Təəssüf
ki, müsəlman ölkələri daxili və xarici asayişlərini təhdid edən
bir dönəmin içində yaşayırlar. Başda Orta Şərq ölkələri olmaq
üzrə islam dünyasında terror qruplaşmalarının ortaya çıxmasına
iqtisadi tənəzzül, sosial və siyasi faktorlar və s. şərtlər zəmin
yaradır. Bir qisim terror təşkilatları başqa terror təşkilatlarına
qarşı içində olduqları ölkələrin rəsmiləri tərəfindən dəstəklənirlər.
Bir başqaları xarici ölkələrin siyasi və iqtisadi mənfəəti üçün
çalışır.
Son bir neçə əsrdə islam
dünyasının elm və texnologiyalarda geri qalması onları xarici
müdaxilələr və istismar üçün açıq bir coğrafiya halına gətirib.
Bu coğrafiyada xalqın bir qismi yerli idarəçiləri və ziyalıları
yabançılaşmış görür və bunlara qarşı etiraz edir. Digər tərəfdən,
bəzilərində imperialist olaraq gördükləri ölkələrə və onlarla
mənfəət əlaqəsi olduğuna inandıqları fərdlərə və qruplara qarşı
üsyan duyğuları qabarmaqdadır. Kobud şəkildə təsvir etməyə çalışdığımız
bu tablodan terrorun meydana çıxma səbəblərinin təbiiliyi görünür.
Bu coğrafiyada eyni şərtlər altında yaşayan insanlar müsəlman
olmasaydılar, eyni təpkilər yenə olar, terror təşkilatı yenə yaranardı.
Bəzi fərd və dairələr islam ölkələrində terror təşkilatlarının
olmasını islamın özü ilə bağlamağa çalışır, bir digər qrup isə
terrorçunun müsəlman olmasını əsas götürüb «islami terror» kimi
terminlər işlədirlər.
Biz digər aspektləri
mütəxəssislərin öhdəsinə buraxıb terrorun islam və ya müsəlman
ilə əlaqələndirilməsi üzərində durmaq istərdik. Terror təşkilatlarının
və terror aktlarına qatılan fərdlərin başda cihad olmaq üzrə bəzi
islami dəyərləri şüar olaraq işlətməsinin terror ilə islam arasında
bir əlaqə qurulmasına səbəb olduğunu görürük. Terrorçunun bir
tərəfdən özünü rahatlatmaq, digər tərəfdən cəmiyyətin simpatiyasını
qazanmaq üçün dini dəyərlər də daxil hər vasitəni işlətmək istəməsi
təbiidir.
Əcəba, iddia edildiyi
kimi, terroru islamın əsl qaynağı olan Quran və sünnətlə bağlamaq
doğrudurmu? Digər tərəfdən, müsəlmanın terrorçu olması mümkündürmü?
Cihad
anlayışı
Bəzi terror təşkilatları
öz aksiyalarına cihad adı verdikləri üçün öncə cihad qavramı üzərində
qısaca duraq. Cihad hər bir müsəlmanın Allahın razılığını qazanmaq
üçün sərf etdiyi hər cür cəhdin adıdır. Bu anlamda cihad qiyamətə
qədər davam edəcək bir ibadət tipidir. Fərdin öz nəfsini tərbiyə
etmək üçün sərf etdiyi cəhd daxil olmaqla öz elmi, malı, xidməti
ilə müsəlmanların şərəfinin qorunması üçün çalışması cihad olaraq
adlandırılır. Cihad müəslamanların hücuma uğrayacaqları barədə
ciddi bir məlumatları olduğu təqdirdə qəbul etməyə məcbur olduqları
müdafiə tədbiri də ola bilər. Peyğəmbərimizin özü və ya əshabdan
birinin başçılıq etdiyi döyüşlərin və əsgəri hərəkatın sayı altmışdan
çoxdur. Amma bunların heç birində təcavüz olmayıb. Heç bir müşrik
qövmünə müşrik olduğuna görə hücum edilməyib. Bütün döyüşlər ya
başlamış bir hücumun qarşısını almaq, ya da hücum hazırlığını
başlanğıcda nəticəsiz qoymaq üçün edilib. Müsəlmanları cihada
təşfiq edən ayələr də, əsasən, qaçılması mümkün olmayan bir savaşla
bağlı nazil olub. Qurana görə, dövlətlər arasında əlaqələrdə əsas
olan sülhdür. Müharibə istisnai bir haldır.
İslamın və müsəlmanların
varlığını və şərəfini qorumağı nəzərdə tutan müharibələr az olub.
Bu tip cihadlar məşru bir müəssisədir. Müsəlmanların ölkələrinin
işğal edilməsinə, müstəmləkəçilik və təzyiqlərə qarşı müqavimətləri
məşrudur, onların ən təbii haqları və vəzifələridir.
Yalnız bu mövzuda diqqətə
alınmalı çox önəmli bir nöqtə var. O da budur: bütün hüquq sistemlərində
olduğu kimi, islam hüququnda da məqsədin məşru olması kimi, o
məqsədə çatma üçün təqib edilən yolun məşru olması da qaydadır.
Bu səbəblədir ki, Quran möminləri savaşa təşfiq etməklə kifayətlənmir,
döyüşün necə aparılmasını da açıqlayır. Mülki vətəndaşları, qadın,
uşaq və yaşlıları öldürməyə, avtomatik silahlarla məktəb servislərini
yoxlamağa, ev, dükan, maşınları yandırmağa, hadisə ilə bağlılığı
olmayan adamları girov götürmə, hətta öldürməyə cihad adı verilə
bilərmi? Üstəlik, öldürülən və mülkü talan edilən bu insanlar
həm də müsəlman isələr? Vücudlarına bağladıqları və ya maşınlarına
yüklədikləri partlayıcıları qələbəlikdə partladaraq həm özlərini,
həm məsum insanları öldürən intiharçıların bu işlərinə cihad adı
vermələri aksiyalarını cihad, özlərini mücahid edərmi? Bu suala
aşağıdakı örnəkləri əsas alaraq oxucu özü cavab tapacaq. Peyğəmbərimizin
islam müharibə hüququna əsas olan hərəkətlərindən örnəklər verərək
mövzuya aydınlıq gətirməyə çalışaq.
Cihadın
döyüş tipi ilə bağlı qaydalar
İslamda cihadın döyüşlə
bağlı qaydaları Quran işığında və peyğəmbərimizin sünnəti əsas
götürülərək bu başlıqlar altında xülasə edilə bilər.
1.Düşmənlə qəddar davranmamaq
Peyğəmbərimiz döyüş zamanı
belə düşməni bədənən və ruhən əzməyi qayə etməyib. İnsanlar düşmən
də olsa, mərhəmət duyğularını qabardacaq və acınacaq duruma gələndə
onlara acımaq lazım gəldiyini peyğəmbərimizdən öyrənirik. Xeybər
qalalarının fəthi tamamlandıqdan sonra Safiyə binti Huyey ilə
əmisinin qızı hz. Bilal tərəfindən əsir alınıb ölülərin arasından
keçirilərək gətirilmişdi. Peyğəmbərimiz «Ey Bilal, səndə mərhəmət
duyğusu sökülüb atıldımı ki, bu qadınları ölülərin arasndan keçirdin?»
deyə ona irad tutmuş, Safiyə binti Huyeyə müsəlman olmağı təklif
etmiş, sonra da onunla evlənmişdi.
2. İşgəncə yasağı
Peyğəmbərimiz düşmənə
işgəncə verməyi yasaq eləmişdi. Peyğəmbərə həqarət edən Məkkə
müşriklərindən olan Süheyl bin Əmr Bədr savaşında əsir edilmişdi.
Hz. Ömər onun qabaq dişlərinin ikisini sökməyə izin istədi ki,
bir də peyğəmbərin əleyhinə danışmasın. Amma peyğəmbərimiz razılıq
verməmişdi.
3- Düşmən ölülərinə hörmət
Müşriklərin döyüşdə öldürdükləri
kimsələrdən intiqam almaq məqsədi ilə qulaq, burun və tənasül
üzvlərini kəsmək, qarınlarını yarmaq kimi adətləri vardı. Buna
«müslə» deyirdilər. Peyğəmbərimiz Ühüd döyüşündə əmisi hz.Həmzənin
cəsədini parçalanmış olaraq görəndə dərin bir üzüntü keçirir.
«Əgər Allah zəfər nəsib edərsə, Həmzəyə edilənin qarşılığında
otuz müşrikə qarşı eyni hərəkəti edəcəyəm» deyə söz vermişdi.
Bununla bağlı «Əgər cəza verəcək olsanız, sizə edilənin misli
ilə cəzalandırın. Amma əgər səbr edərsəniz, bilin ki, bu, səbr
edənlər üçün daha xeyirlidir» (Nəhl, 126) ayəsi nazil olunca bu
andından vaz keçib kəffarə ödəmişdi.
4. Mülki vətəndaşlara və məsum hədəflərə hücum etməmək
Peyğəmbərimiz vəfatına
yaxın rumlarla birlikdə şimali ərəblərin Mədinə üzərinə hücum
hazırladıqlarını eşidir. O, bu zaman komandan təyin etdiyi Hüsamə
b. Zeydə bu tövsiyələri etmişdi: «İnkarçılarla vuruşun. Əhdə vəfasızlıq
etməyin. Meyvə verən ağacları kəsməyin. Monastırlarda sığınan,
özünü ibadətə vermiş ruhanilərə, kiçik uşaqlara, qadınlara dəyməyin».
Nəql etdiyimiz bütün
bu örnəklər cihadın Quranda olan sabit bir təməl qaydasının tətbiqindən
başqa bir şey deyil. Bu da ancaq döyüşənlərlə döyüşmək qaydasıdır.
Baqara surəsinin 190-cı ayəsi bu qaydanı belə ifadə edir: «Allah
yolunda savaşın sizinlə savaşanlarla. Ancaq təcavüz eləməyin.
Təcavüzkarları sevməz Allah». Eyni qayda Maidə surəsinin 8-ci
ayəsində belə açıqlanır: «Bir dəstə adama bəslədiyiniz kin sizi
insafdan çəkindirməsin. İnsaflı davranış təqvaya daha yaxındır.
Çəkinin Allahdan». Düşmənlə mərhəmətsiz davranma, müslə etmə,
işgəncə vermə, qadınları və uşaqları öldürmə həddi aşmaqdır, məzkur
ayələrdə Allah bunu yasaq etmişdir.
5. Düşmənə insani yardım
Cihad hər zaman düşmənə
zərər verərək edilmir. Bəzən çətin vəziyyətdə qalanda düşmənə
insani yardım etmək də cihad anlamına gələ bilir. Belə bir davranış
düşmənçilik duyğusunun azalmasına və düşmənin gücünün qırılmasına
yol aça bilər. Hicrətdən sonra Məkkədə quraqlıq və qıtlıq illərində
peyğəmbərimiz şəhərə taxıl, xurma, heyvan yemi və nəğd qızıl göndərmişdi.
6. Müharibə son çarədir
Məsələlər heç də hər
zaman güclə çözülməz. Yuxarıda da deyildiyi kimi, qəbul edilməz
görülən müqavilə şərtlərini ehtiva etdiyi halda Hüdeybiyyə müqaviləsinin
altına möhür basaraq qan tökülməsinin qarşısını alan peyğəmbərimizin
bu siyasəti Qurandan qaynaqlanmırdımı? «Kafirlik eləyən, sizi
Məscidi-Harama yaxın qoymayan, qurbanlıq heyvanlarınızı qurbangaha
buraxmayan onlar idi. Sizin tanımadığınız mö'min kişilərlə qadınlar
vardı orada. Bilməməzlik üzündən onları əzə bilərdiniz, günaha
bata bilərdiniz. Onlar orada olmasaydılar, savaşın qarşısını almazdı
Allah. Allah belə elədi ki, rəhmətinin yazısına salsın istədiyi
kimsələri. Mö'minlərlə kafirlər aralanmış olsaydılar bir-birindən
ağrılı bir əzaba uğradardıq kafirləri». (Fəth, 25) Məlum olduğu
kimi, iki illik bir səbrdən sonra Məkkə qan tökülmədən fəth edildi.
Son olaraq demək istərdik
ki, şəhərlərin qələbəlik küçələrində mülki şəxsləri, qadın, uşaq
və yaşlıları qətl edən, binaları uçuran, girov aldığı məsum insanları
işgəncə ilə öldürən kəslərin bu işə cihad adı vermələri doğru
deyil. Səsini çatdırmaq üçün məsum insanları öldürmək kimi çirkin
mücadilə yolunu müsəlmanlar icad etməyib. İndiyə qədər bu aksiyalardan
müsəlmanlar bir fayda da görməyiblər. Əksinə, islamın və müsəlmanların
elm, irfan, haqq və ədalət, sevgi və sülh imicinə böyük zərbə
vurulub. İnsanların zehnində islam və müsəlmanlarla terror arasında
bir əlaqə qurulub ki, islama bundan böyük bir zərbə vurula bilməzdi.
Qısaca, terrorun cihad anlayışı içində yeri yoxdur. Heç bir müsəlman
həm müsəlman qalıb, həm də Allahın cızdığı yolun tərsi olan bir
yolla gedə bilməz.
|