Ərəbcəni
yaxşı bilənlər bilirlər o iki mənanı ki, “məscid” sözündə ehtiva
olunur. Biri səcdə edilən yer deməkdir, o biri isə səcdə edilən
zaman. Beləliklə, ərəbcədən aldığımız “məscid” sözü bütöv anlamda
səcdə edilən yer və zamandır. Təbii ki, bu sözə aid yer və zaman
anlayışları bir-birindən ayrı tutula bilməz. “Məscid”in əsl hikməti
də zatən bundadır.
Hər hansı məscid binası
orada yalnız ibadət anlarında məscid sayıla bilər, ibadətlərarası
fasilələrdə isə məscidliyindən çıxır, olur adi bir tikili. Əgər
namaz məscid dediyimiz bunada deyil də mənzildə, yaxud çöldə-bayırda,
yaxud da hansısa nəqliyyat vasitəsində (lap elə təyyarədə, kosmik
gəmidə və s.) qılınırsa, bu yerlər həmin o müqəddəs anlarda olur
məscid. Namaz bitincə, qısa müddət içində məscid anlamı daşıyan
bu yerlər artıq “məscid” sözünə aid hikməti də təbii olaraq ifadə
etmir.
Müqəddəs Oxu məntiqindən
gəlmə bir məsələ də bütün kainatın məscid olmasıdır. Rəbbimizin
təlqin etdiyidir ki, varlıqlar daimi hərəkətdə olduqlarından dolayı
ilahi qanunlara tabeçilik durumundadır və bu tabeçilik Tanrıya
bir səcdə halı yaradır. İsra surəsində (“Gecə yolçuluğu”) oxuyuruq:
“Öyər Onu yeddi göylə yer və bunlarda olanlar. Elə bir nəsnə yox
ki, Ona alqış oxuyaraq öyməyə. Amma siz anlamazsız onların öyümünü.
O gerçəkdən həlim, bağışlayan” (44-cü ayə). “Öymək” – ərəbcə mətnin
orijinalında “səbbəha” kimi işlənən felin bir mənasıdır. Bu sözün
etimolojisində “üzmək” və daha çox fəza boşluğunda üzmək anlamı
da yer alır. Tanrının kainat idarəçiliyini tənzimləyən qanunlarına
görə “üzmək” – hərəkətdə olmaq Onu öymək, Ona səcdə etmək deməkdir.
Və hərəkət edən ən kiçik zərrəcikdən ən böyük qalaktikalara qədər
hər şeylə bərabər bizim də içində yaşadığımız kosmos dünyası bütövlükdə
bir məscid timsalındadır.
Bütün kainatı məscid
təyinatlı bir fəza olaraq bəndələrinə təqdim edən Rəbbimiz başqa
bir ayədə də belə buyurur: “Məgər görməzmi oldun, Ona səcdə eyləyir
göylərdə kim varsa, yerdə kim varsa, günəş də, ay da, ulduzlar
da, dağlar da, ağaclar da, heyvanlar da, insanların bir çoxu da
eləcə...” (Hac surəsi, 18-ci ayə). “Dağlar, ağaclar, heyvanlar,
insanların bir çoxu”nun səcdəsi isə sakini olduğumuz Yer kürəsini
də məscid halına gətirir.
Peyğəmbərimiz Məhəmməd
Seçilmişin də özəl bir deyimi var: “Bütün Yer üzü mənim ümmətim
üçün bir məsciddir”. Bunu daha çox belə yozurlar ki, planetin
istənilən guşəsi müsəlmandan ötrü ibadət yeri ola bilər. Peyğəmbər
kəlamının bir hikməti də ənənəvi məscidlərin statusunu ibadət
yeri kimi rəsmiləşdirmək perspektivini önəmsiz etməyi ilə bağlıdır.
“Məscid”ə sinonim olaraq
“came” sözünü də işlədirlər. “Bir yerə toplayan, cəm edən” (rusların
kilsəyə adekvat mənada işlətdikləri “sobor” kəlməsi ilə müqayisə
et!) deməkdir. “Came” bu mənada ənənəvi məscidlərin tarixən keçərli
olmuş bir təyinatının ifadəsidir. Müsəlmanların ictimai həyatında
məscidlərin oynadığı tarixi rolla bağlıdır. Yəni məscid bir came
olaraq cəmiyyət həyatına aid məsələlərin müzakirəsi üçün toplantı
yeri kimi də müsəlman şüurunda yer almışdır. Bütün fəaliyyətlərin,
eləcə də yaşayış tərzinin din qaydalarınca sürüldüyü ötən zamanlara
xas özəllikdir ki, müsəlmanlar dərdlərini paylaşmaq üçün məscidlərə
toplaşır, buralarda həm ibadət edir, həm də öz müşküllərini çözmək
üçün danışıqlar, müzakirələr aparırdılar. Xalq içində mehribançılıq,
ülfət yaratmaq yönümündə məscidlərin bu ictimai təyinatı vaxtilə
çox önəmli səciyyə daşımışdır.
Ancaq burası da var ki,
məscidlərin “came” təyinatı zaman ötdükcə bu ibadət yerlərinin
statusuna bir qədər də rəsmilik ünsürü qazandırmış və məscid anlayışı
ənənəvi müsəlman şüurunda daş tikililərdən ibarət qəliblərdə bilinərək
özünün sərhədsizlik məzmununu itirmişdir. Bu, heç şübhəsiz, müsəlmanların
iman duyğusuna məhdudlaşdırıcı bir təsir də göstərmişdir. Ibadətin
məhz məscidlərdə edilməsi gərəkən bir din borcu olduğu təsəvvürü
imanın fəal həyat müstəvisindən kənar tutulmasına tədricən yol
açmış səbəblərdən biridir. Digər yandan, həmin təsəvvür ibadət
məsələsinə bir şərtilik ovqatını da gətirməmiş deyil.
Islamda rəsmi məbəd anlayışı
yox və Tanrıya ibadət, təbii ki, hansısa rəsmiyyətçilik naminə
edilmir. Məscidlərimiz rəsmi ibadət yerləri deyil. Dinimizin gözəlliyi
və böyüklüyü də bundadır ki, Tanrı-insan münasibətlərində səmimiyyətə
xələl gətirə biləcək hər cür şərtilik ilahi məntiqə tərs düşən
bir nəsnədir. İbadət rəsmiyyətçiliyi ilahi məntiq gərəkçələrinə,
müqəddəs Oxu islamının tələblərinə yad olsa da, protokol üslubunca
həyata keçirilən ayinlər və mərasimlər ənənəvi şəriət İslamına
da sirayət etmişdir. Bunun nəticəsidir ki, ayinlər və mərasimlər
din riyakarları-münafiqlərdən ötrü zaman-zaman əlverişli ideoloji
sığınacaq, bəd niyyətləri, davranışları sığortalayan vasitələrdən
olmuşdur.
Rəbbimiz buyurur: “Görmüsənmi
dini yalanlayanı? Bax odur, qovur yetimi, buyurmur doyuralar yoxsulu.
Vay halına o namaz qılan kimsələrin ki, görməzliyə vurarlar qıldıqları
namazı, göstərərlər özlərini. Əngəl olarlar adicə yardıma” (Məun
– “Adicə yardım” surəsi, 1-7-cı ayələr). Hikmətlidir, deyilmi?
Ayədə söhbət dindar görüntüsü yaratmaq naminə ibadət edənlərdən
gedir. Belələrinin namazlarını Rəbbimiz riyakarlıq kimi qiymətləndirir.
Şübhəsiz, yetimi qovan, yoxsulu yedirtməyə meyli olmayan və ümumiyyətlə,
hər cür yaxşılığa, yardıma əngəl olanlar namazlarını gözdən iraq
bir guşədə deyil də camaatın baxışları önündə, məsciddə qılırlar
ki, bunun, necə deyərlər, bir istimai-siyasi effekti də olsun.
Məsələn, bəzi müsəlman ölkələrində müşahidə olunandır ki, siyasət
adamları xalqla bərabərliyini nümayiş etdirmək naminə məscidlərə
gələrək camaatla birgə namaz qılır və bu da mətbuatda, televiziyada
reklam edilir.
Sadəcə olaraq namaz görüntüsü
yaratmağa hesablanmış bu “ibadət” tədbirlərinin hansısa savab
məzmunundan danışmaq təbii ki, mümkün deyil. Və təbii ki, bunlar
Tanrı-insan münasibətləri kimi məhrəmanə təmasların riyakarlıq
müstəvisinə gətirilməsi deməkdir. Rəbbimiz belə ibadəti “dini
danan”ın saxta ibadəti kimi dəyərləndirir. Elə yeri gəlmişkən
onu da qeyd edim ki, “namaz qılmırsansa, müsəlman deyilsən” mifini
sevən “din” təmsilçiləri yuxarıda gətirdiyim ayələri dərindən-dərinə
incələməli və anlamalıdırlar ki, namaz qıla-qıla da kafir olmaq
mümkündür və müsəlmanlığın limiti namazla bitmir.
Indi tarixi proseslər
ona gətirib çıxarmışdır ki, müsəlmanlar üçün ictimai yerlər təkcə
məscidlərdən ibarət deyil. Toplum problemlərinin müzakirələri
televiziyada, mətbuatda, geniş salonlarda gerçəkləşir. Artıq məscidlərin
ictimai-siyasi mənada “came” təyinatına elə bir ehtiyac da qalmamışdır.
Bu təyinatın məscidlərə qaytarılmasıının tərəfdarları əsasən dindən
siyasi məqsədlərlə istifadəyə can atan bəlli qüvvələrdir. Məscid
ki, siyasətə əl qoydu, deməli, ilk növbədə möminlər arasında təfriqə
düşəcək. Söhbət təriqətlərarası ziddiyyətlərin dərinləşməsi perspektivindən
gedir.
Məscid siyasət yeri ola
bilməz. Hər şeydən öncə ona görə ki, buranın adına görə təyinatı
ibadət yeri və zamanıdır. Ikincisi, məscid bizim özəl mülkiyyətimiz
də deyil ki, içində istədiyimiz tədbirləri keçirək. Və bizim deyil
də Rəbbimizin dedikləridir: “Heç şəksiz, Tanrınındır səcdə yerləri,
səcdə anları. Tanrıyla yanaşı bir kimsəni çağırmayın” (Cin surəsi,
18-ci ayə). Haşiyə çıxaraq deyim ki, “səcdə yerləri, səcdə anları”
kimi açıqladığım ifadə başqa Quran tərcümələrində, o cümlədən,
mənim də vaxtilə qələmə aldığım tərcümə əsərində sadəcə “məscidlər”
kimi getmişdir. Ayədə təlqin olunan başlıca hikmət ondan ibarətdir
ki, Tanrıya ibadət üçün ayrılan məkan və zaman içində başqa bir
kimliyə və nəsnəyə sadəcə yer olmamalıdır. Yer olursa, mümkündür
ki, bunun hansısa fəsadları da olsun. Din riyakarları-münafiqlərin
istifadəsində olan məscid də bu fəsadların gerçəkləşməsinə xidmət
edir. Rəbbimiz həmin qəbildən şəxslərin əməllərinə işıq tutaraq
buyurur: “... Zərər vermək, küfr yaymaq, inananlar arasına ayrılıq
salmaq üçün və öncədən Tanrıyla, elçisiylə savaşmış kəs istifadə
etsin deyə pusqu yeri qurmaq üçün özlərinə bir məscid tutmuş onlar.
And-aman edəcəklər: “Yaxşılıqdan, gözəllikdən alayı bir niyyətimiz
olmamış”. Tanrı tanıqdır ki, yalançıdırlar” (Tövbə surəsi, 107-ci
ayə).
Müqəddəs Oxuda belə bir
ayə də var: “Ey Adəm oğulları, bəzənib-düzənmiş olun hər səcdə
yerində, səcdə anında” (Əraf – “Sədd” surəsi, 31-ci ayə). Bu ifadənin
başqa bir aşıqlama variantı “hər məscidə gedəndə geyinib-keçinib
gedin”dir. Ayədə Tanrıya ibadətin bir sevgi halı, bayram ovqatı
gəlişdirdiyi vurğulanırsa, Tanrıya səcdə yerinə də, ayrıca olaraq
məscid dediyimizə də bu hala, bu ovqata uyğun münasibət göstərilməsi
vacibdir. Və diqqətə alsaq ki, peyğəmbərimiz “bütün Yer üzü mənim
ümmətim üçün bir məsciddir” söyləmişdir, planetimizin hər qarış
torpağına qarşı adekvat münasibətdə olmağımız da bir din borcudur.
Elə Tanrı qarşısında insanlıq borcu da söyləməmiz mümkündür.
|