Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun Tur dağına,
2. and olsun o Kitaba
ki, sətir-sətir
3. düzülmüş vərəqlərin
üstünə,
4. and olsun ziyarətgah
olan Evə,
5. and olsun uca tavanlı
göyə,
6. and olsun coşan-daşan
dənizə,
7. Rəbbinin əzabı mütləq
gələcək.
8. Bunun qarşısını heç
kim ala bilməyəcək.
9. O gün titrəm-titrəm
titrəyəcək göy,
10. oynam-oynam oynayacaq
yerindən dağlar.
11. O gün vay halına
qiyaməti dananların,
12. o kəslərin ki, batilin
içində vurnuxub qalmış onlar.
13. O gün onları itələdikcə
itələyərlər cəhənnəm oduna.
14. «Sizin dandığınız
o od bu idi.
15. Bumu cadudur, gözünüzmü
yaxşı görmür?
16. Di girin od içinə.
İstəyirsiz səbr eləyin, istəyirsiz eləməyin, sizin üçün bir olar.
Yalnız gördüyünüz işlərin əvəzidir bu cəza».
17. Cənnət bağlarındadır,
naz-ne'mət içindədir müttəqilər.
18. Rəblərinin verdiyi
ne'mətlərdən zövq alıb barınırlar. Qorumuş onları cəhənnəm əzabından
Rəbləri.
19. «Nuşcanlıqla yeyin,
için. Gördüyünüz işlərin əvəzidir bu verilənlər».
20. Yanbayan düzülmüş
taxtlara söykənmişlər. İri gözlü huriləri tay etmişik onlara.
21. O kəslər ki, iman
gətiriblər, ailələri, övladları da iman gətirərək qoşulublar onlara,
cənnətdə bir-birinə qovuşdurarıq onları. Onların əməllərinin savabından
heç nəyi əskiltmərik. Gördüyü işə görədir hər kəsin öz qazancı,
22. İstədiyi meyvədən,
istədiyi ətdən veririk onlara.
23. Bir-birinə ötürərlər
qədəhləri orada. İçəndən sonra boş-mə'nasız danışmazlar, günaha
batmazlar orada.
24. Ağ libaslı cavanlar
yanlarında dolaşırlar, sədəf içində incidirlər elə bil.
25. Hal-əhval tuturlar
bir-birindən, söhbətləşirlər.
26. «Dünyada olan zaman
qorxardıq Allahın əzabından.
27. Lütf eləmiş bizə,
cəhənnəm istisinin əzabından qorumuş bizi Allah.
28. Əvvəllər də təkcə
Ona yalvarardıq. Şübhəsiz, yaxşılıq eləyən, Rəhim olan təkcə Odur».
29. Sən öyüd verməyində
ol mö'minlərə. Rəbbinin ne'mətiylə sən nə kahinsən, nə də dəli
[müşriiklər Peyğəmbərə «dəli kahin» deyərdilər].
30. Yaxud da sənin üçün
deyirlər qoy desinlər: «Şairdir, gözləyək görək taleyin gərdişi
onu nə vaxt aşırır».
31. De ki, «Siz gözləməyinizdə
olun, mən də sizinlə birgə gözləməkdəyəm».
32. Ağıllarımı əmr eləyir
onlara belə sözlər deyələr? Yox, elə əslində azğın kəslərdir onlar.
33. Yaxud da «Qur'anı
uydurmuş o» deyirlər. Belələri iman gətirən deyillər.
34. Doğru sözlü, düz
əməlli kimsələrdilərsə, Qur'anın bənzəri bir kəlam gətirsinlər
dinləyək.
35. Heçlikdənmi yaranmışlar?
Xaliqlərdimi onlar?
36. Yoxsa özlərimi yaratmış
göyləri, yeri? Allaha inanan deyillər.
37. Bəlkə onlardadır
Rəbbinin xəzinələri, onların əlindədir hər işin hakimliyi?
38. Yoxsa dırmaşıb vəhy
dinlədikləri nərdivanları var? Belə vəhy dinləyən varsa, aşkar
bir dəlil gətirsin onda.
39. Yoxsa qızlar Allaha
aiddir, oğlanlar sizə?
40. Yoxsa sən onlardan
bir mükafat umursan və onlar da borclarının altından çıxa bilmir?
41. Bəlkə onlardır görülməzi
təkcə bilən və Peyğəmbər barədə hər şeyi yazır onlar?
42. Sənin başına bir
iş açmaq istəyirlər? Elə isə kafirlər özlərini işə salarlar.
43. Bəlkə Allahdan başqa
bir tanrısı var onların? Ona qoşduqları şəriklərdən ucalardadır
Allah.
44. Görəndə ki, göyün
bir parçası onların üstünə düşür, «Yst-üstə qalanmış bulud topalarıdır
bu» deyərlər.
45. Tərk elə onları ta
ildırım vura bir gün onları.
46. Görmək istədikləri
iş yarar gətirməz o gün, yardım da görməz onlar.
47. Daha neçə əzaba düçar
olar zalımlar. Ancaq bunu bilən deyil çoxları.
48. Ta yerinə yetənədək
Rəbbinin hökmü, səbr elə! Gözümüz səndədir. Qalxdınmı yerindən,
həmd oxu Rəbbinə.
49. Həmd oxu Ona gecənin
bir vaxtında da, ulduzlar batanda da.
|