Rəhman
və Rəhim Allahın adıyla
1. Ey Peyğəmbər! Zövcələrinin
rəğbətini qazanasan deyə Allahın sənə halal bildiyini niyə özünə
yasaq eləyirsən? Günahlardan keçəndir, Rəhimdir Allah.
2. Andlarınızı geriyə
götürmək üçün kəffarə tə'yin eləmiş sizə Allah. Sizin dostunuzdur
Allah. Hər şeyi biləndir, müdrikdir O.
3. Zövcələrindən birinə
[Aişəyə] Peyğəmbər gizlicə söz demişdi. Gizli deyilən sözü sirr
saxlamayıb faş elədi o qadın. Bunu Peyğəmbərə bildirdi Allah.
Peyğəmbər də ona vəhy olunanın bir qismini söylədi, bir qismini
söyləmədi. Gizli sözü faş eləyən zövcəsini sorğuya tutdu. «Bunu
sənə kim bildirdi?» söylədi o qadın, «Hər şeyi bilən, hər şeydən
xəbərdar olan Allah bildirdi mənə» dedi Peyğəmbər.
4. [Aişəyə, Hifsəyə,
daha sonra Peyğəmbərin bütün zövcələrinə müraciətlə] İkiniz də
Allaha tövbə eləyin. Günaha batmış ürəkləriniz. Peyğəmbərin əleyhinə
çıxsanız, bilin, Allahdır onun dostu, Cəbraildir, yaxşılardan
olan mö'minlərdir, mələklərdir ona yardım edənlər.
5. Sizi boşayarsa Peyğəmbər
əgər, özlərini Allaha təslim eləmiş mö'min, itaətkar, tövbə və
ibadət eləyən, oruc tutan və sizdən daha yaxşı olan dul qadınları,
bakirə qızları verər ona Rəbbi.
6. Ey iman gətirənlər!
Özünüzü, arvad-uşağınızı yanacağı insanlar və daşlar [bütlər]
olan oddan qoruyun. Daşürəkli, qoluzorlu mələklər məs'uldur bu
odun yanmağına. Bu mələklər Allahın əmrindən çıxan deyillər, onlara
deyiləni dərhal eləyərlər.
7. «Ey kafirlər! Daha
üzr diləmək dəmi deyil. Bu gün yalnız gördüyünüz işlərə əvəz olaraq
sizə cəza verilər».
8. «Ey iman gətirənlər!
Ürəkdən tövbə eləyin, tutun üzünüzü Allaha. Bəlkə suçlarınızdan
keçə, içindən çaylar axan cənnətlərə sala sizi Rəbbiniz». Peyğəmbəri
və onunla birgə iman gətirənləri Allahın xəcil eləməyəcəyi gün
onların önünə, sağına iman nuru işıq salar. «Nurumuzu kamala yetir,
suçumuzdan keç bizim, Sən hər şeyə qadirsən, Rəbbimiz!» deyər
onlar.
9. Ey Peyğəmbər! Kafirlərə,
münafiqlərə qarşı cihad elə. Sərt davran onlarla sən. Gedəcəyi
yer cəhənnəmdir onların. Pisdən pis yerdir ora.
10. Nuhun arvadıyla Lutun
arvadını kafirlərə misal çəkər Allah. Əməli saleh bəndələrmizlə
nigahda ikən ərlərinə xəyanət eləmişdi hər ikisi. Allahın bunlara
verdiyi əzabın qarşısını ala bilməmişdi ərləri. «Cəhənnəmə girənlərə
qoşulun» deyilmişdi o qadınlara.
11. İman gətirənlər üçünsə
Fir'onun arvadını nümunə çəkər Allah. «Rəbbim! Öz yanında cənnətdə
mənimçün bir ev düzəlt, Fir'onun əlindən, onun əzabından qurtar
məni, zalımların əlindən al məni» demişdi bu qadın.
12. Məhrəm yerini qorumuş
olan İmran qızı Məryəm də bir nümunədir. Onun məhrəm yerinə ruhumuzdan
üfürmüşdük. Təsdiq eləmişdi Rəbbinin kəlamını, Kitablarını. Allaha
ürəkdən itaət edənlərdən idi bu qadın.
|