|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 101: Həşr surəsinin 7-ci ayəsində hər şeyə malik olan Allah nəyə görə pay istəyir?

Cavab: Allah üçün xərcləməyin mənası xalq üçün xərcləməkdir.

Sual 102: Tövbə surəsinin 71-ci ayəsində “Mömin kişilərlə mömin qadınlar bir-birinin vəlisidir (övliyasıdır)” deyilir. Burada qəsd edilən nədir?

Cavab: “Övliya” dost, yardımçı, qoruyan deməkdir. Buradan çıxan mənalardan biri odur ki, mömin qadın və kişilər bir-birinə dəstək olmalıdır. Eyni zamanda qadın və kişinin bərabər tutulduğu görünür.

Sual 103: Kafirlik edən ata-ana ilə necə davranmalı? Quran bu barədə nə deyir?

Cavab: Ata-ana küfrə meyl salıbsa, onlarla könül dostluğu etmək olmaz. Tövbə surəsinin 23-cü ayəsində deyilir: “İmanı qoyub küfrə meyl salıbsa atalarınız və qardaşlarınız, dost tutmayın özünüzə onları. Dost tutanlar zalımlardır ki, var”. Belələri üçün Allahdan onların bağışlanmağını da diləmək olmaz. Onları təbliğ etmək və doğru yola yönəlmələri üçün dua etmək lazımdır: “Aydın olandan sonra ki, cəhənnəm əhlidirlər, qohumları olsa belə nə Peyğəmbərə, nə də iman gətirənlərə yaraşar müşriklər üçün Ondan məğfirət diləmək. Məğfirət diləməzdi atasına İbrahim, sadəcə əməl eləyirdi ona verdiyi və'də. Biləndə ki, Allahın düşmənidir atası, ondan uzaq oldu. Çox həssasdı, həlimdi həqiqətən İbrahim” (Tövbə 1113-114).

Sual 104: Rum surəsində bizanslıların iranlılara qələbə çalmasından möminlərin sevinəcəyi deyilir. Nədən?

Cavab: Adıçəkilən surənin 1-5-ci ayələrində deyilir: “Basıldı rumlar
yaxın bir ərazidə. Bu məğlubiyyətdən sonra qalib gələcək onlar bir neçə il içində. Əvvəldə də, axırda da Allahındır əmr, verər əmrini. Və sevinər möminlər o gün. Allahın yardımıyla sevinmiş onlar. İstədiyi kimsəyə yardım edər, güclüdür, Rəhimdir O”. O vaxt iranlılar bütpərəst, rumlular isə Kitab əhli idilər. Quran tövhid əhlinin möminlərin iman qardaşı olduğuna diqqət çəkir və qələbənin möminlərə sevinc bəxş edəcəyini deyir.

Sual 105: Abdəst alarkən sıralama şərtdirmi? Deyirlər ki, sıranı pozanda abdəst qəbul olunmur. Ağıza 3 dəfə su almaq necə?

Cavab: Quranda sıralama və sayla bağlı heç nə deyilmir.

Sual 106: Haram aylar nə deməkdir və bunlar hansı aylardır?

Cavab: Haram aylar davanın, qan tökməyin yasaq olduğu aylardır. Bunlar zilqədə, zilhiccə, məhərrəm və rəcəb aylarıdır.

Sual 107: Quranda kölələrlə yaxşı davranmağı, onları azad etməyi tövsiyə edən ayələr var. Bəs köləliyin qadağan olunmasından niyə söz açılmır?

Cavab: İslama qədər köləlik var idi. Islam onu mərhələli olaraq aradan qaldırdı. Ayələr o mərhələləri göstərir.

Sual 108: Quranda İsa peyğəmbərlə bağlı bir ayədə deyilir ki, o ölmədi, ancaq onu yüksəltdim. Başqa bir ayədə isə deyilir ki, bütün insanlar ölümü dadacaq. İsa peyğəmbərin dünyaya gələcəyi də deyilir. Bu İsa ölməzdən əvvəlmi olacaq. Quran nə deyir?

Cavab: Dediyiniz ayə İsa peyğəmbərin ölmədiyini yox, çarmıxa çəkilmədiyini deyir. Ölümə gəlincə Quran İsanın öldüyünü açıqca bildirir: «Mənim və sizin Rəbbiniz olan Allaha ibadət eləyin» deyə Sənin mənə buyurduğundan savayı bir şey deməmişəm onlara. Nə qədər ki, onların içində idim, şahidlik eləyirdim onlara. Ancaq Sən məni vəfat etdirəndən sonra təkcə Sən göz oldun onlara. Sən hər şeyi görənsən” (Maidə 117).

Sual 109: Həmd etmək ilə şükür etmək arasında fərq varmı?

Cavab: Ənənəyə görə, həmd hər halda və şərtdə, şükür isə nemətlərə qarşılıq olaraq edilir.

Sual 110: Qızıl taxmaq kişilərə haramdırmı?

Cavab: Quranda belə bir haram yoxdur.

Sual 111: Canımıza faydası olmayan şeyləri alıb istifadə etmək israf və haramdır deyirlər. Siqaretin israf və haram olduğu nəticəsinə gəlmək olarmı?

Cavab: İsraf olduğu qətidir. Haram deyə bilmərik. Çünki bu barədə açıq ayə yoxdur.

Sual 112: Peyğəmbərin sinəsinin açılması nə deməkdir?

Cavab: İnşirah surəsində deyilir: “Biz sənin sinəni açıb genəltmədikmi? Yükünü üstündən götürmədikmi? (Inşirah 1-2). Burada sinənin açılması deyiləndə Haqqın bilik və düşüncə işığı ilə peyğəmbərin iç dünyasının aydınladılması və doldurulması nəzərdə tutulur.

Sual 113: Deyirlər ruh əvvəlcə mineralda, sonra bitkidə, sonra heyvanda, sonra da insanda yaşayır. Bu, doğrudurmu?

Cavab: Quran ruhla bağlı bu nöqtələr barədə bir şey demir.

Sual 114: Qadınların istifadə etdiyi qara çarşab ərəb bütpərəstliyindənmi qalıb? İslamdan əvvəl çarşab nəyin simvolu olub?

Cavab: Qara çarşabın islamla bir əlaqəsi olmadığı dəqiqdir. Bizans-Roma mənşəli olduğu söylənilir. Qara rəng islamda rəğbət qazanmayıb.

Sual 115: Quranda Əzrailin adı çəkilirmi?

Cavab: Quranda Əzrailin adı keçmir. Amma ölüm mələyi mənasında “mələkül-mövt” birləşməsi işlənilir.

Sual 116: Əgər cavan bir şəxs nəfsinə uyub oğurluq edərsə, əlini kəsirlərmi? Bəlkə, tutduğu işə peşmandır. O, ömrü boyu kəsik əlləmi gəzməlidir?

Cavab: Quranın oğurluqla bağlı cəzası əlin kəsilib atılması deyil, oğru olduğunu göstərəcək biçimdə əlinin cızılıb işarələnməsidir. Əgər oğurluq ilk dəfədirsə və müqəssir peşmandırsa, bu cəza həyata keçirilmir.

Sual 117: Günahsız qadınları zinakarıqda ittiham edənlərin cəzası nədir?

Cavab: Nur surəsinin 4-5-ci ayələrində deyilir: “İsmətli qadınları zinada ittiham eləyən və sonra dörd şahid gətirə bilməyən kimsələrə səksən sayda kötək vurun. Onların şahidliyini heç vaxt qəbul eləməyin. Sapmışlardır belələri. Ancaq sonra tövbə eləsələr, düzəlsələr, bu başqa. Şübhəsiz, günahlardan keçəndir, Rəhimdir Allah”. Həmin surənin 23-cü ayəsi onlara başqa bir əzab da vəd edir: “Zinanı ağlına belə gətirməyən ismətli qadınları zinada ittiham eləyən kimsələr lənətə gəlmişlər dünyada və axirətdə. Böyük bir əzab gözləyir onları”.

Sual 118: Namaz qılanda gözü yummaq olarmı?

Cavab: Quranda gözünü yumub namaz qılmağı qadağan edən bir işarə yoxdur.

Sual 119: Hücurat surəsində “İnsanın Allaha din öyrətməsi” deyilən ifadə var. Burada nə nəzərdə tutulur?

Cavab: Deyilən surənin 16-cı ayəsində oxuyuruq: “De ki, «Allahamı öyrətmək istəyirsiz dininizi, imanınızı? Allah bilir axı göylərdə nə varsa, yerdə nə varsa. Hər şeyi biləndir Allah». İnsanın Allaha “din öyrətməsi”nin bir yolu var: Allahın dinini Allahın kitabından kənar qaynaqlara bağlamaq. Quranı qoyub ayrı-ayrı şəxslərin dediklərini hökm qaynağı kimi istifadə etmək.

Sual 120: Cənnətdən qovulan şeytan tək bir varlıqdırmı, yoxsa çoxdurmu?

Cavab: Şeytanın varlığını bildirən Quran onun təkliyi, bir kainat gücü olması və ya qrup olmağı təfərrüatına varmır. Amma Quranda “şeytanlar” sözü də keçir.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.