|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 1: Qurana görə, dini yalanlayan kimdir?

Cavab: Qurana görə, dini yalanlayanların sırası onu açıq-aşkar inkar edənlərlə bitmir. Normativ ibadətləri yerinə yetirdiyi halda Allah taalanın dini danan adlandırdığı kimsələr də var. Maun surəsində bu barədə deyilir: “1. Görmüsənmi dini danan kimsəni? 2. Yetimi qovan odur, 3. yoxsulu yedirtməyə meyli olmayan odur. 4. Vay halına o namaz qılanların ki, 5. ötürərlər namazının vaxtını, 6. riyakarlıq eləyərlər, 7. ən adi şeylərə qızırğalanar onlar”. Buradan görünür ki, açıq inkarla yanaşı dini danmanın fərdi-psixoloji və sosial-iqtisadi olmaqla iki təzahürü var: 1. namaz aktyorluğu, 2. nemətləri başqaları ilə bölməmək, zəif və yoxsulları nemətlərdən məhrum etmək.

Sual 2: Qarşı cinsdən olan bir insanı çox sevmək günahdırmı?

Cavab: Sevmək günah yox, savabdır. Günah olan ilahlaşdırmaqdır.

Sual 3: Peyğəmbərimiz "Cümə günü vəfat edən şəxsə Allah taala şəhid mükafatı yazar və onu qəbir fitnəsindən qoruyar" deyibmi?

Cavab: Bunlar islama ziddir, uydurmadır.

Sual 4: Quranda güman, zənn haqda nə deyilir?

Cavab: Qurana görə, güman və zənnlə hökm vermək olmaz. Nəcm surəsinin 28-cü ayəsində deyilir: “Yalnız belə zənn edərlər. Zənn isə, şübhəsiz, haqdan bir şey deyə bilməz”. Din məsələsində Qurandan başqa mənbələrin – hədis və rəvayətlərin hökm qaynağı və hərəkət nöqtəsi olaraq götürülməsi də zənnə uymaqdır. Çünki onlar la raybe fih deyil.

Sual 5: Cinlər vəsvəsə verə bilərmi?

Cavab: Vəsvəsə verən şeytandır. Cinlərin vəsvəsə verdiyinə dair bir sübut yoxdur.

Sual 6: Qiyamət surəsinin 2-ci ayəsində qınayan nəfsə and içilməsinin səbəbi nədir?

Cavab: Nəfsi-ləvvamə - qınayan nəfs nəfsin ikinci mərtəbəsinin adıdır. Ondan əvvəl gələn nəfs mərtəbəsi əmmarədir. Nəfsi-əmmarə sahibləri nəfsinin bütün əmrlərinə tabe olur. Qınayan nəfs isə özünə tənqidi baxışın başlandığı nəfsdir. Qiyamət surəsinin 14-15cü ayələrində Məhşər zamanı insanın özünü görüb tanıyacağından söz açılır: “Görüb tanıyar insan o gün özünü. Nə qədər dil töksə də, yox faydası”. Bu dünyada özünə introspektiv baxış keçirən adam – öz nöqsanlarını görən adam onları aradan qaldırmağın bir addımlığında, ərəfəsində olduğu üçün bu nəfs mərtəbəsinin adına and içilir. Ona and içilməsi insanın təkamülündə özünütənqidə böyük əhəmiyyət verildiyini göstərir.

Sual 7: Şeytan daşlama fərzdirmi?

Cavab: Belə bir fərz yoxdur.

Sual 8: Qaf surəsinin 30-cu ayəsində deyilir: “O gün cəhənnəmə: «Doldunmu?» deyərik. «Yenə varmı?» söyləyər”. Cəhənnəm bu qədər genişdir?

Cavab: Bu ayə cəhənnəmin genişliyini yox, darlığını ifadə edir. Quranda cənnət haqda deyilir: “Tələsin Rəbbinizin məğfirətinə, göylər və yer qədər geniş olan və müttəqilər üçün hazırlanmış cənnətə” (Ali İmran 133). Bu, cənnətin hüdudsuz olduğuna işarə edir. Halbuki Qaf surəsinin 30-cu ayəsindən göründüyü kimi, cəhənnəm hər an dolması gözlənilən hüdudlu bir məkandır. Cənnət Allahın rəhmətinin təcəlli etdiyi yerdir. Allahın rəhməti isə hüdudsuzdur. Cəhənnəm isə Onun əzab və qəzəbinin təcəlli yeridir. Allahın əzab və qəzəbi isə hüdudludur. Cəhənnəm bir ölkənin həbsxanaları, cənnət isə özü kimidir.

Sual 9: Bir şəxs ölübsə, onun qılmadığı fərz namazları və ya həccə getməyibsə, onun əvəzinə yoxsullara pul paylamaqla o borcları silmək olarmı?

Cavab: İbadətlərdə vəkalət yoxdur.

Sual 10: Əraf surəsinin 179-cu ayəsində bəzi insanların heyvan kimi, hətta heyvandan da pis olmasından danışılır. Bu, necə olur?

Cavab: Ayə bütövlükdə belədir: “Çoxlu-çoxlu insi-cin yaratmışıq cəhənnəmlik olaraq. Qəlbləri var anlamazlar, gözləri var görməzlər, qulaqları var eşitməzlər. Heyvan kimi şeydir onlar. Yox, heyvandan betərdilər, doğru yoldan daha uzaq düşüblər, qəflət içindədirlər”.
Heyvanlar mükəlləf varlıqlar deyillər. Onlar yaradılış vəzifələrini mütləq yerinə yetirirlər. İnsana isə yaxşı və pis, halal və haram, xeyir və şər kimi məsələlərdə seçim imkanı verilib. İnsan öhdəsinə düşəni icra edib ucalıqlara yüksələ və ya heyvan olma şansını da itirib çüxurlara yuvarlana bilər. Üçüncü yol yoxdur.

Sual 11: Günah işləyən bir insan imandan çıxarmı?

Cavab: Quranda günahın insanı ımandan çıxaracağına heç bir işarə yoxdur. İman yalnız inkarla yox olur.

Sual 12: Məryəm surəsinin 25-ci ayəsindən görürük ki, xəstə və hamilə Məryəmə xurma ağacını silkələmək əmri verilir: “Xurma ağacını özünə çək, silkələ, üstünə tərtəzə xurmalar tökülsün” . Niyə? İlahi lütf başqa cür verilə bilməzdimi?

Cavab: Bu ayədə Quranın önəmli ismarıclarından biri verilib. Atasız doğulacaq bir uşağın anası olan Məryəm Allah tərəfindən möcüzəli bir biçimdə doydurulur. Ona ləzzətli xurmalar lütf edilir. Məryəm hərəkət edə bilməyəcək qədər narahat olduğu anda ona xurma ağacını silkələmək əmr olunur. Niyə? Çünki Cənab Haqq ən möcüzə lütflərində belə bəndəsinin işə qarışmasını istəyir. Allah lütf edəcəyi böyük bir xəzinəni də bəzən bəndəsinin qapını barmağı ilə qımıldatmasına bağlayır. Bir barmaq toxunuşu da olsa, bəndənin burda iştirakı olur. Bir sözlə, neməti də, qədər deyiləni də öz iştirakımızla, Allah taala ilə müştərək formalaşdırırıq.

Sual 13: İntihar niyə ən böyük günahlardan biridir?

Cavab: Çünki intihar insanın həyat haqqına təcavüzdür.

Sual 14: Hər bir insan mütləq cəhənnəmə düşəcəkmi?

Cavab: Məryəm surəsinin 71-72-ci ayələri bu suala belə cavab verir: “Sizlərdən hər biriniz ora mütləq girməli. Bu bir hökmdür, onu icra eləməyə Rəbbin Özü qərarlıdır. Sonra müttəqilərə nicat verərik, zalımları diz üstə çökmüş halda tərk edərik”.
Hər kəs cəhənnəmə girəcək. Bəziləri orada bir müddət qalıb çıxacaq, bəziləri isə qalacaq. Bu, Allahın rəhmət və lütfünün tanınması üçündür. Əzabın nə olduğu bilinməlidir ki, lütf və rəhmətin nə olduğu da yaxşı anlaşılsın.

Sual 15: Allahı zikr edərkən ağlamaq günahdırmı?

Cavab: Əksinə, çox qiymətlidir.

Sual 16: Tövbəsi qəbul edilməyəcək bir günah varmı?

Cavab: Tövbənin keçərli olmadığı heç bir günah yoxdur.

Sual 17: Tövbə edib bir günahdan əl çəksək, həmin günahın cəzasını yenə çəkəcəyikmi?

Cavab: Əgər keçmiş günaha bir daha qayıdılmasa, tövbə insanı tərtəmiz edər.

Sual 18: Məsciddə bir molla deyirdi ki, qadınlar görünən hər bir baş tükü üçün 70-80 il cəhənnəmdə yanacaqlar. Bu, doğrudurmu?

Cavab: Dinimizdə elə bir şey yoxdur. Din adına yalan danışan həmin molla cəhənnəmdə yana bilər.

Sual 19: Ta-hə surəsində deyilir ki Firona yumşaq və dadlı bir dillə xitab edin. Bu necə olur?

Cavab: Bəli, həmin surənin 43-44-cü ayələrində ən böyük peyğəmbərlərdən olan Musa və Haruna deyilir: “Gedin Fir'onun yanına. Həddini həqiqətən aşmış o. Yumşaq sözlər deyin ona bəlkə bir öyüd ala, yaxud qorxuya düşə». Burada insanlığa, xüsusən təbliğ adamına önəmli bir dərs verilib. Demək, Firon da daxil heç bir adamdan ümid kəsilməməlidir. Heç bir insan təbliğ və öyüddən kənarda qoyulmamalıdır.

Sual 20: Külli və cüzi iradə nədir?

Cavab: Külli iradə Allahın, cüzi iradə isə insanındır.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.