İslam
təxminən min dörd yüz il öncə Ərəbistan çöllərində Qüreyşli Abdullah
oğlu Muhamməd-ə (salam olsun ona) Quranla nazil edilmiş bir dindir.
İyirmi üç il ərzində İslam-ın təbliğinə çalışmış Peyğəmbərimizin
şəxsi həyatı insanlığa, Quran təbirincə desək, «əl-usvatu-l-hasənə»,
yəni «gözəl örnək» olmuşdur.
Allah Elçisinin zamanında
cəmiyyət sadə bir həyat tərzi keçirirdi. Hər hansı hadisəyə münasibətdə
Quran kəlamı əsas götürüldüyündən, son sözü Peyğəmbərin özü söylədiyindən
məsələlər asanlıqla çözülürdü. Ancaq Həzrət Muhamməd dünyadan
ayrılalı körpülər altından çox sular axmış, qosqoca tariximiz
çox olaylar görmüşdür.
Allah həkimlərin carçısı
İslamın ən əsas, bəlkə də yeganə qaynağı olan Quranın anlamları
o zamandan bəri təhriflərə uğraya-uğraya dinimizə xeyli zərər
vurmuşdur. Məsələ burasındadır ki, Quran mətni dəyişməz qalmışsa
da, dəyişən müsəlmanların beynindəki Quran olmuşdur. Yəni bugünkü
müsəlman zehninə hakim kəsilən Quran və İslam Allah Rəsulunun
dövründəki Quran və İslam deyildir. Tarix boyu dinimizi qəbul
edən qövmlər onu müəyyən dərəcədə gücləndirməklə, bir həyat tərzi
olaraq mənimsəməklə bərabər müqəddəs Kitabımıza yanaşma üslubu
baxımından Allah kəlamının təlqinlərini yanlışlıqlara da məruz
qoymuşdur.
Dini qavrayışlardakı
sapıntıların ümdə mənbəyi müsəlmanların düşüncə yönümünü müəyyənləşdirən
praqmatikutilitarist (fayda, yarar verən) həyat anlayışları idi.
Cənnət-cəhənnəm mövzuları
xalq arasında o qədər yayılmış ki, bunlar əksər müsəlmanların
rəhbər tutduğu dini və dünyəvi dəyərlərə təsirsiz qalmamışdır.
Nəticədə də dünyadakı ibadətin özü axirətdə insanı cəhənnəm odundan
qurtarıb cənnətə aparacaq bir vasitə sayılmış, ticari zehniyyətlə,
yəni filan miqdarda əməlin müqabilində filan qədər savab qazancı
olaraq qiymətləndirilmiş və Quranın əsl bəşəri qayələri get-gedə
assimiləyə uğramışdır.
Sırf savab qazancı, daha
açıq desək, sırf mənfəət naminə, əməl və davranış Quran təfəkkürünə
ziddir. Məsələn, Allahın qüdsal Kitabımızda mükafatlarla mücdələdiyi
bir ucalıq dəyərinə malik şəhidliyin müqabili barədə öncədən düşünməyi
kimsə ağlına belə gətirmir. Savab qazancı əslində bir sıra əxlaqi,
əqli, insani dəyərləri qorumaq, ədaləti gözləmək, zülmün qarşısını
almaq, cəmiyyətin islahı naminə çalışmaq kimi həyati zərurətdən
doğan şəhidliyin nəticəsi olaraq meydana çıxır. Eləcə də hər-hansı
doğru söz – mükafat almaq üçün söylənilmir, məhz sırf əxlaqi və
əqli mətləbə dayanılı olduğundan insani dəyər daşıyıcısı kimi
qavranılır.
Məsciddə camaatla birgə
qılınan namaz savabının iyirmi yeddi dəfə artıq ilə bağlı inanışın
xalq içində intişar tapması utilitarist din anlayışının yaşarlılığına
adi bir nümunədir. Camaat nazamanın rəqəmlə ifadə edilən savabı
təbii olaraq ibadətin ilahi mahiyyətinə kölgə salır.
Dində fayda ummaq məcazında
bulunan müsəlmanlar onun saf başlağıcından bir növ kənar düşmüş,
rəvayət və əfsanələrdə çözülən mətləbləri özlərinin iman obyektinə
çevirmişlər.
Biz o fikirdə deyilik
ki, dində təmənna məsələsi yerli-dibli yoxdur. Məsələ burasındadır
ki, son dərəcə mükəmməl, çağlara hökm edən, bütün kainatı quca
bilən İslama mənsubluq iddiasında bulunan müsəlmanların öz dinini
bəsitləşdirməyi və din adına yayılan yanlış təsəvvürlərin əsiri
olmağı narahatlıq doğurmaya bilməz. Məqsədi insan xislətini təmizləmək,
insanlığı kamilləşdirmək, sağlam, əxlaqlı cəmiyyət yaratmaq olan,
dünya həyatına aid vacib və əhatəli hökmlər vəz edən dinimizi
savab və günah anlayışları ilə açıqlana biləcək bir səviyyəsizliyə
endirməyə kimsənin haqqı yoxdur.
Allahın Elçisi həzrət
Muhamməd Məkkədə yeni vəhyi öz canı bahasına insanlara çatdırarkən
gördüyü işlərin savabını hesablamırdı. Bu hamıya bir örnəkdi,
əmanətdi və insanlıq borcuydu eyni zamanda. Onun peyğəmbərliyi
dövründə sürdüyü həyat tərzi öncəki yaşayışının daha da dolğunlaşmış
davamı kimi idi. yəni o hələ peyğəmbər olmamışdan Hirə mağarasında
insnalığı düşünürdü, dərdlərə əlac axtarırdı. Kimdən qarşılıq
umacaqdı bunlara görə? Peyğəmbərliyə başlayandan sonra da savab-günah
qayğılarının fövqündə duraraq yalnız əxlaqi dəyərlər naminə ona
İlahidən gələn əmrləri yerinə yetirməklə məşğul idi.
Quran-i Kərimin buyruqları və yasaqları savab-günah qazandırmaq
mənasında başa düşülməməlidir. Bunlar tamamilə rasional məzmun
daşıyır. Əlbəttə, bir çox ayələrin sonunda cənnət mükafatını mücdələyən,
yaxud da cəhənnəm əzabını bildirən ifadələr vardır. Və təbii ki,
Həzrət Muhəmmədin cənnət xoşbəxtliyi ilə mücdə verən və cəhənnəm
olacağı ilə qorxudan bir peyğəmbərlik missiyasını unutmamaq lazım.
Çünki insanlar müxtəlif xislətlərdə yaradılmışdır. Buyruqlara
hər kəsin eyni dərəcədə tabe olmadığından bunların icrasına mükafat
və cəza ilə təşviq etmək zərurəti də üzər çıxır. Yoxsa ki, namazı
müsəlmanlara sadəcə savab qazandırmaq naminə ibadət saymaq onun
əsl mahiyyətini inkar deməkdir. Namaz Tanrı ilə bəndə arasında
bir əlaqə, bağlılıq göstəricisidir və insanı kamilləşdirən vasitədir,
bütün bütləri rədd edib təkcə Allaha səcdə qılmanın ifadəsidir.
İbadətə görə axirət qarşılığı haqqında isə düşünməyə belə dəyməz.
Çünki Allah Onu Haqq Tanrısı tanıyıb vahid bilən, Ona səcdədə
olan insanın davranışlarını mütləq dəyərləndirəcəkdir. Sırf savab
naminə qılınan namaz boşuna gedər. Və bu baxımdan da iyirmi yeddi
dəfə artıq savab qazancı üçün məscidləri dolduran camaat gümanlarında
yanılırlar.
Zəkat ibadətini də «savab-günah»
fəlsəfəsi kontekstində açıqlamaq düzgün deyil. Fəqət mükafat-cəza
məsələsini zəkata dünyəvi qavrayışlar səpkisində aid etsək, bu
ibadətin savabı da, zəkat verməməyin günahı da aşkar gerçəkləşər.
Belə ki, valıların zəkat verdiyi cəmiyyət rifaha çatacaq, fəqirlərin
qarnı doyacaq, insanlar daha xoşbəxt olacaqlar, sosial ədalətsizlikdən
qaynaqlanan bəzi pis əməllərə şərait yaradılmayacaq və s. Zəkat
olmayan yerdə isə fəqirlərlə ciblərini şişirdən varlıların arasında
dərin uçurum yaranacaq – insanlar bir-birinə düşmən kəsiləcək,
«cənnət» həyatını yaşayan müsəlman yatan din qardaşından xəbərsiz
olacaq. Deyilənlərin birincisi zəkatın mükafatı, bu ikincisi də
cəzası!
Ümumiyyətlə götürdüydə
doğruçuluq, ədalət, ehtiyacı olana yardım, şəfqət, mərhəmə, qadın,
valideyn, övlad sevgisi və s. hər cür təmənnadan uzaq, qorxu hissindən
doğmayan uca dəyərlərdəndir ki, müsəlman əxlaqını da başlıca olaraq
bunlar şərtləndirməlidir.
Utilitarist din anlayışı
dinimizi sağlam düşüncəli kəslərin qəbul edə bilməyəcəyi bir şəklə
gətirməkdə, xürafatdar yığınına döndərməkdədir.
Namaz üstündə oxunan
Quranla ilgili bir rəvayətdə deyilir ki, hər kimə gecələr yerindən
qalxıb namaz qılarsa, Quran oxuyarsa şeytanların və cinlərin dəstələri
pərən-pərən düşər, göylərdəki və evdəki mələklərsə Ebu Allah kəlamını
dinləməyə gələrlə. Həmin kəs öləndən sonra torpağa tapşırılan
məqamda Quran onun kəfəni ilə köksü arasına girər, münkir-nəkir
yaxınlaşanda isə onların qarşısını kəsər. Münkir-nəkir «Sən çəkil,
biz onu (ölünü) bəzi şeylər barədə sorğuya tutacağı» deyənlər
Quran «Xeyr, vallahi ki, mən onu cənnətə salmayınca ondan ayrılacaq
deyiləm» söylər. Sonra da ölüyə üz tutub «Mənim kimliyimi bilirmisən?»
soruşar, özü də bildirər ki, «Mən həmin o gecələr oxunan Quranam,
səni şəhvətlərdən və s. qorumuşam, sənə yaxın dost və qardaş olmuşam».
Bunları deyib Allah dərgahına qalxar, xaliqdən həmin adam üçün
maddəsi cənnət nurundan yataq, paltar, işıq istər. Mələklər o
adama yer salarlar, paltarı ayaq ucuna qoyarlar və onu sağ böyrü
üstə yatırarlar. Sonra Quran İsrafil suru səslənincədəyədək qəbrin
qibləsindən beş yüz illik, yaxud daha uzun bir məsafə üçün yol
açmağa girişər.
Bəzi rəvayətlərdə isə
cümə gecəsi Duxən surəsini oxuyana Allahın cənnətdə ev, hər namazdan
sonra ayətu-l-kursini oxuyana isə peyğəmbərlərin savabını verəcəyindən
danışılır.
Bütün bunlarla İslamın
heç bir əlaqəsi yoxdur. Bəşəri nicatı naminə Quranın bu dünyada
rolu haqqında düşünməyənlər xəyalət içində vurnuxaraq Allahın
adına daha çox maddi dəyərləri andıran mükafatlar uydurmuşlar.
Müsəlmanlara əsrlər uzunu
təlqin edilən və dinin ilahiliyinə müğayir olan anlayışlar İslamın
ilkin saflığına xələl gətirmişdir. «Xalis din Allahındır» (Zumər
surəsi, 3) deyildiyi halda Allahdan iznsiz mükafat dərəcələri
arayanların əməli dini təhrif deyilsə, bəs nədir? Belələri bütpərəstlik
hədəfindən olanları xatırlatdığından Quran istehzasına da tuş
gəlməyə bilməzlər: «Yoxsa ki, onların şərikləri var və bu şəriklər
də Allahın dində izn vermədiyi bir şeyi qanun bilmiş onlara?»
(Şura surəsi, 21).
Azərbaycan türkcəsində işləyəni: Nəriman QASIMOĞLU
|