Ac görsə, doyurardı, çılpaq görsə, geydirədi
«Kitabi-Dədə Qorqud»
İslam əxlaqının zəruri etdiyi davranışlardan biri də insanların
bir-birini sevməsi, çətinə düşənə yardım etməkdir.
Mələklər kimi insanlar da yaxşı işlərdə yarışa girməlidir. «Yaxşılıq
və taqva naminə girin ünsiyyətə bir-birinizlə». (Məidə 2). Eyni
zamanda, sevdiyi şeylərdən Allah yolunda keçmək də tövsiyə olunur.
Əvvəllər də deyildiyi kimi, Allahdan başqasına olan sevgi qəlbdə
möhkəmlənməsin deyə: «Sevdiyiniz şeylərdən Allah yolunda sərf
etməsəniz, almazsınız yaxşılığın qarşılığını. Hər nəyi xərcləsəniz,
şübhəsiz, bilir Allah (Ali İmran 92)
Yardımsevər olmaq üçün insanın mütləq varlı olması lazım deyil.
Hansı sahədə imkan var, onu etmək olar. Birinin pulu var, bir
başqasınn biliyi var, üçüncüsünün gücü var. Kiməsə bir hərf öyrətmək,
qoca bir adamı qolundan tutub yoldan keçirmək, yetimin başını
sığallamaq, yolun ortasına düşmüş daşı götürüb kənara atmaq hamısı
Allah xoş gələn davranışlardı. Allah taala heç kəsdən bacarmadığını
istəməz, heç kəsi götürə bildiyindən artıq da yükləməz.
Dinimizdə xəstələri yoluxmağın,
acları doyurmağın da xüsusi rəğbət doğuran hərəkət olduğu deyilir.
Oruc tutmağın bir səbəbi də yoxluğu və yoxsulluğu hiss etmək,
ona görə tədbirlər görməkdir. Rumi yazırdı ki, bir tikə çörəyə
baxan ac və tox adam başqa-başqa şeylər görürlər. Oruc o bir tikə
çörəyin mahiyyətini insana ac olan vaxtı bir daha xatırladır.
Sadəcə, normativ ibadətləri yerinə yetirməklə tam Allah rizasına
çatmaq olmaz. Baqara surəsinin 177-ci ayəsində
bu dediyimiz xüsus çox qabarıq şəkildə vurğulanır: «Üzünüzü məşriqə
və məğribə çevirməyiniz hələ yaxşılıq demək deyil. Yaxşı o kəsdir
ki, Allaha, axirət gününə, mələklərə, Kitaba, peyğəmbərlərə iman
gətirmiş, Allah sevgisiylə yaxınlara, yetimlərə, yoxsullara, yolçulara,
dilənçilərə, boyunduruq altında olanlara mal paylamış, namaz qılmış,
zəkat vermiş, əhdində vəfalı olmuş, çətində-darda və savaş zamanında
səbr göstərmiş. Doğru yola tapınmış onlar, Allahın əzabından yayınmış
onlar». Bəli, dürüstlük, insansevərlik, yardım etməklə bütünləşmədən
dindrlıq tam olmaz.
Qurani-Kərimin Müzzəmmil surəsində bir ayə var. Bunun izahında
böyük mütəfəkkirimiz Şəms Təbrizi belə yazır: “Quranda “Allaha
gözəl-gözəl borc verin» (Müzzəmmil, 20). deyilir.
Tanrının nə ehtiyacı var ki, ona borc verəsən? Allah taala bir
gün Musa peyğəmbərə dedi: «Ey Musa, acdım. Məni doydurmaq istərsənmi?
Qapına gəlsəm, məni necə qarşılayarsan?» Musa: «Ey Tanrım, sən
belə şeylərdən münəzzəhsən» dedi. Tanrı yenə təkrarladı: «Ey Musa,
birdən qapına gəlsəm?» Musa özünü itirir. Allah taala buyurur:
«Get yemək hazırla, sabah sənə qonaq gələcəm». Musa peyğəmbər
gedib sabahkı gün üçün gücü daxilində hazırlıq görür. Baxır ki,
bircə su yoxdu. Bu vaxt bir dərviş gəlir. Allah razılığı üçün
mənə çörək ver deyir. Musa peyğəmbər ona xoş gəldin eləyəndən
sonra ona deyir ki, zəhmət olmasa, bu iki kuzəni çaydan doldur,
gəl yemək ye. Dərviş gedib qabları doldurub gəlir. Musa peyğəmbər
də ona yemək verib yola salır. Sonra gözləyir. Axırda heç kəsin
gəlmədiyini görüb yeməkləri qonşulara paylayır. Amma elə hey düşünürdü,
Rəbbim mənə niyə qonaq gələcəm deyirdi? Bunun sirri nədir? Bir
gün Musa peyğəmbər nəşəli zamanında soruşur: «Rəbbim, söz verdin,
amma gəlmədin. Niyə?» Belə cavab alır: «Gəldim, ay Musa. Amma
sən mənə iki kuzə su daşıtmamış yemək vermədin!». Təbrizli mütəfəkkir
izah edir ki, «Allaha borc verin» deyəndə məhz bu nəzərdə tutulur,
ehtiyacı olanlara yardım edin, əvəzində Allah taala sizə borcu
varmış kimi bunun əvəzini mütləq ödəyəcək! O, insanlara sevgi
doludur. O sevgiyə nail olmaq lazımdır.
|