Rəhman
və Rəhim Allahın adıyla
1. Ey peyğəmbər, qadınları boşayanda gözləyin
onların iddələrini. Hesablayın iddəni. Rəbbiniz Allahdan çəkinin,
çıxarmayın evlərindən onları. Onlar da çıxmasınlar. O başqa ki,
açıq-aşkar bir yavalıq edələr. Bu, Allahın hədləri. Kim Allahın
hədlərini aşırsa zülm eyləmiş canına. Nə biləsən, bəlkə Allah
bundan sonra bir iş saldı ortaya.
2. Iddələri bitdimi, ya onları qaydaya uyğun olaraq
saxlayın, yaxud da qaydaya uyğun olaraq onlardan ayrılın. Içinizdən
iki adil tanıq tutun. Şahidliyi Allah üçün eyləyin. Bu, bir öyüddür
verilir o kəsə ki, inanır Allaha, axır günə. Kim çəkinsə Allahdan,
var eyləyər beləsinə bir çıxış yolu.
3. Saymadığı bir yerdən ona ruzi yetirər. Kim
güvənsə Allaha beləsinə Onun Özü yetərli. Allah Öz işini yerinə
yetirəndir. Bir ölçü var eyləmiş Allah hər bir nəsnəyə.
4. Əgər şübhələnsəniz..., aybaşından kəsilən qadınlarınız
üçün iddə üç aydır. Və aybaşı keçirməmiş olanlar… Boylu qadınlara
gəlincə isə, vaxtları doğuşdan azad olunca gələr. Kim çəkinsə
Allahdan, işini avand edər.
5. Allahın sizə göndərdiyi
əmri belədir. Əmrinə qarşı çıxmayan kəslərin günahlarından keçər,
əcrini artırar Allah.
6. Boşadığınız qadınlara
iddələri bitməyincə evinizdə yer verin qalsınlar. Onları bir sıxıntıya,
çətinliyə salmayın. Hamilə olsalar əgər, çəkin xərclərini doğuşa
qədər. Körpəni sizinçün əmizdirərsə onlar, verin ücrətlərini.
Yaxşılıqla dil tapın öz aranızda. Alınmasa, çətinliyə düşsəniz,
körpəni başqa bir qadın da əmizdirə bilər.
7. Varlı olan öz varından
xərcləsin, ruzisi az verilənsə Allahın verdiyindən. Verdiyindən
artıq şeyi heç kəsə yük etməz Allah. Hər çətinlikdən sonra yüngüllük
gətirər Allah.
8. Rəblərinə, Onun peyğəmbərlərinin
əmrinə qarşı çıxan neçə-neçə şəhərlərlə çəkmişik haqq-hesabımızı,
göstərmişik gücümüzü onlara, ağır bir əzaba uğratmışıq onları.
9. Dadmışlar işlərinin
bəlasını və axır itkiyə uğramışlar.
10. Şiddətli bir əzab
hazırlamış onlara Allah. Ey iman gətirən ağıl yiyələri, qorxun
Allahdan. Allah nazil eləmiş sizə bu Qur'anı,
11. Allahın aşkar ayələrini
sizə oxuyan bir Elçini. Nazil eləmiş ki, iman gətirənləri, əməli
salehləri qaranlıqlardan aydınlığa çıxara Rəsul. Allaha inanan,
yararlı işlər görən kimsəni içindən çaylar axan cənnətlərə salar
Allah. Oralarda əbədilik qalar o. Beləsinə gözəl ruzi tə'yin eləmiş
Allah.
12. Yeddi göyü, bir o
qədər də yeri Allahdır yaradan. Göylərin, yerlərin tabe olduğu
Allahın əmri sizə bildirilir biləsiniz, hər şeyə qadirdir Allah,
hər şeyi almış içinə Allahın elmi.
|