Rəhman
və Rəhim Allahın adıyla
1. Yə sin.
2. And olsun hikmətli
Qur'ana
3. göndərilmiş elçilərdən
birisən,
4. doğru yoldasan.
5. Güclü olan, Rəhim
olan Allah göndərmiş bu Qur'anı.
6. Göndərmiş ki, atalarına
xəbərdarlıq edilməmiş olan, qəflətdə olan bir qövmə xəbərdarlıq
eləyəsən.
7. Dediyimiz o əzab artıq
vacib görülmüş çoxlarına. Hələ də gəlməyirlər imana.
8. Boyunlarını, çənələrini
qollarına zəncirləmişik, dik tutarlar başlarını.
9. Sədd çəkmişik onların
önünə, arxasına, pərdə salmışıq gözlərinə. Heç nəyi görməzlər
daha.
10. Onlara xəbərdarlıq
eləsən də, eləməsən də nə fərqi, gələn deyillər imana.
11. Sənin xəbərdarlığın
yalnız o kəsə fayda verər ki, Qur'ana tabe olar və Rəhmanı görməyə-görməyə
Ondan çəkinər. Yetir o kimsəyə məğfirətin, səxavətlə veriləcək
bir əcirin müjdəsini.
12. Ölüləri dirildən,
onların işləklərini, özlərindən sonra qoyub getdikləri izlərini
qeydə alan Bizik, Biz! Aşkar bir Kitabda aparırıq hər şeyin hesabını.
13. Camaatına elçilər
göndərilmiş olan o şəhərin əhvalatını nümunə göstər hamıya.
14. İki elçi göndərmişdik
onlara. İkisini də dandılar. Yardım üçün üçüncü bir elçini də
göndərdik onlara. «Biz sizdən ötrü göndərilmiş elçilərik» söylədilər.
15. «Siz də bizim kimi
bəşərsiniz sadəcə. Rəhmansa bizə heç nəyi göndərməmiş. Yalandır
dedikləriniz» dedi şəhər əhli.
16. «Göndərilmiş elçilər
olduğumuzu bilir Rəbbimiz» dedi elçilər.
17. «Onun hökmlərini
açıqdan-açığa bəyan eləməkdir yalnız bizim borcumuz».
18. «Gəlişinizlə siz
bizə nəhs gətirdiniz. Bu işdən əl çəkməsəniz daşa basacağıq sizi,
ağrılı bir əzab dəyəcək sizə» dedi şəhər əhli.
19. «Nəhs gətirən işinizin
səbəbini özünüzdə arayın. Sizə öyüd verildiyinə görəmi işiniz
gətirməmiş? Xeyr, siz həddinizi aşan kimsələrsiniz» dedi elçilər.
20. Şəhərin o başından
bir adam qaça-qaça gəlib dedi: «Ey qövmüm, tabe olun göndərilmiş
elçilərə.
21. Tabe olun sizdən
bir umacağı olmayan o kəslərə. Doğru yoldadır onlar.
22. Məni yaradana niyə
də tapınmayım. Onun da dərgahına axır dönəcəksiniz.
23. Onu qoyub başqalarınamı
tanrılar olaraq tapınmalıyam? Əgər mənə bir zərər vermək istərsə
Rəhman, məndən ötrü bunların iltiması da faydasız olar. Qurtara
bilməzlər məni Allahın əzabından.
24. Ondan başqasına tapınsam
əgər, açıq-aşkar bir sapqınlıq içindəyəm deməli.
25. Mən sizin Rəbbinizə
artıq iman gətirmişəm. Dinləyin məni».
26. «Buyur cənnətə gir»
deyiləndə ona, söylədi: «Kaş biləydi soydaşlarım,
27. bağışlamış məni,
möhtərəm kimsələrdən eləmiş məni Rəbbim».
28. Ondan sonra göydən
əsgərlər [can almağa gələn mələklər] belə göndərmədik soydaşları
üstünə. Heç bunları göndərmək də istəmirdik.
29. Sadəcə bir gurultu
bəs elədi onlara. Həlak olub söndülər.
30. Yazıqlar olsun bəndələrə!
Yanlarına bir peyğəmbər gəldimi, onu lağa qoymağa başlardılar.
31. Məgər görməzmidilər,
onlardan öncə neçə-neçə nəsilləri yox eləmişik. Bu nəsillər onların
yanına bir də dönən deyillər.
32. Hamılıqla cəm edərək
onları, gətirərlər hüzurumuza.
33. İnsanların diriləcəyinə
dair bir dəlil: ölmüş ikən dirildirik torpağı, ondan dən çıxardırıq,
bu dəni də yeyirlər.
34. Dirilən torpaq üstə
xurmalıqlar, üzümlüklər salarıq, çağlayan bulaqlar axıdarıq. Axıdarıq
ki,
35. bu bağların meyvəsindən,
özlərinin becərdiyi məhsullardan yesinlər. Bunamı naşükürlük edirlər?
36. Yerin yetirdiyindən,
insanların öz canlarından və bilmədikləri şeylərdən cüt-cüt yaradan
Allah ucalardan ucadır.
37. Onun böyüklüyünə
onlar üçün bir dəlil də gecədir, Gecədən gündüzü ayıran zaman
qaranlıqda qalarlar.
38. Günəş də öz qərarınca
axıb gedər qərar tutuncaya qədər. Güclü, biləyən Allahın qoyduğu
qanun belədir.
39. Ay üçün də hər günü
mənzil elədik. Köhnə xurma budağı tək nazilər dönəndə ilk mənzilinə.
40. Aya çatıb yetişə
bilməz günəş. Gündüzü də ötüb keçə bilməz gecə. Fələyin çarxı
ilə üzür bunların hamısı.
41. Allahın qüdrətinə
dair başqa bir dəlil: onların soyundan olan bir nəsli gəmiyə doldurub
xilas elədik.
42. O gəminin bənzəri
neçə-neçə gəmilər yaratdıq insanlara.
43. İstəsəydik əgər,
sulara qərq edərdik onları. Bir kimsə belə tapılmazdı yetişəydi
köməyinə onların. Xilas ola bilməzdilər.
44. Fəqət rəhmətimizdən
pay verdik onlara, macal verdik bir müddət dolanalar.
45. «Olmuşdan, olacaqdan
qorxun, bəlkə sizə rəhmət edilə» deyilən zaman insanlara, bundan
üz döndərərlər.
46. Rəblərindən elə bir
ayə onlara gəlməzdi ki, bundan üz döndərməyələr.
47. «Allahın verdiyi
ruzidən sərf eləyin» deyilən zaman, kafirlər mö'minlərə deyərlər:
«O kəsi ki, Allah istəsəydi Özü yedizdirərdi, bizmi yedizdirməliyik?
Açıqdan-açığa sapqınlıq içində vurnuxursuz, şübhəsiz».
48. «Doğru sözlü, düz
əməlli kimsələrsinizsə, deyin, o və'din və'dəsi nə vaxt gələcək?»
deyərlər.
49. O bir gurultunu gözləyirlər
deməli. Mö'minlərlə çəkişmədə olduqları bir zaman qəfildən haqlayacaq
onları o gurultu.
50. Nə vəsiyyət eləməyə,
nə ailəsinin yanına qayıtmağa macal tapmayacaqlar.
51. Sur çalınantək qəbirlərdən
qalxaraq Rəblərinin hüzuruna qoşarlar.
52. Deyərlər: «Yazıqlar
bizə! Kim bizi qaldırdı yatağımızdan? Rəhmanın və'd elədiyi demək
bu imiş, göndərilmiş elçilər həqiqəti söyləmiş».
53. Surun bircə kərə
səslənişilə hamılıqla cəm edərlər onları, sonra gətirərlər hüzurumuza.
54. Heç kimin haqqından kəsməzlər bu gün. Başqa şeyə görə yox,
yalnız gördüyünüz işlərə qarşılıq olaraq cəzanızı alarsız.
55. Bu gün şadyanalıq
eləyir, əylənir cənnət əhli.
56. Kölgəliklərdə qurulan
taxtlar üstündə taylarıyla bərabər mütəkkələrə söykənmişlər.
57. Meyvələr var, istədiklərindən
hər nə desən var orada onlar üçün.
58. Rəhim Rəbbin dərgahından
salam vardır onlara.
59. O gün Allah belə
buyurar: «Ey günah yiyələri! Mö'min bəndələrimdən ayrılın bu gün.
60. Mən sizə demədimmi,
ey Adəm oğulları, şeytana ibadətdə olmayasız, açıqdan-açığa düşməndir
sizə.
61. Mən sizə demədimmi
təkcə Mənə ibadət eləyin, doğru olan yol budur?
62. Sizlərdən neçə-neçə
nəsli öncələr azdırmışdı axı. Ağlınız başınıza gəlməzmi yenə?
63. Budur sizlərə və'd
verilən cəhənnəm.
64. Kafirlik elədiyinizə
görə vasil olun bu gün oraya».
65. Biz o gün yumarıq
ağızlarını, bizimlə əllər danışar, ayaqlar şəhadət verər onların
qazandığı günahlar barəsində.
66. İstəsəydik kor edərdik
gözlərini. Yollarını tələsərək başa vurardı onlar. Gözləri görməzdi
axı.
67. İstəsəydik yerlərində
dondurardıq onları. Nə irəliyə, nə geriyə addım ata bilməzdilər.
68. Tərs üzünə çeviririk
uzun ömür verdiyimiz kimsənin ne'mətlərini [gəncliyi qocalıqla,
gücü zəifliklə, şuxluğu belin bükülməyi ilə əvəz edirik]. Bəlkə
ağıl işlədələr?
69. Biz ona [Muhammədə]
şe'r öyrətməmişik. Bu ona lazım da deyil. Onun söylədikləri sadəcə
bir öyüddür, aydın anlamlı Qur'andır.
70. Allah bu Qur'anı
göndərmiş ki, sağ olan kimsələrə Peyğəmbər xəbərdarlıq eləsin
və o deyilən əzab haqq olsun kafirlər üçün.
71. Məgər görməzmidirlər,
Biz öz əllərimizlə insanlar üçün mal-qaranı yaratmışıq, bunlara
insanları sahib etmişik.
72. Minikləri ola deyə,
ətlərindən yeyələr deyə bunları insanlara tabe etmişik.
73. Südlərindən içilər,
başqa işlərdə də gələrlər insanların karına. Şükr eləməzlərmi
Ona?
74. Allahı qoyub başqalarına
tanrılar olaraq tapındılar. Düşündülər bəlkə onlara yardım eləyə
tanrıları?
75. Yardım eləyən deyillər
axı. Əksinə, bu tanrılardan yardım umanların özləri bir orduda
birləşərək bunları qoruyarlar.
76. Onların sözlərindən
üzülməyəsən. Onların içini də, çölünü də, şübhəsiz, bilirik Biz.
77. Bilməzmi insan məgər,
Biz onu nutfədən yaratmışıq. Bilmədiyinə görəmi düşmən kəsilir
Bizə açıqca.
78. Nədən yarandığını
unudub Bizə nümunə çəkdi, dedi: «Çürümüş sümükləri kimdir axı
dirildən?»
79. De ki, «Onları ilk
dəfə kim yaratmışsa O da dirildər. Hər şeyi xəlq etməyi bacarandır
O».
80. Yaş ağacdan od çıxaran
Odur. Bu odla da ocaq qalayırsız.
81. Göyləri, yeri yaradan
məgər qadir deyilmi ki, yaratdıqlarının bənzərini bir də yarada.
Şübhəsiz, qadirdir. Hər şeyin xaliqidir, hər şeyi biləndir O.
82. Hər nəyi istəsə,
«Ol» desə olasıdır.
83. Ucalardan ucadır
hər şeyin yiyəsi Allah. Onun da dərgahına dönəcəksiz axırı.
|