın onu. Ondan üzülüşmək istəyirsizsə əgər, belə
eləyin».
11. Dedilər: «Ey atamız,
axı niyə e'tibar eləmirsən Yusufu bizə? Biz onun yaxşılığını istərik,
özgə bir şey istəmərik.
12. Qoy bizimlə yola
çıxsın o sabah, bir yerdə gəzərik, oynayarıq, biz ona göz olarıq».
13. Ataları dedi: «Onunla
getməyiniz məni açmayır. Qorxuram Yusufu canavar yeyə və sizin
də bu işdən xəbəriniz olmaya».
14. Dedilər: «Biz bir
dəstəyik, onu canavar yesə, lap acizik deməli».
15. Apardılar Yusufu.
Hamılıqla qərarlaşıb quyunun dibinə atdılar onu. Yusufa vəhy elədik:
«Onların bu əməlini mütləq özlərinə bildirəcəksən. Bunu eləyən
zaman səni tanımaz onlar».
16. Axşam düşcək ağlaya-ağlaya
gəldilər atalarının yanına.
17. Dedilər: «Ey atamız,
biz getmişdik bir-birimizlə yarışaq, Yusufu da qoymuşduq şeylərimizin
yanında. Onu canavar yedi. Doğru sözlü, düz əməlli olsaq belə
onsuz da inanmazsan bizə».
18. Gətirdilər köynəyini,
yalançı qan vardı üstündə onun. Yaqub dedi: «Tutduğunuz işi bərbəzəkli
göstərmiş sizə nəfsiniz. Mənə də yaxşıca səbr eləmək qalır yalnız.
Dediyinizə dözmək üçün Allah köməyim olsun».
19. Bir karvan gəlib
dayandı. Bir nəfəri göndərdilər su gətirsin. Qabını quyuya salladı
suçu. «Müjdə! Bu tapdığım bir oğlandır!» söylədi. Yusufu satmaq
üçün tutub gizlətdi onlar. Onların nə iş tutduğunu bildi Allah.
20. Satdılar Yusufu dəyər-dəyməzinə,
bir neçə dirhəmə, ondan tez üzülüşmək istəyirdilər.
21. Misirdə onu satın
alan kimsə [padşahın vəziri] arvadına [Zəlixaya] söylədi: «Yaxşı
bax ona, bəlkə xeyri dəydi bizə, bəlkə də övladlığa götürdük onu».
Yusufu beləcə yer üzündə yerləşdirdik ki, yuxuların yozumunu öyrədək
ona. Öz işini aşırandır Allah. Amma əksər adamlar bilməyir bunu.
22. Elə ki, yetkinlik
çağına yetişdi Yusuf, Hikmət verdik, bilik verdik ona. Beləcə
mükafatlandırırıq yaxşıları.
23. Qanı qızdı Yusufa
evində qaldığı qadının, bağladı qapıları, «Gəlsənə yanıma» dedi.
«Allah Özü saxlasın məni bu işdən. Ağam mənə yaxşılıqlar eləmiş
[ona necə xəyanət edə bilərəm]. Zalımlar uğura uğramazlar» dedi
Yusuf.
24. Arzulamışdı onu qadın
və o da Rəbbinin doğruluğu göstərən dəlilini görməsəydi əgər,
arzulardı bu qadını. Xəyanəti, zinanı ondan kənar eləmək istədik
Biz beləcə. Sadiq bəndələrimizdəndi Yusuf, şübhəsiz.
25. Hər ikisi cumdular
qapıya doğru. Yusufun köynəyini arxasından cırdı qadın. Qapının
ağzında əri ilə üzləşdilər. «Sənin ailənə pislik etmək istəyənin
nədir cəzası? Beləsi zindana atılmalı, yaxud da möhkəmcə döyülməli
deyilmi?» dedi qadın.
26. «Mən ondan yox, o
məndən kam istədi» dedi Yusuf. Qadının qohumu olan bir şahid dedi:
«Onun köynəyi qabağından cırılmışsa əgər, qadın düz danışır, Yusuf
yalan.
27. Və əgər onun köynəyi
arxasından cırılmışsa, demək qadın yalan söyləyir, Yusuf doğru».
28. Görəndə ki, Yusufun
köynəyi arxasından cırılmış, qadının əri dedi: «Bu dediyin siz
qadınların məkrindən gəlir. Siz qadınlar yaman məkrlisiniz.
29. Yusuf, unut bu işi.
Sən də ki, Zəlixə, məğfirət dilə. Artıq günah içindəsən, şübhəsiz».
30. Şəhərdəki arvadlar
dedilər: «Öz quluyla eşqbazlıq eləyir vəzirin arvadı. Onun sevgisiylə
bağrı yaxılmış. Açıqdan-açığa yolundan sapmış».
31. Onların bu qeybətini
eşitcək dallarıyca adam saldı. Mütəkkələr hazırladı onlara və
hər birinin əlinə də bıçaq verdi. [Arvadlar qabaqlarındakı meyvələri
soyub yeməklə məşğul ikən] Zəlixə Yusufa dedi: «Çıx bunların qarşısına».
Yusufu görəntək çaşqınlıqdan əllərini kəsdilər, «Allah, bu ki,
bəşər deyil, gözəl bir mələkdir!» dedilər.
32. Zəlixə dedi: «Baxın,
buna görə sizlər məni dilə-dişə salmışdınız. Ondan kam almaq istədim,
o istəmədi. Dediyimi eləməsə yenə də, zindana atılacaq, alçalacaq».
33. Yusuf dedi: «Bunların
dediyinə uymaqdansa zindana düşməyim daha yaxşı, Rəbbim! Bunların
məkrini məndən uzaq eləməsən, meylim düşər bunlara, cahillərdən
olaram».
34. Onun duasını qəbul
buyurdu Rəbbi, qadınların məkrini uzaq elədi ondan. Allah eşidəndir
hər şeyi, biləndir hər işi.
35. Görəndən sonra da
Yusufun mə'sumluğunu, qərara aldılar bir neçə müddətliyə zindana
salsınlar onu söz-söhbəti kəsmək üçün.
36. Onunla bərabər iki
başqa cavan [saqi və aşpaz] da düşdü zindana. Onlardan birisi
dedi: «Yuxumda gördüm şərab düzəltmək üçün üzüm sıxıram». Digəri
də dedi: «Mən də gördüm çörək daşıyıram başımın üstə, quşlar ondan
yeyirlər. Bizim üçün yoz bunları, biz səni yaxşılardan sayırıq».
37. Yusuf dedi: «Sizə
ruzi olaraq təam gəlməzdən öncə yuxunuzu sizin üçün yozaram. Rəbbim
mənə öyrətmiş çox şeyləri, bu da onlardan biri. Mən artıq tərk
eləmişəm Allaha inanmayan, axirəti dananların dinini.
38. Atalarım İbrahim,
İshaq və Yaqubun dininə tabe oldum. Bizə yaraşan deyil nəyisə
şərik qoşaq Allaha. Bu, tək Allahın bizə, bütün insanlara Onun
lütfündən gəlir. Amma əksər adamlar yenə də naşükürlük eləyir.
39. Ey mənim zindan dostlarım,
kim daha üstündür, müxtəlif tanrılarmı, hər şeyi qəhr eləyən tək
Allahmı?
40. Siz Allahı qoyub
yalnız sizin və atalarınızın qoyduğu bir para adlara [bütlərin
adlarına] tapınırsınız. Bunların barəsində heç bir dəlil-fərman
nazil etməmiş Allah. Hökm tək Allahındır. Təkcə Ona tapınmağı
buyurmuş sizə O. Doğruya doğru yönələn din budur. Amma əksər adamlar
bilməzlər bunu
41. Ey mənim zindan dostlarım,
biriniz yenə ağasına şərab süzəcək, o biriniz asılacaq və quşlar
onun başından yeyəcək. Soruşduğunuz şeylərin hökmü verilmiş beləcə».
42. O iki nəfərdən birinə,
canının qurtulacağını yə'qin eləyən kimsəyə Yusuf dedi: «Öz ağana
[padşaha] mənim barəmdə danış». Ağasına bu barədə danışmağı ona
unutdurdu şeytan, bir neçə il zindanda qaldı Yusuf.
43. Padşah dedi: «Yuxumda
gördüm yeddi yekə kök inək basıb yeyir yeddi arıq inəyi. Bir də
onu gördüm yeddi quru sünbül dolanmış yeddi yaşıl sünbülə. Ey
ağalar, yuxuları yoza bilirsizsə əgər, yuxumun mə'nasını anladın
mənə».
44. Dedilər: «Bu yuxun
qarışıq xəyallardan ibarətdir. Xəyalların yozumunu bilmərik».
45. O iki nəfərdən biri,
canı qurtulan kimsə xatırladı bu arada Yusufu, dedi: «Bu yuxunun
yozumunu sizə bildirərəm mən, zindana göndərin məni».
46. «Yusuf, ey doğrucul
insan, bu yuxunu yoz bizə - yeddi yekə kök inək basıb yemiş yeddi
arıq inəyi və yeddi yaşıl sünbülə yeddi quru sünbül dolanmış.
Mən də gedim adamlara bildirim bilsinlər bunu».
47. Yusuf dedi: «Yeddi
il dalbadal buğda əkərsiz. Biçindən sonra yeyəcəyinizin az bir
hissəsini saxlarsız toxumluq üçün.
48. Sonra yeddi il qıtlıq
olacaq. Yığdığınız azuqəni yeyəcək bu illər. Bir az saxladığınızı
saxlayacaqsız.
49. Sonra da bir il gələr,
bol yağış göndərər insanlara Allah, meyvələri sıxıb şirəsini içər
onlar».
50. Padşah dedi: «Onu
yanıma gətirin». Padşahın göndərdiyi kəs gələndə onun yanına,
Yusuf dedi: «Qayıt ağanın yanına, öyrən gör o qadınlar nəyə görə
kəsmişdilər əllərini. Onların məkrini, şübhəsiz, bilir Allah».
51. «Yusufu başdan çıxarmaq
istəyəndə sizə meyl saldımı?» dedi padşah qadınlara. «Allah eləməsin,
bizlər ondan heç bir pislik görmədik» dedi onlar. «Haqq artıq
üzə çıxmış, onu başdan çıxarmaq istəyən mən idim. Doğru sözlü,
düz əməlli kimsədir o» dedi vəzirin arvadı.
52. Yusuf dedi: «Onların
sorğuya çəkilməsini ona görə istədim ki, bilsin vəzir, mən ona
xəlvətdə xəyanət eləməzdim, xainlərin əməlinə uğur qazandırmaz
Allah.
53. Mən təmizə çıxarmaq
istəmirəm nəfsimi. Nəfs elə şeydir ki, pisliyə meyllidir, nəfsi
yalnız Rəbbim kəsər. Günahlardan keçəndir, Rəhimdir Rəbbim mənim».
54. «Gətirin, onu öz
yanımda saxlayacağam» dedi padşah. Yusuf gələn kimi də ona üz
tutub dedi: «Bu gündən bizim adamsan, yanımızda yerin var».
55. «Mənə tapşır ölkənin
xəzinələrini, maliyyə işlərinə yaxşıca bələdəm mən» dedi Yusuf.
56. Yerləşdirdik yer
üzündə beləliklə Yusufu, istədiyi yeri verdik ona. Rəhmətimizi
istədiyimiz kimsəyə verərik, yaxşıların əcrini zay etmərik.
57. Amma axirət əcri
daha çox xeyir gətirər iman gətirənlər üçün, Allahdan qorxanlar
üçün.
58. Yusufun qardaşları
gəldilər onun yanına. Yusuf onları tanıdı, onlarsa Yusufu tanımadılar.
59. Onların yükünü hazırlatdı
Yusuf, dedi: «Atabir qardaşınızı da gətirin yanıma. Görürsünüz,
heç nəyin çəkisini mən əskik eləmirəm. Mənim kimi qonaqsevən bir
adam heç yerdə ola bilməz.
60. Əgər onu yanıma götirməsəniz,
heç nə verməyəcəm sizə. Və bir də bundan sonra mənə yaxın gəlməyin».
61. «Çalışarıq ayıraq onu öz atasından. Bunu mütləq edəcəyik»
dedilər.
62. «Gətirdikləri pulları
da qatın onların yükünə. Evlərinə çatantək bəlkə bunu bilələr
və bəlkə biz tərəfə bir də gələlər» dedi Yusuf nökərlərinə.
63. Atalarının yanına
qayıtdılar, dedilər: «Atacan, payımızı tərəzidə çəkmədən verdilər,
çünki qardaşımız yanımızda yox idi. Onu bizə qoşub göndər. Göndər
ki, alacağımızı lazımınca ala bilək. Xatadan-bəladan qoruyarıq
biz onu».
64. «Öncə qardaşını sizə
e'tibar eləmişdim, indi də onu sizə e'tibar eləməliyəm, eləmi?
Xatadan-bəladan təkcə Allah qoruyar, mərhəmətlilərin mərhəmətlisidir
O» dedi Yaqub.
65. Yüklərini açan zaman
gördülər özlərinə qaytarılmış pulları. Dedilər: «Atacan, bundan
artıq nə istərik, pulumuz da qaytarılmış özümüzə. Bu pulla yenə
də azuqə gətirərik ailəmizə. Xatadan-bəladan qardaşımızı qoruyarıq.
Bir dəvə yükünü də onun üçün alarıq, padşahın səxavəti önündə
bu yük yüngül bir yükdür».
66. Onu əsla göndərmərəm
sizinlə, əgər Allaha and içməsəniz ki, başınıza iş gəlməsə siz
onu sağ-salamat mənə qaytaracaqsız» dedi Yaqub. Elə ki, and içdilər,
«Allah Özü şahiddir bizim dediyimizə» dedi o.
67. «Oğullarım, Misirə
bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin sizlərə göz dəyməsin.
Və bilin, mən bu söylədiyimlə taleyinizə Allahın yazdığından heç
bir şeyi sizdən kənar eləyən deyiləm. Hökm tək Allahındır. Ona
güvəndim. Qoy Ona güvənsinlər güvənmək istəyənlər» dedi Yaqub.
68. Necə söyləmişdisə
ataları onlara, eləcə də daxil oldular Misirə. Bu onlardan Allahın
əmrini sovuşduran deyildi. Fəqət ürəyinin arzusunu bildirmişdi
dediyilə Yaqub sadəcə. Şübhəsiz, elm yiyəsiydi o, elm öyrətmişdik
ona. Amma əksər adamlar anlamazlar nədir Allah vergisi.
69. Gəldilər Yusufun
yanına. Qardaşı Beniamini basdı Yusuf bağrına, dedi: «Əsil qardaşın
mənəm, onların işləkləri üzündən üzülməyəsən».
70. Onların yükünü hazırlayarkən
Yusuf, öz doğma qardaşının yükünə o qızıl camı qatdı. Karvan yola
düşəndə haray çəkdi harayçı: «Dayanın, karvan əhli, siz doğrudan-doğruya
oğrular imişsiniz!»
71. Yusufun adamlarına
sarı çevrilib «İtirdiyiniz nədir?» dedi qardaşlar.
72. «Padşahın camıdır
itirdiyimiz. Bir dəvə yükü qədər ərzaq veriləcəkdir onu gətirən
kəsə. Buna mən cavabdehəm» dedilər.
73. «Bu nə olan işdi,
Allah. Siz ki, yaxşı bilirsiz, biz buraya gəlməmişdik pozğunçuluq
törədək, oğurluq eləməmişik» dedi qardaşlar.
74. «Yalan dedinizsə,
onda necə, hansı cəza verilməli oğurluq edən kəsə?» dedilər.
75. «Hər kimin yükündə
tapılarsa itən şey, onda itki yiyəsinə nökər olar bu yük yiyəsi.
Budur oğurluğun cəzası. Zalımlara cəzanı bu cür verərik» dedi
qardaşlar.
76. Öncə o qardaşlarının,
sonra Beniaminin yükünü yoxlatdı Yusuf. Çıxartdı bu yükün içindən
camı. Belə bir tədbir qıldıq Biz Yusufun xətrinə. Yoxsa padşahın
hökmünə qalsaydı əgər, ala bilməzdi Yusuf qardaşını yanına. Ancaq
Allahın istəyilə nail oldu arzusuna. Pillə-pillə ucaldırıq kimi
istəyiriksə. Hər elm yiyəsindən daha çox bilən bir başqa biləyən
var.
77. «Bu oğurluq eləmişsə,
qardaşı da oğurluq eləmiş bundan öncə deməli» dedilər. Yrəyinə
saldı Yusuf bu dərdi, onlara açıb demədi. «Tutduğunuz şər mövqedir.
Dediyinizi Allah daha yaxşı bilir» dedi öz-özünə.
78. «Ey vəzir, onun bir
atası var, yaşı ötmüş qocadır [onu hamımızdan artıq sevir, ayrılığına
tab gətirməz]. Bu oğlunun əvəzi götür başqa birimizi. Biz səni
gerçəkdən xeyirxah adam bilirik» dedilər.
79. «Allah eləməsin,
malımızı biz kimdə tapmışıqsa, onu da aparmalıyıq. Yoxsa ki, şübhəsiz,
zalımlardan olarıq» dedi Yusuf.
80. Mə'yus olub bir kənara
çəkildilər söhbət üçün. Böyük qardaş söylədi: «Allaha and vermişdi
sizi atanız. Daha öncə də Yusufa qarşı nahaq iş görmüşdünüz. Bu
torpaqdan ayrılası deyiləm nə qədər ki, geriyə dönməyimə izn verməmiş
atam, yaxud Öz hökmünü mənə verməmiş Allah.
81. Qayıdın atanızın
yanına, deyin: «Ey atamız, oğurluq eləmiş oğlun. Ancaq gördüyümüzə
biz şahidlik elədik, başqa bir şey bilmədik. Görünməzi bilmərik.
82. Getdiyimiz diyarın,
gəldiyimiz karvanın əhlindən də sən soruşa bilərsən. Dediyimiz
həqiqətən doğrudur».
83. «Tutduğunuz əməli
bərbəzəkli göstərmişdi sizə nəfsiniz. Mənə də yaxşıca səbr eləmək
qalır yalnız. Bəlkə onları hamılıqla [üçünü də] yetirə mənə Allah.
Şübhəsiz, hər şeyi bilən, müdrik olan təkcə Odur» dedi Yaqub.
84. Və onlardan üzünü
yana çevirib «Yazıq Yusuf» dedi. Ağ düşdü gözlərinə dərd çəkib
ağlamaqdan. Dərdini içində çəkirdi Yaqub.
85. Dedilər: «V-Allahi
ki, ana-ana Yusufu əldən tamam gedəcəksən, axır öləcəksən».
86. Yaqub dedi: «Mən
dərdimi-acımı təkcə Allaha açıram. Və sizin bilmədiyinizi mən
Allahdan öyrənib bilirəm.
87. Ey oğullarım! Gedin
soraqlayın Yusufu və qardaşını. Allahın rəhmətindən ümidinizi
üzməyin. Allahın rəhmətindən ümidini ancaq kafirlər üzər».
88. Yusufun yanına qayıtdı
qardaşları. «Ey vəzir, aclıq üz vermiş bizə, külfətimizə. Bir
az mal da gətirmişik, payımızı tamam elə, sədəqə ver bizə. Sədəqə
verənlərin savabını, şübhəsiz, verər Allah» dedilər.
89. «Siz cahillər Yusufa
və qardaşına nə elədiyinizi bildinizmi?» dedi Yusuf.
90. «Yoxsa ki, olmaya
sən Yusufsan?» dedilər. «Mən Yusufam, bu da mənim qardaşım. Bizə
öz ne'mətindən pay vermiş Allah. Allahdan qorxan, səbr yiyəsi
olan kəs bilsin, yaxşıların əcrini heç zaman zay etməz Allah»
dedi Yusuf.
91. «V-Allahi ki, üstün
tutmuş səni bizlərdən Allah. Və bizlər gerçəkdən suça batmışdıq»
dedilər.
92. Yusuf dedi: «Bu gün
sizi qınamaq artıqdan olar. Allah Özü keçsin günahınızdan. Mərhəmətlilərin
mərhəmətlisidir O.
93. Aparın bu köynəyimi
qoyun atamın üzünə, açılacaq gözləri. Və bütün əhli-əyalınızla
yanıma gəlin» dedi Yusuf.
94. Karvan yola düşəndə
ataları Yaqub dedi: «Ağlını itirmiş sanmayın məni, inanın, mən
Yusufun iyini duyuram».
95. «V-Allahi ki, sən
hələ də əzəlki çaşqınlıq içində vurnuxursan» dedilər.
96. Müjdəçi gölib qoyan
tək köynəyi onun üzünə açıldı gözləri. Dedi: «Mən sizə demədimmi,
sizin bilmədiyinizi mən Allahdan öyrənib bilirəm?»
97. «Ey atamız, Allahdan
suçumuza məğfirət dilə. Gerçəkdən suçluyuq biz» dedilər.
98. «Sizin üçün Rəbbimdən
mən məğfirət diləyəcəm. Şübhəsiz, günahlardan keçəndir. Rəhimdir
O» dedi Yaqub.
99. Yusufun yanına gəldilər
hamılıqla. Atasını, anasını [anası yox idi, burada ona uşaqlıqdan
baxan analığı nəzərdə tutulur] bağrına basdı Yusuf, dedi: «Buyurun
girin Misirə. Bundan sonra Allah qoysa arxayınçılıq içində olacaqsız».
100. Atasını, anasını
taxta qaldırdı [yanında əyləşdirdi] o. Önündə əyilərək salamladılar
onu. Yusuf dedi: «Atacan, bu olanlar bir vaxt yuxuda gördüklərimin
tə'biridir. Yuxumu çin eləmiş Rəbbim. Yaxşılıqlar eləmiş mənə
O, Mənimlə qardaşlarımın arasını pozandan sonra şeytan, zindandan
çıxartmış məni, çöllükdən götirmiş sizi yanıma. İstədiyi bir şeyi
incəliklə yoluna qoyar Rəbbim. Şübhəsiz, hər şeyi bilən, müdrik
olan təkcə Odur».
101. «Rəbbim! Hökmranlıq
verdin, yuxuların yozumunu öyrətdin mənə Sən. Ey göyləri və yeri
yaradan, dünyada və axirətdə Sənsən menim işlərimi yoluna qoyan.
Mən müsəlman ola-ola al canımı, əməli salehlərin sırasına sal
məni».
102. Bu deyilənlər qeybə
aid xəbərlərdir sənə vəhy eləyirik. Onlar [Yusufun qardaşları]
birləşib hiylə qurarkən onların yanlarında deyildin.
103. Nə qədər istəsən
belə gəlməzlər imana əksər adamlar.
104. Bu Qur'ana görə
sən onlardan heç bir əcir ummayırsan. Bu Qur'an bir öyüddür, aləmlərdən
ötrüdür.
105. Göylərdə və yerdə
neçə-neçə ayə var ki, bunların yanından saymazyana ötərlər.
106. Ona şərik qoşmadan
əksər adamlar inanmazlar Allaha.
107. Arxayınçılıqmı keçirirlər,
saracaq onları Allahın əzabı axı, özləri də duymadan qöflətən
yaxalayacaq onları qiyamət saatı axı?
108. De ki, «Budur mənim
yolum. Mənim və ardıcıllarımın bəsirəti var, hamını çağırırıq
Allah yoluna. Ucalardan ucadır Allah. Ona şərik qoşanlardan deyiləm».
109. Biz səndən öncə
də şəhərlər əhlindən olan bir bölük adama vəhy vermişdik, elçilər
olaraq yalnız onları göndərmişdik. Bir gəzib dolaşalar yer üzünü,
görələr necə olmuş aqibəti öncə gəlib-getmiş olan nəsillərin.
Axirət evi daha yaxşıdır Allahdan çəkinənlər üçün. Bunu düşünməzmisiniz?
110. Elə ki, peyğəmbərlər
ümidsizliyə qapıldılar və təkzib olunduqlarını zənn etdilər [kafirlərə
qarşı və'd edilən yardımın gəlməyəcəyini sandılar] o zaman onlara
yardımımız yetişdi və istədiyimiz kimsələr nicat tapdılar. Suçluların
üstünə gəldimi əzabımız, geriyə dönən deyil.
111. Şübhəsiz, peyğəmbərlərin
qissələrində ibrət dərsləri var düşünən başlar üçün. Uydurma bir
hədis deyil bu Qur'an, öncəki Kitabların təsdiqidir, açıqlamasıdır
hər şeyin, göstərəndir doğru yolu, rəhmət verəndir iman gətirənlərə.
|