Bu il də elə olacaq. Yenə filan küçə ilə fəhmən küçənin
kəsişməsində həzin avazlı, amma tutarlı bir qadın peyda olacaq,
icazəsiz-filansız elə həmin tində bərqərar olub nəzir toplamaq
istəyən kolyaskalı əlil bir cavanı sürüyüb yerə salacaq: «Sən
burda nə gəzirsən? Bura mənim toçkamdı!» Sonra Təzəpirin həyətində
basabas.
Bir günlüyə «razrezli» əlbisələrini yetərincə mühafizəkar geyimlə
əvəz edən qızlar qələbəliyə düşüb «vay, mama» qışqırandan sonra
qeyri-standart situasiyada özünü doğrultmayan dikdaban ayaqqabılarını
çıxarıb məscidin içinə keçəcəklər. Peyğəmbərimizin hamı üçün əziz
olan nəvəsinin xatirəsinə axıdılan göz yaşı üçün elə həmin andaca
kompensasiya istəniləcək. Bu istəklər rəngbərəng parçalara çevrilib
məscidin həyÿtindəki əncir ağacını süslü bir gəlinə çevirəcək.
Gələcəkdə həm hacı, həm məşədi, həm də kərbəlayi olmaq istəyən
müsəlman qardaşlarımızsa kürəyinin iki yerində zəncirin bədənə
birbaşa təması üçün nəfəsliklər olan köynəklərini geyib qətl sınana
kimi özlərini döyəcəklər. Həmin gün hamımız bir olacağıq. Din
hisslərimiz güclənəcək. Maşallah çəkili polis nəfərindən tutmuş
televiziyada özü də inanmadığı mətləblərə camaatı inandırmağa
çalışan diribaş gəvəzəyə kimi...
Məhərrəmliyi həmişə
belə keçiririk. Az qala yüz il əvvəl – 1907 ci ildə «İrşad» qəzeti
yazırdı: «Baş yarmaq, zəncir vurmaq, Qasim otağı gəzdirmək adətlərinin
cümləsi artıq bir günahdır və bu, islam şəriətində heç bir kitabda
və qanunda yoxdur və hər kəs ki, bu işləri əmələ gətirsə, böyük
günahkar hesab olunur». Bu sözlərə şəhər qazisi Mir Məhəmmədkərim
ağa, Axund Hacı, Molla Ruhulla, Axund Cavad, Axund Ələkbər, Axund
Şeyx Məhəmmədcavad, Axund Hacı Qəvam, Axund Hacı Molla ağa, Hacı
Mirmöhsün, Axund Molla Əbülqasım cənabları yekdil razı olub imza
etdilər». Amma nə fayda? Nə onda, nə sovet dönəmində, nə də indi
bu ənənənin səngiməsinin yox, əksinə, bir az da güclənməsinin
şahidi oluruq. Sakitcə seyr edir və müdrikcəsinə susuruq. Ona
da razı oluruq ki, Mirzə Cəlil demiş, «əcnəbilər tamaşaya gəlsinlər,
müsəlmanların bu işlərini görüb və əkslərini götürüb kitablar
bağlasınlar və tamam yer üzündə bizi vəhşi adlandırsınlar».
Şübhəsiz, Kərbəla hadisələri
– peyğəmbərimizin nəvəsinin ölüm günü anılmalıdır. Amma on dörd
əsr bundan öncə diktator Yezidə qarşı döyüşdə qəhrəmancasına şəhid
olmuş Hüseyni belə yas ovqatı ilə anmaq nə dərəcədə düzgündür?
Quranda buyrulur: «Şəhidlərə ölü deməyin, onlar diridir, amma
siz bunu başa düşməzsiniz». Başqa tərəfdən, bu anım nümayişkaranə
şəkildə, bir qədər də təmənnalı və qeyri-səmimi keçirilir. Şəxsi
faciələrlə bağlı heç vaxt kiminsə gedib kütlə qarşısında, xüsusən,
qadınların gözü qabağında vay-şivən qoparıb özünü döyməsinə rast
gəlməzsən. Çünki bir türk olaraq hər bir kişi bunu özü üçün ayıb
sayar. Bundan başqa, bir halda ki, Allah hər bir kəsə onun şah
damarından da yaxındır, demək, bu hadisənin bizdə təbii olaraq
doğurduğu təəssüf hissləri həmin anda Ulu Yaradana bəlli olur.
Belə olan halda bunu kimlərəsə nümayiş etdirməyə nə lüzum? Bu,
acizliyini malalamaq istəyindən, öz mənini göstərmək arzusundan
doğmurmu? Bütün bunlar Quran məntiqinə ziddir. Müqəddəs Kitabımızda
buyrulur: «Ürəkdən və gizli yalvarın Rəbbinizə. Həddini aşanları
sevməz Allah» (Əraf, 55).
Məhərrəmlik adamların
dini hisslərindən yararlanmağa çalışanların həsrətlə gözlədiyi
bir aydır. Həmin zümrə belə mərasimlərin kütləvi olmasından vəcdə
gəlir. Güvəndikləri kütlənin varlığının, bərqərarlığının, neçə
əsr əvvəlkindən zərrəcə fərqlənmədiyinin bir daha məmnuniyyətlə
şahidi olurlar. Həmin kütlədən nə vaxtsa bir sıra məsələlərin
çözülməsində yararlana biləcəklərinə görə sevinirlər. Amma bu
bir sıraların sırasında, şübhəsiz, Qarabağa, Cənuba, ölkənin bir
sıra iç problemlərinə dəxli olan heç nə yoxdur. Bu, kütləyə də
sərf edir. Yolverilən söymə mərasimlərində fəal olma, yolverilən
qəhrəmanlıq. Günümüzdə yaşayan və varlığı insanlara təhlükə törədən
yezidlərə itaət, ölmüş və şübhəsiz, cəzasını almış, yəqin ki,
«boynu və çənəsi qollarına zəncirlənmiş» (Yə-sin, 8)
günahkara – Yezidə isə hədə və söyüş. Öz ulağını qorumağa gücü
və cəsarəti çatmayan Məmmədhəsən əmilərdən transsendent ünvanlı
şərə sərt mesac, ətrafında baş verənlərəsə mübhəm bir sükut...
Məhərrəmlik bitəcək.
Sonra yenə hər şey öz axarı ilə gedəcək. Yazdı. Ağaclar yenə böyüməyində,
qarışqalar yem axtarmağında, cırcıramalar cırıldamağında. Məmmədhəsən
əmi ilə Xudayar bəy, öz doğru saydıqları təbirləri ilə desək,
yaşamaqlarında davam edəcəklər. Bağışlanmışlardansınızmı?
«Azadlıq», 3
aprel 2001
|