Digər
səmavi dinlər kimi, islam da hər şeydən əvvəl insanların nəfsini
tərbiyə etmək istəyir. Bütün peyğəmbərlərin risalətinə insanın
özü mövzu olduğu kimi, hər zaman insanlar sevə-sevə onların ətrafında
toplaşmışlar. Rəsulların tərbiyəsi tarixin çətin dönəmlərində
məhv olacaq qədər boş və quru qəliblər deyildi. Onlar prinsiplərini
nəfsin dərinliklərində yerləşdirdilər. Bu əsaslar insanların damarlarına
işləyəcək qədər qüvvə tapdı, insanda peyda olacaq vəsvəsələri
yox etdi, hədəflərə çatmaqda insanlara yön verdi.
Səmavi risalələr insanları hüzura qovuşdurmaq, cəmiyyəti
islah etmək üçün yaxşı insan yetişdirməyin gərəkli olduğunu bəyan
etdi. Hər mədəniyyət üçün gözəl əxlaqın vaz keçilməz əsas olduğu
şüurunu təlqin etdilər. İlahi tərbiyədən məhrum cəmiyyətin idari
təşkilatlarında anarxiya vardır. İdarəni əlinə alanlar öz səlahiyyətlərini
həmişə pis işlərə istifadə edərlər. Əxlaqca yaxşı tərbiyə edilmiş
idarəçi isə cəmiyyəti aydınlığa çıxarmağa çalışar. Bu insan qasırğa
və fırtınalı zamanlarda da buna çalışar.
Nəfslər tərbiyə edilmədən
üfüqlər aydınlanmaz. İnsanların hazırkı halları da, gələcəkləri
də fitnə-fəsadlardan qurtulmaz. Ona görə Allah taala buyurur:
«Mühəqqəq ki, Allah bir
cəmiyyətə verdiyi neməti onlar yaxşı halı fənalığa dəyişmədikcə
pozmaz. Bir cəmiyyətə də Allah pislik dilədimi, artıq onun geri
çevrilməsinə heç bir çarə yoxdur».(Rad, 11)
Quran pis millətlərin
həlak olma səbəblərini belə izah edir: «(Bəli, bunların gedişi)
Firon və xanədanıyla onlardan əvvəlkilərin hərəkəti kimidir. Onlar
Allahın ayələrini inkarla kafir olmuşdular, O da onları günahları
üzündən yaxalamışdı. Çünki Allah ən böyük qüvvənin sahibidir,
cəzası da çox ağırdır» Bunun hikməti budur: «Bir qövm nəfslərində
olan (yaxşı halı) dəyişməyincə Allah onlara ehsan etdiyi neməti
dəyişdirən deyil və şübhəsiz ki, O, (hər şeyi) haqqıyla eşidəndir,
kamalıyla biləndir» (Ənfəl, 52-53)
İslam nəfsləri tərbiyə
məsələsinə iki nöqtədən baxar:
1. İnsan təbiətində xeyrə
meylli bir hal vardır. Ona görə davamlı olaraq xeyir iş görmək
istəyər, xeyiri əldə edəndə sevinər. Şərdən də üzüntü duyar. Haqq
ilə həyatının hüzur və rahatlığını tapar.
Yenə insan nəfsində onu
doğru yoldan sapdıra bilən bəzi qüvvələr var. Bu qüvvələr bəzən
şəri xeyir göstərib insanı uçuruma aparar. İslam bu iki qüvvənin
varlığını heç bir zaman gözdən uzaq tutmaz və təbiyəni ona görə
qurar. Uca Allah belə buyurur: «And olsun nəfsə və onu düzənləyənə,
sonra da ona pozuqluğunu və qorunmasını ilham edənə ki, onu təmizləyib
parladan gerçək qurtuluş tapıb, onu kirlədən isə ziyana uğrayıb»
(Şəms, 7-10).
İslamın bu məsələdə etdiyi
əsas iş insan fitrətini qüvvətləndirib nurlandırmaq və xeyirə
sövq etmək üçün hər bir imkanı səfərbər etməkdir. Beləliklə nəfs
də davamlı olaraq onunla çəkişən pislik vəsvəsəsindən qurtulur.
İslam özünü bütün ləkələrdən uzaq, xalis fitrət dini olaraq qiymətləndirir
və insanların ona yönəlməsini əmr edir: «O halda üzünü bir hənif
olaraq dinə tut, Allahın fitrətilə yoğrulu dinə. İnsanları yaradanda
onların fitrətini bu dinlə yoğurmuş O. Allahın dini dəyişməzdir.
Doğru yola biçili bir dindir bu. Fəqət onun birliyini bilmir əksər
adamlar” (Rum, 30).
Kor deyilsə, gözün vəzifəsi
görməkdir, qulağınkı eşitməkdir. Fitrətin də vəzifəsi suyun yuxarıdan
axışı kimi haqqa, kamal və fəzilətə doğru qaçmaqdır. Bəli, nəfsə
ləkələr bulaşıb yaradılışından uzaqlaşmayınca ona yaraşan budur.
Nəfslərə müsəllət olan
kir və ləkələr isə keçmiş əsrlərin, həlak olmuş qövmlərin təqlidindən
başqa bir şey deyildir. Hər ikisi də bəşər fitrəti üçün böyük
təhlükədir. Gerçək islahatçıların əsas cihadı bu pislikləri yox
etmək, insan fitrətini ləkələrdən qurtarmaqdır. Ta ki insanlıq
bunun sayəsində əsas qayəsinə yönəlsin və vəzifəsini idrak etsin.
Yuxarıda rum surəsinin
30-cu ayəsində islamın fitrət dini olduğunu oxumuşduq. Bu ayədən
sonra aşağıdakı fikirlərlə qaşı-qarşıya qalırıq:
"Hamınız Ona dönün,
Ondn qorxun, namazı dürüst qılın, müşriklərdən olmayın. O müşriklər
ki, onlar dinlərini darmadağın etmişlər, firqə-firqə olmuşlar.
(Bunlardan) hər zümrə yanlarında olanla lovğalanandırlar».
(Rum, 31-32)
Küfr deyil iman. Fisqü
fücur deyil təqva! Ayrılıq deyil inananların birliyi.
İnsan ancaq iman və təqva
ilə fəlaha qovuşar. Quran bunu bu şəkildə ifadə edir: «Biz həqiqətən
insanı ən gözəl bir biçimdə yaratdıq, sonra onu aşağıların aşağısına
çevirdik. Ancaq iman edib gözəl əməllər edənlər müstəsna» (Tin,
4-6). Ayədə bəhs edilən gözəl şəkildən məqsəd haqqı bilib
ona sarılmaqdadır. Onun gərəkdirdiyini etmək də fəzilət və şərəfdir.
Bunları öz nəfsində və insanlarla əlaqələrdə tətbiq etmək isə
kamalın zirvəsi və həyatda hər şeyə ədalətin hakim olması deməkdir.
Fəqət kamal zirvəsindən
həva və həvəs uçurumuna düşənlər də çox olur. Allahın göndərdikləri
hidayət və ədalət qanunlarına tam uyğundur. Bu qanunlar çox adil
və incədir. Bunları aləmlərin yaradıcısı belə izah edir: «Allah
bir qövmü hidayət etdikdən sonra çəkinəcəkləri şeyləri onlara
bildirməmiş, onları sapdırma ehtimalı yoxdur. Şübhəsiz, Allah
hər şeyi biləndir» (Tövbə,
115). «Yer üzündə haqsızlıqla ayələrimdən uzaqlaşdıracam.
Bütün möcüzələri görsələr də, ona iman etməzlər. Doğru yolu görsələr
də, onu tutmazlar. Əgər sapqınlıq yolunu görsələr, yol olaraq
onu seçərlər. Çünki onlar aylərimizi yalanlamağı adət ediblər
onlardan qafil vəziyyət gəlmişlər.» (Əraf, 146)
Bəs bu dünyada təmiz yaradılışını mühafizə edib, çirkablara bulanmayanlar
kimlərdir? Bunun cavabını bu ayə verir: «İman edib yaxşı işlər
görənlər müstəsna» (Tin, 6).
Bu izahlar ilə iman və
yaxşı əməllərin səmərəsinin yaxşı əxlaq olduğunu anlamaq olar.
İslamın təmiz insan fitrəti və onu qüvvətləndirmə qarşısındakı
tövrü budur.
İnsanları imandan ayıracaq,
müvəqqəti olan zövq qaynaqlarının bəzisi Quranda sıralanır: «Qadınlara,
oğullara, yığın-yığın qızıl və gümüşə, gözəl atlara (dəvə, sığır,
qoyun, keçi kimi) heyvanlara, əkinlərə olan ehtiraslı sevgi insanlar
üçün bəzənib süslənmişdir. Bunlar dünya həyatının keçici faydasıdır.
Allaha gəlincə, nəhayət dönəcəyiniz yerin bütün gözəlliyi Onun
nəzdindədir.» (Əli-İmran, 14).
İslamın diqqət çəkdiyi
odur ki, nəfsə uymaq, onun vəsvəsələrinə cavab vermək nə nəfsi
doydurar, nə də Haqqı razı edər. Nəfs bir yerdə arzuladığını tapandan
sonra başqa bir yerə adlamaq istəyir. Quran haram olan bu tip
həvəslərdən uzaq olmağı tövsiyə edər: «Və ya həvəsə tabe olma
ki, bu, səni Allah yolundan sapdırar. Mühəqqəq ki, Allah yolundan
sapanlar hesab gününü unutduqlarından onlara çox şiddətli bir
əzab var» (Sad, 26).
Quran kafirlərin təqib
etdiyi yolu, müsəlmanların isə bunlara müxalifətdə olmasının gərəkliyini
belə izah edir: «Əgər Haqq onların kefinə uysaydı, göylər, yer
üzü və bunlardakı kimsələr qəti pozulardı. Xeyr, Biz onlara unudulmaz
dərs olacaq zikrlərini gətirdik və onlar zikrlərindən üz çevirirlər»
(Muminin, 71). Nəfsin haram olan istəkləri ilə
mübah olanları qarışdırmaq olmaz. Dindar olanların bir qismi bu
iki kəsimi böyük bir xəta olaraq qarışdırırlar. İnsanın məqbul
dünya nemətlərindən istifadəsində bir qəbahət yoxdur. Amma bəziləri
məqbul ehtiyacları ödəyərkən də cinayət işləyirmiş kimi hisslər
keçirir.
Quran bu məsələyə də
aydınlıq gətirir. Nəfsin faydalı istəklərini mübah qılır, gözəl
və xoş nemətlərdən istifadəyə geniş çapda icazə verir, bunu haram
bilməyi, dar çərçivələr içində qəbul etməyi isə pislik və çirkinlik
sayır: «Ey insanlar! Yer üzündəki şeylərdən halal və təmiz olmaq
şərti ilə yeyin. Şeytanın yerişini yeriməyin. Çünki o, həqiqətən,
apaçıq bir düşməndir. Şeytan sizə ancaq pisliyi, haqsızlığı və
Allaha qarşı bilməyəcəyiniz şeyləri söyləməyi əmr edər» (Baqara,
168-169).
Bəli, halal və xoş rizqləri
məhzurlu qılmaq dəlilsiz olaraq Allaha iftira etməkdir.
Quran insanı zəiflik,
tərəddüd və eqoizmdə sifətləndirərkən bunlardan qurtarmağın yollarını
da göstərir: «Gerçəkdən insan həris və xəsis yaradılıb. Bir pis
iş üz verəndə fəryad qoparar, xeyir üz verəndə qısqanc olar. Namaz
qılanlar müstəsna. Onlar ki namazlanıda davam edərlər, onlar ki
mallarında müəyyən bir haqq vardır, həm istəyən üçün, həm də istəməkdən
utanan yoxsul üçün. Və onlar ki cəza gününü təsdiq edərlər. Və
onlar ki Rəblərinin əzabından qorxarlar. Çünki Rəblərinin əzabından
əmin olunmaz. Və onlar ki ayıb yerlərini qoruyarlar» (Məaric,
19-29).
Məlumdur ki, əxlaq öz-özünə
nəfs içində inkişaf etməz. İnsanlarla birlikdə mükəmməl şəkildə
də doğulmaz. O zamanın çeşidli mərhələlərində kamilləşir, bunun
üçün təkrarlanması lazım gələn işlərə ehtiyac var. Namaz, oruc,
axirətə iman və Allahın əzabından qorxma. Madam ki pis xasiyyət
davamlı olaraq öz sahibini pis yollara sürükləmək istəyir, onun
qarşısını almaq üçün də davamlı olaraq tədbirlər görülməlidir.
Xülasə, islam insanın
pak olan fitrətinə önəm verir və bu fitrətin tərbiyəsini gərəkli
bir iş sayır. İslamın buyurduğu bütün ibadətlər bizi uca əxlaq,
doğru yol və istiqamətə çatdırmayınca, demək, əsl məqsədlərinə
nail olmayıblar və yerlərində oturdulub qaydasınca icra edilməyiblər.
|