|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 21: Şuara surəsində Quran “mübin kitab” adlandırılır. Bu, nə deməkdir?

Cavab: “Mübin kitab” Quranın sifətlərindən biridir. Yəni burada hər şey açıq-aydın göstərilib. Bu, həm də o deməkdir ki, peyğəmbərimizə isnad edilən hər şey Qurandan təsdiqini almalıdır.

Sual 22: Quranda Musa peyğəmbərin əsas düşməni olan Firon tərəfindən bəslənib böyüdüldüyü yazılır. Bununla nəyə işarə edilir?

Cavab: İnsan nə edirsə etsin, ilahi iradə qarşısında acizdir. Firon İsrail oğullarından birinin ona qarşı çıxacağını eşidib doğulan bütün oğlan uşaqlarını məhv etmək əmri verir. İlahi iradə Fironu məhv edəcək insanı onun sarayında quş südü və kişmişlə bəslətdirir. Bu ayələr ilahi iradənin yenilməzliyini göstərməklə insanlar bir dərs verir.

Sual 23: Günahda vərəsəlik olurmu?

Cavab: Xeyr, olmaz. İsra surəsinin 15-ci ayəsində deyilir: “Kim taparsa doğru yolu, bu onun lehinədir, kim saparsa yolundan, bu onun əleyhinə. Günahı olan adam başqasının günah yükünü daşıyan deyil”. Heç kəsin günahı atasına və ya oğluna belə yüklənməz.

Sual 24: Deyilənə görə, Kitab əhlindən olan bəzi insanlar iki dəfə mükafat alacaq. Buna aydınlıq gətirərsinizmi?

Cavab: Qasas surəsinin 52-55-ci ayələrində deyilir: “O kəslərə ki, bundan öncə Kitab vermişik, buna da iman gətirər onlar. Onlara Qur'an oxunan zaman «Buna iman gətirdik. Şübhəsiz, Rəbbimizdən gəlmiş olan haqdır bu. Biz bundan öncə də müsəlmandıq» deyərlər. İkiqat verilər əcirləri səbr elədiklərinə görə. Yaxşılıqla sovarlar pisliyi. Verdiyimiz ruzidən Allah yolunda sərf eləyərlər. Mə'nasız bir sözü eşidən zaman üz çevirib gedərlər. «Bizim öz işimiz var, sizin də öz işiniz. Salam olsun sizə, cahillərlə bir işimiz yox bizim» deyərlər”. Buradan göründüyü kimi, Kitab əhlindən olanların bəziləri həm öz kitablarına (Tövrat, İncil), həm də Qurana inanaraq iki dəfə mükafat almaq haqqı qazanır.

Sual 25: Vəsvəsə, pis düşüncələr, qeybət insana çox asan gəlir. Kömək, yaxşılıq, sevmək, ibadət isə çətin. İblis daha hünərlidir?

Cavab: İnsan olmaq həm də saydıqlarınızla mübarizə etmək deməkdir.

Sual 26: Ənam surəsində işığın təkdə, qaranlığın isə cəmdə verilməsinin hikməti nədir?

Cavab: Tək orda deyil, Quranda keçdiyi bütün yerlərdə qaranlıq cəmdə (zülmət), işıq isə təkdə (nur) verilir. Gerçək təkdir, gerçəkdən sapılmasının – haqsızlığın isə sonsuz sayda biçimləri var.

Sual 27: Qaranlıqda namaz qılmaq olarmı?

Cavab: Olar.

Sual 28: Kəhf surəsinin 28-ci ayəsində peyğəmbərimizə ünvanlanan xəbərdarlıq barədə nə deyə bilərsiniz?

Cavab: Bu xəbərdarlıq əslində bütün insanlığa ünvanlanıb. Ayədə deyilir: “Səhər-axşam Rəblərinin rizasını diləyərək Ona dua edənlərlə bərabər ol, bas nəfsini. Gözlərin onlardan ayrılmasın, bu dünyanın ziynətində qalmasın. Bizi unudub nəfsinə qul kəsilən və hər işində həddi aşan kimsəyə itaətdə olmayasan”. Burada dünya nemətləri, sərvət və cəmiyyətdəki mövqenin önə çıxarılıb yoxsulların ikinci kateqoriya sayılması tendensiyasına etiraz var. Təbliğ adamının vəzifəsi mövqe ayrı-seçkiliyi aparmadan ilahi ismarıcı hər kəsə çatdırmaqdır. Allah adamı rəhmət adamı olduğu üçün qucağını bütün insanlara açmalıdır.

Sual 29: Xeyiri də, şəri də Allah yaradıb. Bəs nəyə görə şərə meyl edənlər cəzalandırılır?

Cavab: İnsanın dəyəri uca, iradəsi isə müqəddəsdir. İradə və hürriyyətin məhdudlaşdırılması Allahın insanı yaratmaqdakı məqsədinə uyğun deyil.
İnsana xeyir və şəri, haqq və nahaq olanı ayırmaq üçün furqan verilib. Haqqı, gözəli seçmək və mükafatlanmaq insanın hüququdur. Bir şeyin şər olduğunu bilərək onu seçmək insanın hüququdur.

Sual 30: Quranda yad planetlilər haqda məlumat varmı?

Cavab: Kainatda insandan başqa canlıların olduğu barədə məlumat var. Quran bunlara şüurlu varlıqlar deyir, amma başqa açıqlama verilmir.

Sual 31: Təzyiq və işgəncə altında Allahı dananlar dindən çıxarmı?

Cavab: Xeyr, çıxmaz. Qəlbi imanda qərarlı olanlar təzyiq altında dili ilə Allahı inkar edərsə, imanından heç nə itirməz. Nəhl surəsinin 104-106-cı ayələrində açıq şəkildə deyilir: “Allahın ayələrinə iman gətirməyən kəsləri doğru yola yönəltməz Allah. Ağrılı bir əzab gözləyir onları. Yalanı yalnız o kəslər uydurarlar ki, Allahın ayələrinə iman gətirməyirlər. Məhz onlardır yalançılar. İMAN GƏTIRƏNDƏN SONRA ALLAHI DANAN - MƏCBURIYYƏT QARŞISINDA QALARAQ DILIYLƏ KÜFR DESƏ DƏ ÜRƏYI IMANDA RAHATLIQ TAPAN KƏSƏ BU AID DEYIL, - küfrdə sevinc tapan kimsələr tutularlar Allahın qəzəbinə. Böyük bir əzab gözləyir onları”.

Sual 32: Qiyamətdən sonra Yer kürəsində həyat olacaqmı?

Cavab: İbrahim surəsiunin 48-ci ayəsində deyilir: : “O gün yer başqa Yerlə dəyişdirilir, göylər də eləcə. Hamı Allahın, hər şeyi qəhr eləyən tək Tanrının hüzuruna çıxır”. Burdan belə anlaşılır ki, Qiyamət kainatı yenidən inşa etmə planında köhnənin dağıdılmasıdır. Bundan sonra yeni Yer, yeni göylər olacaq.

Sual 33: Estetik əməliyyat günahdırmı?

Cavab: Estetik əməliyyat cinsiyyət dəyişdirmə nöqtəsinə gətirilməyibsə, günah olmaz.

Sual 34: Muminun surəsində bəhs edilən yeddi yol nədir?

Cavab: Surənin 17-ci ayəsində deyilir: “Başınız üstə yollar yaratdıq yeddi qatda. Bunların altındakı xilqətin işlərindən Biz xəbərsiz deyilik”. Keçmiş müfəssirlər bunu yeddi planet kimi izah etmişlər. Ayədə bəhs edilən yolların xüsusiyyətləri, necəliyi barədə Quranda əlavə məlumat yoxdur. Bunların başqa ölçü sistemləri olması, bizim onu qavramaq imkanımızın olmaması barədə fikirlər də var.

Sual 35: Quranda Müqəddəs Kitabımızın la raybe fih olduğu deyilir. Bu, nə anlama gəlir?

Cavab: Quranın şübhə, tutarsızlıq və ziddiyyətdən uzaq olması bu sözlərlə ifadə edilib. Bu cür keyfiyyətlərə sahib olmayan heç bir söz Allahın dini adına istifadə edilə bilməz. Belə mübahisələri çözmək üçün Qurana üz tutulmalıdır: “Mübahisə etdiyiniz hər şeyin barəsində hökmü yalnız Allah verər. Budur mənim Rəbbim Allah. Mən Ona güvənirəm, Ona tuturam üzümü” (Şura 10). Allah qatından endirilən bir kitabda ixtilaf olmaz. Din adına yanlış qənaətlərə varmamaq üçün din qaynağı olaraq yalnız Qurana sarılmaq lazımdır: “Düşünüb daşınmırlarmı Qur'an barədə. Allahdan yox, başqasından gəlsəydi o, içində çox ziddiyyətlər tapardılar” (Nisə 82).

Sual 36: “Aməntu” və “Əttəhiyyatu” duaları Quranda varmı?

Cavab: Xeyr

Sual 37: Qəbir əzabı nədir?

Cavab: Quranda belə bir ifadə yoxdur. Axirətdən əvvəlki aləm bərzəx adlanır. Onun isə qəbir quyusu ilə heç bir əlaqəsi yoxdur.

Sual 38: Rad surəsində Kitabı bilənlərin Allahla birgə şahidliyindən danışılır. Söhbət hansı Kitabdan gedir?

Cavab: Quran dilində “kitab” vəhy, kainat və insan mənasında işlədilir. Ayədə bu üç kitabdan biliyi olanların şahidliyindən söz açılır.

Sual 39: Deyilənə görə, orta əsrlərdə müsəlman ölkələrində 40 yaşına çatmamış şəxslərin dini düşüncəsinə görə cəzalandırılmasına yol verilmirmiş. Bu, nə ilə bağlıdır?

Cavab: Əhqaf surəsinin 15-ci ayəsində insanın fiziki yetkinliyi ilə yanaşı 40 yaşa çatmasının da daha bir yetkinlik çağı olduğu deyilir. Bu, dini düşüncənin yetkinlik yaşı kimi götürülür.

Sual 40: Qurana görə, insanın yaradılış səbəbi nədir?

Cavab: Zariyət surəsinin 56-cı ayəsində bu barədə deyilir: “Mən cinləri və insanları təkcə Mənə ibadət etsinlər deyə yaratmışam”. Bu ayədən həm də o məna çıxır ki, cinlər də insan kimi mükəlləf varlıqlardır. Yəni xeyir və şər arasında seçim etmək üçün iradələri var. Cənnət və cəhənnəm həm də onlar üçündür.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.