|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 161: Dinimizdə ov etməyə icazə varmı?

Cavab: Məidə surəsinin 94-96-cı ayələrinə görə ov halaldır. Amma əynində ihram olanda ov etmək olmaz. Həddini aşmaq da yasaqlanır: “Ey iman gətirənlər! Əllərinizin və nizələrinizin ovladığı ovla sizi Allah sınağa çəkər ki, bilsin kim çəkinir xəlvətdə Ondan. Bundan sonra kim həddini aşarsa, ağrılı bir əzab gözlər onu. Ey iman gətirənlər! Əyninizdə ihram varkən ov ovlamayın. Kim qəsdən ov ovlayarsa, əvəzində mal-qarasından keçməli və bunların da miqdarının ovlanan ovun misli olduğuna içinizdən iki ədalətli adam qərar verməli. Bu mal-qara qurbanlıq kimi Kəbəyə göndərilməli. Yoxsulları doyuzdurmaq və ya elədiyinin ağırlığını dadmaq üçün buna bərabər oruc tutmaq da kəffarə sayılır. Ötüb keçmiş günahlardan keçmiş Allah. Güclüdür, intiqam alandır Allah. Dolanışıq üçün dənizdə ov ovlamaq və onu yemək sizə də, yolçulara da halal bilinmiş. Əyninizdə ihram varkən quruda ov ovlamaq sizə haram bilinmiş. Hüzuruna cəm olacağınız Allahdan çəkinin”.

Sual 162: Adəmlə bağlı Tövrat və Quranda müştərək nöqtələr varmı?

Cavab: Adəmlə bağlı Tövrat və Qurandakı müştərək nöqtələr bunlardır: 1. Adəm torpaqdan yaradılıb, 2. Adəm yol verdiyi xətaya görə cənnətdən çıxarılıb, 3. Allah Adəmə əşyaların adlarını öyrədib.

Sual 163: Tövbə surəsi bismilahir-rəhmanir-rəhimlə başlamır. Amma Quranda 114 yerdə bismilahir-rəhmanir-rəhim işləndiyi deyilir. Hansı surədə iki dəfə işlənib?

Cavab: Nəml surəsinin 30-cu ayəsində.

Sual 164: Mələk Cəbrayılın adı Quranda keçirmi?

Cavab: Bəli. 3 yerdə “Cəbrail” adı işlənir.

Sual 165: İnsanlığın ilk cinayəti haqda Quran nə deyir?

Cavab: Məidə surəsinin 27-31 ayələrinə görə, ilk cinayət qısqanclıq üzündən olub. Qurbanlığı qəbul olunmayan qardaş qısqanclıq üzündən o birini öldürüb: “27. Haqq olaraq oxu onlara Adəmin iki oğlunun hekayətini. Hər ikisi gətirmişdi qurbanlığını. Qəbul edilmişdi qurbanların biri, edilməmişdi o biri. 3 Qurbanı qəbul edilməyən «Səni öldürəcəyəm» demişdi öz qardaşına. Bu da cavab olaraq demişdi: «Yalnız müttəqilərdən qəbul edər qurbanı Allah. Üstümə əl qaldırsan öldürəsən məni, üstünə əl qaldırmaram öldürəm səni. Çünki mən qorxaram Allahdan, aləmlərin Rəbbindən! İstərəm mənim günahımı da yükləyib öz üstünə cəhənnəmlik olasan. Budur zalımların cəzası». Nəfsi sövq elədi onu [qurbanı qəbul edilməyən] qardaşını öldürməyə, öldürdü qardaşını. İtgiyə uğradı o. Qardaşının cəsədini necə basdıracağını göstərmək üçün yeri eşələyən bir qarğa göndərdi Allah. «Vay halıma, bir qarğa qədər də olmadım ki, qardaşımın cəsədini necə basdıra bilim» dedi və peşmançılıq çəkənlərdən oldu”.

Sual 166: Quranda qumar barədə nə deyilir?

Cavab: O da şərab kimi şeytan əməlidir, insanlar arasına düşmənlik, kin qatar, doğruya və gözələ gedən yoldan sapdırar: “Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları şeytan işidir, iyrənc əməldir. Bunlardan kənar durun ki, uğura uğrayasız. Şərabla, qumarla şeytan aranıza düşmənçilik, kin-küdurət salmaq istər, Allahı anmaqdan və namaz qılmaqdan çəkindirmək istər. Deməli, bunlardan əl çəkdiniz, deyilmi?” (Məidə 90-91).

Sual 167: Ümidsizlik küfrdürmü?

Cavab: Bəli. Quran ümidsizliyi, pessimizmi qəbul etmir. Çünki Allahın rəhmi sonsuzdur. Allahın rəhmətindən ümidini kəsmək küfə batmış cəmiyyətlərə xasdır: «Sapmışlardan savayı axı kim üzər ümidini Rəbbinin rəhmətindən?» (Hicr 56); “Ey oğullarım! Gedin soraqlayın Yusufu və qardaşını. Allahın rəhmətindən ümidinizi üzməyin. Allahın rəhmətindən ümidini ancaq kafirlər üzər» (Yusif 87).

Sual 168: Bəziləri kimisə inandırmaq üçün yox, vərdiş etdiyi üçün and içir. Bunun kəffarəsi nədir?

Cavab: Belə anda görə məsuliyyət yoxdur, amma məkruh sayılır və pislənilir. «Allah sizi çərənləyərək içdiyiniz andlara görə töhmətləndirməz, ürəyinizdən gələn andlara görə töhmətləndirər» (Baqara 225).

Sual 169: Kişilərin uzun saç saxlamasının qadınları təqlid olduğunu, ona görə haram olduğunu deyirlər. Doğrudurmu?

Cavab: Saçların kürək sümüklərinə qədər uzadılması, bəzən ortadan ayrılması, hətta hörülməsi peyğəmbərimizin zamanında müsımanlar arasında geniş yayılmışdı. Bu, dəb məsələsidir, haram deyil.

Sual 170: Müşrik ilə evlənən boşanmalıdırmı? Evlənəndən sonra müşrik olan həyat yoldaşı ilə yaşamaq doğrudurmu?

Cavab: İslama görə müşriklə evlənmək və evliliyi davam etdirmək haramdır.

Sual 171: Ər-arvad oruclu olanda bir-birini qucaqlayar və yanaqdan öpərsə, orucları pozularmı?

Cavab: Xeyr, pozulmaz.

Sual 172: Tağut nədir?

Cavab: Tağut yolunu azan, zalım deməkdir. İlahlaşdırılmış, bütləşdirilmiş insan, Firon tipli fərd və ya cəmiyyət kimi anlaşılıır. Nisə surəsinin 51-ci ayəsində deyilir: “Kitabdan pay düşənləri görməzmi oldun? Bir baxsana onlara - bütə və Tağuta inanırlar və bunlar möminlərdən daha doğru yoldadır» deyirlər kafirlərə”. Tağutun qalstuklusu da, əmmaməlisi də ola bilər.

Sual 173: Oruclu olanda diş pastası ilə diş yumaq orucu pozurmu?

Cavab: Xeyr, pozmur.

Sual 174: "Allah adına kəsilən və Allah adına kəsilməyən heyvan" hansılardır?

Cavab: Bütlərin adına kəsilməyən heyvan Allah adına kəsilmiş sayılır. Müsəlman, xristian və yəhudilərin kəsdiyi heyvanların əti yeyilir (donuzdan başqa).

Sual 175: Quranda “Ey möminlər” müraciəti çox işləndiyindən deyirlər ki, sanki Müqəddəs Kitabımız kişilərə xitab edir. Belədirmi?

Cavab: Xitab bütün insanlaradır. Ərəb dilində qadın və kişiyə birlikdə xitab ediləndə kişi cinsində müraciət edilir. Bu, bir dil xüsusiyyətidir.

Sual 176: Deyirlər sol əl ilə yemək-içmək haramdır, çünki şeytan sol əli ilə yeyib-içir. Bu barədə istinad edilən hədis də var. Doğrudurmu?

Cavab: Sağ və sol, əl və ayaqla bağlı bu tip söhbətlərin hamısı xurafatdır.

Sual 177: Quran digər peyğəmbərlərin də namaz qıldığını deyir. Onların namazı bizim qıldığımızla eynimi olub?

Cavab: Bu barədə bir şey bilmirik. Bu mənada işlənən “salat” sözü hər cür duanı ifadə edir.

Sual 178: Dinimizə görə, maneken işləmək günahdırmı?

Cavab: Məhrəmiyyət şərtlərinə uymursa, günahdır.

Sual 179: Sadəcə, "La ilahə illəllah" deyən müsəlman olurmu, yoxsa kəlmeyi-şəhadət tam şəkildə deyilməlidir?

Cavab: Peyğəmbərlərə iman şərti yerinə gətirilmədən iman olmaz. Kəlmeyi-şəhadət tam deyilməlidir.

Sual 180: Meditasiya ilə məşğul olmaq günahdırmı? Belə çıxmırmı ki, sıxıntılardan qurtarmaq üçün islam dini yetərsizdir?

Cavab: Meditasiya ibadət kimi qəbul olunmursa, günah deyil.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.