Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm ra. Budur hikmətli Kitabın ayələri. 2. Biz
onlardan birinə «İnsanlara xəbərdarlıq elə və iman gətirənlərə
Rəblərinin dərgahında onları yüksək məqamlar, gözəl əcirlər gözlədiyini
müjdə ver» deyə vəhy verən zaman heyrətəmi saldı bu insanları?
Kafirlər «Bu, açıq-aşkar bir sehirbazdır» dedilər.
3. Rəbbiniz Allahdır, göyləri və yeri altı gündə yaratmış, sonra
ərşi bərqərar eləmiş. Yaranmışların işinə tədbir qılar O. Onun
izni olmadan kimsə kimsədən ötrü iltimas eləməz. Sizin Rəbbiniz
olan Allah budur. Ona ibadət eləyin. Öyüd almazmısınız?
4. Hamınız Onun dərgahına
axır dönəcəksiniz. Bu, Allahın haqq və'didir. Əvvəlcə yaradır,
sonra iman gətirənlərə, əməli salehlərə gərəyincə mükafat vermək
üçün onları yenidən yaradır. Küfr eləyən kimsələri küfrə görə
qaynar sudan bir içki və ağrılı bir əzab gözləyir.
5. Günəşi işıqlı, ayı
nurlu düzəldən Odur. Hər gecəni ay üçün mənzil eləmiş ki, illərin
sayını, vaxtı hesablaya biləsiz. Yalnız haqq olaraq bunları O
yaratmış. Anlayan bir qövm üçün açıqlayır ayələri birər-birər
beləcə.
6. Gecəylə gündüzün növbələşməsinin,
Allahın göylərdə və yerdə yaratdıqlarının, şübhəsiz, dəlilləri
var Ondan çəkinənlər üçün.
7. O kəslər ki, bizə
qovuşmağı arzulamırlar, dünya həyatı ilə qane olublar, bu dünyaya
bağlanıblar və bizim ayələrdən xəbərsizdirlər,
8. qazandığı günahlara
görə oddur onların yuvası.
9. İman gətirənləri,
əməli salehləri imanlarına görə doğru yola yönəldər Rəbləri. Ne'mətli
cənnətlərdə ayaqları altından çaylar axar onların.
10. «Allahım, ucalardan
ucasan» - bu onların oradakı duasıdır. Görüşəndə bir-birinə onlar
«Salam» deyəsidir. Və onların son duası da «Həmd olsun Allaha,
aləmlərin Rəbbinə!» nidasıdır.
11. Xeyrini tez görmək
istəyən adamlara şərini tez versəydi Allah, bitmiş olardı onların
əcəli. Bizə qovuşmağı arzulamayanları buraxıb gedirik, çaşqınlıq
içində vurnuxur onlar.
12. Bir sıxıntı üz verəndə
insana, böyrü üstə uzana-uzana, otura-otura, ayaq üstə dura-dura
bizə dua eləyər. Onun sıxıntısına son qoyanda Biz, özünü elə aparar
sanki ona üz vermiş sıxıntıya görə Bizə dua eləməyibmiş. Həddini
aşanlara beləcə bərbəzəkli görünmüşdü gördüyü iş.
13. Sizdən öncə neçə-neçə
nəsli yox elədik. Zalımlıq eləyirdilər. Onlara aşkar dəlillər
gətirmişdi peyğəmbərləri, inanmırdılar. Günahkar bir qövmü beləcə
cəzalandırırıq.
14. Onların yerinə sizi
gətirdik ki, baxaq görək siz necə davranırsız.
15. Aşkarca açıqlanmadıqca
ayələrimiz onlara Bizə qovuşmağı arzulamayanlar «Başqa bir Qur'anı
gətirsənə, ya da bunu dəyişdirsənə» dedilər. De ki, «Mən bunu
özbaşıma dəyişdirə bəlmərəm, yalnız mənə vəhy verilənə tabe olaram.
Rəbbimə qarşı çıxsam, qorxuram böyük günün əzabına uğrayam.
16. De ki, «İstəsəydi
Allah əgər, oxumazdım onu sizə, çatdırmazdım onu sizə. O nazil
olmamışdan bir ömür yaşamışdım mən sizin aranızda. Bir ağıl işlətsəniz».
17. Allahın adına yalan
yaxandan, Onun ayələrini yalan sayandan daha zalım kim ola? Günahı
olanlar uğura uğramazlar.
18. Allahı qoyub onlara
nə zərəri, nə yararı olan şeylərə tapınar, «Bunlar bizdən ötrü
iltimas eləyərlər Allahın dərgahında» deyər onlar. De ki, «Allahın
göylərdə, yerdə tanımadığı bir şeyimi Ona xəbər verirsiz? Ucalardan
ucadır, şərik qoşduğunuz şeylərdən ucalardadır O».
19. Vahid bir millətdi
insanlar. Sonra bir-biriylə çəkişməyə başladılar. Öncədən Rəbbindən
bir kəlmə gəlməsəydi, bitirərdi işlərini onların çəkişmələri.
20. «Məgər Rəbbindən
ona bir mö'cüzə gəlməli deyildimi?» deyər onlar. De ki, «Allahındır
qeyb aləmi. Siz gözləməyinizdə olun, mən də sizinlə birgə gözləməkdəyəm».
21. Bir bədbəxtlik üz
verəndən sonra rəhmətinin dadını bildirəndə insanlara Allah ayələrimizə
qarşı hiyləyə əl atarlar. De ki, «Allah daha tez tərpənər, hiyləsilə
qabaqlayar hiyləni». Qurduğunuz quramaları qeydə alar elçilərimiz,
şübhəsiz.
22. Quruyla, dənizlə
sizi aparan Odur. Gəmi ilə gedərkən gəmidəkiləri xoş rüzgar oxşayanda
xoşhallanar onlar. Alantək gəmini şiddətli bir qasırğa, hər tərəfdən
üstlərinə axışanda dalğalar, mühasirəyə düşmüş bilib özlərini
sarılarlar Allahın dininə, yalvararlar Ona, «Bizi bu fəlakətdən
xilas eləsən şükr eləyənlərdən olacağıq» deyərlər.
23. Elə ki, onları xilas
elədik, haqsız yerə azğınlığa başlayarlar yenə də yer üzündə.
Ey insanlar! Dünya həyatının gəldi-gedərinə bağlanaraq etdiyiniz
azğınlıq sizin əleyhinizədir. Sonrakı yönünüz bizədir, Biz də
bildirərik sizə nə iş tuturdunuzsa.
24. Göydən endirdiyimiz
suya bənzəri var dünya həyatının. İnsanların, heyvanların yediyi
yer bitkilərinə qarışır o su. Yer üzü bəzənib-düzənir. Adamlar
elə zənn eləyir bütün bunlar onlarındır. Və bu arada gecə, yaxud
gündüz vaxtı əmrimizlə bunlar kökündən elə biçilir ki, heç dünəndən
yox imişlər elə bil. Ayələri açıqlayırıq birər-birər beləcə düşünən
bir qövm üçün.
25. Salamatlıq evinə
çağırır Allah və istədiyi adamı doğru yola yönəldər O.
26. Qat-qat artıq qaytararıq
yaxşı işi yaxşı sona çatdıranın haqqını. Nə qara ləkə, nə alçaqlıq
ləkəsi götürməz onların üzü. Cənnətlikdir onlar və orada əbədilik
qalarlar.
27. Pis işlər görənlərin
də cəzası verilir bu pisliyin misli ilə. Zillətə düşər onlar.
Bir qoruyan tapılmaz onları Allahın əzabından. Qaranlıq gecədən
kəsilmiş parçalara bürünüb sanki üzləri. Od əhlidir onlar, od
içində əbədilik qalarlar.
28. O gün cəm edərik
onları Biz bir yerə, sonra deyərik: «Siz və şərikləriniz, haydı,
hərə öz yerinə!» Ayrılıq salarıq aralarına, söyləyər şərikləri
onlara: «Siz bizə ibadət etməyirdiniz.
29. Bizimlə sizin aranızda
Allahın şahidliyi yetərli olar. Biz sizin ibadətinizdən xəbərsizdik».
30. Orada hər can keçmişdəki
işlərini sərf-nəzər eləyər, özünün haqq mövlası olan Allahın dərgahına
dönər və uydurduğu şeylər ondan qeyb olub gedər.
31. De ki, «Kimdir sizə
göydən və yerdən ruzi göndərən, kimdir yaradıb yiyə duran o qulaqlara,
bəsirətlərə, ölüdən dirini, diridən ölünü kimdir çıxaran, kimdir
bütün işləri yoluna qoyan?» «Allahdır!» deyəcəklər. De ki, «Elə
isə Onun əzabından çəkinməzmisiniz?»
32. Budur haqq olan Rəbbiniz
Allah. Haqdan sonra nə ola bilər sapqınlıqdan savayı? Haqdan niyə
dönürsüz?
33. Yolundan sapmışlar
üçün Rəbbinin söylədiyi «İmana gəlməz onlar» sözləri gerçəkləşər
beləcə.
34. De ki, «Qoşduğunuz
şəriklərdən hansı biri əvvəl bir şeyi yaradar, sonra onu təkrar
yaradar? Haqdan niyə dönürsüz?»
35. De ki, «Qoşduğunuz
şəriklərdən hansı biri adamları haqq yoluna yönəldər?» De ki,
«Tək Allahdır haqq yoluna yönəldən. Haqq yoluna yönəldənəmi, yola
gəlməyincə haqq yolunu tapmayanamı tapınmaq daha haqq olar? Sizə
nə olub, bu necə mühakimə yürütməkdir?»
36. Yalnız xəyal içində
dolaşır onların çoxu. Haqqı xəyal ilə qazanmaq mümkün deyil. Onların
işlərini, şübhəsiz, bilir Allah.
37. Allahın göndərdiyidir,
bir başqasının uydurduğu deyil bu Qur'an, öncəki Kitabların təsdiqidir,
haqdan gəlməyinə şübhə olmayan Kitabın açıqlamasıdır, aləmlərin
Rəbbinin göndərdiyidir.
38. Yaxud da «Bunu uydurmuş
o» deyərlər. De ki, «Elə isə siz də Onun surələrinə bənzər bir
surə gətirin və sözünüz doğrudursa Allahdan başqa kimi çağıra
bilirsinizsə çağırın kömək eləsinlər sizə».
39. Məğzini bilmədiyi
şeyi, təfsirini eşitmədiyi şeyi yalan saydı onlar. Onlardan öncəkilər
də beləcə danmışdılar haqqı. Bax necə olur zalımların aqibəti.
40. Onlardan kimi inanar,
kimi də inanmaz Ona. Pozğunçuları daha yaxşı sənin Rəbbin tanıyır.
41. Əgər dansalar səni,
de ki, «Mənim öz işim var, sizin də öz işiniz. Mənə görə siz cavabdeh
deyilsiz, sizə görə də mən cavabdeh deyiləm».
42. Onlardan eləsi var
sənə qulaq kəsilər. Sənmi söz eşitdirə biləcəksən düşüncəsiz karlara?
43. Onlardan eləsi var
sənə zilləyər gözünü. Sənmi yol gəstərəcəksən bəsirətsiz korlara?
44. İnsanlara əsla zülm
eləməz, şübhəsiz, Allah. Özləri özlərinə eləyər onlar.
45. Bir yerə cəm olduqları
gün dünya həyatında bircə saat keçirmiş kimi olur onlar, bir-birini
tanıyır onlar. Allahla görüşməyi yalan sayanlar, doğru yolda olmayanlar
artıq uğrayıblar ziyana.
46. Ya onlara və'd etdiyimizin
bə'zisini sənə göstərərik, ya da vafat etdirərik səni və yanımıza
dönər onlar. Və sonra onların işləklərinə şahidlik edər Allah.
47. Hər ümmətin öz peyğəmbəri
var. Peyğəmbərlər gəldimi, hər şey insafla həll olunar, inciyən
belə olmaz.
48. «Qorxuzduğunuz o
əzab nə vaxt haqlayacaq bizi, söyləyin, sözünüz doğrudursa» deyərlər.
49. De ki, «Allahın istədiyi
bir yana, nə bir zərər, nə bir yarar verə bilmərəm özümə. Hər
ümmətin əcəli var. Əcəl gələn zaman nə bircə saatlığa geriyə gedər,
nə irəliyə onlar».
50. De ki, «Onun əzabına
gecə, yaxud gündüz düçar olsanız nə edə bilərsiniz? Günahı olanlar
görəsiniz, bu əzabın gölməsini niyə tələsdirirlər?»
51. Əzaba düşəndən sonramı
iman gətirəcəksiz? İndimi? Siz ki, əzaba düşməyə tələsirdiniz.
52. Sonra «Əbədi əzabı
dadın, qazandığınız suçlara görə deyilmi yalnız aldığınız bu cəza?»
dəyilər onlara.
53. «O haqdırmı?» deyə
xəbər alar səndən onlar. De ki, «Bəli, Rəbbim haqqı, haqdır O.
Siz Onu aciz qoya bilməzsiniz».
54. O zaman özünə zülm
eləyən hər bir adam yer üzündə nəyi varsa hər şeyini əzabdan qurtulmaq
üçün fidyə verərdi. Əzab görən zaman peşmançılıq çəkərdi, bütün
işlər insafla həll olunardı onların arasında.
55. Şübhəsiz, Allahındır
göylərdə nə varsa, yerdə nə varsa. Şübhəsiz, sözü sözdür Allahın.
Ancaq bunu bilməyir onların çoxu.
56. Can alır, can verir
O. Onun dərgahına axır dönəcəksiniz.
57. Ey insanlar! Artıq
bir öyüd, ürəyinizin azarına bir əlac, mö'minlərə doğru yol və
rəhmət yetişmiş sizə öz Rəbbinizdən.
58. De ki, «Qoy ancaq
Allahın lütfündən, rəhmətindən fərəh tapsın onlar. Bu onların
yığdığından daha çox xeyir gətirər».
59. De ki, «Bir baxın
Allahın göndərdiyi ruzinin bir qismini siz necə haram, bir qismini
də necə halal elədiniz. Allahmı izn vermişdi sizə, sizmi yalan
yaxırdınız Allahın adına?»
60. Allahın adına yalan
yaxanlar qiyamət gününü nə hesab edərlər? İnsanlara qarşı iltifatlıdır
Allah, amma naşükürlük eləyir onların çoxu. 61. Nə iş görürsən
gör, Qur'andan nə oxuyursan oxu, nə eləsəniz eləyin, bunlarla
məşğul ikən üstünüzdə gözük Biz. Göydə, yerdə nə varsa, zərrə
qədər heç bir şey Rəbbindən gizli qalmaz. Zərrədən istər kiçik
olsun, istər böyük, bir şey yoxdur yazılmaya Onun aydın Kitabında.
62. Bil, Allahın dostlarına
zaval yoxdur, onlar üzülməzlər qəm əlindən.
63. O dostlarına ki,
iman gətirdilər, Allaha qarşı çıxmaqdan çəkindilər,
64. dünya həyatında da,
axirətdə də mücdə ver onlara, Allah dediyini dəyişən deyil. Budur
böyük qurtuluş!
65. Onların sözündən
üzülməyəsən. Hər şeydən üstündür Allah. O eşidəndir hər şeyi,
biləndir hər işi.
66. Bil, Allahındır göylərdə
kim varsa, yerdə kim varsa. Allahı qoyub başqasına dua edənlər
daha tabe deyillər qoşduqları şəriklərə, xəyala qapılıblar, uydurmalar
toxumaqla məşğuldurlar sadəcə.
67. Gecəni sizin üçün
rahatlıq zamanı, gündüzü iş zamanı edən Odur. Dəlillər var bunda
Onun hikmətinə, şübhəsiz, eşidən bir qövm üçün.
68. «Bir övlad götürmüş
Özünə Allah» dedilər. Ucalardan ucadır O, varlıdır O. Onundur
göylərdə nə varsa, yerdə nə varsa. Onun övlad götürdüyü barədə
yoxdur əlinizdə dəliliniz. Allah haqqında bilmədiyiniz bir şeymi
söyləyirsiz?
69. De ki, «O kəslər
ki, Allahın adına yalan yaxarlar, uğura uğramaz onlar».
70. Bir az çəkər bu dünyanın
gəldi-gedər səfasını, sonra da bizə sarı qayıdar onlar. Küfr elədiklərinə
görə biz də dadızdırdıq onlara o şiddətli əzabı.
71. Nuhun xəbərini oxu
onlara. Öz qövmünə demişdi: «Ey qövmüm, sizə ağır gəlirsə gəlsin
tutduğum məqamım, Allahın ayələrini sizə xatırlatmağım. Mən Allaha
güvənmişəm. Siz də Ona qoşduğunuz şəriklərlə əlbir olun ki, görəcəyiniz
iş sizi işə salmasın. Sonra mənə qarşı işinizdə olun, höç göz
açmağa da qoymayın məni.
72. Mənim dediyimdən
niyə üz döndərdiniz, mən ki, sizdən əcir-filan ummadım. Əcrimi
Allah verər. Mənə əmr edilib müsəlman olam».
73. Dandılar onu. Biz
də nicat verdik ona və onunla bərabər gəmidə olanlara, hakimlik
verdik yer üzündə onlara və qərq elədik sulara o kəsləri ki, ayələrimizi
danmışdılar, Aldığı xəbərdarlığa məhəl qoymayanın bax gör necə
olur sonu.
74. Ondan sonra da peyğəmbörlər
göndərdik ayrı-ayrı qevmlərə. Aşkar dəlillər gətirdi onlar qövmlərinə,
Öncədən kafirlər idi, iman gətirmirdilər. Beləcə möhürləyirik
qəlblərini həddini aşanların.
75. Onlardan da sonra
Biz Musanı və Hərunu göndərdik Fir'onun və onun adamlarının yanına.
Təkəbbürlük elədilər, batdılar günaha.
76. Haqq [mö'cüzə] gəlib
yetişəndə onlara Bizim dərgahımızdan, «Bu açıqca bir cadudur»
dedilər.
77. Haqq haqqında hədyanmı
söylərsiniz gəlib yetişərkən sizə? Məgər cadudurmu bu? Axı cadubazlar
uğura uğramazlar» dedi Musa.
78. «Bizi atalarımızın
dinindən döndərəsən deyəmi, sonra yer üzündə böyüklüyü yalnız
ikiniz edəsiniz deyəmi gəldin bizə? Biz sizə inanmırıq» dedilər.
79. «Bütün çoxbilən cadubazları
çağırın gəlsinlər yanıma» dedi Fir'on.
80. Cadubazlar gələndə
«Atacağınızı atın [hünərinizi göstərin]» dedi Musa onlara,
81. Dəyənəklərini və
iplərini atanda onlar, Musa dedi: «Sizin göstərdiyiniz cadudur.
Bunu boşa çıxarar, şübhəsiz, Allah. Pozğunçuların əməlini düzəldən
deyil Allah.
82. Günahkarlara xoş
gəlməsə də Öz sözlərilə aşkara çıxarar gerçəyi Allah».
83. Bir bölük cavan inandı,
qalanları inanmadı Musaya, Fir'onun və adamlarının işgəncəsindən
qorxurdu bunlar. Yer üzündə özünü çox uca tuturdu Fir'on, həddini
aşanlardan idi, şübhəsiz,
84. «Ey qövmüm Allaha
iman gətirdinizsə, Ona təslim oldunuzsa güvənin Ona» dedi Musa.
85. Dedilər: «Allaha
güvəndik, Rəbbimiz! Zalımların işlərilə sınaqdan keçirmə bizi!
86. Rəhmətinlə qurtar
bizi kafirlərin əlindən».
87. Musaya və qardaşına
vəhy elədik: «Öz qövmünüz üçün Misirdə evlər seçin, bu evləri
döndərin namaz yerinə, namaz qılın, mücdələyin mö'minləri».
88. «Rəbbimiz, Sən Fir'ona
və adamlarına dünya həyatında zər-ziynəti, mal-dövləti ona görəmi
verdin ki, azdıralar adamları Sənin yolundan? Rəbbimiz, yox elə
onların mal-dövlətini, sıx onların ürəyini. O ağrılı əzabı görənə
qədər qoy heç gəlməsinlər imana onlar» dedi Musa.
89. «Qəbul etdim duanızı.
Düz gedin yolunuzla. Bilməzlərin yoluna tabe olmayın» dedi Allah.
90. Adlatdıq dənizdən
İsrail oğullarını. Fir'on və əsgərləri düşmənçilik niyyətilə düşdülər
ardınca onların. Sulara qərq olan zaman «İnandım ki, İsrail oğullarının
inandığından başqa, şübhəsiz, tanrı yoxdur, mən də müsəlmanlardanam»
dedi Fir'on.
91. «İndimi inandın?
Öncə Ona qarşı üsyan eləmişdin, pozğunçulardan idin.
92. Bu gün sənin cəsədini
dənizin dibindən alıb sahildəki bir təpəyə ataram səndən sonrakılara
ibrət olsun. Çünki bizim ayələrdən xəbərsizdi insanların bir çoxu».
93. Gözəl-gözəl ruzilər
verdik onlara. Nə qədər ki, gəlib yetişməmişdi onlara elm, ixtilaf
yox idi aralarında. Onların ixtilaflarını qiyamət günü həll eləyər,
şübhəsiz, Allah.
94. Sənə nazil etdiyimizə
şəkk gətirirsənsə əgər, səndən öncə Kitabı oxuyan kimsələrlə bu
barədə soraqlaş. Haqq sənin Rəbbindən gəlmiş. Nəbadə şübhəyə dalanlardan
olasan!
95. Allahın ayələrini
dananlardan mütləq uzaq ol, yoxsa itkiyə uğrayanlardan olarsan.
96. O kəslərin ki, taleyinə
sənin Rəbbinin və'd etdiyi əzab yazılıb, iman gətirməz onlar.
97. Bütün ayələr də gəlsə
onlara iman gətirməz onlar görməyincə o ağrılı əzabı.
98. Kaş elə bir diyar
olaydı, əhalisi əzab görən zaman gətirdiyi imanı fayda gətirəydi
ona [əzab görəndən sonra imana gəlmək heç bir ölkəyə fayda verməz].
Əzaba düşməzdən öncə iman gətirən zaman yalnız Yunus qövmünü rəzillik
əzabından uzaq elədik və bir müddət yaşatdıq bu dünyada onları.
99. İstəsəydi Rəbbin
əgər yer üzündə kim varsa hamılıqla iman gətirərdi Ona [yə'ni
məcburiyyətlə imana gəlməyin tərəfdarı deyil]. Sənmi zor işlədirsən
insanları gətirmək üçün?
100. İzni olmadan Allahın
bir kimsə gəlməz imana. Düşüncəsiz kimsələri murdarlığa çökdürər
Allah.
101. De ki, «Göylərdə
və yerdə baxın nələr var». Ayələrin, elçilərin nə faydası inanmayan
bir qövm üçün.
102. Öncə gəlib gedənlərin
keçirdiyi günlər kimi günlərimi gözləyir onlar? De ki, «Siz gözləməyinizdə
olun, mən də sizinlə birgə gözləməkdəyəm».
103. Sonra xilas edərik
elçilərimizi və iman gətirənləri. Borcumuzu verərik beləcə, mö'minləri
xilas edərik.
104. De ki, «Ey insanlar,
dinimdən şübhəniz varsa, bilin, Allahı qoyub başqa kimə ibadət
eləyirsizsə, mən ona tapınmaram. Təkcə Allaha ibadət edərəm, canınızı
alan Allaha. Mənə əmr edilibdir mö'minlərdən olum».
105.
Doğru olan dinə sarı tut üzünü, Ona şərik qoşanlardan olmayasan.
106.
Dua eləmə Allahdan başqasına, sənə nə yarar, nə də zərər verə
bilən şeylərə, eləsən, sən də zalımsan deməli.
107.
Bir zərəri dəysə sənə Allahın, bu zərəri səndən təkcə O üzər.
Və bir xeyir diləsə sənə Allah, kimsə hədd qoya bilməz Onun kəramətinə.
İstədiyi bəndəsinə ne'mətindən pay verər O. Bağışlayan, Rəhim
olan təkcə Odur.
108.
De ki, «Ey insanlar, haqq gəlib yetişmiş sizə öz Rəbbinizdən.
Kim tutmuşsa doğru yolu, bu onun lehinədir, kim sapmışsa, əleyhinə.
Mən sizin üstünüzdə gözətçi deyiləm».
109.
Sənə vəhy olunana tabe ol və Allah Öz hökmünü verənədək səbr elə.
Hökm verənlərin ən insaflısıdır O.
|