1. Bu bir xəbərdarlıqdır Allahdan və Rəsulundan əhd bağladığınız
müşriklərə.
2. Dörd ayda gəzib-dolaşın yer üzünü və bilin, aciz qoya bilməzsiniz
Allahı. Kafirləri alçaldar, şübhəsiz, Allah [bu dünyada ölümlə,
axirətdə cəhənnəm əzabıyla].
3. Ən böyük Həcc günü Allah və Rəsulu insanlara bəyan eləyirlər
ki, müşriklərlə birdəfəlik qurtarmış Allah. Və Rəsulu da eləcə.
Əgər tövbə eləsəniz, sizin üçün daha yaxşı. Və əgər imandan dönsəniz,
bilin, aciz qoya bilməzsiniz Allahı. Kafirləri ağrılı bir əzab
ilə mücdələ.
4. Ancaq bu əhd bağladığınız müşriklərə aid deyil. Sizə qarşı
bir əskiklik eləmirdi, sizin əleyhinizə olaraq kimsəyə yardım
göstərmirdilər. Siz də axıra qədər əhdə riayət eləyin. Şübhəsiz,
müttəqiləri sevər Allah.
5. Haram aylar bitən tək harada tapsanız müşrikləri oradaca öldürün,
tutun, həbs eləyin, hər yerdə tələ qurun onlara. Tövbə eləsələr,
namaz qılsalar, zəkat versələr buraxın getsin onlar. Şübhəsiz,
günahlardan keçəndir, Rəhimdir, Allah.
6. Əgər müşriklərdən biri sənin yanına gəlib aman diləsə, yanında
yer ver ona Allah kəlamını eşidər olsun. Sonra doğma yurduna çatdır
onu. İmana gəlməz onun soydaşları. Çünki anlamaz bir qövmdür onlar.
7. Məscidi haramın yanında əhd bağladığınız kimsələr bir yana,
Allahın dərgahında və Rəsulun önündə nə əhd verə bilər müşriklər
axı? Onlarla düz dolanın sizinlə düz dolansalar. Şübhəsiz, müttəqiləri
sevər Allah.
8. Müşriklərlə necə əhd bağlamaq olar? Sizə qalib gəlsələr nə
anda, nə əhdə əməl edərlər. Yalnız dili razı salar, ürəyi istəməz
sizi onların. Sapmışlardı onlar.
9. Allahın ayələrini dəyər-dəyməzinə satdılar, adamları Onun yolundan
döndərdilər. Nə pis iş tuturdular.
10. Mö'minlərə verdiyi andına, əhdinə əməl eləməz onlar.
11. Əgər tövbə eləsələr, namaz qılsalar, zəkat versələr, sənin
din qardaşlarındır deməli onlar. Biz anlayan bir qövm üçün birər-birər
açıqlayırıq ayələri beləcə.
12. Verdiyi əhddən sonra andlarını pozsalar, dininizə tə'nə vursalar,
kafirlərin başçılarıyla savaşa girin, verilən andların dəxli yox
artıq onlara. Bəlkə əl çəkələr əməllərindən.
13. Andlarını pozmuşdular. Rəsulu qovmaq fikrinə düşmüşdülər və
sizinlə savaşa özləri birinci başlamışdılar, onlarla savaşmazmısız?
Yoxsa qorxursuz onlardan? Daha çox Allahdan qorxmalısız axı əgər
mö'minsinizsə.
14. Savaşın, sizin əlinizlə əzab versin onlara Allah, alçaltsın
onları, zəfərə yetişdirsin sizi, fərəhlə doldursun mö'minlərin
sinəsini,
15. silsin ürəklərindən kin-küdurəti. İstədiyi kimsənin tövbəsini
qəbul edər Allah. Hər şeyi biləndir, müdrikdir Allah.
16. Yoxsa elə bildiniz sizdən cihad edənləri, təkcə Allahı, Rəsulunu
və mö'minləri özünə dost tutanları tanımadan Allah, sizi tərk
edəcəklər. Gördüyünüz işlərdən xəbəri var Allahın.
17. Özlərinin kafirliyinə şahidlik eləyən kimsələrin haqqı yoxdur
girələr Allahın məscidinə. Boşa çıxmış onların əməlləri. Od içində
əbədilik qalarlar.
18. Ancaq Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat
verən və Allahdan savayı bir kimsədən qorxmayanlar Allahın məscidlərinə
girə bilərlər. Doğru yolu, güman ki, onlar tapalar.
19. Həccə gələnlərə su verənləri, Məscidi harama xidmət eləyənləri
siz taymı tutdunuz o kəslərə ki, Allaha və axirət gününə iman
gətirmiş, Allah yolunda cihad eləmiş. Bir-birinə tay tutulmaz
onlar Allahın dərgahında. Zalımların qövmünü doğru yola yönəltməz
Allah.
20. O kəslər ki, iman gətiriblər, mallarıyla, canlarıyla Allah
yolunda cihad eləyiblər, ən uca mövqeyə çatmış onlar Allahın dərgahında.
Məhz onlardır qurtuluşa çatanlar.
21. Rəbləri onlara mücdə verib bildirir ki, Onun rəhmətinə, rizasına
yetişəcəklər, cənnətə gedəcəklər, orada əbədi ne'mətlər var.
22. Və orada əbədilik qalarlar. Allahın dərgahındadır böyük əcir.
23. İmanı qoyub küfrə meyl salıbsa atalarınız və qardaşlarınız,
dost tutmayın özünüzə onları. Dost tutanlar zalımlardır ki, var.
24. De ki, "Əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı,
zövcələrinizi, qohumlarınızı, qazandığınız mal-dövləti və kasadlığa
düşəcəyindən əndişələndiyiniz bazarınızı Allahdan, Rəsulundan
və Onun yolunda cihad eləməkdən daha çox sevirsinizsə, onda gözləyin
Allahın əmrini. Sapmışların qövmünü doğru yola yönəltməz Allah.
25. Çox yerdə yardım göstərmişdi sizə Allah. Hüneyn [Məkkə ilə
Tair arasında yerləşən vadi] savaşında da eləcə. O gün lovğalanmışdınız
sayınızın çoxluğundan, sayınızdan faydanız olmamışdı. Gen dünya
dar gəldi başınıza, pərən-pərən düşərək qaçmağa üz tutdunuz.
26. Sonra Rəsuluna və mö'minlərə nəfəs gətirən arxayınlıq hissi
verdi, sizin görmədiyiniz əsgərləri göndərdi, kafirlərə əzab verdi
Allah. Budur kafirlərin cəzası.
27. Bundan sonra da istədiyi kimsənin tövbəsini qəbul edər Allah.
Günahlardan keçəndir, Rəhimdir Allah.
28. Ey iman gətirənlər! Allaha şərik qoşanlar murdarlanıblar artıq
Bu ildən [hicrətin doqquzuncu ilindən sonra] Məscidi Harama yaxın
düşməsin onlar. Əgər qorxsanız buna görə alış-verişiniz gətirməyəcək,
kasıb düşəcəksiz, onda bilin, istəsə Öz lütfündən pay verər, sizi
varlandırar Allah. Şübhəsiz, hər şeyi biləndir, müdrikdir Allah.
29. Kitab verilənlərdən Allaha və axirət gününə inanmayan, Allahın
və Rəsulunun haram buyurduğunu haram saymayan və haqq dininə tapınmayan
kimsələrlə savaşın nə qədər ki, alçala-alçala öz əllərilə cizyə
[hər il öhdələrinə düşən vergi] verməyir onlar.
30. "Yzeyir Allahın oğludur" dedi yəhudilər. "Məsih
Allahın oğludur" dedi xristianlar. Öncə küfr eləyənləri yamsılayıb
çərənləyərək deyirdilər bu sözləri. Allah onları yox eləsin. Necə
də dilləri dönür haqqı batil deməyə.
31. Allahı qoyub xaxamlarına, rahiblərinə Rəblər olaraq tapınmış
onlar. Məryəm oğlu Məsihə də eləcə. Onlara buyurulmuşdu tək Tanrıya
ibadət eləsinlər. Ondan başqa tanrı yoxdur. Ona qoşduqları şəriklərdən
ucalardadır Allah.
32. Allahın nurunu sözləriylə söndürmək istəyirlər. Buna yol verməz
Allah. Kafirlərə xoş gəlməsə də, Öz nurunu, kəlamını tamama yetirər
O.
33. Doğruy yolla, haqq diniylə Rəsulunu göndərdi ki, müşriklərə
xoş gəlməsə də göstərsin o haqq dininin bütün dinlərdən üstün
olduğunu.
34. Ey iman gətirənlər, xaxamların, rahiblərin bir çoxu insanların
malını haqsız yerə yeyir və Allah yolundan kənar salır onları.
Ağrılı bir əzab ilə mücdələ o kəsləri ki, qızıldan-gümüşdən yığar
altına və yığdığını Allah yolunda xərcləməz onlar.
35. Cəhənnəm odunda qızaran bu qızıl-gümüşlə onların alnı, böyrü,
beli dağlanan gün "Özünüzə yığdığınızdan dadın" dedilər
onlara.
36. Göyləri və yeri yaradan gün göndərdiyi yazıya görə on ikidir
Allahın dərgahında ayların sayı. Haram [müqəddəs] aylarıdır bunların
dördü [Zu-l-Qə'də, Zu-l-Hiccə, Muharram və Racəb]. Bu, doğru yolu
göstərən dinə görə belədir. Bu aylarda özünüzə zülm eləməyin.
Sizinlə hamılıqla savaşdıqları sayaq siz də onlarla savaşın hamılıqla
və bilin, müttəqilərin tərəfindədir Allah.
37. Küfrü artırmaq deməkdir savaşı başqa aya keçirmək. Bununla
kafirlər azdırırlar adamları. Haram ayını bir il halal, bir il
də haram sayarlar ki, qarışıq salsınlar Allahın haram saydığı
ayların sayını, halal eləsinlər Allahın haram buyurduğunu. Bər-bəzəkli
görünmüş onlara gördükləri pis işlər. Kafirlərin qövmünü doğru
yola yönəltməz Allah.
38. Ey iman gətirənlər, sizə nə oldu axı, "Allah yolunda
hamılıqla savaşa qalxın" deyiləndə, qaxılıb qaldınız öz yerinizdə.
Dünya həyatınımı üstün tutdunuz axirətdən? Axirətin səfasından
çox-çox azdır bu dünyanın səfası.
39. Ağrılı bir əzab verər sizə O, yerinizə başqa qövmü gətirər
O qalxmasanız hamılıqla savaşa. Bir ziyan toxundura bilməzsiz
Ona. Hər şeyə qadirdir Allah.
40. Ona [Muhammədə] yardım göstərməsəniz unutmayın ki, kafirlər
Rəsulu Məkkədən çıxardan zaman yardım eləmişdi ona Allah. Hər
şeyə qadirdir Allah. Mağarada daldalanan iki yoldaşdan biriydi
Rəsul. Yoldaşına [Əbu Bəkrə] deyirdi: "Darıxma, bizimlədir
Allah". Və ona nəfəs gətirən arxayınlıq hissi verdi Allah,
görmədiyiniz əsgərlərlə ona yardım elədi, batırdı kafirlərin səsini.
Ucalara ucaldı Allah kəlamı ["Allahu əkbər" səsi]. Güclüdür,
müdrikdir Allah.
41. Yüngül-ağır [varlı və kasıb, sağlam və xəstə, güclü və zəif]
kim varsa aranızda, hamılıqla savaşa qalxın, Allah yolunda malınızla,
canınızla cihad eləyin. Bilsəniz nə qədər bunun sizə xeyri var.
42. Arada asan yolla qazanc və adi bir səfər məsələsi olsaydı,
əlbəttə, qoşulardı onlar Sənə. Ancaq qət ediləcək məsafə uzaq
gəldi onlara. Və özlərini yeyib-tökərək "Gücümüz çatsaydı,
sizinlə bir çıxardıq yola savaş üçün" deyə and içərlər Allaha.
Onların yalançı olduğunu bilir Allah.
43. Doğru-yalan danışanları tanımadan nəyə görə rüsxət verdin
onlara. Allah bağışlasın səni.
44. Allaha və axirət gününə iman gətirənlər malıyla, canıyla cihaddan
yayınmaq üçün səndən rüsxət istəməzlər. Müttəqiləri tanıyır Allah.
45. Ancaq Allaha və axirət gününə iman gətirməyən, ürəyi şübhə
içində olan və öz şübhələri içində vurnuxan kimsələr səndən rüsxət
dilərlər.
46. Savaşa getmək istəsəydilər, bunun üçün bir hazırlıq görərdilər.
Allah istəmədi onlar yola çıxalar. Dayandırdı onları. "Evdə
qalanlarla [qadınlarla, uşaqlarla] qalın" deyildi onlara.
47. Sizinlə bir savaşa çıxsaydılar, hərc-mərclik qatardılar aranıza,
fitnə-fəsadla vurardılar aranızı. Aranızda onların cəsusları var.
Zalımları tanıyır Allah.
48. Əvvəllər də fitnə-fəsad törətmək istəmişdilər, sənin işlərini
alt-üst eləmişdilər. Axır ki, haqq gəldi. Onlara xoş gəlməsə də
zəfər çaldı Allahın əmri.
49. Onlardan eləsi var "Rüsxət ver mənə, fitnənin qurbanı
eləmə məni" söyləyər. Fitnənin qurbanıdır beləsi artıq. Cəhənnəmin
içindədir kafirlər hər tərəfdən.
50. Bir yaxşılıq dəysə sənə, xoşuna gəlməz onların. Bir müsibət
üz versə sənə, "Biz öncədən qılmışdıq öz çarəmizi" deyər
və sevinə-sevinə çönüb gedər onlar.
51. De ki, "Allahın alnımıza yazdığından savayı bir şey gəlməz
başımıza. Bizim mövlamız Odur. Təkcə Allaha güvənsin mö'min olan
bəndələr".
52. De ki, "İki yaxşı şeydən [qələbə çalmaq, yaxud şəhid
olmaq] birininmi bizə nəsib olacağını gözləyirsiniz? Biz də gözləyirik
ki, sizə Öz dərgahından göndərəcəyi əzabla, yaxud bizim əlimizlə
müsibətə uğradacaq sizi Allah. Siz gözləməyinizdə olun, biz də
sizinlə birgə gözləməkdəyik".
53. De ki, "Malınızı könüllü də, könülsüz də xərcləsəniz
fərq eləməz, sizdən sədəqəni qəbul buyurmaz O, doğru yoldan sapmışdınız".
54. Verdikləri sədəqənin qəbul edilməsinə təkcə o mane oldu ki,
danırdılar Allahı və Rəsulunu, tənbəl-tənbəl gəlirdilər namaza,
verdiyini də könülsüz verirdilər.
55. Nə onların mal-dövləti, nə də uşaqları heyrətə salmasın səni.
Bunlarla onlara dünya həyatında əzab vermək istəyir, kafirliyində
qalaqala canlarının çıxmasını istəyir Allah.
56. Allaha and içərlər ki, sizdəndirlər, amma sizdən deyillər.
Qorxaq bir qövmdür onlar.
57. Bir sığınacaq, yaxud mağara, yaxud da girəcəyi olan yer tapdılarmı,
o saat oraya can atar onlar.
58. Onlardan eləsi də var sədəqələrin paylaşdırılmasında sənə
irad tutar. O sədəqələrdən onlara pay düşərsə razı qalarlar, pay
düşməzsə o saat hirslənərlər.
59. Kaş ki, razı qalaydılar Allahın və Rəsulunun onlara verdiyindən,
deyəydilər: "Təkcə Allahın verdiyi bəsimizdir. Yaxın vaxtda
Allah da bizə Öz lütfündən pay verəcək, Rəsulu da. Biz təkcə Allahdan
pay umarıq".
60. Allahın hökmünə görə yalnız fəqirlərə, yazıqlara, sədəqələri
toplayıb qeydə alan mə'murlara, ürəyi İslama qızacaq adamlara,
kölələrə, borclulara, Allah yolunda və yolçulara sərf edilər sədəqələr.
Hər şeyi biləndir, müdrikdir Allah.
61. Onlardan bə'ziləri də Peyğəmbəri incidərək "Hər deyilənə
qulaq verir o" deyərlər. De ki, "Sizə xeyri olana qulaq
verir o, Allaha iman gətirir, mö'minlərə inanır, sizdən iman gətirənlərə
rəhmətini bəxş eləyir. Ağrılı bir əzab gözləyir Allahın Rəsulunu
incidən kimsələri".
62. Allaha and içərlər sizi razı salmaq üçün. Ancaq elə etməlidirlər
qoy daha çox Allah və Rəsulu onlardan razı qalsın, əgər mö'mindirlərsə.
63. Məgər bilməzmidirlər, Allaha və Rəsuluna qarşı çıxan kimsəni
cəhənnəm odu gözləyir və od içində əbədilik qalar o. Budur böyük
rüsvayçılıq.
64. Münafiqlər o şeydən çəkinirlər ki, bir surə nazil ola və bu
surə onların özlərinə bildirə ürəyində gizlətdiyi şeyləri. De
ki, "Siz hələ lağ eləyin, çəkindiyiniz şeyləri aşkara çıxarar
Allah".
65. Sorğuya çəksən onları "Biz gerçəkdən əylənib oynayırdıq"
deyərlər. "Allahımı, Onun ayələrinimi, Rəsulunumu siz lağa
qoyurdunuz?" söylə onlara.
66. "Heç üzr də diləməyin, kafirliyə döndünüz imana gələndən
sonra. Sizlərdən kimini əfv eləsək belə kiminə də işlətdiyi günaha
görə əzab verəcəyik".
67. Bir-birinin tayıdır ikiüzlü kişilər, ikiüzlü qadınlar. Pisliyi
buyurar, yaxşılıqdan adamları ayırar, sədəqə verməkdən yayınar
onlar. Onlar Allahı unutmuşlar, Allah da onları. Sapmışlardır
münafiqlər, şübhəsiz.
68. İkiüzlü kişilərə, qadınlara, kafirlərə cəhənnəm odunu və'd
etmiş Allah. Od içində əbədilik qalarlar. Bu onlara bəs eləyər.
Onları lə'nətləmiş Allah. Əbədi bir əzab gözləyir onları.
69. Siz də özünüzdən öncəkilər kimi davrandınız. Ancaq onlar sizdən
daha güclüydülər, mal-dövləti, uşaqları sizinkindən çox idi. Ləzzət
apardılar paylarına düşəndən. Onlar kimi siz də ləzzət apardınız
payınıza düşəndən. Necə batmışdısa onlar batilə, siz də batdınız
batilə eləcə. Dünyada və axirətdə boşa çıxmış işləri, itkiyə uğramış
onlar.
70. Öncə gəlib getmiş olan Nuh, Ad və Səmud qövmlərinin, İbrahim
qövmünün, Mədyən adamlarının və alt-üst olmuş şəhərlərin xəbərləri
çatmamışmı onlara? Aşkar dəlillər gətirmişdi peyğəmbərləri. Onlara
zülmü Allah eləməmişdi, özləri özlərinə eləmişdilər.
71. Bir-birinə arxadır mö'min kişilər, mö'min qadınlar yaxşılığı
buyurar, adamları pis əməldən ayırar, namaz qılar, zəkat verər,
Allaha və Rəsuluna itaət eləyər onlar. Rəhmət edəcək onlara Allah.
Şübhəsiz, güclüdür, müdrikdir Allah.
72. Mö'min kişilərə, mö'min qadınlara içindən çaylar axan cənnətləri
və'd etmiş Allah, oralarda əbədilik qalarlar. Adn cənnətlərində
gözəl məskənlər və'd etmiş onlara Allah. Allahın rizası isə bunlardan
da böyük şeydir. Budur o böyük qurtuluş!
73. Ey Peyğəmbər! Savaşa qalx kafirlərlə, münafiqlərlə, onlarla
sərt rəftar elə. Yurd-yuvası cəhənnəmdir onların. Pisdən pis bir
yerdir ora.
74. Allaha and içərlər ki, sənin əleyhinə bir kəlmə kəsməyiblər.
Ancaq küfr söyləmişdilər, müsəlman olduqdan sonra yenə küfr eləmişdilər,
bacarmadıqları şeyə girişmişdilər. Allah və Rəsulu Onun lütfüylə
varlandırdı onları, buna əvəz olaraq intiqam almaq istədi onlar
[nankorluq etdilər] Yaxşı olardı tövbə edələr. Yenə üz döndərsələr,
ağrılı bir əzaba uğradar dünyada və axirətdə onları Allah. Yer
üzündə də onların nə bir dostu olar, nə də bir yardımçısı.
75. Onlardan bə'ziləri "Bizə bol ne'mətindən verərsə Allah,
biz də mütləq sədəqə verərik, əməli salehlərdən olarıq" deyə
and içdilər Allaha.
76. Onlara bol ne'mətindən verəndə Allah, xəsislik elədilər, dediyindən
döndülər. Dönükdür onlar.
77. Allaha verdiyi sözdən döndüyünə görə, yalan danışdığına görə
riyakarlıq çökdürdü ürəyinə onların Allah. Onunla üzləşəcəyi günə
qədər beləcə qalar onlar.
78. Sirlərini, gizli söhbətlərini bilir Allah. Görünməzləri çox
yaxşı biləndir Allah. Bunu bilməzmidirlər?
79. O kəslər ki, ürəkdən sədəqələr paylayan mö'minlərə irad tutarlar
və ancaq imkanı çatan qədər verə bilən mö'minləri lağa qoyarlar,
onların özlərini lağa qoyubdur Allah. Ağrılı bir əzab gözləyir
onları.
80. Sən onlara məğfirət diləsən də, diləməsən də Allahdan, fərq
eləməz, yetmiş dəfə məğfirət diləsən belə, onları əfv etməz Allah.
Danmışdılar Allahın ayələrini. Sapmışların qövmünü doğru yola
yönəltməz Allah.
81. Savaşdan qalanlar Rəsulun arxasında qalıb sevindilər, istəmədilər
cihad edələr mallarıyla, canlarıyla Allah yolunda. "Bu istidə
cihada getməyin dedilər. Cəhənnəm odu daha istidir söylə onlara
əgər başa düşsələr.
82. Qazandığı günahlara görə az gülsün, çox ağlasınlar.
83. Allah səni döndərib geriyə, onlardan bir tayfanı salsa sənin
rastına və cihada getmək üçün səndən izn istəsələr, de ki, "Bir
daha mənimlə getməzsiniz cihada, mənimlə getməzsiniz düşmən üstünə.
Oturub qalmağa razı qaldınız öncə, indi də evdə qalanlarla qalın".
84. Onlardan ölən bir kimsənin üstünə namaz qılma, qəbrinin başında
durma. Allahı, Rəsulu dandı onlar, öləndə də sapmışlar olaraq
öldü onlar.
85. Onların mal-dövləti və uşaqları heyrətə salmasın səni. Bunlarla
onlara dünyada əzab vermək istəyir, kafirliyində qala-qala canlarının
çıxmasını istəyir Allah.
86. "Allaha iman gətirin, Rəsuluyla bir cərgödə cihad edin"
sözlərilə bir surə nazil olan zaman onlardan imkanlı olan kimsələr
səndən rüsxət istədilər, "Qoy biz də evdə qalanlarla qalaq"
dedilər.
87. Razı oldular ki, evdə qalan qadınlarla qalalar. Möhürləndi
qəlbləri. Bir xeyir qanmazlar daha.
88. Ancaq Rəsul və onunla bərabər iman gətirənlər malıyla, canıyla
cihad etdilər. Xeyir-bərəkət gözləyir onları, uğura uğrayandılar.
89. Onlar üçün içindən çaylar axan cənnətləri hazırlamış Allah,
oralarda əbədilik qalarlar. Budur böyük qurtuluş!
90. Yzr-bəhanə uyduran bə'zi bədəvilər rüsxət üçün gəldilər, aldılar.
Allaha və Rəsuluna yalan söyləyənlər tərpənməyib yerlərində qaldılar.
Ağrılı bir əzaba düçar olar onlardan küfr eləyən kimsələr.
91. Zəiflər, xəstələr, xərcləməyə bir şeyi olmayanlar cihaddan
qalsalar, batmazlar bir günaha bağlı qaldıqca onlar Allaha. Yaxşıları
qınamazlar. Günahlardan keçəndir, Rəhimdir Allah.
92. Və bir də o kəsləri qınamazlar ki, gəldilər yanına səndən
minik alalar və sən də "Bir miniyim yoxdur ki, aparım sizi"
dedin onlara. Dönüb getdilər. Gözlərindən yaş daşırdı hüznlə.
Xərcləməyə bir şey tapmamışdılar.
93. O kəsləri qınayarlar ki, onlar varlı ola-ola cihaddan qalmaq
üçün səndən rüsxət dilərlər. Evdə qalan qadınlarla qalmağa razı
oldu onlar. Qəlbinə möhür vurdu onların Allah. Bir şey bilməzlər
daha.
94. Onların yanına savaşdan dönən zaman sizdən üzr dilərlər. De
ki, "Yzr-filan diləməyin. Biz sizə inanmarıq. Sizin xəbərinizi
çatdırmış bizə Allah. Əməlinizi Allah da, Rəsul da görəndən sonra
dönərsiniz görülməzi, görüləni bilənin dərgahına. O da bildirər
sizə nə iş görürdünüzsə.
95. Onların yanına savaşdan dönən zaman sizi Allaha and verəcəklər
ki, onlardan əl çəkəsiz. Əl çəkin, murdardılar, günahlarına görə
cəza olaraq yurd-yuvası cəhənnəmdir onların.
96. Sizə and verirlər ki, onlardan razı qalasız. Siz razı qalsanız
da sapmışların qövmündən razı qalmaz Allah.
97. Bədəvilər daha çox kafirdilər, riyakardılar. Daha çox onlar
bilməyir Allahın Öz Rəsuluna göndərdiyinin qoyduğu yasaqları.
Hər şeyi biləndir, müdrikdir Allah.
98. Bədəvilərdən eləsi var xərclədiyini cərimə sayar, başınıza
bir qəzanın gəlməsini gözləyər. Öz başına o pis qəza!. Allah eşidəndir
hər şeyi, biləndir hər işi.
99. Bədəvilərdən eləsi də var inanar Allaha və axirət gününə.
Allahın dərgahında Ona yaxın məqam tutmaq, Rəsulun xeyir-duasını
qazanmaq üçün bir vəsilə sayar xərclədiyini. Xərclədiyi gerçəkdən
yaxınlaşdırar onu Allaha.
100. Allah müsəlman olmaqda birincilik qazanan mühacirlərdən [Peyğəmbərlə
bərabər Məkkə müşriklərini tərk eləyib Mədinəyə hicrət eləyən
müsəlmanlar] və ənsardan [Mədinədə mühacirlərə yardım eləyən yerli
müsəlmanlar] gözəl iş tutub bunlara qoşulanlardan razı qaldı.
Onlar da Ondan razı qaldılar. Onlar üçün içindən çaylar axan cənnətləri
hazırlamış O, oralarda əbədilik qalarlar. Budur böyük qurtuluş.
101. Bədəvilərdən aramızda ikiüzlülər var, Mədinə əhlindən ikiüzlülüyündə
qalanlar var. Onları siz tanımırsız, Biz tanıyırıq. İki dəfə əzaba
salacağıq onları, sonra böyük bir əzaba uğrayar onlar.
102. Savaşdan qalanların bir qismi də e'tiraf elədi günahlarını.
Yaxşı işlə pis əməli qarışıq saldı onlar. Onların tövbəsini bəlkə
Allah qəbul edə. Günahlardan keçəndir, Rəhimdir Allah.
103. Onları pak eləyib günahlarını yuyan sədəqə al onların sərvətindən,
onlar üçün dua elə, sənin duan rahatlıq gətirər onlara. Allah
eşidəndir hər şeyi, biləndir hər işi.
104. Məgər bilməzmidirlər, bəndələrinin tövbəsini qəbul edər,
sədəqələr alar Allah. Şübhəsiz, tövbələri qəbul edəndir, Rəhimdir,
Allah.
105. De ki, "İşinizdə olun, onsuz da elədiyinizi görəcək
Allah. Onun Rəsulu və mö'minlər də eləcə. Axır dönəcəksiniz görülməzi,
görüləni bilənin dərgahına. O da bildirər sizə nə iş görürdünüzsə.
106. Elələri də var Allaha qalıb onların işi. Ya əzab verər, ya
da tövbələrini qəbul buyurar Allah. Biləndir hər işi, müdrikdir
Allah.
107. O kəslər ki, zərər vermək, küfr eləmək, mö'minlərin arasına
təfriqə salmaq naminə məscid tikirlər və öncə Allaha və Rəsuluna
qarşı savaşmış olanın yolunu gözləyirlər, "Bir niyyətimiz
yoxdu bizim yaxşılıqdan savayı" deyə and-aman edəcək onlar.
Onların yalan dediyinə şahiddir Allah.
108. Nəbadə namaz qılasan orada. Daha yaxşı olardı ki, ilk gündən
taqva naminə qurulmuş məsciddə namaz qılasan. Paklanmağı sevənlər
gəlir buraya. Paklanan kəsləri sevər Allah.
109. Kim daha yaxşıdır, binasını Allahdan taqva naminə, Onun rizasını
qazanmaq naminə quranmı, binasını bir sıldırım kənarında qurub
oradan cəhənnəm oduna yuvarlananmı? Zalımların qövmünü doğru yola
yönəltməz Allah.
110. Qurduqları bina şübhə və iztirab qaynağı olaraq qəlblərində
qalacaq ta o vaxta qədər ki, qəlbləri parça-parça olacaq. Biləndir
hər şeyi, müdrikdir Allah.
111. Əvəzində cənnəti vermək üçün mö'minlərdən canlarını, mallarını
satın alıbdır Allah. Allah yolunda savaşır, öldürür, öldürülür
onlar. Tövratda, İncildə, Qur'anda bu Allahın verdiyi haqq və'didir.
Və'dinə Allahdan daha çox vəfa eləyən kim ola? Sevinin alış-verişinizə.
Budur böyük qurtuluş!
112. Onlar o kəslərdir ki, tövbə, ibadət və həmd eləyərlər Ona,
oruc tutarlar, namaz qılarlar, yaxşılığı buyurarlar, adamları
pis əməldən ayırarlar və Allahın qoyduğu hədləri qoruyarlar. Cənnət
xəbərilə mücdələ mö'minləri.
113. Aydın olandan sonra ki, cəhənnəm əhlidirlər, qohumları olsa
belə nə Peyğəmbərə, nə də iman gətirənlərə yaraşar müşriklər üçün
Ondan məğfirət diləmək.
114. Məğfirət diləməzdi atasına İbrahim, sadəcə əməl eləyirdi
ona verdiyi və'də. Biləndə ki, Allahın düşmənidir atası, ondan
uzaq oldu. Çox həssasdı, həlimdi həqiqətən İbrahim.
115. Doğru yola yönəltdikdən sonra bir qövmü Allah, bu yoldan
azdırmaz onları nə qədər ki, çəkinməli olduqları mətləbləri açıqlamayıb
onlara O.
116. Allahdır göylərin, yerin yiyəsi, can verib can alır O. Allahdan
başqa sizin nə bir dostunuz var, nə də bir yardımçınız.
117. Peyğəmbəri və o çətin saatda ona qoşulan mühacirləri və ənsarı
əfv eləmişdi Allah. Onların bə'zisi ürəyində az qala bezikmişdi
cihaddan. Onların tövbəsini yenə qəbul elədi Allah. Onlara çox
şəfqətlidir, Rəhimdir O.
118. Savaşdan qalmış o üç kişinin də tövbəsini qəbul elədi O.
Başlarına bu gen dünya dar gəlmişdi, nəfəsləri tıncıxmışdı, anlamışdılar
ki, Allaha sığınmaqdan savayı bir çarəsi yox onların. Tövbə elədiklərinə
görə onların tövbəsini qəbul buyurdu Allah. Şübhəsiz, tövbələri
qəbul edəndir, Rəhimdir Allah.
119. Ey iman gətirənlər, Allahdan qorxun, doğru sözlü, düz əməlli
kimsələrlə bir olun.
120. Mədinə əhlinə və onların ətrafında olan bədəvilərə yaraşmaz
ki, Allahın Rəsulunun ardınca getməyələr, ondan öncə öz canlarının
hayına qalalar. Çünki Allah yolunda susuzluğa, yorğunluğa, aclığa
düçar olmaq, kafirləri qəzəbləndirərək düşmənlə döyüşdə uğur qazanmaq
yalnız yaxşı işlər kimi yazılıbdır taleyinə onların. Yaxşıların
əcrini boşa çıxarmaz Allah.
121. Onların Allah yolunda az və ya çox xərcləməyi, bir vadini
keçməyi yalnız yaxşı əməl kimi onların taleyinə yazılıb ki, gördükləri
işlərin ən yaxşısının əvəzini versin onlara Allah.
122. Savaşa getməməli mö'minlər hamılıqla. Gərəkli olmazdımı bir
tayfa adam qalıb dini yaxşıca öyrənəydi və savaşdan geri dönən
qövmünə onu öyrədəydi ki, yanlış hərəkətlərdən həzər edəydi sonra
onlar.
123. Ey iman gətirənlər! Sizə lap yaxın duran kafirlərlə savaşın
ki, sərtliyinizi duysun onlar və bilin, müttəqilərin tərəfindədir
Allah.
124. Nazil olan zaman hər hansı surə "Hansınızın imanını
artırmış bu?" deyənlər var onların arasında. İman götirənlərin
imanını artırmış həmin surə, sevinc bəxş eləmiş onlara.
125. Yrəyi azarlıların da murdarlığına murdarlıq qatmış. Kafir
olaraq ölmüş onlar.
126. Məgər görməzmidilər, hər il bir ya iki dəfə sınağa çəkilir
onlar. Yenə də tövbə eləyib ibrət almayır onlar.
127. Nazil olan zaman hər hansı surə, baxarlar bir-birinin üzünə,
deyərlər: "Bir kimsə görürmü sizi?" Sonra da aralanıb
gedərlər. Onların ürəyini doğru yoldan döndərmiş Allah. Anlamaz
bir qövmdür onlar.
128. Sizə öz içinizdən elə bir Rəsul gəlib ki, ona ağır gəlir
sıxıntıya düşməyiniz, çox istəyir gələsiniz imana. Mö'minlərə
çox şəfqətlidir, Rəhimdir O.
129. Səndən üz döndərsələr, de ki, "Tək Allah bəs edər mənə.
Ondan başqa tanrıyoxdur. Ona güvəndim. Böyük ərşin Rəbbidir O!"
|