Rəhman
və Rəhim Allahın adıyla
1. Ta hə.
2. Biz Sənə Qur'anı göndərmədik
əziyyətə düşəsən.
3. Göndərdik öyüd verəsən
müttəqilərə.
4. Yerin, uca-uca göylərin
xaliqi göndərmiş onu.
5. Rəhman ərşdə qərar
tutmuş.
6. Onundur göylərdə nə
varsa, yer üzündə nə varsa, bunların arasında nə varsa, yer altında
nə varsa.
7. İstəyirsən lap açıqca
de sözünü. Gizlini də, gizlinin gizlisini də, şübhəsiz, bilir
O.
8. Allahdan başqa tanrı
yoxdur, Onundur ən gözəl adlar.
9. Musanın hədisi sənə
çatdımı?
10. Bir od şö'ləsi görmüşdü
Musa. Ailəsinə demişdi; «Burda gözləyin məni. Bir od gördüm uzaqda.
Ya gedib mən sizə bir parça od gətirərəm, ya da doğru yolu nişan
verər mənə od.
11. Oda yaxın gəlcək
o, bir səs gəldi: «Ey Musa!
12. Mənəm sənin Rəbbin,
çıxar başmaqlarını, sən müqəddəs vadi olan Tuvadasan.
13. Mən səni seçər oldum.
Dinlə vəhy edilənləri.
14. Şübhəsiz, Allah Mənəm,
Məndən başqa tanrı yoxdur. Mənə ibadət elə, Məni anmaq naminə
də namaz qıl.
15. Gələcəkdir o saat.
Vaxtını azacıq gizli saxlaram hər kəs eləsin öz bildiyini və sonra
bilsin cəzasını elədiyinin.
16. O saatın gəlməyinə
inanmayan, nəfsinin əsiri olan kimsə səni qiyamətə inanmaqdan
çəkindirməsin, yoxsa yox olarsan.
17. Sağ əlində tutduğun
nə ola, ey Musa?»
18. Dedi: «O mənim əsamdır,
ona söykənirəm, onunla qoyunlarıma ağacdan yarpaq tökürəm, daha
neçə işlərimdə karıma gəlir bu əsa».
19. «Ey Musa, onu yerə
at!» dedi Allah.
20. Atdı yerə əsanı,
bir də baxdı cəld sürünən iri bir ilan oldu əsa.
21. «Qorxma, yerdən al
onu, qaytararıq Biz onu ilkin halına.
22. Əlini qoltuğuna sal,
çıxar. Bir zərər gətirmədən ağappaq ağarar əlin. Bu başqa mö'cüzə.
23. Bunları elə ki, Biz
sənə daha böyük mö'cüzələr göstərək.
24. Fir'onun yanına gedərsən.
Həddini həqiqətən aşmış o».
25. Musa dedi: «Rəbbim,
genişləndir sinəmi,
26. avand elə işimi.
27. Aç dilimin düyününü
28. anlasınlar deyəcəyim
deyimləri.
29. Mənə vəzir elə ailəmdən
bir nəfəri,
30. qardaşım Hərunu.
31. Onu mənə arxa elə,
32. işlərimə şərik elə.
33. Çoxlu-çoxlu həmd
oxuyaq biz Sənə,
34. hər an biz anaq Səni!
35. Şübhəsiz, görürsən
bizi!»
36. Allah dedi: «İstədiyin
verilmiş sənə, ey Musa.
37. Biz sənə bir yol
da yaxşılıq eləmişdik.
38. Bir vaxt sənin anana
vəhy eləmişdik:
39. «Uşağı sandığa qoy,
suya at. Sahilə atar su onu. Mənə də, ona da düşmən olan bir kimsə
götürər onu. Ey Musa, sənə sevgi verdim, sevimli olasan, gözümün
önündə böyüyəsən».
40. «Ona baxa bilən birisini
göstərimmi sizə?» gedib demişdi onlara bacın. Biz səni beləcə
anana qaytardıq ki, gözləri aydın olsun, üzüntüdən qurtulsun.
Sən qətlə yetirmişdin bir nəfəri, qəm əlindən aldıq səni. Neçə-neçə
imtahana çəkdik səni. İllərlə ömür sürdün Mədyən əhli arasında,
sonra taleyinə yazdığımız vaxt gələndə [qırx yaşına çatanda] sən
də gəldin yanımıza, ey Musa.
41. Səni Özüm üçün ayırıb
seçdim.
42. Sən və qardaşın,
alın ayələrimi, gedin insanların içinə, usanmadan anın Məni.
43. Gedin Fir'onun yanına.
Həddini həqiqətən aşmış o.
44. Yumşaq sözlər deyin
ona bəlkə bir öyüd ala, yaxud qorxuya düşə».
45. Dedilər: «Rəbbimiz!
Qorxuruq ki, bizə bir pisliyi toxuna, bir az da azğınlaşa».
46. «Qorxmayın, Mən sizinləyəm.
Eşidirəm görürəm Mən hər şeyi» dedi Allah -
47. «Onun yanına gedin,
deyin «Biz sənin Rəbbinin elçiləriyik. Bizimlə birgə yola sal
İsrail oğullarını, əzabdan qurtar onları. Biz sənə Rəbbindən bir
ayə gətirmişik. Salam olsun doğru yolun yolçusuna.
48. Bizə vəhy edilmiş,
haqqı danan, haqdan dönən kimsələr üçündür veriləcək o əzab».
49. Fir'on dedi: «Rəbbiniz
kim ola, ey Musa?»
50. Musa dedi: «Hər şeyə
öz xilqətini verəndir, sonra da yol göstərəndir Rəbbimiz».
51. Fir'on dedi: «Elə
isə bəs öncəki nəsillər necə olsun?»
52. Musa dedi: «Onların
barəsində Rəbbimin dərgahında yazılmış. Rəbbim heç nədən xəbərsiz
deyil, heç nəyi unudan deyil».
53. Yer üzünü sizdən
ötrü beşik düzəldən, orada sizdən ötrü yollar açan, səmadan su
endirən Odur. Növ-növ bitki bitirmişik bu su ilə.
54. Yeyin, mal-qaranızı
otarın. Şübhəsiz, bunlarda ayələr var ağıl yiyələri üçün.
55. Torpaqdan yaratdıq
sizi, torpağa qaytararıq sizi və torpaqdan bir daha çıxardarıq
sizi.
56. Ayələrimizin hamısını
göstərmişdik Fir'ona. Dandı bunları, Allahın birliyini qəbul etmək
istəmədi.
57. Dedi: «Cadunla gəldin
bizi yurdumuzdan çıxarasan, deyilmi, ey Musa?
58. Biz də sənə o cadudan
göstərərik. İndi bundan ötrü elə vaxt və yer tə'yin elə ki, sənə
də, bizə də uyğun ola və heç hansımız çaşmaya».
59. Musa edi: «Görüş
vaxtı ziynət günü [camaatın bəzəndiyi bayram günü] olsun və günorta
çağı camaat yığışaraq meydana gəlsin».
60. Dönüb getdi Fir'on.
Cəmi cadubazlarını cəm eləyib gəldi.
61. Musa onlara dedi:
«Yazıqlar olsun sizə. Allahın adına yalan yaxmayın, yoxsa yoxa
çıxarar sizi verəcəyi əzabla. Yanılar gümanında yalan yaxanlar»
dedi Musa.
62. Çək-çevir edərək görəcəyi işləri gizli-gizli danışdı bir-birinə
o cadubazlar.
63. Dedilər: «Bu iki
cadubaz cadularıyla istəyirlər sizi öz yurdunuzdan qovalar, dininizi
aradan qaldıralar. Halbuki sizin din onların dinindən daha üstün.
64. Di toplayın hiylənizi,
sonra sıra-sıra gölin. Uğura uğrayandı bu gün qalib olan kəs».
65. Dedilər: «Ey Musa!
Söylə sənmi göstərəcəksən öncə məharətini, bizmi göstərəcəyik?»
66. «Siz göstərin» dedi
Musa. İplərini, dəyənəklərini yerə atanda onlar, cadunun tə'sirilə
ona elə göründü ki, sürünür bunlar.
67. İçində bir qorxu
keçirdi Musa.
68. «Qorxma, şübhəsiz,
qalib sənsən, sən» dedik –
69. «Sağ əlindəkini at
yerə yaxalayıb udsun onların düzəltdiklərini. Bir cadubaz hiyləsidir
düzəltdikləri. Cadubaz nə eləyir eləsin, uğura uğrayan deyil».
70. Və nəhayət, üzüqoylu
düşərək Allaha səcdə qıldı o cadubazlar. «Biz iman gətirdik Musanın
və Hərunun Rəbbinə» dedilər.
71. «Mənim iznim olmadanmı
Ona iman gətirdiz? Deməli, böyüyünüz, sizə cadu öyrədən bu imiş.
Əllərinizi, ayaqlarınızı çarpaz olaraq kəsəcəm, xurma ağaclarından
sizi asacam. Onda bilərsiniz, kimin verəcəyi əzab daha şiddətli
olar, daha çox davam eləyər» dedi Fir'on.
72. «Bizə gəlmiş aşkar
dəllillərdən, bizi yaradandan səni üstün tutan deyilik. Nə hökm
verirsən ver, sən yalnız dünya həyatında hökm verə bilərsən» dedilər
–
73. «Rəbbimizə iman gətirdik
ki, səhvlərimizə görə, bizi məcbur elədiyin cadubazlığa görə bağışlasın
bizi. Allahın verəcəyi daha çox xeyir gətirər, daha çox davam
eləyər».
74. Kim suçlu gələrsə
Rəbbinin dərgahına, bilsin, cəhənnəm gözləyir onu, nə ölər, nə
yaşayar orada.
75. Kim saleh işlər görmüş
bir mö'min olaraq gələrsə Rəbbinin dərgahına, bilsin, gözləyir
onu uca-uca mərtəbələr,
76. içindən çaylar axan
Adn cənnətləri. Oralarda əbədilik qalarlar. Paklanmış kimsələrin
mükafatı budur.
77. «Bəndələrimlə gecə
ikən baş götürüb get buradan. Dənizdə əsanla suya vuraraq onlar
üçün quru bir yol aç. Fir'onun gəlib sənə çatmağından, boğulmaqdan
qorxmayasan» deyə biz Musaya vəhy eləmişik.
78. Əsgərləriylə birgə
onların dalınca düşdü Fir'on. Dalğalar bunları aldı, nə aldı!
79. Öz qövmünü azdırmışdı,
doğru yola çəkməmişdi Fir'on.
80. Ey İsrail oğulları!
Düşmənin əlindən aldıq sizi beləcə. Sonra sizə və'd elədik Tur
dağının sağ yanını [burada Musaya Tövratı verməyi və'd elədik].
Qüdrət halvasıyla bildirçin göndərdik göydən sizə.
81. Verdiyimiz gözəl-gözəl
ruzilərdən yeyin, həddinizi aşmayın, yoxsa nazil olar üstünüzə
qəzəbim və qəzəbimə tutulan kəs düşər də od içinə.
82. Tövbə eləyən, iman
gətirən, saleh bir iş görən, sonra doğru yolu tutub gedən kimsəyə
qarşı Mən çox yumşağam, keçərəm suçlarından.
83. «Ey Musa, səni nə
məcbur elədi qövmündən ayrılaraq tez buraya gələsən?» dedik.
84. «Arxamca gəlir onlar.
Razı qalasan deyə mən yanına tələsdim, Rəbbim» dedi Musa.
85. «Qövmün səndən ayrılalı
Biz sınadıq onları. Sapdırmış onları Samiri doğru yoldan» dedi
Allah.
86. Musa əsəbi-əsəbi,
qəmgin-qəmgin döndü qövmünün yanına. Dedi: «Ey qövmüm, gözəl bir
və'd vermədimi sizə Rəbbiniz? Vaxtmı sizə üzun gəldi? Rəbbinizin
qəzəbinə düşməyimi dilədiniz? Sözünüzdən niyə döndünüz, arxamca
niyə gəlmədiniz?»
87. «Sözümüzdən özbaşına
dönmədik. O qövmün [misirlilərin] zər-ziynət şeylərindən bizə
yükləmişdilər. Onları oda atdıq. Samiri də belə elədi» dedilər.
88. Böyürən bir buzov
heykəli düzəltdi onlara Samiri. O və onun dostları dedilər: «Bu,
sizin də, Musanın da tanrısıdır. Amma bunu unutmuş Musa».
89. Məgər görmürdülərmi,
onları cavabsız qoyurdu heykəl, nə zərəri, nə yararı vardı bunun
onlara.
90. Hərun da öncədən
«Ey qövmüm, sizi bu buzovla imtahana çəkirlər. Şübhəsiz, Rəhmandır
sizin Rəbbiniz. Gəlin mənə tabe olun, əmrimə itaət eləyin» demişdi
onlara.
91. «Musa yanımıza dönüncəyədək
buna tapınmaqdan biz əl çəkmərik» demişdilər.
92. Musa dedi: «Ey Hərun!
Gördün ki, sapmış onlar. Bəs sənin imanına nə əngəl oldu?
93. Yolumla niyə getmədin?
Mənəmi qarşı çıxdın?»
94. «Ey anam balası!
Saçımdan-saqqalımdan yapışma. Mən gerçəkdən qorxurdum «İsrail
oğullarının arasına ayrılıq saldın, sözümə baxmadın» deyəcəksən»
dedi Hərun.
95. «Ey Samiri, nədir
bu elədiyin» dedi Musa.
96. «Onların görmədiyini
mən gördüm. O elçinin ayaq basdığı yerdən bir ovuc torpaq götürdüm.
Bunu ziynət şeylərini əridən oda atdım. Nəfsim belə buyurdu mənə»
dedi Samiri.
97. «Get! Bütün həyatın
boyu «Mənə dəyməyin» deyəcəksən. Qaçılmaz bir cəza da gözləyir
səni, alacaqsan bu cəzanı vaxtı gələndə. Tapındığın tanrıya bir
nəzər sal. Yandıracağıq onu, dənizə sovuracağıq külünü» dedi Musa.
98. Tanrınız təkcə Allahdır.
Onun elmi hər şeyi almış içinə.
99. Beləcə danışırıq
sənə keçmiş ümmətlərin əhvalatını. Biz sənə də zikr verdik dərgahımızdan.
100. Kim ondan üz döndərərsə,
ağır bir günah yükünü çəkər qiyamət günü.
101. O yükün altında
belələri əbədi qalacaqlar. Nə pis bir yük imiş qiyamət günü daşıdıqları.
102. Sur çalınan gün
gözləri göyərmiş suçluları cəm edərik bir yerə.
103. Gizli-gizli danışarlar
aralarında. «Siz dünya həyatında yalnız on gün qaldınız» deyərlər.
104. Dedikləri kimi deyil,
bunu daha yaxşı Biz bilirik. «Yalnız bir gün qaldınız» deyər ən
ağıllıları.
105. Səndən dağlar barədə
soruşarlar. De ki, «Qiyamət günü dağları dağıdıb sovurar göyə
Rəbbim.
106. Bom-boş, dümdüz
eləyər onların yerini.
107. Nə bir çuxur, nə
bir təpə görərsən orada.
108. O gün hamı məhşərə
səsləyənin ardınca gedər heç bir yana sapmadan. Rəhmanın önündə
hamı içinə çəkər səsini, bir səs gəlməz şıqqıltıdan savayı».
109. O gün yalnız o kimsə
üçün iltimasın bir faydası olar ki, ondan ötrü iltimasa izn vermiş,
dediyi sözlərindən [«Allahdan başqa tanrı yoxdur»] razı qalmış
Rəhman.
110. Onların gələcəyini
də keçmişini də Allah bilər, onlar bilməzlər.
111. Diri və əbədi olan
Allaha tabe olmuş bütün simalar. Küfr yükünü daşıyan kəs gümanında
yanılmış.
112. Mö'min olub saleh
işlər görən kəs nə pisliklərinin artmasından, nə də yaxşılıqlarının
azalmasından qorxan deyil.
113. Bu Kitabı Qur'an
olaraq ərəbcə nazil elədik. Birər-birər açıqladıq ondakı təhdidləri,
dedik bəlkə qorunalar Allahın əzabından, yaxud da ibrət alalar
Qur'andan.
114. Ucalardan ucadır
gerçək hökmdar olan Allah. Vəhyi bitməyincə Sənə, Qur'anı oxumağa
tələsməyəsən. De ki, «Artır elmimi, Rəbbim!»
115. Biz öncə Adəmlə
də əhd bağlamışdıq. Əhdini unutdu o. Səbat adlı şey görmədik Biz
onda.
116. «Adəmə səcdə eləyin»
söyləmişdik mələklərə bir zaman. Hamı səcdə elədi, iblis eləmədi.
117. Dedik: «Ey Adəm,
sənə də, zövcənə də düşməndir o, şübhəsiz. Gözlə sizi cənnətdən
çıxarmasın, əziyyətə düşərsən.
118. Orda ac qalmaq,
çılpaq qalmaq bilməzsən nə olan şey.
119. Orada susuzlamaq,
günorta bürküdən bişmək bilməzsən nə olan şey».
120. Şeytan pıçıldadı:
«Ey Adəm, sənə əbədiyyət ağacını, fani olmayan bir səltənəti göstərimmi?»
121. O ağacın meyvəsindən
hər ikisi yedilər. Ayıb yerləri göründü. Bunları cənnət yarpaqlarıyla
örtməyə başladılar. Rəbbinə asi oldu, yolundan azdı Adəm.
122. Rəbbi yenə seçdi
onu, qəbul etdi tövbəsini, doğru yolu göstərdi ona.
123. Dedi: «Hamınız düşün
oradan, bir-birinizə düşmənsiniz. Dərgahımdan yanınıza doğru yolu
göstərən gələcək. Kim Mənim yolumu tutacaq olsa, sapmaz o, sıxıntıya
düşməz o.
124. Mənim Kitabımdan
üz döndərən kəs bilməli, daralar güzəranı onun, qiyamət günü də
kor olaraq məhşərə çəkərik onu.
125. «Niyə məni məhşərə
kor olaraq gətirdin, mən ki, görən bir kəs idim» deyər o zaman.
126. «Bəli, ayələrimiz
gəlmişdi sənə, onları unutmuşdun, sən də bu gün eləcə unudularsan»
deyər Allah.
127. Beləcə cəzalandırırıq
həddini aşanı, Rəbbinin ayələrinə iman gətirməyəni. Axirət əzabı
daha şiddətli olar, daha çox davam eləyər.
128. Məgər aydın olmadımı
bunlara öncəki nəsillərdən neçəsini məhv etmişik. İndi gəzib dolaşırlar
onların yurdlarında. Şübhəsiz, bunda ayələr var ağıl yiyələri
üçün.
129. Rəbbinin verdiyi
söz, tə'yin elədiyi əcəl olmasaydı, dərhal məhv olardılar.
130. Səbr elə onların
dediklərinə. Günəş doğmamışkən, batmamışkən həmd edərək öy Rəbbini.
Gecə saatlarında və günün iki yarısında da Rəbbinə həmd oxu ki,
Onun rizasını qazana biləsən.
131. Zillənib qalmasın
gözlərin o bə'zi kimsələrdə ki, dünyaya ziynət verən bolluca ne'mət
vermişik onlara bir imtahan olaraq. Rəbbinin ruzisi daha çox xeyir
gətirər, daha çox davam eləyər.
132. Öz əhlinə buyur
namaz qılsınlar. Özün də ara vermə namaza. Səndən ruzi istəmirik,
sənə ruzi verən Bizik. Aqibətin yaxşısı Allahdan qorxanındır.
133. «Rəbbindən bizim
üçün bir mö'cüzə gətirməli deyilmi o [Muhamməd]?» deyərlər. Məgər
öncəki Kitablarda olan aşkar dəlillər onlara bəs deyilmi?
134. Ondan öncə onları
uğradaraq bir əzaba yox eləsəydik əgər, «Olmazdımı bir elçi göndərəydin
bizə və biz də alçalmamış, rəzalətə düşməmiş iman gətirəydik ayələrinə»
deyərdilər.
135. De ki, «Hamı gözləməyində,
siz də gözləməyinizdə olun. Qiyamət günü biləcəksiz kimlərdir
yolçuları doğru yolun, kimlər tutmuş doğru yolu».
|