Peyğəmbər-insan
yüksəkliyində gerçəkləşən insanlaşma hərəkatının dinamikasına,
təkamülünə varmadan bəşəri dəyərlər uğrunda mücadilə tarixində
kök salmış ağrı-acıların mahiyyətini anlamaq mümkün deyil. Qurani-Kərimdəki
Asr surəsinə nəzər salaq: «Rəhman və Rəhim Allahın adıyla.1. And
olsun günortadan sonrakı vaxta.2.Hüsran içindədir insan, şübhəsiz.
3.İman gətirənlər, saleh işlər görənlər, haqqı, səbri bir-birinə
tövsiyə eləyənlər isə hüsrandan uzaq olar».
İnsanı ali qurtuluşa
aparan pillələrin, bunları şərtləndirən əməllərin, dəyərlərin,
«günortadan sonrakı vaxt» deyimiylə ötən zamana üz tutulub verilən
andın misalında insanlaşma məfhumunun müqəddəsliyi surədə ilahi
həqiqət kimi aşkarlanır. Burada insanlaşma prosesinin əks qütbü
«hüsran» (itkiyə, ziyana, axirət məhrumiyyətlərinə uğrama və s.)
məfhumu ilə səciyyələnir. «Hüsran»dakı mərifətullaha, yəni Allahın
dərkinə ucaldan pillələr isə «iman», «saleh əməl», «haqqı tövsiyə»
anlamlarında açıqlanır.
Ötən zamana and vermək yuxarıdakı cədvəldə göstərilən «hüsran»
aşağılığından «səbri tövsiyə» ucalığına yetişənədək insan yürüşünün
müqəddəs sonluğuna yəmin etmək deməkdir.
İnsanı yüksəldən pillələr
peyğəmbərin ilahi insanlaşma dövrü və təkamülünün təzahürü olaraq
ilk vaxtlarda onun daxili sarsıntılarından doğan siyasətinin mexanizmini
təşkil etmişdir ki, bu da öz növbəsində onu xarici sarsıntılara,
müqəddəs buyurulan ilahi şəxsiyyətin ümumi tərəfindən məqbul qarşılanması
ilə bağlı çətinliklərə, idarə sınağına hazırlamışdır. Bu mənada
islam dini keçdiyimiz insanlaşma prosesini, bəşəri dəyərlər uğrunda
mübarizə acılarını bəlirdən bir vasitədir. Dinimizin belə vasitəçiliyinin
uğurlu taleyi, hər şeydən öncə, İslamı insana tanıdan Allah elçisi
– həzrət Muhəmmədin şəxsiyyəti ilə əlaqəlidir.
Ümumiyyətlə götürdükdə,
islami siyasətin tanınıb anlaşılması isə peyğəmbərləri tanımaq
məsələsindən çox asılıdır. Məsələn, peyğəmbər siyasətinə söykənən
mətləbləri bilməklə eyni soydan olan ata-oğul, ər-arvad münasibətlərindəki
ziddiyyətləri yozmaq, vicdana əzab verən hər hansı bir hadisəni
anlamaq asanlaşır.
Həzrət İbrahimin bütləri
sınıq-sınıq eləməsi də, atası Azərin bütpərəstliyi də bir siyasi
mövqeyin, yaxud əqidənin ifadəsi olaraq aşkarlanır. Başqa sözlə
desək, ədalətli siyasətlə iqtidar bütpərəstliyi qarşıdurmasındakı
barışmazlıqların dərkinə bizi yalnız peyğəmbərliyə aparan yollar
yetişdirə bilər. Gəmi üçün kompas, yaxud yerin maqnit sahəsi,
insan üçün ağıl və vicdan, bitki üçün yaşıl rəng və su, qadın
üçün iffət və həya nə deməkdirsə, cəmiyyət üçün də siyasət həmin
dəyərdədir. Siyasətin ruhu həyata keçirdiyi ideologiyadan ibarətdir
ki, bu da həddini aşmış bir kimsənin, bir zorbanın davranışı çərçivəsinə
salındığı təqdirdə iqtidar bütpərəstliyi üzərində köklənən təfəkkürün
silahı kimi meydana atılaraq azadlıq deyilən şeyə düşmən kəsilir.
Yəni adil əsaslara söykənili qayda-qanunlardan kənarlaşan siyasət
iqtidar bütpərəstliyi təzahüründə özünü göstərir. Syasətin əks
qütblər arasında belə dəyişikliyə uğramasının əzəli və iç məntiqi
«yer üzündə qarışıqlıq salmayın» deyiləndə onlara «Biz hər şeyi
islah edən kimsələrik, sadəcə söyləyərlər» (2,11)
ayəsində yetərincə öz ifadəsini tapmışdır. Bu baxımdan məlun Yezidin
liderliyi ilə aparılan islami siyasət olsa-olsa ancaq bir bütpərəstin
gücünü, iradəsini qanuniləşdirməyə, dini xalq üçün tiryək halına
gətirmək işinə xidmət edirdi ki, nəticədə də islami siyasət, əslində
isə iqtidar bütpərəstliyi həzrət Hüseynin qətlinə fitva verilməsinə
səbəb olmuşdur.
Unutmamalıyıq ki, din
sabit əsaslar üzərində qurulu anlayışlardan ibarətdir. Anlayışları
kafirləşdirilmiş dindən mətləb hasil olmaz. Düşüncəyə, fikrə meydan
verməyən bir din hakimiyyət bütpərəstliyini hərəkətə gətirən mexanizmin
işləkliyinə əlverişli şərait yaradır. Məhz bu səbəblə də tarix
boyu taxt-tac yiyələri heç zaman ictihada meylli olmamıışlar.
Fitva mürtəce islamın,
ictihad gerçək və dinamik islamın dilidir. Fitva başqasının çıxardığı
qərarı qeyd-şərtsiz məqbul sayan donuq düşüncənin, ictihad yaradıcı,
kəşfedici, ətraf mühitə müdaxilə edərək təsir göstərən, aktiv
və müxalif təfəkkürün qidavericisi durumundadır. Fitva – hadisəyə
zorakı bir münasibətdə, ictihad – idraklı, savablı bir cavabda
təcəllisini tapır. Fitva ölünün, yaxud ölümün bizi idarə etməsidir,
ictihad olumun düşüncə dünyasına müdaxiləsidir. Qısaca desək,
fitva – tarixi və məhəlli ilə kifayətlənməkdirsə, ictihad ilahi
vəhylərlə çağdaş hadisələrin islami bir sintezinə nail olmaqdır.
Fitva uydurulan, ictihad nazil edilən Qurandır. Fitva ənənəvi
möminlikdə, ictihad isə gündəlik çalışqanlığımızdan qazandığımız
savablarda təzahür edir.
Dinin ruhu – azadlıqdır.
Savaşda, fövqəladə hadisələrdə, eləcə də demokratik quruluşlarda
keçirilən seçkilərdə millət iradəsinin qələbəsini təmin etmiş
ayrı-ayrı fərdlərin bir varlıq kimi fəaliyyəti zamanı aparılan
siyasət ideal olanla gerçəklik arasında bir uzlaşma, ahəng yaradan
vasitə rolunu oynayır. İqtidar bütpərəstliyi isə idealı nəzəri
qəliblərin məhbəsində saxlamaqla insanı ilahi iradəyə tabe olmağa
dəvət pərdəsi ilə gücə, qüvvəyə ehtiram göstərməyə çağırır. Gücə
ehtiramın digər adı Firon məntiqidir. Tarixə hökmlər verən iki
məntiqdən biri isə peyğəmbər məntiqidir ki, bunun da nə demək
olduğunu bəlirdən mətləblər hansı siyasətə varolmağın və belə
siyasətdən nəyə görə faydalanmağın zəruri olduğunu açıqdan-açığa
sübuta yetirir.
Peyğəmbərlər fani deyil,
əbədi dəyərlərin sevdalıları idilər. Çünki onlar Allahın insanlığa
bəxş etdiyi kimsələrdir. Çünki onlar Qurani-Kərimdə özgələrinə
nisbət olaraq belə vəsf edilmişlər: «Ölü ikən diriltdiyimiz və
insanlar arasında yürüyə bilməsi üçün nur verdiyimiz kimsənin
qaranlıqlar içində çıxılmazda qalan kimsəyəmi bənzəri var?» (6,122).
Çünki onlar gündəlik güzəranda əldə etdikləri nə varsa,
«göylərdə nə varsa, yerdə nə varsa, hər şeyi Allaha aid bilən,
sərvət üstə sərvət toplamayan və kor sevgi ilə mal-dövlətə qurşanmayan»
insanlardır.
Peyğəmbərlər, məcazi
mənada desək, iki Quranın varlığını anlamış olan Allah elçiləridir.
Biri oxunan, nazil olan, digəri isə bunu təcrübədən keçirən Quran,
yəni Quranın açıqlanması olan Quran. Başqa sözlə, təbiət, yaxud
kauni-şəriət. Peyğəmbərlər təbiətə yaranmışların Quranı kimi baxmışlar.
Peyğəmbərlərin başqa
bir özəlliyi də materialistlərin dialektika qanunu kimi tanıtdıqları
səbəb-nəticə anlamları səpgisində təcəssüm edir ki, insanlığa
bir peyğəmbər ərmağanı olaraq çatdırılan ilahi vəhylərin gerçəkliyi
bu məsələyə aydınlıq gətirir. Cəmiyyətin də özlüyündə dəyişikliyə
uğraması zərurəti Quran mətnində belə açıqlanır: «Dəyişdirmədikcə
özünü bir dəstə adam, dəyişdirən deyil onları Allah». Ayədə çıxarılan
bu hökm əbədi köləliyə çağıran fikirlərin buxovundan bizi azad
etməyə çağırır.
Bəşəriyyətin diqqətini
«mütləq və əbədi ilə izafi və tarixi arasındakı xüsusi əlaqəyə»
cəlb etməyə yalnız peyğəmbərlər çalışmışlar. Onlar eyni zamanda
Allahın statik büt timsalında varlıq deyil, varlığın yaradıcısı
olduğunu bəşəriyyətə öyrətməklə hər insanı «öz varlığının peyğəmbəri
olmağa» dəvət etmişlər.
Peyğəmbərlər nəyə görə
bir-birinin ardınca göndərilmişlər? Ona görə ki, insanda gücə
tapınmağa meyli Allaha tapınmağa meylinə, gözəllik xisləti azadlıq
ruhuna peyğəmbərlərin yoxluğu zamanı həmişə üstün gəlmişdir. Ona
görə ki, doğulan hər insan Firon olmaq, yaxud fironluq mücəssəməsi
olan piramidalar ucaltmaq arzusu ilə içində azğın diktator böyüdə-böyüdə
boy atır.
Yazının sonunda bir mətləbə
də toxunmaq istəyirəm ki, bu da siyasi həyatımızda rəhbərliyin
təməl prinsiplərindən sapmağı ilə, indi söhbət mövzusuna çevrilən
«qutsal ittifaq»lara qoşulmaq səpgisində siyasi alverə qurşanmağı
ilə bağlı məsələdir. Rəhbərliyin bu istiqamətdə atdığı addımları
yumşaqlıqla qarşılamamaq gərəkdir. Çünki yumşaqlıq, etinasızlıq
bəzi hallarda cinayətkar məzmun daşıyır. Müstəqil dövlətimizin
müstəqilliyimizi boğan hər hansı ittifaqa daxil olması müsəlmanın
siyasət şüurunda günahdır. Çünki nəzərdə tutulan ittifaqların
gerçək məzmunu, şəriət ifadəsilə desək, «Firon sarayına daş daşıyan
bir kölə» olmağa çağırış təşkil edir. İslama müğayir çağırışın
günah yükü iqtidar bütpərəstliyinin əsiri durumunda fəaliyyət
göstərən siyasi xadimlərin çiynindədir. Mən təmiz ruhları məqsədi
düzgün olmayan bu əməldən uzaq durmağa dəvət edirəm.
Azərbaycan türkcəsində
işləyəni Nəriman Qasımoğlu
|