Yusif
Ziya Kavakçı İstanbul Universitetini bitirib. Burada islam tarixi
və mədəniyyəti fakültəsində doktorluq dissertasiyası müdafiə edib.
Həmin ali məktəbdə professor kimi çalışıb. Hazırda Texas müsəlmanlarının
dini lideridir.
|
Dallas
məscidi |
- Yusif bəy,
Amerikada islamın yayılması tarixi barədə nə deyə bilərsiniz?
- Öncə onu qeyd edim ki, yayılmış təsəvvürlərdən fərqli olaraq,
müsəlmanların Amerikaya ilk gəlişi Xristofor Kolumb və Ameriqo
Vespuççidən çox-çox əvvəllərə təsadüf edir. Bu qitəyə islam yeddi-səkkiz
yüz il qabaq gəlib. Əndəlus dövründə nüsəlmanlar kiçik qayıqlarla
okeanı adlayaraq buraya ayaq basıblar. Kolumb bura gələndə onun
yanında müsəlman bələdçilər olub. O, müsəlman alimlərinin hazırladığı
xəritələrdən də istifadə edirdi.
- Bəs sonra nə baş verdi?
- O baş verdi ki, bu ilk gələn müsəlmanlar burada izsiz-tozsuz
yox oldular. Yəqin ki, assimilyasiya olundular. Daha sonra avropalıların
Amerikaya axını olanda yenə müsəlmanlar gəlirdi. Könüllü gələnlər
də vardı, Afrikadan gətirilən qulların içində də müsəlmanlar vardı.
Bundan başqa, Amerikada səhra çox olduğu üçün o vaxt buraya nəqliyyat
vasitəsi kimi dəvələr gətirirdilər. Dəvələrə qulluq edən adamlar
da gətirilirdi ki, bunların da içində müsəlmanlar çox olub. O
vaxt Amerika ordusuna dəvə çox lazım olub. Həmin dövrlərdə gələnlər
barədə müxtəlif qəbirlər, kitabələr məlumat verir. Birinci Dünya
müharibəsi zamanı da xeyli adam gəlib. Türkiyə, Suriya, Fələstində
sıxıntı olanda oradan qaçıb mühacirət edən müsəlmanlar çox olub.
- Onların birlikdə fəaliyyəti barədə hər hansı məlumat
varmı?
- O vaxt gələn müsəlmanlar məscid tikmədikləri üçün təmərküzləşə
bilməyiblər. Müsəlman qəbiristanlıqları da olmayıb. Övladları
bir çox hallarda xristianlarla evləniblər. Uşaqları islamdan uzaqlaşıb,
dinini unudub və s. İkinci Dünya müharibəsi zamanı Amerika Avropaya
çox yardım etmişdi. Bundan sonra, xüsusən ötən əsrin 60-cı illərində
Pakistan və Hindistandan çoxlu insanlar axışıb Amerikaya. Onlar
ingilis dilini bildiklərindən ciddi adaptasiya problemləri ilə
üzləşmirdilər. Bunların sırasında müsəlmanlar da vardı. Bu dalğa
ilə Texasa gələnlər öncə namazgahlar düzəltməyə başlayıblar. Nəhayət,
Şimali Texas Müsəlman Dərnəyi deyilən bir təşkilat vücuda gətiriblər.
Əvvəlcə bir ev alıblar. Sonra məscidlər, camelər qurulub. Bu isə
onların daha yaxşı təşkilatlanmasına yardım edib. Nəhayət, bugünkü
vəziyyətə gəlib çıxmışıq.
- Müsəlmanlar bir-birləri ilə necə ünsiyyət qururlar?
- Burda dünyanın bir çox yerindən gəlmə müsəlmanlar var. Bir-birimizlə,
adətən, ingiliscə danışırıq. Xütbə isə əvvəl ərəbcə, sonra ingiliscə
oxunur. Burada came məscidlər bir islam mərkəzi funksiyası yerinə
yetirir. Nikahlar kəsilir, ixtilaf olanda onlar həll edilir. Ailə
konfliktlərinə baxılır. Dallasda islam maarifi işi çox yüksək
səviyyədə qurulub.
- ABŞ-da nə qədər məscid var?
- On il əvvəl hardasa iki min məscid vardı. İndi onların
sayı 5-6 mindir.
- İslami biliklər təkcə məscidlərdəmi öyrədilir?
- Əvvəllər belə olub. Amma sonralar məktəblər yaradıblar.
İndi Dallasda İslam Akademiyası var.
- Orada yalnız dini elmlər öyrədilir?
- Xeyr, ABŞ təhsil planına uyğun olaraq, bütün ümumtəhsil
fənləri tədris olunur.
- Hazırda bu tərəflərdə nə qədər müsəlman var?
- Dallasda yüz əlli min, Texasda dörd yüz min müsəlman
var. Onların ibadət etməsi üçün on came, iyirmi müsəlla (namazgah)
fəaliyyət göstərir.
- Belə təəssürat yaranır ki, ABŞ-da müsəlmanlar daha rahat
yaşayır, nəinki bir sıra müsəlman ölkələrində?
- Bəli, bu, belədir. Öz ölkəsində başını örtüb məktəbə,
universitetə gedə bilməyənlər burada rahatca hicab örtə bilərlər.
Ümumiyyətlə, amerikalılar din azadlığına böyük önəm verirlər.
Çünki onların babaları bir zaman Avropadan din basqısından qaçıb
gəlib. Burada dövlət heç bir dinə üstünlük vermir. Polis heç kəsdən
“Sən hansı dinə etiqad edirsən?” deyə soruşa bilməz. Bu, müdaxilə
sayılır. Bu qaydanı pozan polis iş yerini itirə bilər.
- İcmaların fəaliyyətinə nəzarət varmı?
- Qətiyyən. Neçə illərdi buradayıq. Xütbəni heç kəs dinləmir.
- Müsəlmanların özlərinin problemləri varmı?
- Var, təbii ki. Türkiyəli Türkiyəni, pakistanlı Pakistanı,
malayziyalı da öz ölkəsini düşünür. Bir araya gəlməkdə elə də
uğurumuz yoxdur.
- ABŞ-da dini təmayüllü universitetlər varmı?
- İlahiyyat fakültələri var. Bu fakültələrdə ümumi şəkildə
din öyrədirlər. ABŞ-da din sahəsində azadlıq var. Dövlət dindən
ayrı olduğu kimi, heç bir dinə də əlahiddəlik vermir. Qəribə də
olsa, məhz bu səbəbdən burada dindarlıq Avropadan daha yüksəkdir.
Burada müsəlman universiteti yoxdur. Yeni nəsil – son illər burada
doğulanlar amerikalı kimi düşünür. Onlarda bölgü yoxdur: pakistanlı,
malayziyalı, səudiyyəli... Onlara çox güvənirik. Bizim edə bilmədiyimizi
onlar edə biləcəklər.
- Yeni nəsilə nədən belə çox güvənirsiniz?
- Ümumiyyətlə, ABŞ-da uşaqlara çox diqqət ayrılır. Müəllimin
vəzifəsidir ki, məktəbə gələn şagirdin üzündə bir balaca qızartı
olarsa, polisə xəbər versin. Heç bir valideyn öz uşağına əl qaldıra
bilməz. Amerika tərbiyə sistemində bir fərdiyyətçilik var. Uşaqlar
xeyli məğrur, özünə inamlı, amma eyni zamanda bir az da tərbiyəsiz
böyüdülür. Cəsarətlidirlər. Bir işin ardınca düşüb onu həll etmək
üçün çox çalışırlar. Lazım gələndə senatorlarla da əlaqə saxlaya
bilirlər. Belə cəsur uşaqlar yetişdirmək lazımdır.
- Məscidinizdə uşaqlara nə öyrədilir?
- Indi uşaqlara ərəbcə, ingiliscə, fiqh, hesab və s.
öyrədirik. Siniflərdə ən çox on iki nəfərə bir müəllim ayrılır.
Hafizlik kurslarında isə müəllim eyni zamanda beş nəfər ilə məşğul
olur. Qız və oğlanlar bir yerdə oxuyur. Bizə hərtərəfli inkişaf
etmiş uşaqlar lazımdır. Başqa yerdə doğulub Amerikaya gələnlərin
cəsədi burda, ruhu Türkiyədə, Pakistandadır. Bu, bir xəstəlikdir.
- Dediniz ki, burda müxtəlif coğrafiyalardan müsəlmanlar
var. Bu, hansısa problemlər yaratmır?
- Burada hər kəs istədiyi kimi namaz qılır. Amma təzə
gələnlərdə bəzən problemlər olur. Məsələn, mən cübbə geyinmirəm.
Adi kostyum geyir, qalstuk bağlayıram. Amma təzə gələn pakistanlı
imamı öz milli qiyafəsində görmək istəyir. Ona görə bir müddət
onun üçün çətin olur.
- Dövlət din işlərinə müdaxilə edirmi?
- Xeyr. Amma pul yardımı da yoxdur. 11 Sentyabrdan əvvəl
müsəlmanların elə bir sıxıntısı yox idi. Amma məlum terror hadisəsindən
sonra hava limanlarında müsəlmanlar daha diqqətlə yoxlanılır.
Amma biz Dallasda bir şey hiss etmirik.
- İctimai rəydə belə bir fikir geniş yayılıb ki, müsəlmanlar
Qərb cəmiyyətinə inteqrasiya oluna bilmir, özlərini izolyasiya
edirlər....
- Bəli, bu problem var. Köhnə nəsil nümayəndələri haqda
belə demək olar.
- Amerika azadlıq, demokratiya ölkəsi kimi tanınır...
- Demokratiya fərqli anlamlarda başa düşülür. Müəmmar
Qəddafi də öz rejiminə demokratiya adı verib. Elə Almaniya, Fransa
demokratiyası da hələ ABŞ demokratiyasından fərqlidir. Buradakı
demokratiya, mən deyərdim ki, bir qədər normadan artıqdır. Eləcə
də burada olan din hürriyyəti heç yerdə yoxdur.
- 11 Sentyabr hadisələrindən sonra bir sıra xarici kütləvi
informasiya vasitələrində müsəlman və terrorçu obrazlarının identifikasiyası
istiqamətində fəaliyyətlər nəzərə çarpır. Amerikada bu qənaətin
yanlış olmasını insanlara necə çatdırırsınız?
- Məlum terror hadisəsi Amerika mediasında müsəlmanları
birinci səhifəyə çıxardı. Biz bu hadisələrdən sonra qəzetlərdə
elan verərək xristianları bura topladıq. Onlarla dialoqa girdik,
anlaşdıq. Gələn noyabr üçün də planımız var. Hardasa beş yüz nəfəri
icmamıza dəvət edəcəyik. Bunların sırasında polis rəisi, bələdiyyə
sədri, keşişlər, digər nüfuzlu şəxslər var. Ehtiyac olanda radioya,
televiziyaya çıxırıq.
- Amma hələ müstəqil televiziyanız yoxdur. Niyə?
- Hansısa zərurət yarananda efir vaxtı alırıq. Böyük
qəzetimiz, jurnalımız da yoxdur.
- Amma onlara ehtiyac var...
- Təbii. Bu iş davamlı vəsait tələb edir. Görünür, bir
qədər zaman lazımdır. Burada doğulan uşaqlar bacarıqlıdırlar.
Onlar bunu edə biləcəklər. Kənardan gələnlər bir qədər çəkingəndirlər.
|
Müsahibəni
aldı Vasif SADIQLI |
Dallas, Texas ştatı, ABŞ
25 oktyabr 2006.
|