Ərəbcə
«xadir» «xidr» «xadr» sözündən olub dilimizdə «Xızır» kimi işlənən
sözün mənası yaşıllıqdır. Bəzi müəlliflər hesab edir ki, Xızırın
oturduğu quru yer yaşıllığa çevrildiyi üçün ona belə bir ad verilib.
«Məsnəvi»də yazılanlardan verdiyimiz sitat Mövlananın da bu görüşləri
bölüşdüyünü göstərir: «Canlıya üz tutan nəbat Xızır kimi abi-həyat
qaynağından içər» («Məsnəvi», 6-cı cild, 127-ci misra).
Bəzi araşdıırıcılar Xızır kultunun arxasında bəzi ibtidai dinlərdə
olan yaşıllıq tanrısının durduğunu deyirlər. Bundan başqa, Xızırın
islama «Bilqamıs» dastanından keçməsi və ya onun Bibliyadakı İlya
olması fikri də yayılıb.
Quranda Xızır peyğəmbərin adı çəkilmir. Ancaq Kəhf surəsində Musa
peyğəmbərlə bağlı qissədə Xızır peyğəmbərdən danışıldığı qənaəti
var. Bir qisim Xızırın peyğəmbər olduğunu deyir, amma onun övliya
olması fikri də var. Belə olanda bu övliyalığın üluləzm peyğəmbərdən
üstün olması kimi bir nəticə çıxır. Çünki Musa peyğəmbərə o, müəllimlik
edir. Quran ayələrindən gördüyümüz kimi, ona bilmədiklərini öyrədir.
Burada övliyalıq varsa, bu, peyğəmbərdən üstün olmalıdır.
Quranın Kəhf surəsində belə bir əhvalat nəql olunur. Musa peyğəmbər
bir gənc adamı götürüb iki dənizin qovuşduğu yerə gedibmiş: «Gənc
dostuna bir zaman Musa demişdi: «İki dənizin qovuşuğuna yetişməyincə
əl çəkən deyiləm bu səfərimdən, illərlə yol gedərəm mən». İki
dənizin qovuşuğuna yetişən zaman ikisi də unutdu o balığı. Yol
tapıb dənizə yönəldi balıq» (Kəhf 60-61). Onlar
özləri ilə azuqə olaraq götürdükləri yeməyi suyun qırağında qoyub
gedirlər. Qayıdanda quru balığı tapa bilmirlər. Balıq dirilib
suya giribmiş. Musa peyğəmbərə də bu lazım imiş: «İstədiyimiz
də elə bu idi» dedi Musa. Qoyduqları izlərlə geriyə qayıtdılar»
(Kəhf 64). Rəvayətə görə, həmin su dirilik suyu
olduğundan balıq dirilib.
Həmin yerdə Xızıra rast gəlirlər. Musa peyğəmbər ondan elm öyrənmək
istədiyini deyir: «Bəndələrimizdən birinə [Xıdıra] rast gəldilər.
Ona dərgahımızdan rəhmət bəxş eləmişdik, elm öyrətmişdik. «Sənə
tabe olummu haqqı tapmağım üçün mənə də öyrədəsən sənə öyrədiləndən»
dedi Musa Xıdıra» (Kəhf 64-65). Maraqlı odur
ki, bu üluləzm bir peyğəmbərə belə verilməyən elmdir. Quranda
deyilir ki, o, (Xızır) Musaya deyir ki, sən səbr edə bilməzsən,
o isə səbrli olacağına söz verir: «Sən dözə bilməzsən mənim elədiklərimə»
dedi o. «Bilmədiyin bir şeyə necə dözə bilərsən?» «Allah qoysa
görərsən mən necə səbrliyəm. Əmrindən çıxan deyiləm» dedi Musa
(Kəhf 67-69). Və sonrakı gedişatdan bəlli olur
ki, Musa peyğəmbər dözə bilmir.
Xızır Musa peyğəmbərə: «Əgər tabesənsə mənə, bir şeyi sənə özüm
söyləməmişkən məndən heç nə soruşma» (Kəhf 70) demişdi.
Amma Musa peyğəmbər bu şərtə əməl edə bilmir. Hər dəfə o, Xızırın
hərəkətlərinə təəccüblənir və niyə belə etdiyini soruşur. Üçüncü
hadisədən sonra Xızır ona deyir ki, ayrılmaq vaxtı gəldi.
Birinci hadisə belə olur. Bir gəmiyə minirlər və Xızır gəmini
deşir. Musa peyğəmbər onun bu hərəkətinə heyrətlənib etiraz yönlü
sual verir: ««Suda camaatı boğmaq üçünmü gəmini dəldin? Sən müdhiş
bir iş elədin» dedi Musa» (Kəhf 71). Xızır peyğəmbər
bildirir ki, o şərti pozub. Musa peyğəmbər isə üzr istəyir: «Sənə
demədimmi məgər, sən dözə bilməzsən mənim elədiklərimə?» dedi
Xıdır. «Unutduğum şeyə görə məni qınama, bu işimə görə məni çox
bərkə salma» dedi Musa (Kəhf 72-73).
Bir qədər yola davam
edəndən sonra bir oğlan uşağına rast gəlirlər və Xızır uşağı vurub
öldürür. Musa peyğəmbər yenə onu suala tutur. Nəhayət, bir şəhərə
çatırlar və Xızır uçmaqda olan bir divarı düzəldir. Musa peyğəmbər
xatırladır ki, gördüyü işə görə haqq ala bilərdi. Xızır ona ayrılmaq
zamanı gəldiyini xatırladır və hərəkətlərinin səbəbini izah edir:
«O gəmi dənizdə çalışan bir neçə yoxsulun gəmisiydi. Onu korlamaq
istədim. Çünki saz olan hər gəmini yiyəsindən zorla alan bir hökmdar
güdürdü onları arxasından» (Kəhf 79).
Musa peyğəmbərin səbrsizlik
edib soruşduğu ikinci məsələ uşağın öldürülməsi olur. Bununla
bağlı Xızır bunları deyir: «O oğlana gəlincə, mö'min kimsələrdi
onun ata-anası. Qorxduq ata-anasını azğınlığa, küfrə sürükləyə
bu uşaq. Rəbblərindən dilədik ki, bundan daha pak, daha mərhəmətli
olan bir övlad bəxş eləsin onlara». Xızır burada uşağın gələcəkdə
inkarçıolacağını nəzərə alıb. O uşağın ailəsinə və möminlərə zülm
etməsinin qarşısını alıb. Təbii ki, vəhylə. Musa peyğəmbərə də,
adi insanlara da onun öldürülməsi bir qədər qəbuledilməz görünür.
Amma orası da maraqlıdır ki, bir uşağı öldürən Xızırın iki uşağı
«diriltməsi» bunun ardınca deyilir: «O gördüyün divar isə şəhərdə
yaşayan iki yetim oğlanındı. Altında onların xəzinəsi var idi.
Ataları da yaxşı bir kişi idi. Rəbbin istədi ərsəyə yetsin yetimlər,
sonra Rəbbindən rəhmət olaraq çıxarsınlar özlərinin xəzinəsini.
Mən bunları özbaşıma eləmədim. Səbrinin çatmadığı işlərin yozumu
budur» (Kəhf 82). Burada diqqəti çəkən odur ki,
Musa peyğəmbərin hadisəyə baxdığı nöqtədən Xızırın hərəkəti zülm
kimi görünür, amma bu izahdan bəlli olur ki, o, digər peyğəmbərlər
kimi şəfqətli, mərhəmətli bir zatdır. Xızırın hərəkətlərinin motivlərini
rasional təfəkkürlə görmək olmur. Çünki günlük həyatda rastlanılan
hadisələrin bir görünən tərəfi olması ilə yanaşı görünməyən tərəfinin
də olması fikridir. Xızırın üstünlüyü bu görünməyən tərəfi bilməsidir.
Quranın Baqara surəsində deyilir: «Qismətinizə savaşmaq yazılıb,
sizsə buna nifrət edirsiniz. Bəzən xeyrinizə olana nifrət edərsiz,
bəzən də şərinizə olanı sevərsiniz. Bunu siz bilməzsiniz, Allah
bilər» (Baqara 216). Xızırın Musa peyğəmbərə
öyrətdiyi elm lədün və ya batin elmi adlanır. Deyilənə görə, Allahın
seçmə adamlara verdiyi bu elm sayəsində onlar ilham ilə qeyb biliyinə
sahib olurlar. Təbii ki, Allahın izni ilə və icazə verdiyi qədər.
Bu elmibilən gələcəkdəki nəticələri əvvəldən bilir və buna görə
hərəkət edir.
Bir sıra hədislərdə Xızırın ölümsüzlüyündən söz açılır, onun Qiyamətə
qədər qalacağı söylənir. Xalq arasında da bu inanc geniş yayılıb.
«Hər gecəni Qədir bil, hər gələni Xıdır bil» sözü də bunu sübut
edir. Sıravi dindarlar inanır ki, Xızır cır-cındır geyimdə qoca
birisi olaraq adamlara rast gəlir, onları sınayır, ona hörmətlə
əsl dindardan tələb olunduğu şəkildə yanaşan insanlar xeyir tapır,
qoca və yolçu sanıb diqqətsiz yanaşanlar isə itkiyə uğrayırlır.
Ona görə hər kəsə diqqətlə yanaşmaq zərurətini ifadə edir bu söz.
Xıdırın həyatda olmadığını düşünənlər də var. Onlar Qurandakı
müəyyən ayələrə istinadən belə deyirlər. Məsələn, Ali İmran surəsində
neçə peyğəmbərlərin gəlib-getdiyi deyilir və burada qalmaq məsələsinə
yer yoxdur: «Ancaq bir Rəsuldur Muhamməd. Ondan öncə də gəldi,
getdi elçilər» (Ali İmran 144). Bundan başqa,
hər bir canın ölümü dadacağı ilə bağlı ayələrdən də bu nəticəni
çıxaranlar var: «Hər can dadacaq ölümü. Bir sınağa çəkərik sizi
şərlə, xeyirlə. Və axır dönərsiniz bizim dərgahımıza» (Ənbiya
35); «Hər bir can dadacaqdır ölümü. Bizim dərgahımıza
axır dönəcəksiniz» (Ankəbut 57).
Yəhudilikdəki Elicah,
xristianlıqdakı Saint Georgi (Cərcis) inancının xalq kültürünün
formalaşmasında rolu olduğu düşünülür.
Təsəvvüf əhli Xızırı
peyğəmbər yox, övliya sayır. Deyirlər ki, Xızır mürşid, Musa peyğəmbər
isə onun müridi olub. İnsanlara ağ saqqallı, nurani üzlü, uzun
boylu, bəzən isə üstü-başı kirli, xəstə kimi gözə görünür. Bundan
başqa, Xızırın dənizdə batanların imdadına yetdiyi fikri də var.
«Gəmiyə niyə minirəm ki, Xıdır əlləzi də niyə çağırıram» məsəlidə
buradan yaranıb. Kitabi-Dədə Qorqudda da Xızır «Boz atlı Xızır»
adlandırılır və çətinə düşən insanların imdadına yetən kimi göstərilir.
«Dirsə xanın oğlu Buğacın boyu»nda göstərilir ki, Xızır yaralı
Buğaca yardımçı olur, şəfa yolunu göstərir: «Oğlan yenə dedi:
Ana, ağlama; qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır
yanıma gəldi, üç dəfə yaramı sığadı. «Bu yaradan sənə ölüm yoxdur.
Dağ çiçəyi ilə ana südü sənə dərmandır» - dedi». İlyas və Xızırın
ölümsüzlüyü barədə «Məsnəvi»də də danışılır: «İlyas və Xızır kimi
dünya durduqca dur, yer üzü lütfünlə göy üzünə dönsün» (Məsnəvi,
6-cı cild, misra 188). Belə fikir də var ki, Xızır quruda,
İlyas isə dənizdə çətin vəziyyətdə qalanlara yardım edir.
|