|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 381: Üzünü qibləyə tutmadan qılınan namaz qəbul olunurmu? Bəs Bəqərə surəsindəki “Üzünüzü Məscidi-harama tutun” sözlərindən məqsəd nədir?

Cavab: Orada müsəlmanlara qiblə müəyyən edildiyi bildirilir. Camaat halında namaz qılanda qibləyə tutmalıyıq üzümüzü. Amma fərdi şəkildə qılınan namazda qibləyə dönülməsə də, namaz qəbul olunur.

Sual 382: Bəzi ət yeməkləri ləzzətli və yumşaq olsun deyə, onları bişirəndə şərab qatırlar. Belə yeməklər haramdırmı?

Cavab: Haram deyil. Çünki bu vaxt şərabdakı alkoqol öz keyfiyyətini itirir.

Sual 383: İnsanların anlama səviyyəsi müxtəlifdir. İnsan anladığı, qavradığı qədərindənmi məsuldur? Əgər elədirsə, bu, dərindən anlayanlara qarşı haqsızlıq deyilmi?

Cavab: Dediyinizdə həqiqət payı var. Dərindən anlamağın faydası çox olduğu üçün məsuliyyəti də çoxdur. Cəhalətə gəlincə, onu üzrlü səbəb kimi təqdim etmək olmaz.

Sual 384: Allah ilə insan arasında əlaqə təkcə dua yolu ilədirmi? Allahdan ilham almaq ücün insan nə etməlidir?

Cavab: Allahdan ilham davamlı olaraq gəlir. Bunu almaq qəlbin vəziyyətindən asılıdır.

Sual 385: Hər gün duş alıram. Bundan sonra namaz qılmaq olarmı? Yoxsa qüsl etmiş adam əlavə olaraq abdəst dəmi almalıdır?

Cavab: Qüsl bədənin tam yuyulmasıdır və namaz abdəsti yerinə də keçərlidir.

Sual 386: Terror törədib ölənlər şəhid olurmu?

Cavab: Terror hadisəsi törədib ölənlərə şəhid deyilməz. Günahsız insanları öldürənlər cəhənnəmlikdir.

Sual 387: Quranda yoxsul və yetimlərlə yanaşı "yolda qalanlar" ifadəsi işlənilir. Burada kimlər nəzərdə tutulur?

Cavab: Xüsusən keçmişdə yolda ikən çətin vəziyyətdə qalanlar olurdu. Onlara yardım tövsiyə olunur. Bu gün də belələrinə rast gəlmək mümkündür. Ayədə qonaqpərvərlik təşviq olunur.

Sual 388: Quranda "Allaha qovuşmaq" deyəndə nə nəzərdə tutulur?

Cavab: Burada ruhun ayrıldığı yerə qayıtması nəzərdə tutulur.

Sual 389: Qurandakı "buruc" sözünü ulduz sistemləri, qalaktikalar kimi anlamaq olarmı?

Cavab: Bəli, olar.

Sual 390: "Allahın ismi və sıfəti olmaz. Çünki Allah hər şeydən, o cümlədən isim və sifətdən də münəzzəhdir" deyənlər var. Bu fikrə münasibətiniz?

Cavab: Allahın isim və sifətləri bizim Onun anlamağımız baxımından məna ifadə edər.

Sual 391: İbrahim peyğəmbərin millətinin əsas xüsusiyyətləri hansılardır?

Cavab: Vəhyə uymaq, yanlış ənənələrə tənqidi baxış, ağlın, rasional təfəkkürün dövrəyə girməsi.

Sual 392: Ənam surəsinin 153-cü, Mumtəhinə surəsinin 1-ci, Ali İmran surəsinin 195-ci ayələrində ki “yol” sözü eyni zamanda din mənası verirmi?

Cavab: “Yol” sözü "Allahın yolu" şəklində işlənəndə dediyiniz doğrudur.

Sual 392: Allahın bütün bilgiləri Onun dinidirmi?

Cavab: Belə bir hökm vermək olmaz.

Sual 393: Fiqh kitablarında Mehdi adlı bir şəxsin gələcəyi, 40 gün dünyaya zülm edən Dəccalı İsa peyğəmbərlə birgə öldürəcəyi yazılır. Bu, doğrudurmu?

Cavab: Bunlar sonradan islama əlavə edilmiş yad inanclardır. İslamı Qurandan öyrənmək doğru olar.

Sual 394: Quran oxuyanda saqqız çeynəmək, nəsə yemək, Quranı yerə - xalçanın üstünə qoymaq ona hörmətsizlikdirmi?

Cavab: Müqəddəs Kitabımızı oxuyanda ədəb tövrünü qorumaq lazımdır. Quranı yerə qoymaq böyük hörmətsizlikdir.

Sual 395: Kişi oruclu olanda onu qadın həkim müalicə etsə, orucu pozularmı?

Cavab: Xeyr, pozulmaz.

Sual 396: Qızıl zinət əşyaları taxmaq kişilərə haramdırmı?

Cavab: Quranda belə bir haram yoxdur.

Sual 397: Niyə ölülərə Yə-sin surəsi oxunur? Bu, əmrdir, yoxsa ənənə?

Cavab: Ənənədir. Yə-sin surəsində Quranın dirilər üçün oxunması istənilir: “70. Allah bu Qur'anı göndərmiş ki, sağ olan kimsələrə Peyğəmbər xəbərdarlıq eləsin və o deyilən əzab haqq olsun kafirlər üçün”.

Sual 398: Peyğəmbərimizə salavat gətirmək fərzdirmi?

Cavab: Ömrümüzdə ən azı bir dəfə salavat gətirmək fərzdir. Bundan sonrası hər kəsin öz işidir.

Sual 399: Qurandakı “kordurlar, görməzlər, kardırlar, eşitməzlər” kimi ifadələr kar və korları rəncidə etmirmi? Quran əqli və fiziki qüsurlulara necə baxır?

Cavab: Quranda deyilən korluq qəlb gözünün korluğudur. Bunun şikəstlərlə heç bir əlaqəsi yoxdur. İslam əqli və fiziki qüsurlularla mərhəmətlə davranmağı tövsiyə edir.

Sual 400: Ayaqyolunda siqaret çəkmək günahdırmı?

Cavab: Bu, zövqlə bağlı bir işdir. Dinlə əlaqəsi yoxdur.

 

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.