Məscidlər
Allahın evidir. Oralarda dua eləyən zaman
duanıza başqasını qatmayın.
Cinn, 18
«Məscid»
«səcdə» sözündən götürülüb. Mənası səcdə yeri, səcdə zamanıdır.
Quranda məscid Allahın evi adlandırılır. Şəriətə görə, üç ali
məscid var. Bunlar Məkkədəki əl-Haram («toxunulmaz»), Mədinədəki
Peyğəmbər məscidi və Qüdsdəki əl-Əqsa («uzaq») məscidlərdir. Öz
möhtəşəmliyinə görə, memarlıq ansamblının mükəmməlliyinə görə
yox, Məhəmməd peyğəmbərin və tərəfdarlarının adı ilə bağlılığına
görə bu məscidlər yüksək tutulur. Bundan başqa, Toxunulmaz və
Uzaq məscidin adı Quranda çəkilib. Qalan ibadət yerləri iki cürdür:
cümə məscidləri və məhəllə məscidləri.
Şəriətə görə, dindarlar,
xüsusən cümə günləri məscidə getməlidirlər. Özünü müsəlman sayan
şəxs məscidə getmirsə, onunla ünsiyyət saxlamaq, qonşu olmaq,
ondan məsləhət almaq, onun vasitəçiliyi ilə evlənmək, həmin adama
qız vermək olmaz.
Bəs kimin məscidə getməsi
təqdir olunmur? Şəriət bu sualın da aydın cavabını verib. Uşaqların
və ağlı başında olmayanların məscidə girməsi yolverilməzdir. Sarımsaq,
soğan və başqa iyli yeməklər yemiş kəslərin məscidə gəlməsi yaxşı
sayılmır. Allahın evində ucadan danışmaq, ticarət, ailə-məişət
problemləri ilə bağlı çənə döymək pislənir. Məscidə gedən adam
təmiz geyinməli, daxil olarkən əvvəl sağ ayağını, sonra sol ayağını
atmalıdır. Bununla bir zaman müsəlman olmayanların məscidə girməsinin
qarşısını almaq olurdu. İndi daha məscidə girməsi arzu olunmayacaq
başqaları problemi yoxdur. Getməsi arzu olunub getməyən kimsələr
problemi var. Niyə məscidə, əsasən, yaşlı nəslin nümayəndələri
gedir?
«Vəzirimdir qəmü qüssə, oturmuş iki yanımda»
Üz tuturuq ölkənin baş
məscidi Təzəïirə. Mirzə Fətəli küçəsindədi. Qafqaz Müsəlmanları
Ali Ruhani İdarəsi və İslam Universiteti bu məscidin həyətindədi.
Bu ərazi Aşura günü həm də şəhərin ən böyük zəncir vurma obyektinə
çevrilir. Adamlar bura sosial-siyasi, məişət, şəxsi zəmində problemlərlə
bağlı bir il ərzində qətrə-qətrə topladıqları stress hormonlarından
azad olmağa gəlirëÿr. Peyğəmbərimizin və nəvələrinin adını tutub
ağlayır, potensiyada qalan qəzəb və nifrətini məkan və zamanca
uzaq olan məchul obyektlərə ünvanlayır, yüngülləşir, üstəlik niyyət
eləyib şam da yandırır. Hesab edir ki, həmin günkü ağlamaq və
özünəqəsdin müqabilində Allah onun günahlarını bağışlayacaq.
«Heyvərələr hər yerə dırmaşdılar»
Bunun üçün Təzəïirin
həyətində hər cür şərait var. Uzun divar, əncir ağacı, tut ağacı,
hündür nərdivan, geniş həyət. Universitetə bitişik tikilinin divarı
boyu şam yandırır, elə əncir ağacına parça bağlayır, tut ağacına
dırmaşıb zəncir vuranlara baxırlar. «Bu tut ağacı Azərbaycanda
İran təsirinin indikatorudur. İslam Partiyasının keçmiş rəhbərliyi
İrana casusluqda təqsirləndirilib tutulana qədər bura daha da
qələbəlik olurdu. Hətta dırmaşanların əlindən tut ağacının budaqları
da sınırdı». Bunu yanımda dayanıb qətlin sınmasını gözləyən bir
kişi deyir. Bu dəfə qəza tutdan sovuşdu.
Nərdivansa əcnəbilər
üçündür. Onlar bu nərdivana dırmaşıb ətrafda baş verənləri lentə
alırlar. Aşura günü məscidin içi lap qələbəlik olur. Qapının ağzındakı
basırıqda tez-tez qadın və uşaq qışqırığı qopur. Curnalist marağı
nə qədər təhrik eləsə də, biz içəri girə bilmədik. Təkcə biz yox,
«zaydyom pyat-desyat minut pabudem» deyən üç nəfər canısulu cavan
da qapının ağzından qayıtmalı oldular. Dabanımızın üstünə qalxıb
məscidin içində bu sözləri oxuya bildik: «Açılıbdu dərgahi-məğfirət».
Yəni Azərbaycan türkcəsi ilə desək, bağışlanma qapıları açılıb,
fürsəti fövtə verməyin. Hər şey aydındı.
Adi günlərdə məscidin
həyətində ən çox nəzərə çarpan dilənçilər, müştəri gözləyən mollalar,
ölüyuyanlardır. Ədalət naminə onu deyək ki, istər mollalar, istərsə
də ölüluyanlar gözlədiyimizin əksinə olaraq, adamın qabağına yüyürmür,
sadəcə, zərdüştilərin Hürmüzün gözü adlandırdığı İrana-Turana
fərq qoymadan səmada yerini dəyişən qaynar göy cisminin hərəkətinə
uyğun yerlərini qismən dəyişirlər – müştərilərlə təmas üçün əlverişli
mövqeyi əldən verməmək şərtilə. Dilənçilərin çoxu toxtamışdı,
sur-sumbatından stac tökülür. Söz sərrafıdırlar, psixoloci dəqiqliyi
ilə seçilmiş iki-üç sözlə düz nöqtəsinə vururlar: az qalır milli
əskinaslar icazəsiz-filansız adamın cibindən çıxıb onların mis
taslarına düşə. Ölü daşımaq üçün nəzərdə tutulan UAZ maşını xüsusi
hazır vəziyyətdədir. Elə bu həyətdəcə, İslam Universitetinin böyründə
mafələr müştəri gözləyir. Quranda Allahın evi adlandırılan məscidlərin
yas ovqatından narahatlığımızı bölüşmək üçün İslam Universitetinin
rektoru Hacı Sabirə üz tutmağı qərara alırıq.
Hacı Sabir məşğuldu
Qəbul otağında bir qədər
gözləyirik. İçəridən heç bir cavab gəlmir. Nəhayət, ùacı bayıra
çıxıb həyəti seyr eləməyə başlayır. Qayıdanda bir neçə sualımıza
cavab verməyi xahiş edirik. «İndi vaxtım yoxdu, sabaha da söz
vermirəm» - deyir. Hiss olunur ki, ùacı çox vacib işlər barədə
düşünür. Və miskin bir məcmuənin isralı bir yazarının verəcəyi
suallar onun arxivacib, arxitəxirəsalınmaz və sabahaqoyulmaz işlərinin
fonunda yəqin ki, çox cılız görünür. Yoxsa, heç olmasa, gələn
həftəyə, gələn aya, gələn ilə söz verərdi. Biz şübhə eləmirik
ki, hacı Sabir yaxşı müsahibdir və nə vaxtsa istədiyimiz sualların
cavabını ondan ala biləcəyik. Biz təəccüblənirik ki, siyasəti
çirkin iş adlandırsaq da, iqtidarlı-müxalifətli siyasətçilərimiz
dindarlardan daha həssas və diqqətlidirlər. Hələliksə hacını mürdəşirxanaya
bitişik universitetində qoyub qayıdaq yenə Təzəpirin həyətinə.
İnsanın
ölmək adətidir, molla neyləsin?
İslamda, xüsusən indiki
Azərbaycanda din adamı dedikdə birinci növbədə göz önünə gələn
molladır. Əmmaməli, ya əmmaməsiz, fars aksentli və ya yerli dialekt
və şivə çalarlı, Quranın özündən və ya kirillə transkripsiyasından
oxuyan – fərq eləməz, adamın yadına yas mərasimi düşür. Ona görə
də camaat mollalardan qorxur, daha doğrusu, onların qaraltısından
qorxur. Onlar bədbəxtlik olan yerdə peyda olur. Əslində, mollalar
elə pis adam da deyillər. Adamların ölməsi də onların arzusu səbəbindən
deyil. Müsəlman ümmətinin çoxalmasını hamıdan çox onlar istəyir.
Eyni zamanda, ölməsini də onlar hamıdan çox istəyir. Pulu yas
mərasimindən çıxan mollaların gəlir sahəsi ən təminatlı gəlir
sahəsidir. Dünyada adamlar oğurluqdan, xuliqanlıqdan, qaçaqmalçılıqdan,
hətta RÜŞVƏTDƏN belə əl çəkə bilərlər. Neft quyuları quruyar,
kömür şaxtaları çökər, amma adamlar ölməkdən əl çəkə bilməzlər.
Nə qədər dünya var, ölüm də olacaq. Nə qədər ölüm var, oradan
qazanc da olacaq. Bircə qorxu var. O da müsəlman qardaşların duaları
öyrənib molla çağırmaması ehtimalıdır.
Bəlkə.
bu yerlərə bir də gəlmədim
Bayıldan Təzəïirə həmişə
iki yoldan biri ilə gedirəm. Biri Bakı Soveti tərəfdən, o biri
isə MUM tərəfdən. Hər iki istiqamətdə adam hüquq-mühafizə orqanı
işçisi ilə üzləşə bilər. Hər ikisi qorxuludur. Çünki, deyilənə
görə, mən ayağı yüngül adamam. Kimə rast gəlsəm, işi uğurla nəticələnir.
O cümlədən, DYP işçisinə rast gəlsəm, avtoqəza olur, prokurora
rast gəlsəm, adam öldürürlər, mollaya rast gəlsəm, kimsə özü ölür.
Yəqin ki, bu adamların balaları onlara təbrik yazanda «çöhrənizdən
təbəssüm əskik olmasın» yazırlar. Bu vücudların harın və gümrah
çöhrələrində təbəssüm oynaması üçünsə kiminsə evi yıxılmalı, ocağı
qaralmalı, çırağı keçməlidir.
Son
olaraq
Cinn surəsinin 18-ci
ayəsində «Məscidlər Allahın evidir» deyilir. Heç kəs öz evinin
daimi yas məkanına çevrilməsini istəməz. Amma Allahın evini yasxanaya
döndərmişik. Quranda qara rəng cəhənnəmin rəmzi kimi verilir.
Amma dinimiz, məscidlərimiz qara rəngə tutulur. Məscidlərdən,
nədənsə, qara bayraqlar asırlar. Biz hər kəsin həm də yaslı olmaq
hüququna hörmətlə yanaşırıq. Amma yas rəmzi olan qara bayrağı
arxu edən hər kəs öz evindən assa, yaxşı olar. Məscid ibadət yeridir.
«Məscid» sözü «səcdə»dən götürülüb. İbadət anı insanda Ulu Yaradanın
böyüklüyünün dərkindən doğan heyrət, xoşbəxtlik və sevgi anıdır.
Həyatı «özüyçün gəzən» vələdüzzina bir atomun hərəkət nəticəsində
ikiyə çevrilməsinin yox, Allahın «ol» əmrinin nəticəsi sayan mömin
bəndələr «arı sudan abdəst alıb, ağ alnını yerə qoyub» namaz qılmaqçün
məscidə gələndə yas atributları ilə rastlaşmamalıdır.
Dəfn və yas mərasiminə
gəlincə, zəruri yas xidmətinin şəriətə uyğun aparılması gərəkliyini
heç kim danmır. Amma bu, məscidlərin həndəvərində dəfn ovqatı
yaradılması ilə sonuclanmamalıdır. Özündə hətta bütpərəstlik adətlərini
də saxlayan yas mərasimlərinin bir sıra xoşagəlməz əlavələrdən
tezliklə arınacağını düşünmək də sadəlövhlük olardı. Biz bu iddiada
deyilik. Bu, ayraca söhbətin mövzusudur. Söhbət Allahın evindən,
Allahın Kitabından gedir. Öz evimizə rəva bilmədiyimizi Allahın
evinə rəva bilməyimizdən, Tanrının dirilərə göndərdiyi Kitabı
ölülərə oxumağımızdan gedir. Bu isə son dərəcə vacib məsələdir.
Vacib
bir xahiş
Üzümüzü tuturuq hər
bir ailənin yaslı günlərində əziyyət çəkib yas mərasimlərini yola
verən kəslərə. Sizi and veririk Yeri buynuzları üstündə saxlayan
öküzün Şamaxı zəlzələsində qırılan buynuzuna, İran mollalarının
ixrac elədiyi yas və matəm atributlarına, gəlin bu işləri yoluna
qoyaq. Nə qədər ki, dəfn xidmətləri məscidlərin həndəvərində qərar
tutacaq, məscidə gənc və orta nəslin nümayəndələri getməyəcək.
Millətimiz din adamını yalnız yasda görəcək. Nəticədə dinimizin
yas dininə çevrilməsinin bir günahı da sizin boynunuza yazılacaq.
Bir də axı «məscid» sözü «səcdə»dən götürülüb, «cəsəd»dən yox...
Şeyximizdən də bir xahiş
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadənin gördüyü işlər az-çox məlumdu.
Xüsusən, Şimali Qafqazdakı mövqeyi rəğbət doğurur. Hamı bilməsə
də, biz bilirik ki, şeyximiz Çeçenistanın milli qəhrəmanıdır.
Yaxın vaxtlarda İnquşetiya prezidenti şeyxi əlli yaşını qeyd eləməkçün
öz ölkəsinə dəvət eləmişdi və s. Güman edirik ki, ölkənin din
işlərindəki bəzi məqamlar da yaxın vaxtlarda şeyximizin diqqətini
cəlb edəcək.
İrqi, milli, məçhəb,
partiya, tayfa mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanlara
hörmətlə
«Ekspress» 18
may, 1999
|