Əlimizə
Quran götürəndə öpərək gözlərimiz üstə qoyarıq. Səfərə yollanan,
yaxud da çətin bir iş dalınca gedəni Quran altından keçirərik.
Bir gerçəyi doğrulamaq ədasıyla Qurana and içərik, ya da Qurana
əl basarıq. Bədnəzərdən qorunmaq üçün kiçicik hərflərlə basılmış
və boyunbağılarda qiymətli daş əvəzi asılan qızılı qutucuqda Quranı
gəzdirənimiz də var. Quranla alqış-qarğış edənimiz də. Dünyasını
dəyişmiş insanların ruhlarına xitabən Quran oxutdurmağımız isə
dəqiqliklə riayət elədiyimiz bir işdir.
Və əslində bütün bunların
heç bir dəxli yox dinimizin mahiyyətinə! Təbii ki, əgər dinimiz
deyəndə başqa bir nəsnəni deyil də yalnızca Tanrının xalis dinini
nəzərdə tuturuqsa. Başqa bir nəsnə də deyəndə ki, bu elə, açığı,
Tanrının xalis dinindən dəyişik bir dindir. Nə qədər zəhmət çəkib
adına İslam desək də deməklə İslam olmur axı. Quranı oxumaya-oxumaya
onunla yuxarıda sadaladığım adətlər üzrə davranmağın nə mənası?
Özümüzdə güc bulub da etirafda bulunaq ki, bunların bir çoxu dinimizə,
yəni Tanrının xalis dininə bütpərəstlik gətirmiş davranışlardır.
Quran oxuya-oxuya ilahi məntiqin cazibəsinə düşənlər görəcəklər
(yəni bəsirətləri açılacaq görsünlər) ki, bu gerçəkdən də belədir.
Həmin davranışları isə sadəcə olaraq İslam adına görməyəcəklər.
Görəcəklərindən biri bu olacaq ki, Rəbbimiz «oxu!» buyurmuş da
bu söz müqəddəs Kitabımızın adındadır. Və Rəbbimizin «oxutdur!»
təlqinli bir buyuruğu da yox zatən. Eləcə də ölülərin ruhlarına
Quran oxumaq ki, suçları ilahi dərgahda bəlkə bağışlana. Rəbbimiz
suçların bu qaydada yuyulmasını qəbul etməz. Çünki haqqın-ədalətin
ilahi dərgahda mütləq ölçüdə təmin edilməsi var ki, Quran oxutdurmaqla,
yəni beləcə asanlıqla günahların bağışlanacağı inanışı bu məsələ
ilə düz gəlmir. Bu öz yerində, ancaq yetər ki, Ya sin surəsini
diqqətlə oxuyasan da biləsən, Quran ölülər üçün deyil, dirilər
üçün endirilmiş bir Yazıdır. Dirilər üçün də kəsinliklə o üzdən
endirilməmişdir ki, qafiyəli-qafiyəsiz, ölçülü-ölçüsüz, bəşər
icadı bədii janrlardan özgə bir fövqəljanrda olan bu Yazı məzmunu
anlaşılmaz bir avazdan ibarət olaraq qala. Rəbbimiz Öz elçisi
Məhəmməd Seçilmiş və Öz Yazısı müqəddəs Oxu haqqında Ya sin ayələrində
belə buyurur: “Ona şer öyrətməmişik, bu ona gərək deyil. Onun
söylədikləri yalnızca bir öyüd də açıq-aydın bir Oxu ki, sağ olan
kimsələrə olacağı bildirə də o deyilən haqq ola kafirlərə” (69-70).
Başqa bi ayədə isə Rəbbimiz belə buyurur: “Sən, şübhəsiz, ölülərə
eşitdirən deyilsən...” (“ən-Nəml” – Qarışqalar, 80).
Quran oxumayan, Quran
oxutduran müsəlmanların düşüncə və davranış tərzindəki cahiliyyə
ünsürlərinin gəlişməsinin ən başlıca səbəbi onların bu özəllikdə
dindarlığı ilə birbaşa bağlıdır. Bu cahiliyyə dindarlığını da
meydana gətirib yaşadan çeşid-çeşid səbəblər var. Məsələn, sadə
camaatın zaman-zaman beyninə yeritmişlər ki, oxusa da anlamaz,
ya da yanlış anlar, çünki müqəddəs Kitabımız guya çox mürəkkəb
bir məzmundadır, bunu yalnız din alimi-üləması oxuyub insanlara
anlatmalıdır. Yüzillərin bu üzdəniraq təbliğatı əslində müqəddəs
Oxunun aydın anlamlı (“mubin”) bir məzmunda olması ilə bağlı Rəbbimizin
təlqin elədiyi bir inanışa kölğə salmaqdan özgə bir iş ğörməmişdir.
Bu bir günah işdir ki, başqa bir günahı da doğurmuşdur. Camaat
müqəddəs Oxunun çeşidli hikmətlərini anlamaq feyzindən, ilahi
lütfdən faydalanmaq imkanından məhrum bir duruma salınmış, məhrum
bir ovqatı yaşamalı olmuşdur. Halbuki Rəbbimizin buyuruğu var,
deyir: “...Oxuyun bu Oxudan nə alınırsa” (əl-Muzzəmmil” – Bürünmüş
olan, 20)
Eləcə də yüzillər uzunu
istəmişlər ki, toplumu, insanları din hökmlərinə görə idarə eləsinlər.
Peyğəmbərimizdən sonrakı dövrlərdə müqəddəs Oxunun açıqladığı
məntiqi anlamaqda çətinlik çəkənlər bu ilahi Yazını əslində bir
kənara qoyub din hökmlərini Qurana düz gəldi-gəlmədi başlayıblar
hədislərdən çıxarmağa. O hədislərdən, o peyğəmbər kəlamlarından
ki, yazıya alınma tarixi vəfatından 150-160 il sonrakı dövrdən
başlayır. Bu, yalnızca Quran hikmətlərilə yetinmiş peyğəmbərimizin
sağlığında olmayan bir məsələdir. Ən pisi də bu olmuş ki, müqəddəs
Oxunun yüzlərlə ayəsini qüvvədən düşmüş elan edibən Kitabımızı
nasix-mənsux ayələrə, nasix - hökmü aradan qaldıran, mənsux -
hökmü aradan qaldırılmış ayələrə bölmüşlər. İslam dünyasında çoxluğun
din şüurunu belə bir bölgünün doğurduğu dəyərlər müəyynləşdirmişdir
ki, mahiyyətə varırsaq, bunların cahiliyyə dəyərlərindən heç də
dəyişik olmadığını aydın görərik.
Rəbbimiz buyurur: “Və
bir olmaz yaxşılıqla yamanlıq. Ən gözəli nədirsə, sən onunla yamanlığı
dəf eylə. Bir də baxarsan aranızda bir ədavət olan kəs artıq yaxın
dost kimidir. Bu, yalnızca o kəslərə veriləndir ki, götürümlü
olmuş onlar. Və yalnızca o kəslərə veriləndir ki, belələri ulu
bir qismət yiyəsi.” (“Fussılət” - Müfəssəl açıqlanmış, 34-35).
Din alim-üləması imkan verməmişlər ki, ayənin alicənablıq tərbiyəsi
aşılayan impulsları müsəlman şüurunda yer ala. Rəbbimizin iradəsinə
zidd gedərək bəyanlamışlar ki, bu ayənin hökmü guya keçərsizmiş.
Və bu ayənin hökmünü hansı ayə onların nəzərincə pozsa yaxşıdır?
O ayə ki, orada müharibə vəziyyətinin təsviri var, müdafiə məqsədli
hərbi əməliyyatların gedişatından danışılır, o ayə ki, bəsmələ
(“Rəhman Rəhim Tanrı adıyla” ifadəsi) ilə başlamayan təkcə bir
surənin, Tövbə surəsinin içində gedir. Rəbbimiz döyüşə atılmalı
olan inananlara belə səslənir: “...bütçüləri hər harada tapsanız,
öldürün. Tutun, kəsin qarşılarını, hər yerdə bir tələ qurun onlara.
Tövbədə bulunsa, namaz qılsa, zəkat versələr, açın onda yollarını.
Tanrı, şəksiz, bağışlayan, rəhimli” (5).
Gətirdiyim hər iki ayənin
hökmü, gücü, hikməti öz kontekstindədir. Birincinin “hökmünü aradan
qaldıran” din alim-üləması hər zaman çalışmışlar ki, sıravi dindarlar
müharibə ovqatında, özgə inanışlara qarşı təcavüzkar ovqatda yaşasınlar.
Əfsuslar olsun ki, səbəblərindən asılı olmayaraq bu belədir. Dinimizin
kəsinliklə rədd etdiyi terrorçuluğun subyektlərinə çevrilən bəzi
zavallıların din şüuru, heç şübhəsiz, bu cür yanlış yozumların
girovundadır.
Müqəddəs Oxuda “nasix-mənsux”
bölgüsünü aparanların bir arqumenti budur ki, ayələrin arasında
məzmunca olmasa da guya formal və zahiri ziddiyyətlər tapmaq mümkündür.
İlahi məntiqin universallığını dərketməzikdən gəlir. Bu universal
məntiq ayələr arasında hansısa ziddiyyətləri sadəcə olaraq rədd
edir. Rəbbimizin aydın və birmənalı dediyi də var bu xüsusda,
buyurur: “Düşünüb-daşınmazmı onlar Oxunu? Tanrıdan deyil də başqasından
olsaydı, çox ziddiyyət tapardılar içində” (“ən-Nisə” - Qadınlar,
82).
“Ayə” sözü təkcə Quran
ifadəsi deyil. Oxunu oxuyanlar bilirlər, bu söz Kitabımızda Tanrının
varlığını, birliyini, qüdrətini, iradəsini, Onun kainat yaradıcılığı
və idarəçiliyindəki işini, təcəllilərini nişan verən əlamətlər,
qanunlar, olaylar və s. anlamlarda daha çox işlənir. Gecəylə gündüzün
növbələşməsi, göy cisimlərinin Tanrının qoyduğu qanunlarla hərəkəti,
İsa Məsihin bakirə Məryəmdən doğuluşu, insanların dil, irq baxımından
müxtəlifliyi, varlıqlar aləminin inkişaf mərhələləri və s. və
i. saysız olayların hərəsi ayrıca birər ayədir. “Ayə” sözünün
bu məna sərhədsizliyinə məhəl qoymayan nasix-mənsuxçuların söykənmək
istədikləri bir Quran ayəsi var: “Biz daha yaxşısını, yaxud bənzərini
gətirməyincə, dəyişdirən, unutduran deyilik hansısa bir ayəni.
Məgər bilməzmi oldun, Tanrı hər şeyə qadir” (əl-Bəqərə - İnək,
106). Bu ilahi deyimdəki “ayə”ni Rəbbimizin Öz Yazısında sətir-sətir,
surə-surə öyrətdiyi aydın-aydın anlamlarda anlamasaq günahı özümüzdə,
cəhənnəm əzabını da haqq edəcəyik. Elə bilirəm inananları çaşdıranların
aqibəti daha ağır olacaq. Rəbbimiz deyir: “Bölənlərin üstünə də
Biz əzab endirmişik. O kəslərin üstünə ki, hissələrə ayırmışlar
Oxunu” (İbrahim, 90-91).
|