|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 121: Təhrim surəsinin 1-ci ayəsində peyğəmbərimizə edilən xəbərdarlıqla bağlı nə deyə bilərsiniz?

Cavab: Ayədə deyilir: “Ey Peyğəmbər! Zövcələrinin rəğbətini qazanasan deyə Allahın sənə halal bildiyini niyə özünə yasaq eləyirsən? Günahlardan keçəndir, Rəhimdir Allah”. Burada çox açıq şəkildə bildirilir ki, təhrim - bir şeyi haram qılma səlahiyyəti Allahın inhisarındadır, hətta peyğəmbərə də belə səlahiyyət verilməyib.

Sual 122: Etmədiyi şeyi demək günahdırmı?

Cavab: Bəli, günahdır. Saff surəsinin 2-3-cü ayələrində deyilir: “Ey iman gətirənlər! Eləmədiyiniz bir şeyi niyə söyləyirsiniz? 3. Eləmədiyiniz bir şeyi söyləməyiniz artırar qəzəbini Allahın”.

Sual 123: İsa peyğəmbər evlənibmi? Nəsli davam edirmi?

Cavab: Quranda İsa peyğəmbərin evliliyinə dair heç bir məlumat yoxdur.

Sual 124: Muzzəmmil surəsinin 20-ci ayəsində “Qurandan sizə asan gələni oxuuyun” ayəsi nəyə işarə edir?

Cavab: Quran gündəlik həyatımızda bizə çətinliklərə salmadığı kimi Allah taala ibadətdə də çətinliyə düşməyimizi, yoxuşa dirənməyimizi istəmir. Təəssüf ki, peyğəmbərimizdən sonra bir yığın əlavələrlə din və ibadət insanlar üçün ağırlaşdırılıb, problemlər yaradılıb.

Sual 125: Quranda Sinələri düyünlənmiş qızlar” (Nəbə 33) tipli təsvirləri necə izah edərsiniz?

Cavab: Axirətlə bağlı təsvirlər məcazidir. Bunlar fikir oyandırmaq üçündür, həqiqi əlamətlər deyil.

Sual 126: Müddəssir surəsinin 11 ayəsində “mənimlə o yaratdığım kimsəni yalnız burax (mənim öhdəmə burax)” deyilir. Bunu necə anlamalı?

Cavab: Bu ayə Quran dininin çox önəmli cəhətinə diqqət çəkir. Təbliğ adamı Allahla bəndə arasına girməməlidir. Onun vəzifəsi despotluq yox, Quran dinini insanlara anlatmaq, şüurları oyatmaqdır.

Sual 127: Fatihə surəsinin son ayəsindəki “qəzəbə gəlmişlər, sapmışlar” kimdir? Yəhudilər və xristianların nəzərdə tutulduğunu deyənlər haqlıdırmı?

Cavab: Ayədə bunların kimliyinə yox, tövrünə diqqət çəkilir. Kimlərisə toplu halında bu kateqoriyaya salmaq olmaz.

Sual 128: Məkkə müşrikləri namaz qılırmışmı?

Cavab: Bəli, Ənfal surəsinin 34-35-ci ayələrində deyilir: “Axı nə səbəbə əzab verməyə Allah bir halda ki, mö'minləri yaxın buraxmır Məscidi harama onlar, heç Ona dost da deyil onlar. Yalnız müttəqilərdir Onun dostları. Ancaq bunu bilməyir çoxu onların. Kəbə yanındakı namazları da fit çalmaqdan, əl çalmaqdan başqa bir şey deyildi. Kafirlik elədiyinizə görə dadın əzabı!” Amma onların namazı şirkə alət edilmişdi.

Sual 129: Peyğəmbərimizin İsra gecəsində Allahı görməsi haqda deyilənlər doğrudurmu?

Cavab: Quranda buna dəlil olacaq bir işarə yoxdur.

Sual 130: Allahın rəhmət və qəzəbi haqda Quran nə deyir?

Cavab: Əraf surəsinin 156-cı ayəsində deyilir: “Allah dedi: «İstədiyim kimsəni uğradaram əzabıma. Hər şeyə yetir rəhmətim”. Burdan aşağıdakı nəticələr çıxır: Allahın qəzəb və əzabı istisna, rəhməti isə ümumi və hüdudsuzdur.

Sual 131: Müxtəlif səhih adlanan hədislər qiyamətin nə vaxt qopacağı haqda məlumatlar verir. Bəzən bunlar üst-üstə düşmür. Quran bu barədə nə deyir?

Cavab: Əraf surəsinin 187-ci ayəsində deyilir: “Səndən soruşarlar, qiyamət saatı nə vaxt gölib çatacaq? De ki, «Bunu yalnız Rəbbim bilir, Ondan başqa kimsə yoxdur bildirə o saatın vaxtını”. Ardınca – 187-ci ayədə sanki uydurma hədisləri qabaqlamaq üçün peyğəmbərimizin dilindən onun qeybi bilmədiyi deyilir.

Sual: 132: Nəml surəsinin 15-ci ayəsində Davud və Süleyman peyğəmbərə elm verdiyi deyilir. Peyğəmbərlərə verilən vəhydir, yoxsa elm?

Cavab: Əlbəttə, vəhy. Amma vəhy insanlıq dünyasına enəndə elmə çevrilir.

Sual 133: Planetimizdən kənarda canlı varlıqların olması haqda Quranda bir şey deyilirmi?

Cavab: Bəli. “Həmd oxuyar Rəblərinə ərşi daşıyanlar, onun dövrəsində olanlar. İnanırlar Allaha, məğfirət diləyirlər iman gətirənlərə: «Rəbbimiz! Hər şeyi bürümüş rəhmətin, elmin Sənin. Tövbə edənləri, Sənin yolunla gedənləri bağışla. Cəhənnəm əzabından qoru onları!” (Ğagir 7); “Göylərdə kim varsa, yerdə kim varsa artıq Ona təslim olmuş könüllü ya könülsüz. Onun dərgahına axır dönəcək hamı” (Ali İmran,83); “Məgər görməzmi oldun, göylərdə, yerdə olan şüurlular, göydə qanad gərən quşlar öyürlər Allahı. Hər biri də Allahı necə anacağını, Onu necə öyəcəyini bilir. Onların nə etdiyini bilir Allah” (Nur 41). Təfərrüatlı məlumat vermək mümkün deyil.

Sual 134: İslam dininin Allahla bəndə arasında əlaqədən ibarət olduğunu deyənlərlə yanaşı, ictimai, siyasi, iqtisadi bir sistem olduğunu deyənlər də var. Hansı daha doğrudur?

Cavab: İslam həyatın hər bir sahəsinə münasibət bildirir, amma hansısa sistem irəli sürmür. Əsas olan Qurandakı prinsiplərin qorunmasıdır.

Sual 135: İş yerində namaz qılmaq imkanı yoxdur. Sadəcə dua oxumaq olarmı?

Cavab: İmkan yoxdursa, Allahı anmaq, daxilinizdə icra edə bilərsiniz. Quran yeriyərək namaz qılmağı da hökmə bağlayıb.

Sual 136: Quranın necə endirilibsə, elə o şəkildə qorunur. Məncə, Allahın Quranı qorumağı öz öhdəsinə götürməsinin səbəbi insanların ilahi vəhylərə əlavələr etməsidir (hədis, rəvayət, ayrı-ayrı müəlliflərin əsərləri və s.). Allah Quranda ayələrin apaçıq olduğunu bildirir. Belə olduğu təqdirdə Quran bizə yetməzmi?

Cavab: Quranın islamı yaşamaqda yetərsiz olduğunu söyləmək Quranı inkar etmək kimidir. Başqa mənbələrdən də yararlanmaq olar. Amma onlarda deyilənlərin Qurana zidd olub-olmadığına diqqət yetirməliyik.

Sual 137: Allah kin saxlayırmı?

Cavab: Allah kin saxlamır, haqqın və ədaləti ünvanına çatdırar.

Sual 138: Quranda “Sinələri düyünlənmiş qızlar” (Nəbə 33) tipli təsvirləri necə izah edərsiniz?

Cavab: Axirətlə bağlı təsvirlər məcazidir. Bunlar fikir oyandırmaq üçündür, həqiqi əlamətlər deyil.

Sual 139: Quranın azərbaycanca məallarında “Fatihə”, “Bəqərə”, “Nisə” əvəzinə “Başlanğıc”, “İnək”, “Qadınlar” yazmaq doğrudurmu?

Cavab: Olar. Çünki surə adları vəhy deyil.

Sual 140: Deyirlər, canlıların rəsmini çəkmək, fotoaparatla şəkil çəkmək haramdır. Bu, doğrudurmu?

Cavab: Bunu deyənlər hədislərə əsaslanıralar. Onlardan bəzilərinə baxaq: “Hz. Peyğəmbər canlı bir şeyə bənzər surət düzəldən kimsə üçün belə buyurub: ”Hər kim bir surət düzəldərsə, Allah taala qiyamət günü həmin surətə ruh verənə qədər ona əzab verəcək. O kimsə isə bunu əsla bacarmayacaq”; “Qiyamət günü ən şiddətli əzab rəsm çəkənlərə veriləcək. Onlara deyiləcək: “Yaratdıqlarınızı dirildin” (Buxari, “Libas”, 89, 97); “Allahın yanında əzabı ən şiddətli olan insanlar təsvirçilərdir” (Müslim 6:369) və s.
Uca Tanrı Müqəddəs Kitabımız Quranda rəsm çəkməyi, heykəltəraşlığı haram etməyib. Əksinə, Qurani-Kərimin Səbə surəsini oxuyanda bəlli olur ki, Süleyman peyğəmbərin sarayı heykəllərlə süslənibmiş: “12.Küləyi də Suleymənə tabe eləmişdik. Səhərlər əsəndə bir aylıq yol gedərdi, axşamlar əsəndə bir aylıq yol gələrdi külək. Mis əritdik onun üçün. Ona tabe elədik Rəbbinin iznilə yanında işləyən cinləri. Əmrimizdən çıxdımı bu cinlərdən birisi, ona od əzabını dadızdırardıq. 13. Nə istəsə onun üçün eləyərdi bu cinlər. Mə'bədlər ucaldar, heykəllər düzəldər, böyük hovuzlara bənzəyən qablar, ağır qazanlar və tiyanlar qayırardılar. Ey Davud sülaləsi! Allaha itaətdə olub şükr eləyin. Bəndələrimdən az-az adam şükr eləyir”. Bu ayə bütün bu tip hədislərin üstündən xətt çəkir.



<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.