İstər
ətrafımızdakı təbii, istər ictimai mühitlə, istər də fərdi səviyyədə
ayrı-ayrı şəxslərlə ünsiyyətə girdiyimiz zaman davranış etikasına
dair gözləməli olduğumuz vacib bir məqam başqalarına rahatsızlıq
yaratmaqdan qaçınmaq zərurətilə bağlıdır. İnsanlar üçün rahatsızlığı
yaradan əməllərdən biri ictimai yerlərdə səs-küy salmaq, qulaqbatırıcı
səs yayan cihazlardan istifadə etmək, ucadan danışmaq və s.-dir.
Səs-küyün ekoloji ziyanları da söhbət mövzusu ola bilər. Təbii
aləmə ziyan vuran amillərin siyahısında ekoloqlar onu da ön plana
çəkirlər ki, səs çoxluğu heyvanları, quşları yurd-yuvalarından
perik salır. Bunun sadəcə hər hansı canlı orqanizmə potensial
zərəri də öz yerində. Məsələn, tibbi araşdırmalar göstərir ki,
həddindən artıq səs-küyün davamlılığı insanların görmə və eşitmə
qabiliyyətlərini zəiflədir, qan təzyiqini yüksəldir, ürək-damar
və əsəb sisteminə dağıdıcı təsir göstərir.
Müqəddəs Kitabımız küyçülüyü daha çox mənəvi-etik dəyərləri xələldar
edən bir məzmunda dəyərləndirir. Rəbbimizin Öz buyurduğudur: “Yerişini
az eylə də azalt səsini. Səslərin ən çirkini əlbət ki, ulağın
anqırtısıdır” (Loğman, 19).
Bu ayədə diqqət öncə
ədəb qaydalarından birinə - insan yerişinə cəlb edilir. İzahını
“yerişini az eylə” kimi verdiyimiz ifadə ərəbcədə “va-qsıd fi
məşyikə”- dir. Bunu hərfən “yerişində qənaətcil ol” kimi də vermək
olar. İfadənin birbaşa və ardınca da tamamlayıcı məzmunda məcazi
mənası var. Birincinin məna çalarlarını sıralasaq belə bir siyahı
alınar – addımlarını atanda ölçü gözlə, yaxud ayaqlarını yerə
döyə-döyə addımlama, yaxud diqqəti cəlb etmək ədası ilə yerimə,
yaxud ümumən az gəz və s. və i. Əks təqdirdə yaranan pis görüntü
öz növbəsində ikinci, məcazi mənaya yol açır ki, bu da insanın
təkəbbürlü xasiyyətindən xəbər verir. Buna işarə olaraq Rəbbimiz
başqa bir ayədə buyuyrur: “Torpağın üstündə şəstlə yerimə, yeri
deşən deyilsən, boyun çatmaz dağlara. Bundan gələn hər yamanlıq
istənilməz bir nəsnədir sənin Rəbbinin qatında” (əl-İsra – “Gecə
yolçuluğu”, 37-38). Ayələrin birində qadınlara da belə bir tövsiyə
var ki, bədən əzalarını möhtəris baxışlardan qorumaq üçün yeriyərkən
addımlarını yerə bərk vurmasınlar. Həmin ayə tərcümədə belə səslənir:
“Ayaqlarını döyməsinlər ki, bilinə ziynətlərindən nəyi gizlədir
onlar” (Nur, 31).
Yuxarıda Loğman surəsindən
gətirdiyim ayə “yerişində qənaətcil olmayanların” və, necə deyərlər,
“hara gəldi gedənlərin” başqa bir mədəniyyətsizliyinə də diqqət
çəkir. Bu, böyüklənən, təkəbbürlü insanların hay-küylü danışıq
tərzidir. Camaatda narahatçılıq yaradan, insanları incidən bir
mədəniyyətsizlikdir ki, xoşagəlməz ulaq anqırtısına tay tutulur.
Maraqlıdır ki, ayələrdə
hay-küyçülüyün əsasən imansızlara aid olduğunu görürüksə, bu,
o demək deyil ki, inananlar yalnızca imanlarına görə bu ədəbsizlikdən
sığortalan bilərlər.
Birinciləri nəzərdə tutan
belə bir ayə var: “Dananların o kəsə bənzəri var ki, çağrıdan,
çağırışdan özgə bir şey eşitməyən varıqlara hayqırar. Laldır,
kardır, kordurlar, kəsmir ağılları da” (əl-Baqara – “İnək”, 171).
Yəni bütçü-imansız kimsələr o insanlara bərabər tutulur ki, onların
bir xüsusiyyəti də yazıq və zavallı duruma məhkum edilmişlərin
üstünə çığıra-çığıra mənasız çağırışlar yağdırmaqdır. Ayənin sonuncu
ifadəsinin hikmət qatındakı işarə eyni zamanda həm bütlərə, həm
də bütlərə tapınanların özlərinə aid edilə bilər. Bu ayənin məzmunuda
fiziki hay-küyçülüyün mənasız şüarçılıqla da səsləşdiyini görməmək
mümkün deyil.
Hay-küyçülük ədəbsizliyinə
yol verənlər arasında imanlı şəxslər də yer ala bilir. Çünki təkcə
Tanrıya sadəcə iman gətirməklə ədəb-ərkan qaydalarına yiyələnmək
təbii olaraq müşkül məsələdir. Rəbbimiz belələrinə xitabən buyurur:
“Ey inananlar, səsinizi peyğəmbərin səsindən yuxarı qaldırmayın,
ona söz danışanda bağırmayın necə ki, bir-birinizlə bərkdən danışırsınız.
Yoxsa zay olub batar işləriniz özünüz də duymadan” (əl-Hucurat
– “Hücrələr”, 2). Bu ayədən aydın bilinir ki, son peyğəmbər Məhəmməd
Seçilmiş həmsöhbətləri ilə mülayim səslə danışarmış. Nəzərimizə
çatdırılan bir də odur ki, möminlər də danışanda ədəbsizliyə yol
verirlər və bunu aradan qaldırmaq üçün peyğəmbərdən nümunə götürməlidirlər.
Bu, həm də imanın fəal həyat müstəvisində gerçəkləşməsi üçün vacib
görülür. Ayənin sonuncu ifadəsi müqəddəs Kitabımızda daha çox
imansızların dünya həyatındakı işlərinin yaxşı axirət qarşılığı
almayacağı baxımından zay olmasını bildirən qənaətlərlə səsləşdiyindən
belə bir aqibətin qaba danışıq qabiliyyətli möminləri gözləyə
biləyəcəyini nəzərə çatdıraraq təlqin edir ki, ünsiyyət davranışlarındakı
ədəbsizlik imanı da batilolma riskinə məruz qoya bilər.
Ədəbsiz din qardaşlarından
fərqli olaraq inananlar arasında peyğəmbərdən nümunə götürərək
şifahi ünsiyyət zamanı ədəb-ərkan gözləyib səslərini qaldırmayanlar
da var. Rəbbimiz belələrini axirət xoşbəxtliyi ilə müjdələyir:
“Tanrı elçisinin yanında ikən səslərini qısanlar ki var, bunlar
o kəslərdir ki, çəkinmə sınağına çəkmiş Tanrı qəlblərini. Bir
əfvi, bir də böyük ödüncü var onların” (əl-Hucurat – “Hücrələr”,
3). Təbii ki, ayələrdə ədəb-ərkana dəvət təlqinləri peyğəmbər
hüzuruna dair bir məkan və zaman kontekstində səslənirsə belə
bunların bütün məkanlara və zamanlara aid ümumi səciyyə daşıdığı
da aydındır.
Şifahi ünsiyyət zamanı
ucadan danışmamaq Tanrıya təslim olan iman yiyələrinin eyni zamanda
bir iman borcudur. Çünki məhz iman yiyələri orta yol yolçuluğunu
sürdürməyə borclu şəxslər (“Biz sizi beləcə bir orta ümmət eylədik
insanların işlərinə tanıq olasız deyə...” - əl-Bəqərə - “İnək”,
143) olduqlarındandır ki, belələrinə xas ədəb qaydaları bu yolçuluğa,
bu əqidəyə uyğun bir məzmun daşımalıdır. Gerçək iman yiyələri
hər bir şeydə ifratlardan qaçınmağı ilahi tələb kimi qavrayırlar
da bu üzdən ünsiyyət vasitəsi olan danışıq vərdişlərində tarazlıq
gözləyirlər.
Orta yol yolçuları iman
yiyələrinə ünvanlanan bir ilahi göstəriş namaz qıldıqları zaman
səsin hansı tonda olması vacibliyilə bağlıdır: “Namaz qıldığında
nə zilə qalx, nə də çox pəsdən oxu, bunların ortasında bir səsdə
oxu” (əl-İsra – “Gecə yolçuluğu”, 110). Yəni, sən namaz qılırsansa,
bu, səninlə Tanrı arasında məhrəm bir dialoq qurmaq vasitələrindən
biridir. Və ikinci, üçüncü, ya daha çox kimsənin bu dialoqa qarışacağı
yox ki, dilə gətirdiyini səndən və Tanrıdan bir başqasına da eşitdirəsən.
Belə bir fikrə düşsən, bu, olar riyakarlıq və namazın sadəcə reklamı
ki, bunu edən üzdəniraq “dindarlar”ın müqəddəs Kitabımızda tuş
gəldiyi ilahi qınaq belə səslənir: “Vay halına o namaz qılanların
ki, görməzliyə vururlar qıldıqları namazı, göstərirlər özlərini”
(əl-Məun – “Adicə yardım”, 4-6).
Tanrıya təslim inanclı
insanların Yaradanla dialoqunun başqa bir şəkli də duadır. Duaların
hansı səs tonunda dilə gətirilməsinin ilahi resepti isə bu ayədədir:
“Öz içində xəfif səslə, ürkə-ürkə, yalvarışla an Rəbbini səhər-axşam.
Qafillərdən olmayasan” (əl-Əraf – “Sədd”, 205). Bu sözlərin təsiri
altında düşünürəm, ucadan dua oxuyan insanlar, görəsən, fərqindəmidirlər
ki, Rəbbimiz Öz yazısında belələrini qafillərin sırasında görür.
Məhəmməd Seçilmiş Mədinəyə
hicrətdən sonra bir gün ardıcılları ilə müzakirə aparırmış ki,
müsəlmanları namaza çağırmaq üçün hansı vasitədən istifadə etsinlər.
Peyğəmbər şeypur çalınması, təbil vurulması, zəng çalınması təkliflərini
qəbul etmir. Müzakirə iştirakçılarından biri təklif edəndə ki,
namaza çağırış sadəcə imanlı bir şəxsin dilindən səslənsin, bu
təklifi bəyənir və müəzzin (azanı səsləndirən) seçimində namizədlik
azadlığı bütçülərdən satın alınmış, gözəl səsi olan sabiq kölə
Bilalın qismətinə düşür. Bu nümunədən bir daha aydın olur ki,
İslam elçisi ibadətə çağırışın səslənməsində də dinimizim mahiyyətinə
uyğun olaraq səs-küylü effektlərdən qaçınmağı üstün tutmuşdur.
Gurultulu, uğultulu,
qulatbatıran xoşagəlməz səslərin dağıdıcı mahiyyəti Müqəddəs Oxu
ayələrində daha çox qiyamətin gəlişi təsvirlərində açıqlanır.
Hətta qiyamətin adlarından biri “Qaria”-dir. Gurultuyla, şiddətli
səs çıxararaq çarpan hadisə anlamında.
Musa peyğəmbərə aid qissələrdən
birində belə bir epizodun təsviri keçir. Peyğəmbər Tanrıdan Özünü
göstərməyi xahiş edir. Bu xahiş Tanrını öz gözlərilə görmək tələbində
israr edən soydaşlarını imana gətirmək üçündür. Rəbb deyir: “Görməzsən
Məni əsla. Ancaq sən o dağa bir nəzər yetir. Yerində dura bilsə,
görərsən əlbət Məni”. Görünəntək Rəbbi dağa, parça-parça etdi
onu. Üzüqoylu düşdü Musa gurultudan bayılmış” (əl-Əraf – “Sədd”,
143). Ayədən də göründüyü kimi, Musanı müvəqqəti olaraq bayıldan
zəlzələ deyil də zəlzələnin gurultusudur.
Tanrıya asilikdə bulunan
bütçü qövmlərin zəlzələ ilə məhv edilməsi səhnələrinin təsvirində
də bu xoşagəlməz səs-küy ön plandadır: “Haqladı zalımları o uğultu,
yurdlarında, səhər-səhər yerə sinər oldular (Hud, 67); “Yaxaladı
onları o uğultu dan yeri ağaranda” (İbrahim, 73).
Və nəhayət, elə bilirəm,
cəhənnəm əzablarının müjdəçisi olan o gurultudan, uğultudan yan
keçərək ulu qurtuluşa vara bilməyimiz yuxarıda deyilənlərin işığında
bir də ondan asılıdır ki, dünya həyatımızda bağırtıdan-çığırtıdan
xali ədəb-ərkan vərdişlərinə necə yiyələnir, normal danışıq qaydalarına
necə riayət edirik.
|