|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 41: Peyğəmbərimizin 7 yaşlı Aişə ilə evlənməyinin məntiqi nədir?

Cavab: Peyğəmbərimiz evlənəndə Aişənin 7 yaşı olması barədə deyilənlər cəfəngiyyatdır. Evlənmə vaxtı Aişə 17-18 yaşlarında olub.

Sual 42: Kəhf surəsinin 102-ci ayəsində Allahın bəndələrinə tapınmaqdan danışılır. Bunu izah edərsinizmi? Söhbət hansı bəndələrdən gedir. Bu, şirkdirmi?

Cavab: Ayədə deyilir: “Məni qoyub bəndələrimə dostlar olaraq tapınmaqda özlərinə bir faydamı gördülər kafirlik edən kəslər? Cəhənnəmi kafirlər üçün Biz sahmana salmışıq”. Ayədə dostlar mənasında “övliya” sözü işlənib. Tapınma ünvanı olanlar saf, təmiz, Allahın seçilmiş bəndələri ola bilər. Onları ikinci ilah kimi götürən şəxslər şirkə bulaşır. Amma onlar bundan suçlu deyillər. Məntiqlə, bəndələrə tapınanları Allahın hüzurunda iki hesab gözləyir: Allahın haqq-hesabı, bir də şirkə alət etdikləri Haqq dostlarının haqq-hesabı.

Sual 43: Adəm ilə İsa peyğəmbərin yaradılışı eynidirmi?

Cavab: Onların bənzərliklərinin ortaq nöqtəsi ikisinin də atasız olmağıdır.

Sual 44: Qurana görə, səcdə nədir?

Cavab: Səcdə “sücud” sözündən olub, boyun bükmək, əyilmək deməkdir. Qurana görə, bütün varlıqlar Allaha səcdə halındadır. Hətta kölgələr də Ona səcdə edər: “Göylərdə kim varsa, yerdə kim varsa səcdə edər Allaha könüllü ya könülsüz. Səhər ertə, axşamçağı hamının kölgəsi də səcdə edər Allaha” (Rad 15). İnsan və digər mükəlləf varlıqların səcdəsi ixtiyari (öz istəyinə bağlı), digərlərininki isə qeyri-ixtiyaridir. Müqəddəs Kitabımızda Allahın əmri ilə mələklərin Adəmə səcdə etdiyi deyilir. Bunun ardınca Hac surəsinin 18-ci ayəsinə diqqət etmək maraqlıdır: “Məgər görməzmi oldun, Allaha səcdə edər göylərdə kim varsa, yerdə kim varsa. Günəş də, Ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar da, insanların bir çoxu da eləcə. Bir çoxu da əzaba layiq görülmüş. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Dilədiyini eləyər Allah”. Allah mələkləri insana səcdə etdirsə də, insanların bəzisinin Allaha səcdə etməməsinə diqqət çəkilir bu ayədə.

Sual 45: Zinanın əfvi varmı?

Cavab: Bütün günahlar tövbə ilə əfv olunur. Ancaq bəndə haqqı tapdanıbsa, o haqqı ödəmək lazımdı.

Sual 46: Hərb nə vaxt məşru (məqbul) sayılır?

Cavab: Quran hərbi məşru sayan bircə səbəb göstərir: zülm! Həcc surəsinin 39-40-cı ayərərində deyilir: “Zülm çəkdiklərinə görə möminlərə savaşmaq üçün izn verilmiş. Bunlara yardım etməyə, əlbəttə, qadirdir Allah. Bunlar o kəslərdir ki, haqsız yerə, «Rəbbimiz təkcə Allahdır» söylədilər deyə yurdlarından çıxartmışlar onları. Allahın hökmüylə insanlar bir-birinə yardım etməsəydilər, dağılardı monastırlar, kilsələr, sinaqoqlar və Allahın adının çox anıldığı məscidlər. Ona yardım göstərənə mütləq yardım edər Allah. Şübhəsiz, qüvvətlidir, güclüdür Allah”. Möminin hərbə qatılması üçün zülmün birbaşa ona yönəlməsi vacib deyil. Quran insanı dünyanın hər yerində zülmə məruz qalanlara yardım üçün hərbə girə bilər.

Sual 47: Peyğəmbərimiz özündən 1400 il əvvəl yaşamış bir peyğəmbər kimimi geyinib?

Cavab: Paltarın din və savabla heç bir əlaqəsi yoxdur. Peyğəmbərimiz yaşadığı cəmiyyətdə olan geyimlərdən geyinib.

Sual 48: Adəmin xəlifəliyinə mələklərin etirazı nə ilə bağlı olub?

Cavab: Bəqərə surəsinin 30-cu ayədə bu, qan tökmə və fəsadçılıq kimi verilir: «Mən yer üzündə bir xəlifə yaradacam» demişdi sənin Rəbbin mələklərə bir zaman. «Orada fəsad törədəcək, qan tökəcək kimsənimi yaradacaqsan? Elə isə biz Səni öyürük, Səni müqəddəs sayırıq» dedi mələklər. Şübhəsiz, sizin bilmədiklərinizi Mən bilirəm dedi Allah”. Buradan o görünür ki, mələklər qeyd-şərtsiz itaəti ən böyük üstünlük ölçüsü kimi götürürlər. Eyni zamanda o da görünür ki, Adəmin yaradılışından öncə buna bənzər hadisə olub. İnsan və ya bənzəri bir varlıq Yer üzündə yaşayıb. Əks təqdirdə mələklər belə söyləməzdi. Onların Adəmə sui-zənlə baxdığını düşünmək olmaz, təbii ki, onları təşvişə salan yenidən qan tökülməsi və fitnə-fəsad olması əndişəsidir.

Sual 49: Saqqalın islamda yeri barədə nə deyə bilərsiniz? Kimisi deyir ki, saqqal saxlamamaq günahdır, bir başqaları məkruh olduğunu söyləyir.

Cavab: Bizim dinimiz kimsənin tükü və saç düzümü ilə bağlı heç bir buyruq və ya tövsiyə vermir. Bunlar yalnız zövq məsələsidir.

Sual 50: Mələklərə Adəmə səcdə etmək əmri verilməsinin səbəbi nədir?

Cavab: Mələklər Allahı görür, insan görmədən Allaha iman edir. Mələklər birqütblü, insan isə pozitiv və neqativ qütbləri birləşdirən bir varlıqdır. Mələklərdən fərqli olaraq insan Allahı görmədən, Ona, axirətə, Kitablara, peyğəmbərlərə... imn edib xeyir və şər, gözəllik və çirkinlik, işıq və qaranlıq arasında seçim etmək durumundadır. Qurana görə, insanın ucalığının təməlində onun ziddləri birləşdirməsi durur.

Sual 51: Allah dərgahında insanlara yaxşılıq edən inkarçı ilə pislik edən inkarçı arasında bir fərq varmı?

Cavab: Quranda deyilir: “Hər kəs etdiyi yaxşılığın da, pisliyin də qarşılığını alacaq”. Burada inkarçı-iqrarçı ayrılığı məsələyə qatılmır. “Hər kəs” deyilir.

Sual 52: Bəziləri həcc zamanı Səfa ilə Mərva arasında səy etməyin fərz olduğunu, bir başqaları isə vacib olduğunu deyir. Hansı daha doğrudur?

Cavab: Heç biri. O təpələr tövhid dininin böyük peyğəmbəri İbrahimlə oğlu İsmayılın xatirələrinə hörmət üçün ziyarət edilir. Peyğəmbərimiz də bunu edib. Bu, bir zövqdür. Sonralar bəzi hədislərə istinad edib səyi fərz və ya vacib elan ediblər. Maliki və Şafiilərə görə səy fərz, hənəfilərə görə vacibdir. Quranda deyilir: “Səfa ilə Mərva Allahın nişanələrindəndir, şübhəsiz. Kim Kəbəyə həccə gedərsə, yaxud ümrə edərsə, bu ikisini də təvaf etməsinə [ətrafına dolanmasına] görə heç bir günaha batmaz. Kim könüldən yaxşılıq edirsə, bilsin, Allah verər əvəzini, nə elədiyinizi bilir O” (Bəqərə 158). Göründüyü kimi, səyin fərz və ya vacib elan edilməsi Qurandan təsdiq almır.

Sual 53: Dəccalın dünyanın sonunda gələcəyi haqda deyilənlər doğrudurmu?

Cavab: Quranda Dəccal adlı söz yoxdur. Bu rəvayətlər xristian mifologiyasından islama keçən, bir sıra uydurma hədislərlə dəstəklənən xurafatdır.

Sual 54: Quranda insanın Yer üzündə xəlifə ediləcəyi deyilir. Bu xilafətin siyasi və idari mənası varmı?

Cavab: Quranın dediyi xilafətin islam tarixiundəki xilafətlə heç bir əlaqəsi yoxdur.

Sual 55: Bəziləri deyir ki, hədis Quran ayəsini nəsh edə bilər. Bu, mümkündürmü?

Cavab: Allahın ayələrini hökmdən salacaq bir şey düçünmək insanı şirkə aparar. Belə bir iddianı Allah elçisinin adına bağlayıb demək isə böyük yanlışdır. Dinin müəllifi, sahibi, hökm qaynağı və qoruyucusu Allahdır. Peyğəmbərin vəzifəsi Allahın inhisarında olan dini, Ondan aldığı vəhyləri insanlara çatdırmaqdır. Hədis və ya sünnət nəinki Quran ayəsini nəsh etmək, hətta Quran baxımından əsası olmayan bir hökm vermək səlahiyyətinə malik deyil. Sünnət Quranda olanı açıqlamalıdır. Peyğəmbərimizi Allahın verdiyi hökmləri dəyişdirmək üçün vasitəyə çevirməyin hesabını verməyə heç kəsin gücü yetməz.

Sual 56: Bəzi kitablarda yazırlar ki, oruclarını pozmuş adamlar fasiləsiz olaraq 61 gün oruc tutmalıdır. Oruc kəffarəsi barədə Quran nə deyir?

Cavab: Quranda belə bir şey yoxdur. Bu, bəzi fəqihlərin uydurmasıdır. Allahın adından bəndələrə belə cəza tətbiq etmək səlahiyyəti heç kəsə verilməyib. Quran çox açıq deyir: Ramazan günlərində orucunu tutmamış və ya pozmuş adamlar tutmadığı günlərin sayı qədər orucu başqa bir vaxtda tutsun.

Sual 57: Cəhənnəmdə tətbiqi vəd edilən cəzalar veriləcəkmi?

Cavab: Quranda cənnət və cəhənnəmlə bağlı deyilənlərin hamısı simvolikdir. Bunlara “mütəşabih” deyilir. Ancaq bir cəzanın olacağı şəksizdir.

Sual 58: Dindən dönmə barədə Quran nə deyir? Mürtəd öldürülməlidirmi?

Cavab: Quran insana başqa azadlıqlarla yanaşı cəhənnəmə girmək azadlığı da verib. Mürtədlərin cəzasını Allah ölüm sonrası özü verəcək. Peyğəmbərimizə inadla deyilən “mürtəd öldürülməlidir” hökmü dinə ziddir. Quranda mürtədlər barədə belə deyilir: “Kim dinindən dönərsə, kafir olub ölərsə, dünyada və axirətdə boşa çıxar işləri. Cəhənnəmlikdir onlar, orada əbədilik qalarlar”.

Sual 59: Qüdrət halvası nədir, necə hazırlanır?

Cavab: Quranda adı çəkilən bu yeməyin necə olması barədə heç bir məlumatımız yoxdur.

Sual 60: Quranda şəfaət barədə nə deyilir?

Cavab: Bəqərə surəsinin 254-255-ci ayələrindən anlaşılır ki, Allahın izni olmadan heç bir şəxs və ya qüvvə şəfaətçi ola bilməz: “254. Ey mö'minlər, nə alış-verişin, nə dostluğun, nə də şəfaətin olmayacağı gün gəlməzdən öncə sizə verdiyimiz ruzini sərf eləyin Allah yolunda. Kafirlər elə zalımdılar ki, var. 255. Allahdan başqa tanrı yoxdur. O diridir, əbədidir. Yaratdıqlarının üstündədir Allahın gözü. Onu nə mürgü tutar, nə yuxu. Göylərdə nə varsa, yerdə nə varsa Onundur. Onun izni olmadan kim gələ bilər yanına iltimas üçün. Onların nə elədiklərini, eləyəcəklərini bilir O. Onun elmindən yalnız Onun istədiyi qədər bir şey qavraya bilərlər. Onun kürsüsü göyləri, yeri tutmuş. Bunları hifz eləmək Ona ağır olmaz. Böyükdür, ucadır O”. Allahın izni daxilində şəfaət mümkündür. Bizim bilmədiyimiz xüsus Allahın izni iə kimin şəfaət haqqına sahib olacağıdır.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.