Quranda adı keçən peyğəmbərlərdən biri də Yunusdur.
Müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılmaqla yanaşı,
onuncu surənin adı da Yunusdur. Rəvayətlərə görə, Assuriyanın
paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul
yaxınlığında olub) doğulan Yunus peyğəmbər öz qövmünü otuz üç
il Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb.
Bibliyada
Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın
paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların
dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah
peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr,
onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: «Allah dedi:
«Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından
xəbərdaram» (Peyğəmbər İonanın kitabı, 1:2).
Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub
başqa ölkəyə gedib. Daha sonra tufan başlayıb və gəmidəki bütpərəst
matroslar öz allahlarını köməyə çağırıblar. Təbii fəlakətin yatmadığını
görən gəmi kapitanı deyib ki, püşk atsınlar, görək kimə düşür?
Püşk Yunusa düşür və o deyir ki, bu fəlakət onun ucbatındandır,
çünki Allahın qəzəbinə tuş gəlib. «Bəs indi nə edək?» deyə soruşanda
Yunus deyib: «Məni dənizə atın. hər şey bitsin» (Peyğəmbər
İonanın kitabı, 1:8; 11-12). Matroslar yaxşı adam imişlər,
istəyiblər ki, onu sahilə çıxarsınlar, amma böyük dalğalar buna
imkan verməyib və onların Yunus peyğəmbəri dənizə atmaqdan başqa
yolu qalmayıb. Sonra onu balina udub. Üç gün balinanın qarnında
qalıb. Burada tövbə edib, Allaha yalvarıb. Üç günün tamamında
balina onu sahilə atıb.
Yunus peyğəmbərin balinanın
qarnında qalması məsələsi İncildə də var: “Pis və vəfasız nəsil
bir əlamət axtarır, lakin ona Yunus peyğəmbərin əlamətindən başqa
əlamət verilməyəcək. Çünki Yunus üç gün, üç gecə nəhəng balığın
qarnında necə qalmışdısa, İnsan oğlu da üç gün üç gecə yerin bağrında
elə qalacaq” (İncil, Mattanın mücdəsi, 12: 39-40).
Ninəvalıların
tövbəsi
Əhdi-ətiqə görə, bundan
sonra Yunus Ninəvaya gəlib və qırx gündən sonra olacaq fəlakət
barədə şəhər əhlini xəbərdar edib. Əhali onun sözünə inanıb. Çar
da daxil hamı oruc tutub, tövbə edib: «Və ninəvalılar inandılar
Allaha və oruc elan elədilər. Və böyükdən kiçiyə cır-cındır geyindilər.
Bu söhbət Ninəva çarına çatdı. Və o öz taxtından qalxdı, özünün
çar libasını çıxardı, cır-cındır geyindi və külün üstündə oturdu
və fərman verdi ki, Ninəva çarı və əyanların adından elan eləsinlər
ki, nə insanlar, nə mal, nə öküzlər, nə qoyunlar otaracağa getməsin,
yeməsin, içməsin və adamlar və heyvanlar cındırla örtülü olsun
və Allaha möhkəm yalvarsınlar. Hər kəs özünün şər yolundan və
əlinin zorakılığından əl çəksin. Kim bilir, bəlkə, Allah rəhmə
gəldi, öz qəzəbini bizdən uzaqlaşdırdı və biz məhv olmadıq. Və
Allah gördü ki, bunlar şər yolundan döndülər, onlara yazığı gəldi,
onlara göndərməyi vəd elədiyi fəlakəti göndərmədi» (Peyğəmbər
İonanın kitabı, 3:5-10). Bu səbəbdən fəlakət olmayıb.
Allah bütpərəstləri cəzalandırmadığı üçün Yunusun acığı tutub
və qəzəbli şəkildə şəhəri tərk edib. Düşünüb ki, bu hadisədən
sonra camaat ona lağ edəcək ki, bəs nə oldu fəlakət? Və özünə
Allahdan ölüm diləyib (Peyğəmbər İonanın kitabı, 4:2-4).
Əhdiə-ətiqə görə, Allah
onun bu düşüncəsiz arzusunu yerinə yetirməyib. Yunus peyğəmbərin
başı üzərində onu günəşin istisindən qoruyacaq hündür bir bitki
bitib. Amma səhəri gün Allahın əmri ilə qurdlar bu bitkinin kökünü
yeyib və o quruyub. Yunus peyğəmbər bundan üzülüb və narazılıq
etməyə başlayıb. Bu zaman Allah taaladan vəhy gəlib: «Sən o bitki
üçün təəssüf edirsən, halbuki onun zəhmətini çəkməmişdin. Mənim
yüz iyirmi mindən artıq əhalisi olan Ninəvaya, onun sağ əlini
sol əlindən ayıra bilməyən əhalisinə rəhmim gəlməməliydimi?» (Peyğəmbər
İonanın kitabı, 4:10-11).
Dinimizdə
Dinimizdə Yunus peyğəmbərin
soyunun Bünyamin vastəsilə Yaqub peyğəmbərə, onun vasitəsilə də
İbrahim peyğəmbərə bağlandığı deyilir. «Nuha və ondan sonrakı
peyğəmbərlərə vəhy verdiyimiz kimi, İbrahim, İsməil, İshaq, Yaqub,
onların törəmələri, İsa, Əyyub, Yunus, Hərun və Suleymənə vəhy
verdiyimiz kimi sənə də, şübhəsiz, vəhy verdik. Davuda da Zəbur
verdik» (Nisa 163). Bir sıra alimlərin fikrincə,
İsa peyğəmbər anasının adıyla Məryəm oğlu deyə anıldığı kimi,
Yunus peyğəmbər də Matta oğlu kimi anılıb. Mattanın Yunus peyğəmbərin
atasının adı olduğunu düşünənlər də var.
Quranda şəhərin adı çəkilmir,
sadəcə, deyilir ki, Yunus peyğəmbər böyük bir şəhərə peyğəmbər
olaraq göndərilibmiş. «Yüz min, yaxud daha çox adama peyğəmbər
göndərdik onu» (Saffət, 147). Bu şəhərin Dəclənin
kənarında, indiki Mosulun yerində olan Ninəva şəhəri olduğu güman
edilir. Yunus peyğəmbərin Ninəvada doğulub böyüdüyü deyilir. Bu
şəhərin əhalisi bütpərəstliyə yuvarlanıbmış. Heykəllər düzəldərək
onlara tapınırmışar. Amma sonradan iman edirlər: «Sonunda iman
etdilər, biz də onları bir müddət yararlandırdıq» (Saffət,148).
Şəhər əhlinin iman gətirməsi barədə Yunus surəsində də danışılır:
«Kaş elə bir diyar olaydı, əhalisi əzab görən zaman gətirdiyi
imanı fayda gətirəydi ona [əzab görəndən sonra imana gəlmək heç
bir ölkəyə fayda verməz]. Əzaba düşməzdən öncə iman gətirən zaman
yalnız Yunus qövmünü rəzillik əzabından uzaq elədik və bir müddət
yaşatdıq bu dünyada onları (Yunus, 98).
Fəlakət ərəfəsində
nə baş verib?
Rəvayətə görə, Yunus
peyğəmbər şəhəri tərk edəndən sonra bir gün göyün üzü qara buludlarla
dolur. Sadə insanlardan birisi camaata bildirir ki, bu, Allahın
qəzəbinin əlamətidir və əhalini böyük fəlakət gözləyir. Camaat
bir yerə toplaşır və fəlakəti dəf etmək üçün tədbirlər görürlər.
Südəmər körpələri analarından ayırırlar ki, ana və uşaqların yalvarışı
hər yeri bürüsün. Bəlkə, onların duası daha keçərlidir? Heyvanları
otlaqlardan uzaqlaşdırırlar ki, onlar ac qalsın. Dua, tövbə yalvarışlar
nəticəsində Allahın onlara rəhmi gəlir, buludlar çəkilir. Cəlaləddin
Rumi «Məsnəvi»də bu xüsusda yazır: «Yunus peyğəmbərin qövmünə
bəla gəldi. Göydən odla dolu bir bulud ayrıldı. İldırımlar saçır,
daşları əridirdi. Göy guruldamaqda, bənizləri saralmaqdaydı. Onların
hamısı damlardaydı. Gecə vaxtı idi. Göy üzündən gələn bu bəla
gecə vaxtı gəlib çatmışdı. Hamısı damlardan aşağı endi. Başlarını
açıb ovalığın yolunu tutdular. Analar övladlarını özündən ayırdı.
Hamısı fəryad-fəğana, çığırışıb ağlamağa başladı. O qövm axşam
namazından səhər çağına kimi başlarına torpaq tökdü. Hamısı avaz-avaz
ağlayıb yalvarırdı. Tanrının o inadçı qövmə yazığı gəldi. Ümidsizlikdən,
səbrsiz ah və fəryaddan sonra yavaş-yavaş bulud dağılmağa başladı…
Xülasə, ağlayıb-sızlamağın Tanrı yolunda dəyəri var… Üstünlük
baxıimından Ulu Tanrı göz yaşını şəhidlərin qanına bərabər tutur».
(«Məsnəvi», 5-ci cild, 1608-1619). Göründüyü
kimi, yuxarıdakı rəvayət və Ruminin yazdıqları Bibliya mətni ilə
paralellik təşkil edir. Amma Quranda bu barədə təfərrüat yoxdur.
Yunus peyğəmbər
niyə küsüb?
Bibiliyadan fərqli olaraq,
dinimizə görə Yunus peyğəmbərə insanları tövhidə çağırmaq tapşırığı
veriləndə o, vəzifəni yerinə yetirməkdən imtina etmir. Amma onun
xəbərdarlığına şəhər əhlinin reaksiyası peyğəmbəri qane etmir
və o, şəhərdən çıxır. Gözləyir ki, Allah taala onları cəzalandıracaq.
Amma yuxarıda sadalanan hadisə baş verdiyindən, Allah taala onları
bağışlayır. Yunus peyğəmbər isə cəza olmadığı üçün çıxıb gedir.
Quranda bu xüsusda danışılarkən onun hirslənərək getdiyi deyilir.
Onun bu hərəkəti, səbrsizliyi qınanır: «Rəbbin Öz hökmünü verənə
qədər səbr elə! Balıq sahibinə (Yunus peyğəmbər) oxşamayasan»
(Qələm, 48); «Zunnunu da yada sal. Hirslənərək
gedərkən zənn elədi Biz onu sıxıntıya salmarıq. Və nəhayət, qaranlıqlar
içində «Səndən başqa tanrı yoxdur. Ucalardan ucasan. Mən gerçəkdən
zalım idim!» deyərək çağırmışdı Rəbbini» (Ənbiya, 87).
Yunus peyğəmbər dənizdə
gəmiyə minəndə baş verənlər barədə Quranda bunlar deyilir: «Yunus
da göndərilmiş elçilərdəndi. Qaçaraq minmişdi dolu gəmiyə. Batmaq
təhlükəsi yaranan zaman püşk atdılar. Yunusun bəxtinə düşdü püşk.
Atdılar onu dənizə. Balıq uddu onu» (Saffət, 139-142).
Yunus peyğəmbərin
duası
Yunus peyğəmbər balinanın
qarnında olarkən öz yanlışına görə Allaha yalvarır və duası qəbul
olunur: «Rəbbindən iznsiz iş görmüşdü o. Allahı öyən kimsələrdən
olmasaydı, diriləcəyi günə qədər balığın qarnında qalacaqdı. Quruya
çıxartdıq onu, halsız-halsız uzanmışdı. Bir qovun ağacı bitirdik
ondan ötrü» (Saffət 142-146); «Və nəhayət, qaranlıqlar
içində «Səndən başqa tanrı yoxdur. Ucalardan ucasan. Mən gerçəkdən
zalım idim!» deyərək çağırmışdı Rəbbini. Qəbul etdik duasını.
Qəm əlindən aldıq onu. Mö'minlərə nicat veririk beləcə» (Ənbiya,
88-89).
Rəvayətə görə, Yunus
peyğəmbər sağalandan sonra öz şəhəri Ninəvaya qayıdır və şəhər
əhli onun istiqbalına çıxır. Quranda Yunus peyğəmbərin həyatı
bir ibrət olaraq verilir. İnsanlar səbrli, səbatlı olmağa çağırılır.
|