Peyğəmbərlər
dünyanı salamatlıq və sülh yurdu halına gətirmək üçün göndərilmiş
kimsələrdir. Onlar insanlığa «sülh və salamatlıq» anlamına gələn
islam dinini çatdırmaq üçün göndəriliblər. Peyğəmbərimiz buyurub:
«Biz peyğəmbərlər ata bir qardaşıq, hamımızın dini birdir». Uca
Allah da Quranda: «Allah qatında yeganə keçərli din islamdır»
(Ali-İmran,19) buyurur və bütün peyğəmbərlərin bu dini insanlara
tanıtmaq üçün gəldiyini və bu mövzuda peyğəmbərlərin ilk örnəkləri
insanlara çatdırdığını xəbər verir.
İslam sülh və salamatlıq deməkdir. Müsəlman da sülh və salamatlığı
hədəfə almış kimsə deməkdir. Uca Allahın bir adı da «Salam»dır.
Ona görə O, sülh və salamatlıq qaynağıdır. Ona təslim olan müsəlman
sülh və salamatlıq qaynağına bağlanmaqla öncə öz iç dünyasında
huzur və sakitliyə qovuşar, sonra da onu xarici dünyaya yaymaq
sevdasına düşər. Gerçəkdən də yaxşı müsəlman ən qeyri-məqbul şərtlərdə
yaşasa belə, hər cür stress, böhran və iç huzuru pozan duyğulardan
uzaq qalmağa çalışar.
Müsəlman «Darüs-səlam»
(sülh və salamatlıq yurdu) olan Cənnətə talib olub, bu dünyanı
da sülh yurdu halına gətirmək vəzifəsini yerinə yetirməlidir.
Elə bu səbəbdən də ilk insan dünyaya gəlməzdən əvvəl Cənnətə qoyulub,
orada bir müddət yaşayıb, Cənnət mədəniyyətini mənimsəyib, sonra
bu dünyaya gətirilib. Ona görə də insan qeyb etdiyi Cənnətin sevdasıyla
yanıb-yaxılmaqdadır, onu bu dünyada qurmağa çalışır, heç olmasa,
ona axirtədə qovuşmağı hədəfə alır.
Eyni zamanda, müsəlmanın
adı əmniyyət və güvən sahibi anlamında «mömin»dir. Uca Allahın
bir adı da «Mömin»dir. Bu səbəbdən inanan insanın varlığı hər
kəs üçün xeyirdir. Necə ki Quran islam cəmiyyətindən bəhs edərkən
belə buyurur: «Siz insanların yaxşılığı üçün ortaya çıxarılmış
ən xeyirli bir ümmətsiniz: yaxşılığı əmr edər, pislikdən çəkinər
və Allaha inanarsınız...» (Ali-İmran, 110).
İslam dininin sahibi
olan Uca Allahın bir adı da «Vədud»dur (Hud, 90).
«Vədud» çox sevən və sevilən anlamına gəlir. Bəli, Uca Allah sevgi
qaynağıdır. Sevgini O yaradıb və bizim mahiyyətimizə «Öz ruhundan
üfürərkən» sevgini O yerləşdirib. İbn Ərəbi dediyi kimi, «Biz
sevgidən sudur etdik (hasil olduq), sevgi ilə yaradıldıq, sevgiyə
doğru yönəldik və sevgiyə verdik könlümüzü». Hud surəsində belə
deyilir: «Rəbbim Rəhimdir, Vəduddur» (Hud, 90).
Özü hər baxımdan gözəl
olan və gözəli sevən Uca Allah fitrətlərə sevgi yerləşdirib və
onun söz və davaranışlara yansıması üçün peyğəmbərlər göndərib,
sevməyi və sevilməyi təmin edən düsturlar məcmuəsi olan kitablar
endirib. Son olaraq da bir-birini yeməkdə vəhşiləri keçmiş olan
insanlardan bir-birini sevən müsəlmanlar yetişdirib. Bu mövzuda
olan bir çox ayədən ikisinə diqqət yetirək: «Allahın ipindən yapışın
hamılıqla, ayrılmayın ondan. Anın Allahın sizə verdiyi bol ne'məti.
Düşməndiniz bir zaman, qəlblərinizi birləşdirdi O. Onun ne'mətilə
qardaş oldunuz. Odlu bir uçurumun kənarında idiniz, sizi xilas
etdi Allah. Düz yola gələsiz deyə beləcə açıqlayır ayələri Allah»
(Ali İmran,103); «O kəslər ki, yurd salmışdı
Mədinədə öncədən, din-iman mərkəzinə döndərmişdi buranı, yanlarına
hicrət eləyərək gələnləri sevər onlar. Bu kəslərə verilən qənimət
mallara görə həsəd hissi keçirməzlər içlərində. Bu qənimət mallara
möhtac olsalar belə, qənimət bölgüsündə özlərindən öndə tutarlar
hicrət eləyənləri. Uğura uğrayanlardır nəfsinə güc gələnlər» (Haşr,
9).
İslama görə, ən böyük
fəth sülhdür. Necə ki Fəth surəsinin ilk ayəsi olan «Biz sənə
aşkar bir fəth və zəfər ehsan etdik» ayəsindəki «fəthi-mübin»dən
qəsd Hüdeybiyyə sülh müqaviləsidir. Müsəlmanlarla Məkkə müşrikləri
arasındakı bu müqavilənin ən əhəmiyyətli maddəsinə görə, müsəlmanlar
və Məkkə müşrikləri on il müddətində bir-biri ilə müharibə etməyəcəkdi.
Bədr, Ühüd və Xəndək davalarından sonra hicrətin 6-cı ilində bağlanan
bu müqavilə ilə peyğəmbərimiz təhlükəsizlik və sülh dini islamın
yayılmasının önündəki müharibə əngəlini aradan qaldırmışdı. İnsanların
öz iradəsi ilə həqiqəti tapması önündə olan əngəl aradan qaldırılmışdı.
Məhəmməd peyğəmbər varlığı
insanların xeyir və yararına olan bir cəmiyyət yaratmaq üçün çalışmış,
onu yaradıb dünyadan köçmüşdü. Onun sağlığında Xeybər yəhudiləri
«Hər halda Cənnət müsəlmanların əli ilə yer üzündə yaradıldı»
deyirdilər. Öz əxlaqı ilə o, insanlar üçün ən gözəl örnək olmuşdu.
Bu barədə Quranda deyilir: «And olsun ki, Rəsulullah sizin üçün,
Allahı və axirət gününə qovuşmağı umanlar və Allahı çoxlu zikr
edənlər üçün gözəl bir örnəkdir» (Əhzəb, 21)
Hİcrətin səkkizinci ilində
Məkkə fəth edildi. Əlli üç illik ata ocağını peybəmbərimizə və
onunla bərabər olanlara dar edən, onlara nə qədər işgəncə verən,
onları Məkkədən sürgün edən, bununla kifayətlənməyib Mədəninədə
də dəfələrlə hücuma məruz qoyan məkkəlilər Məhəmməd peyğəmbərin
komandanlığı altında olan on min nəfərlik orduya ağ bayraq qaldırıb
təslim oldular. Bütün məkkəlilərin bir az qorxu, bir az da həyəcan
ilə gözlədikləri bir zamanda Məhəmməd peyğəmbər onlara sevgi və
mərhəmətin zirvəsini nümayiş etdirib: «Sizi bu gün nə qınayacaq,
nə də başınıza qaxacağıq. Allah sizi bağışlasın. O, bağışlayanların
ən bağışlayıcısıcdır. Gedin, hamınız sərbəstsiniz» demişdi.
Peyğəmbərimizin
həyatından sevgi mənzərələri
1. Allah sevgisi.
Peyğəmbərimizin əsas hədəfləri Allahın razılığını qazanmaq idi.
Onun sözlərində Allah sevgisi, Allah üçün sevmək mövzusuna tez-tez
rast gəlinir.
2. Dost sevgisi.
Peyğəmbərimiz cahiliyyə qaranlıqlarında yaşayan hər cür insanları
sıxıntılara qatlanaraq insanlıq tarixinin ən mükəmməl insanları
səviyyəsinə yuksəldib. Bir zamanlar ona işgəncə və əziyyət verənləri
əfv edib. «Sizə öz içinizdən elə bir Rəsul gəlib ki, ona ağır
gəlir sıxıntıya düşməyiniz, çox istəyir gələsiniz imana. Mö'minlərə
çox şəfqətlidir, mərhəmətlidir o» (Tövbə, 128);
«Möminlərə qol-qanad ver, onları şəfqətlə qoru» (Hicr,
88); «Sənə tabe olan möminlərə qol-qanad gər» (Şuara,
215).
3. İnsan sevgisi.
O, bütün aləmlərə rəhmət olaraq göndərilmişdi. (Ənbiya,
107). İnsanları qurtarmaq üçün heç bir fədakırlıqdan
çəkinməzdi. Yanlış yerə insanların öldürülməsinə və kim olursa-olsun,
onlara əziyyət, işgəncə verilməsinə, kölələşdirilməsinə şiddətlə
qarşı çıxan bir peyğəmbər. Müharibə vaxtı belə işgəncə verilərək
insanları öldürməyə yasaq qoymuşdu. Döyüşə girməyənlərə və müsəlman
olduğunu deyənlərə əsla toxunulmamasını əmr etmişdi. Peyğəmbərimizin
sevgi və şəfqəti ilahi qaynaqlı idi. «Allahın rəhmətinin səbəbilə
sən onlara mülayim oldun. Kobud olsaydın, qəlbi qəliz olsaydın
əgər, ətrafından dağılışıb gedərdilər. Əfv et onları, məğfirət
dilə onlara, məsləhətləş onlarla. Gəldinmi bir qərara, güvən Allaha.
Ona güvənənləri, şübhəsiz, sevər Allah» (Ali İmran, 159).
Sevgi könüldə yer edən,
xarici dünyaya təsir edən bir duyğudur. İnsanları sevmək, mərhəmətli
olmaq insanlıq əlamətidir. Bu sevginin qaynağı isə bir adı da
Vədud olan Allahdır: «Qiyamət günü hamısı da təklənərək gələcək
Onun dərgahına.
O kəslər ki, iman gətiriblər,
saleh işlər görüblər, sevimli edəcək onları Rəhman»(Məryəm,
95-96).
|