|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 301: Namazdan əl çəkənlərlə namaza başlamayanlar dində eynidirmi?

Cavab: Kimi nə qədər haqq-hesaba çəkəcəyini Allah bilir.

Sual 302: Quranda Nostradamusun adı keçirmi?

Cavab: Xeyr.

Sual 303: “Müqəyyəbati-xəmsə” nədir?

Cavab: Mənası “beş bilinməz” deməkdir. Quranın Loğman surəsinin 34-cü ayəsindəki bilinməzlərlə bağlı işlədilir. Bu ayədə beş yox, üç bilinməzdən söz açılır: “34. Təkcə Allah bilər qiyamətin vaxtını. Yağışı da göndərən, bətnlərdə olanı da bilən Odur. Heç kim bilməz sabah onu nə gözləyir. Heç kim bilməz o harada öləcək. Hər şeyi bilən, hər şeydən xəbərdar olan yalnız Allahdır”. Burada yağışı Allahın yağdırdığı, bətnlərdəkini bildiyi deyilir. Amma 3 şeyi təkcə Onun bildiyi vurğulanır: 1. Qiyamətin vaxtı,
2. Sabah fərdi nə gözləməsi, 3. Fərdin nə vaxt öləcəyi.

Sual 304: Rəssamlıq və heykəltəraşlığın yasaq olduğunu iddia edən hədis tərəfdarları deyirlər ki, hər peyğəmbərin öz şəriəti var. Süleyman peyğəmbərə heykəl və rəsm icazəsi verilmişdi, müsəlmanlara yasaq edilb. Bu məsələyə aydınlıq gətirərsinizmi?

Cavab: Allah bütün peyğəmbərlərə eyni qanunları vəhy edib. Allahın dini birdir. Prinsipləri vahiddir. Şura surəsinin 13-cü ayəsində deyilir: “Nuha qanun bildiyini sizə də din olaraq buyurmuş Allah”. «Dininizdə bütöv olun, bölünməyin!» deyə vəhy elədik sənə, buyurduq İbrahimə, Musaya və İsaya.”

Sual 305: Suallara cavablarda hədis yox, Qurana müraciət etməyinizin səbəbi nədir?

Cavab: Din mövzusunda bütün suallar Qurana verilməli, cavablar Qurandan alınmalıdır. Bu barədə Nəxl surəsində deyilir: ”64.Biz sənə Kitabı nazil elədik ki, mübahisə etdikləri mətləbi açıqlayıb bildirəsən onlara. Və iman götirənlər üçün yol göstərsin, rəhmət versin bu Kitab”.

Sual 306: Nəxl surəsində İbrahim peyğəmbərdən bir ümmət deyə bəhs edilir. Bir şəxs necə ümmət ola bilər?

Cavab: Tövhid yolunda insanlığa etdiyi xidmətə görə, böyük şəxsiyyətlər bir ümmət dəyəri ala bilər. İbrahim peyğəmbər belə analoqu olmayan ruhlardan biridir.

Sual 307: Quran xəsislik barədə nə deyir?

Cavab: İnsanlıq və Allah sevgisi ilə dolu olan bir ruh Allahın ona comərdcəsinə verdiyi neməti başqalarına comərdliklə verməlidir. İsrafçılıq kimi xəsislik də bəyənilməyən bir hərəkətdir. Ali İmran surəsində deyilir: “180. O kəslər ki, xəsislik eləyirlər Allahın bol ne'mətinə, elə bilməsinlər xeyir gətirər bu onlara. Xeyr, şər gətirər bu onlara. Xəsislik elədikləri şeylər dolanar boyunlarına qiyamət günü. Göylərin və yerin mirası Allahındır. İşləklərinizdən xəbərdardır Allah”.

Sual 308: Quran övlad götürmə barədə nə deyir?

Cavab: Əhzəb surəsinin 4-5-cı ayələrinə görə, övladlığa götürmə qəbul edilməzdir: “Allah heç bir kişinin sinəsində iki ürək yaratmamış. «Sən mənə anamın kürəyi kimisən» deyə xitab etdiyiniz zövcənizi sizə ana eləməmiş, oğulluğa götürdüyünüz kimsəni sizə oğul eləməmiş. Bunlar mə'nasız sözlərdir çıxar sizin ağzınızdan. Haqq sözü Allah deyər, adamları haqq yoluna O yönəldər. Öz atasının adıyla çağırın oğulluğa götürdüyünüz kimsəni. Bu daha ədalətli bilinər Allahın dərgahında. Atasının kimliyini bilməsəniz, onda onu din qardaşınız və qohumunuz kimi qəbul eləyin. Bilmədən səhv eləmək günah deyil, bilərəkdən səhv eləmək günahdır. Günahlardan keçəndir, Rəhimdir Allah”.

Sual 309: Hud surəsinin 5-ci ayəsində “paltara bürünərək gizlənmə” dedikdə nə nəzərdə tutulur?

Cavab: Ayədə deyilir: “Gözünüzü açın! Ondan gizlənələr deyə ikiqat bükürlər sinələrini. Bilin, geyimlərinə bürünüb örtünən zaman nəyi gizləsələr də, nəyi aşkar desələr də bilir O. Tanrı gerçəkdən tanıyan sinələrin zatını”. Burada xarici görünüşü bəyənilən şəklə salmağın daxildəki çirki aradan qaldırmadığına diqqət çəkilir. Bu ayə həm də “dini geyim” geyib özünü müqəddəsin təmsilçisi kimi qələmə verən, amma iç dünyası qaranlıq olanlara bir xəbərdarlıqdır.

Sual 310: Mən solaxayam. Yeməyi sol əlimlə yeyirəm. Deyirlər bu, dini cəhətdən düzgün deyil. Doğrudurmu?

Cavab: Sağ əl, sol əllə bağlı deyilənlərin dinə heç bir dəxli yoxdur.

Sual 311: Möminlərədn Allaha daha yaxın olanların cəsədlərinin çürümədiyi deyilir. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Ölənlərin çürüməməsi dinə və ağıla zidd bir səfəsətədir. Bəzı cəsədlər basdırıldığı torpağın xüsusiyyətləri ilə bağlı gec çürüyə bilər. Bunun üstün insan olmaqla heç bir əlaqəsi yoxdur.

Sual 312: Qurandakı cihad anlayışına aydınlıq gətirərsinizmi? Terrorçuların intihar hücumlarını necə izah edərsiniz?

Cavab: Terrorun Qurandakı cihadla heç bir əlaqəsi yoxdur. Qarşıya qoyduğu hədəf nə qədər məşru olsa da, terror bir zülmdür. Quranda cihad deyəndə Allahın iradəsinə uyğunluq üçün bütün qeyrətini ortaya qoymaq nəzərdə tutulur.

Sual 313: Quranı anlamaq üçün riyaziyyat, fizika və s. elmləri bilmək vacibdirmi? Adi insan Quranı necə anlaya bilər?

Cavab: Biliyin çoxluğu Qurandan daha çox faydalanmağa yardım edir. Amma Quran biliksiz insanlara bir şey vermir demək olmaz.

Sual 314: Ata-ananın övladlar arasında ayrı-seçkilik etməsi doğrudurmu?

Cavab: Qətiyyən olmaz. Bu, günahdır.

Sual 315: Quranda bir sıra ayələrdə Kitab əhlindən bəzilərinin Allahın sevimli bəndələri olduğu deyilir. Necə olur ki, bəzi dövlətlər və din adamları islam adına cihad açıb yəhudi və xristianları öldürməyə təşviq edirlər?

Cavab: Onlar Quranı yox, öz məqsədlərini izləyirlər.

Sual 316: Təcəlliyyat nədir?

Cavab: İlahi gözəlliyin varlıq aləmində üzə çıxmasına təcəlli etmək deyilir.

Sual 317: Xütbələr təkcə dini mövzudamı olmalıdır?

Cavab: Xütbədə hər sahədə məlumat vermək olar.

Sual 318: Bir şəxs içki içirsə, qıldığı namaz qəbul olunarmı?

Cavab: Namaz vaxtı sərxoş deyilsə, namazı keçərlidir. Amma alkoqol haramdır.

Sual 319: Qəlblərin möhürlənməsi nədir?

Cavab: Qəlbin möhürlənməsi yaramazlıqlar üzündən qəlbin pas tutmasıdır. Allaha sığınıb lazımi tədbirlər görülsə, pası təmizləmək olar.

Sual 320: Səfər namazları neçə rükətdir?

Cavab: Səfər namazı iki rükət qılınır.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.