|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 541: Mürsələt surəsinin 30-cu ayəsində danışılan “üç şaxəli kölgə” nədir?

Cavab: Ayədə deyilir: “Cəhənnəm dumanının üç şaxəli kölgəsinə tərəf gedin”. Burada nəyin nəzərdə tutulduğu bilinmir.

Sual 542: Namazın sonunda salam verməyin mənası nədir?

Cavab: Namazdan çıxmağı bildirir. Eyni zamanda ibadətdə də sülh və salamatlığın əsas olduğunu xatırladır.

Sual 543: Qadınlar cümə namazına getməlidirmi?

Cavab: Cümə surəsinin 9-10-cu ayələrində deyilir: “Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz. Elə ki, bitirdiniz namazı, dağılışın yer üzünə. Allahın lütfündən pay diləyin. Allahı çox anın ki, bəlkə uğura uğrayasız”. Göründüyü kimi, xitab kişilərə yox, bütün möminlərədir. Qadınların bu namazda iştirakını çətinləşdirən üzrlü səbəblər ola bilər. Amma qadınların cümə namazına getməməsini prinsip halına gətirmək yanlışdır.

Sual 544: Nəriman bəyin il yarım bundan əvvəl Budapeşt şəhərində 6 ay müddətində yaşamaqla Quranı mükəmməl şəkildə tərcümə etdiyini qəzetlərdən oxudum.. Nəriman bəy öz tərcüməsini nəşr etdirmək fikrində idi. Bu tərcümə nəşr olunmuşdursa, onu necə və haradan əldə etmək olar?
Nicat Əhmədli

Cavab: Quranın Nəriman Qasımoğlu tərəfindən hazırlanmış yeni tərcümə variantı çap üçün hazırdır. Müəllif özü keyfiyyətcə yeni tərcüməsi üzərində son redaktə işlərini də artıq çoxdan başa çatdırmışdır. Təəssüf ki, bu əsərin çapının maliyyələşməsi məsələsi həllini hələ də tapmadığı üçün nəşri də ləngiməkdədir...

Sual 545: Bəzi alimlər kisilərin beyin həcminin daha böyük və beyin qırıslarının daha çox olduğuna görə kisilərin daha ağıllı, bəziləri isə qadınların beyin qırışlarının daha dərin olduğuna görə qadınların daha ağıllı olduğunu bildirirlər. Dini mənbələrdə qadın və kisinin əqli qabiliyyətində fərqin olması barədə hər hansı bir məlumat var? Və ümumiyyətlə yaradılışdan insanlar beyin fəaliyyətinə görə bir-birindən fərqlidirlərmi? (Yəni Allah tərəfindən kimlərəsə çox, kimlərəsə az istedad verilirmi?)
Nigar Əhmədli

Cavab: Din adına qələmə verilən hədis ədəbiyyatında qadın əqli baxımdan aşağılanan bir biçimdə təqdim olunur. Bu üzdən də, məsələn, hədislərin birində qadınlardan dövlət başçısı olmaz fikri də aşılanır. Yəni dövlət başçısı qadın olan məmləkət guya zavala uğrayar və s. Yanlış fikirdir, çünki Quranda Səba məlikəsi qismində təqdim edilən qadın ağıllı və tədbirli bir ölkə başçısıdır, başçılıq etdiyi məmləkətin idarəçiliyini də Quranda təlqin olunan “şura” (məsləhət-məşvərət) prinsipi ilə aparır. Burada kişi və qadının üstünlüyündən söz salmaq Quran məntiqinə ziddir. Kişinin və qadının yaradılışdan fərqli və üstün cəhətləri var ki, bunlara toxunan müqəddəs Kitabımızda Rəbbimiz belə buyurur: “O nəsnənin istəyində olmayasız ki, bəzinizi bəzinizdən onunla Tanrı üstün tutmuş. Nəyi qazanmışlarsa, kişilərə bundan bir pay düşər. Nəyi qazanmışlarsa, qadınlara bundan bir pay düşər. Tanrıdan Onun lütfünü diləyin. Tanrı, şəksiz, hər nəsnəni biləyən”. (4, 32)

Və təbiidir ki, yaradılışdan insanlar istedad baxımından bir-birindən fərqlidirlər. Rəbbimiz buyurur: “Hər bilik yiyəsindən üstün bir biləyən var” (12,76). Bu, istedad üstünlüyünə dair açıqlama ümumi səciyyədədir, kişilərin qadınlardan üstünlüyünə aid deyil. Uca Yaradan Öz Yazısında təsdiq edir ki, cinsi mənsubiyyətindən asılı olmayaraq Öz istəyilə kiminə az, kiminə çox istedad bəxş edir.

Sual 546: Quranda qadınların bas örtüsü (hicab) geyinmələrinin mütləq olduğu varmı?

Cavab: Quranda “hicab” sözü 7 ayədə keçir və o 7 ayənin heç birində bu, baş örtüyü və ya hansısa başqa bir geyim üçün nəzərdə tutulmur.
Baş örtüyü ilə bağlı iki mövqe var. Nur surəsinin 31-ci surəsində bir geyim məsələsinə toxunulur. Baş örtüyü tərəfdarları qadınların saçlarının örtülməsi zərurətini həmin ayə ilə əsaslandırmağa çalışırlar. Ifadənin ərəbcəsi belədir: “valyadribnə bixumuruhinnə alə cuyubihinnə” (“Örtüklərini vursunlar döşlərinin üstünə”).
Bunun əksinə olanlar deyir ki, “örtmək” bildirən və X-M-R kökündən düzəlmə bu söz mütləq mənada sadəcə “örtük” anlamındadır. Həmin sözün nə “baş”, nə də “saç” sözü ilə əlaqəsi yoxdur. Əsas hədəf sinənin açıq olmamasıdır. Bu istiqamətdə mübahisələr hələ də bitməyib.

Sual 547: Cünubluq nədir? Cünub olan şəxs qüsl etməsə, orucu pozularmı? Şəms

Cavab: “Cənabət” və ya “cünubluq” “cünb” kökündəndir və “yaxınlıq” mənası (cinsi mənada) verir. “Qüsl” isə yuyunmaq deməkdir. Ərəbcədə bədənin hər hansı hissəsinin yuyulmasına “qüsl” deyilir. Amma dini terminologiyada “qüsl” başdan ayağa, ağız və buruna su almaqla yuyunmaq mənasında işlənir. Qurana görə, cünub şəxs tam yuyunmadan (qüsl almadan) namaz qıla bilməz (Məidə 6, Nisə 43). Cünubluğun orucu pozması haqda fikirlər Quranda öz təsdiqini tapmır.

Sual 548: Bilmək istərdim, həqiqətən də cadu, bəd nəzər, bəd dua varmı? Əgər varsa, bunlardan qorunmaq ücün nə etmək lazımdır? Nigar

Cavab: Dediklərinizin hamısı var. Quranda cadu ilə insanlara təsir etməyin mümkünlüyü inkar olunmur: «De ki, «Mən sığınıram qaranlıqdan səhəri yarıb çıxaran Rəbbə, qaçıram Onun yaratdıqlarının şərindən, qatılaşan qaranlığın şərindən, düyünlərə üfürən qadınların şərindən, paxıllığı tutan zaman bir paxılın şərindən». (Fələq, 1-5). Eyni zamanda cadugərlərin uğura uğramadığı, bu işin günah (Ta-hə, 68-70), küfr olduğu da vurğulanır: «Sehr işlədərək kafirlik eləməmişdi Süleyman» (Baqara, 102).
Quranda Hərut və Mərut adlı iki mələkdən də söz açılıır. Onlar sehrin bilicisi kimi təqdim olunur. Hərut və Mərut insanlara sehr öyrətməzdən öncə xəbərdarlıq da ediblər ki, bu, yaxşı iş deyil. Baqara surəsində deyilir: «Onlar insanlara cadu və Babildə Hərut və Mərut adlı mələklərə göndəriləni öyrədirlər. Bu mələklərsə: «Biz bir fitnəyik (sizi, sadəcə, sınaqdan keçiririk), kafirlik eləməyin» deməsəydilər, kimsəyə bir şey öyrətməzdilər. İnsanlar həmin mələklərdən ərlə arvadın arasını vuracaq şeyləri öyrənirdilər, amma Allahdan xəbərsiz kimsə zərər çəkməzdi. Özlərinə yararlı deyil, zərərli şeylər öyrənirdilər. Bilirdilər ki, bu əməllərinə görə axirətdə bir nəsibləri olmayacaq. Əvəzində özlərini satdıqlarının nə pis şey olduğunu biləydilər kaş» (Baqara, 102).
Ayədən göründüyü kimi, Allahdan xəbərsiz kimsə cadudan zərər çəkməz. Allaha sığınmaq lazımdır. İstər bədnəzərdən, istərsə də cadudan qorunmaq üçün, adətən, preventiv tədbir kimi Fələq surəsi oxunur. Bədduadan qorunmaq üçün zülm etməmək lazımdır.

Sual 549: Islama, Qurana gorə insanlar düşüncələrinə və yaxud fikirlərinə gorə məsuliyyət daşıyırlar? Biz insanlar etdiyimiz əməllərə görə məsuliyyət daşıyırıq, yəni düz hərəkət, əməl etmədiyimiz halda günah qazanırıq, bəs düşüncələrimiz bizə günah qazandıra bilir?
Şəms

Cavab: Məsələ burasındadır ki, əməl təkcə bədənlə edilən fəaliyyət deyil, fikir, düşüncə özü də əməldir. Allaha, Onun ayələrinə inanmaq əməldir və əcri var. İnanmamağın isə cəzası var: “Od içinə basacağıq ayələrimizi dananları” (Nisə 56). Şükür etməyin, sözlə ifadə edilməsə belə, əcri var. Sui-zənn – bir insanı heç bir arqument olmadan pis görmək və ya fikrən günahlandırmaq məsuliyyət doğurur: “Bilmədiyin bir şeyin arxasınca düşmə. Şübhəsiz, qulaq, göz, ürək – bunların hamısı sorğuya çəkilər tutduğun işə görə” (İsra 36).
Və ya: “Düşündü, daşındı, ölçdü, biçdi. Ölüm olsun ona, nə pis ölçüb-biçdi o. Bir də ölüm olsun ona, nə pis ölçüb-biçdi o”. (Müddəssir 18-20)
Doğru yolda olan hər bir kəsin fikrindən də xoş olmayan şeylər keçə bilər. Təkamül prosesində insan hər zaman sınaqlara çəkilir. Ona nail olmalıyıq ki, FİKRİMİZDƏN KEÇƏN YANLIŞLAR QƏLBDƏ TƏSDİQİNİ TAPMASIN.

Sual 550: Sizə vermək istədiyim sual məni çox düşündürüb, bu haqda elmi ədəbiyyatlarda oxusam da, mövqelər bir-birindən çox fərqlidir. Dini mənbələrdə verilən izah mənə çox əhəmiyyətlidir, əgər ümumiyyətlə, dinimizdə bu haqda hər hansı bir izah varsa.
Bilirik ki, dinimiz elmə böyük üstünlük verir və elm öyrənməyi savab
iş sayır. Məni düşündürən odur ki, “elm” sözü altında məhz nə ehtiva olunur? Elm dedikdə yalnız bizi əhatə edən ətraf aləmdəki obyektiv həqiqəti və onun qanunauyğunluqlarını öyrənən təbiət və texniki elmlər nəzərdə tutulur, yoxsa humanitar sahədəki bilikləri də elm adlandıra bilərik? Hüquq elm hesab oluna bilər?
Məsələn, fizika, kimya kimi təbiət elmlərinin hökmləri, demək olar ki, dəyişilməzdir və bu elmlərdə yeni bir kəşf olduqda bu elmlərin
əvvəlki hökmlərini ləğv etmir, əksinə, onlara elavə edir, daha da
təkmilləşdirir. Ancaq humanitar elmlərdə isə bu məsələ fərqlidir.Belə ki, bu gün danılmaz həqiqət kimi elm hesab edib öyrəndiyimiz bir hökm sabah ləğv olunur, artıq mövcud olmur. Məsələn, hüquq elmi və ya normaları kimi - bu gün qanun qüvvədədir, sabahsa onu yeni qanun inkar edir, ya da bu
gün demokratik nəzəriyyələr hakimdir, sabahsa totalitar rejim onun bütün hökmlərini ləğv edir. Belə olan halda biz hüququ elm adlandıra bilərik? Ya da ki əcnəbi dil öyrənmək. Əcnəbi dil öyrənmək elm öyrənmək hesab oluna bilər? Hər hansı dili öyrənmək bizə hesab, ya da biologiya kimi elmləri öyrəndiyimiz zaman qazandığımız savabları qazandıra bilər?
Şərafət Əhmədli

Cavab: Etimoloji tədqiqatlar göstərir ki, islamdan qabaq «elm» sözü ərəblərdə «yol göstərən işarə» anlamına gəlirmiş. Bu yolgöstərmədə bir xilaskarlıq, məqsədə doğru aparıcılıq və əlavə əziyyətdən qurtarıcılıq kimi çalarlar vardı. Bədəviyə səhrada azıb susuzluqdan ölməmək üçün yol göstərən işarənin nə dərəcədə vacib olduğunu demək artıqdır. Təsadüfi deyil ki, «elm»in antonimi olan «cəhl» kökü «məqsədsiz dövrə vurmaq», «azmaq», «nə etdiyini bilməmək» anlamı verirdi.

Məşhur Amerika islamşünası Frans Rouzental araşdırmalar nəticəsində müəyyənləşdirib ki, Müqəddəs Kitabımız Quranda təxminən 78000 söz var. Bunların sırasında «elm» kökündən düzələn sözlərin sayı 750-dir. «Kün» (olmaq) feli 1300 dəfə, «qul» (demək) isə 1700 dəfə işlənilib. Bu fellər sayılmasa, 2800 dəfədən artıq işlənən «Allah» sözü və eyni mənada 950 dəfədən artıq işlənən «Rəbb» sözündən sonra «elm»dən düzəlmə sözlər gəlir. Bu, quru statistika deyil, İslamda elmin önəminin daha bir göstəricisidir.
İnsanlara göndərilən Kitablar onları məchuldan məluma yönəltmək, qaranlıqlardan aydınlığa çıxarmaq üçündür. Bu mənada Quran Tanrının insanlığa mərhəməti olaraq nazil olub. Onun ayələri insana bu dünyada və axirətdə fayda verir, səadətə qovuşma yollarını açıqlayırsa, demək, elmdir və ən faydalı elmdir.
...Ən böyük elm sahibi Allahdır. Onun elmi ilə insanın elmi arasında fərq var. İnsanın elmindən əvvəl cəhl gəlir. Allahın elmi isə əzəlidir – başlanğıcı yoxdur. Ondan əvvəl cəhl gəlmir, çünki Allah nöqsanlardan münəzzəhdir.
...Quranda təbiət elmləri və ictimai elmlər deyə bölgüyə rast gəlinmir. Amma “elm” deyiləndə təkcə təbiət elmləri nəzərdə tutulmur.
Müqəddəs Kitabımızda bir sıra peyğəmbərlərə elm verildiyi deyilir. Adəmlə Həvvanın əhvalatı, digər peyğəmbərlərlə bağlı baş verən hadisələr, müxtəlif şəhərlər, qəbilələrlə bağlı hadisələr sonrakı peyğəmbərlərə vəhy yolu ilə verilir, elm adlanır, nəticə çıxarılması istənilir. Demək, tarix də ümumi “elm” anlayışının içindədir. Bundan başqa, vəhylərdə iqtisadiyyat da var, mülki və mülki-prosessual hüquq da. Bu elmləri öyrənmək də savabdır.
...Ayələrin birində deyilir ki, sözlərin ən gözəli Allaha məxsusdur: «Allah sözün ən gözəlini uyumlu və ahəngli bir kitab olaraq endirdi» (Zumər, 23). Burada “söz” deyiləndə ayrı-ayrı leksik vahidlər yox, Quran ayələri nəzərdə tutulur. Ayələrin gözəlliyini fəhmlə duymaq, elmlə isə daha dərindən anlamaq olar. Bunun üçün ədəbiyyatşünaslığı bilmək lazımdır: Assonans, alliterasiya, inversiya, təşbih və təkrir kimi bədii təsvir və ifadə vasitələrinin nə olduğunu bilən şəxs Allah sözünün bədii cəhətdən digər sözlərdən (bədii mətnlərdən) daha gözəl olduğunu anlaya və anlada bilir.
...Hüquq qaydaları və dil elm deyil, onları öyrənən hüquq və dilçilik elmi var.
...İnsanlar daim təkamüldə olduqlarından istər təbiət, istərsə də ictimai elmlərdə daim təkmilləşmə gedir. Beş əsr bundan əvvəlki fizika, kimya, astronomiya ilə bu günkünü müqayisə etsək, bunu aydın görərik. Dəyişməyən Allahın qoyduğu qanunlardır. Su hər zaman olduğu kimi 100 dərəcədə qaynayır, tərkibi yenə də H 2 O-dur. Tarixə gəlincə, Sizinlə tamamilə şərikəm, çox vaxt tarixi həqiqət ayrı-ayrı fərdlərin, siyasi qrupların, etnosların marağına uyğun olaraq təhrif edilir.
...Savaba gəlincə, bu, məqsəddən asılıdır. Məchuldan məluma doğru hər bir addım təkamüldür, fərdi, ictimai planda böyük fayda verə bilər. Amma kimya, fizika, biologiya kütləvi qırğın silahları yaratmaq üçün öyrəniləndə savabdan söhbət gedə bilməz.

Sual 551: Quranda zamanın və məkanın nisbiyi haqqında məlumat var? Əgər varsa, bu barədə hansı ayə və surələrdə qeyd olunduğunu bildirmənizi xahiş edirəm.
Nigar

Cavab: Zamanla bağlı son vaxtlar elmi dairələdə Eynşteyn və tərəfdarlarının çox maraqlı fikirləri geniş yayılıb. Məsələn, zaman bizlm üçün keçmiş və gələcək deyə bölünür. Əslində bir zaman var: “Bir saniyənin içində bütün saniyələr var”. Biz sadəcə, maddə, zaman və məkana bağlıyıq, ona görə keçmiş və gələcəkdən danışırıq. Əgər məkan və maddə olmasa, zaman da olmaz. Hər şey olub, biz, sadəcə, seyr edirik və s. Daha bir geniş yayılmış fikir isə zaman fasilələrinin nisbiliyi ilə bağlı Eynşteyn nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, sürətdən asılı olaraq, zamanın keçməsi dəyişir.
Bunun təsdiqi sayıla biləcək ayələr Quranda var:
”Əlli min il sürən bir gündə Allahın hüzuruna qalxar o pillələrlə mələklər və Ruh” (Məaric 4);
“O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr” (Səcdə 5);
“İstərlər o əzabı tez-tələsik gətirəsən başlarına. Verdiyi və'dinə xilaf çıxan deyil Allah. Sizin saymağınızla min ilə bərabər olar Rəbbinizin dərgahında keçən gün” (Həcc 47).
Bundan başqa, Kəhf surəsində mağaraya sığınanların orada 300 il qaldığı deyilir: “Mağarada üç yüz il qaldı onlar. Doqquz il də üstəlik [üç yüz il günəş, uç yüz doqquz il ay təqvimi ilə]” (Kəhf 25).
Amma nə qədər qaldıqlarını soruşanda “bir gün, ya bir qədər çox” deyirlər: “Onları bir daha oyatdıq ki, hal-əhval tutalar, sorğu-sual eləyələr aralarında. «Nə qədər yatdınız?» dedi birisi. «Yatdığımız bir gün, yaxud bir gündən də az olar» dedilər” (Kəhf 19).
Amma bu, adi situasiyada onların bədənlərində müvafiq proseslər getdiyi halda mümkün ola bilməz. Bizcə, həmin vaxt zaman onları əhatə edən dünyada keçməkdə davam edib, onlarsa ZAMANIN XARİCİNDƏ olublar. Necə? Bunu bilmirik.
Maraqlı məqamlardan biri də budur ki, Quranda keçmişlə, gələcəklə bağlı danışılanda indiki zamanın şəkilçilərinin işləndiyini görmək olar. Elə Kəhf surəsinə baxaq: “Və mağaranın geniş bir sahəsində rahatlıq taparaq uyumuş onlar” (Kəhf 17); “Onlar yuxudadırlar, ancaq görsən onları, oyaq sanarsan. Onları sağ tərəfə də, sol tərəfə də çeviririk. Onların iti də özləri sayaq uzanıb mağaranın önündə” (Kəhf 18). Və ya: “Toplamışıq insanları bir yerə, onlardan heç kimi buraxmamışıq. Rəbbinə cərgə-cərgə təqdim olunmuş onlar. “And olsun, Biz sizi ilk dəfə necə yaratmışıqsa, eləcə də gəlmisiniz hüzurumuza. Sizsə elə sanırdınız sizdən örtü bir vədə bəlirləmərik”. Yazı qoyulmuş ortaya. Bu yazıda nə varsa, ondan qorxu keçirən görürsən suçluları, deyirlər: “Vay bizim halımıza, bu nə yazıdır belə, xırda-iri, nə varsa heç nəyi buraxmamış, hər nəsnənin hesabını aparmış!” Gördükləri işləri çıxmış qabaqlarına. Haqsızlıq eyləməz Rəbbin kimsəyə” (Kəhf 47-49);
Bu, onunla bağlıdır ki, zaman bizim üçündür. Onun Allah üzərində hökmü yoxdur. Allah məkan və zamandan münəzzəhdir. Olmuşlar və olacaqlar onun üçün eynidir. Elə bunlar da alimlərin yuxarıda verilən fikirləri ilə uyğundur.

Sual 552: Monizm və monoteizm eynidirmi?

Cavab: Xeyr. Monizm fəlsəfi nəzəriyyə olub, müxtəlif varlıq və ya substansiyaların vahid başlanğıcı olduğuna inanır. Materialist monizm və idealist monizm növləri var. Birincinin tərəfdarları varlıq substansiyası olaraq materiyanı (Demokrit, Hobbs), ikincilər mütləq ideyanı görür (Platon, Hegel). Monoteizm isə təkallahlılıq deməkdir.

Sual 553: Nəfsin 7 mərtəbəsi hansılardır?

Cavab: Əmmarə (əmr edən), ləvvamə (peşman olan), mülhimə (ilham alan), mütməinnə (doymuş, səssiz), raziyə (Allahdan razı olan nəfs), mərziyə (Allahın razı olduğu nəfs), kamilə (kamil nəfs).

Sual 554: Əraf surəsinin 31-ci ayəsində məscidlərə geyinib-kecinib süslənərək getmək tövsiyə edilir. Niyə?

Cavab: İbadət edənin bədəni də, paltarı da təmiz, səliqəli olmalıdır. İbadət yas yox, xoşbəxtlik və ruhi rahatlıq halı olmalıdır.

Sual 555: Allahın ən gözəl adlarından (əsmaül hüsna) “Əziz”in mənası nədir?

Cavab: “Əziz” izzət sahibi, uca, böyük, hər şeyə qalib olan, məğlub edilməsi imkansız olan mənasında işlənir.

Sual 556: Başqalarında eyib axtarmağın nöqsan olması haqda Quranda bir şey deyilirmi?

Cavab: Bəli. Hücurat surəsinin 12-ci ayəsində deyilir: “Bir-birinizin günahlarını axtarmayın, eyiblərinizi bir-birinizin üzünə vurmayın”.

Sual 557: Bəqərə surəsinin 255-ci ayəsində “Onun kürsüsü göyləri, yeri tutmuş” deyilir. Burada “kürsü” nə mənada işlənir?

Cavab: “Kürsü” sözünün lüğəvi mənası “oturulan yer”, “taxt”dır. Amma bu ayə mütəşabihdir, söz həqiqi mənada yox, elm, hakimiyyət, qüdrət, əzəmət mənasında işlənib (əlavə bax: http://addm.az.iatp.net/muhkemaz.html ).

Sual 558: Müqəddəs Ramazan ayında qadınlara bəzi günlərdə oruc tutmaq qadağan olunduğundan biz həmin günlərin orucunu tutmuruq. Həmin günlərin qəzasını sonrakı vaxtlarda tutmalıyıqmı? Yəni bu, fərzdir? Və əgər tutmalıyıqsa, bu, hansı mənbələrə əsaslanır, Qurana, yoxsa hədislərə?
Şəms

Cavab: Orucluq vaxtı müxtəlif səbəblərdən orucu tutmaq mümkün olmayıbsa və orucluq bitəndən sonra həmin səbəb aradan qalxıbsa, tutulmayan oruc növbəti Ramazan ayına kimi istənilən vaxt tutula bilər. Əgər buna da imkan yoxdursa, fidyə vermək tövsiyə olunur:
“Sizdən kim xəstədirsə, yaxud yol üstədirsə, buraxdığı günlərin əvəzini başqa bir vaxt çıxmalı. Kim oruca çətinliklə tab gətirir, borcudur ki, əvəzində bir yazığı doyura. Kim könüllü olaraq bir xeyir iş görərsə, bu ona daha yaxşı. Oruc tutar olsanız, sizdən ötrü bilsəydiniz xeyri var... Tanrı sizə yüngüllük istər, çətinlik istəməz. Və istər müddəti tamamlayasız, sizi yönəltdiyinə görə Tanrını uca tutasız” (Bəqərə, 184-185).

Sual 559: Tanıdığım bəzi möminlər oruc tutduqları zaman şiddətli baş ağrıları çəkirlər. Susuz qalmağın insan bədəninə belə bir təsiri olduğu tibbən də bilinən bir gerçəkdir. İslamda, bildiyim qədər, insanın özünə bilərək əziyyət/işgəncə etməsi yasaqdır. Bəhs etdiyim bu insanların bilə-bilə bir ay boyunca özlərini əziyyətə məhkum etməkləri dinimizcə düzdürmü? Belə bir ibadət nə dərəcədə qəbuldur? Əgər qəbul deyilsə, bu insanlar orucu necə tutmalıdır? Bu haqda Quranda bir hökm varmı? Səidə Şamilova

Cavab: Orta məktəbdə oxuyub rahatlığı prioritet olaraq götürən məktəbli ilə elmdə uğuru hədəfə alan, bunun üçün çətinliyə qatlaşan məktəbli fərqli nəticələr əldə edir. Nəyəsə nail olmağın yolu, adətən, əziyyətdən keçir. Bəşəriyyətin bu günkü nailiyyətinin hamısı əziyyət çəkənlərin hesabınadır. İnsan mənəvi cəhətdən kamilləşmək, fiziki sağlamlığını formada saxlamaq üçün də əziyyətə qatlaşa bilər. Sonralar onun bəhrəsi çox xoş olur. Bir kəs ürəkdən oruc tutarsa, Allah onun əvəzini verir. Orucun faydaları haqda saytımızda da yazılar var: http://addm.az.iatp.net/oraz.html , http://addm.az.iatp.net/oruaz.html
Heç bir ibadət insan üçün işgəncə olmamalıdır. “Oruca məhkumluq” anlayışı yoxdur, din məcburiyyətə qarşıdır. Tab gətirməyənlərə gəlincə: “Oruca tab gətirməyənlər bir yazığı doyuracaq qədər fidyə verməlidirlər. Xeyirxahlığı könüldən eləyənin qabağına xeyirxahlıq çıxar. Bilsəydiniz orucun nə qədər xeyri var sizə” (Bəqərə 184).

Sual 560: Qəbir əzabı nədir?

Cavab: Quranın heç bir yerində Qiyamətə qədər kiməsə əzab veriləcəyi barədə bir işarəyə belə rastlaşmadıq. Fatihə surəsində Qiyamətə “Din günü” deyilməsi, onun yiyəsinin isə Allah olması bir daha onu göstərir ki, o vaxta qədər nə mühakimə, nə cəza, nə də mükafat olacağı barədə hökm vermək olmaz. Qiyamətdən əvvəl qəbir əzabının mövcud olması fikrinin tərəfdarları Qurandan yalnız Ğafir (Mümin) surəsinin 46-cı ayəsinə istinad edirlər: “Səhər-axşam yanar odu göstərərlər onlara”. Amma göründüyü kimi, burada söhbət cəhənnəmdə yanmaqdan yox, o barədə onlarda təsəvvür yaradılmasından gedir. Cəza isə qiyamətdən sonra olur: “Elə ki, yetişdi qiyamət günü mələklərə əmr olunar: «Ən şiddətli əzaba salın Fironun adamlarını» (yenə həmin ayədə).


<<<


 

 
Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.