|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 241: Zülmə məruz qalana pis söz danışmaq olarmı?

Cavab: Olar. Nisə surəsinin 148-ci ayəsində deyilir: “Zülm çəkən kimsədən savayı bir özgəsinin açıqca pis söz söyləməsini sevməz Allah. Hər şeyi eşidəndir, hər işi biləndir Allah”.

Sual 242: Quran oxuyanda elə başa düşürəm ki, o, kişilərə xitabən yazılıb. Bu, belədirmi?

Cavab: Quran ümuma xitab edəndə ərəb dilində kişi cinsinə aid qrammatik əlamətlər işlənir. Bu, cinsiyyət fərqi ifadə etmir.

Sual 243: Əgər şeytan Adəmə səcdə etsəydi, dünyadakı azğınlıqlar olmayacaqdımı?

Cavab: Bunun cavabını yalnız Allah bilir.

Sual 244: Cənnətdə kişi hurilər varmı?

Cavab: Qadının olduğu yerdə kişi olması varlıq qanunlarının gərəyidir. Bu qanunlar cənnətdə də işləkdir.

Sual 245: Cənnətdə qadınlara da kişi veriləcəyi deyilir. Bunu bildirən ayə varmı?

Cavab: Bir sıra ayələr var. Nümunə olaraq Yasin surəsinin 55-57-ci ayələrinə baxa bilərsiniz: “Bu gün şadyanalıq eləyir, əylənir cənnət əhli. Kölgəliklərdə qurulan taxtlar üstündə taylarıyla bərabər mütəkkələrə söykənmişlər. Meyvələr var, istədiklərindən hər nə desən var orada onlar üçün”.

Sual 246: Quranın ən çox vurğuladığı, üzərində durduğu mövzu nədir?

Cavab: Allah-insan dialoqu.

Sual 247: Ateistlər israrla "Allah" sözünün islamdan əvvəl Ərəbistanda Ay Tanrısını ifadə ettiyini deyirlər. Bu, belədirmi?

Cavab: Önəmli olan bu sözə Quranın verdiyi mənadır. Ərəbcədə bu və ya digər mənada işlənməsinin əhəmiyyəti yoxdur.

Sual 248: Peyğəmbərlərin çox iztirab və səbr içində yaşadıqları aydın olur. Bu, onları yuxarıya bağlayan bir ruhi vəziyyətdirmi?

Cavab: Bəli, dedikləriniz Qurana uyğundur.

Sual 249: Ölən uşaqların heç bir günahı olmadığı üçün cənnətə gedəcəyi deyilir. Dünya imtahan yeridirsə, imtahan başlamamış dünyanı tərk edənlərin cənnəti qazanması doğrudurmu?

Cavab: Ölən uşaqların haraya getdiyini bildirən Quran bəyanı yoxdur.

Sual 250: Quranda məlum aylarda həccə gedin deyilir. Hansı aylardır?

Cavab: Bunlar şəvval, zilqədə, zilhiccədir (Bəqərə 197).

Sual 251: Luqmən surəsinin 34-cü ayəsinə görə, gələcəyi yalnız Allah bilir. Onda necə olur ki, bəzi insanların və cinlərin gələcəyi bildiyi iddia edilir?

Cavab: Nə insan, nə də cin qeybi bilməz. Quran bunu çox açıq şəkildə deyir.

Sual 252: Quranda digər planetlərin Yerin ətrafında fırlandığı deyilir. Bu astronomik səhv deyilmi?

Cavab: Quranda elə bir ayə yoxdur. Sadəcə, bütütn planetlərin hərəkətdə olduğu deyilir. Diqqətlə oxuyun.

Sual 253: Quranın Allah tərəfindən qorunduğu deyilir. Bəs Tanrı əvvəlki Kitabları niyə qorumayıb?

Cavab: Əvvəlki kitablardakı təhrifləri sonradan gələn peyğəmbər düəldirdi. Peyğəmbərimiz sonuncu olduğu üçün Quran insanların təhriflərindən qorunur.

Sual 254: Həccə gedənlərin o vaxta qədərki bütün günahlarının bağışlandığı haqda deyilənlər doğrudurmu?

Cavab: Belə bir inanc Quran tərəfindən təsdiq olunmur.

Sual 255: Bütün peyğəmbərlərin Ərəbistan yarımadasından çıxmasının səbəbi nədir?

Cavab: Bütün peyğəmbərlər yox, bəziləri Orta Şərqdən çıxıb. Quran bütün cəmiyyətlərə peyğəmbərlər gəldiyini deyir, amma bunların bir qismindən danışır.

Sual 256: Bir sıra kitablarda Adəmin 6 min il əvvəl yaşadığı deyilir. Amma elm neçə yüz min il əvvələ aid insan sümükləri aşkar edib. Elmə inanmaqda haqlıyammı?

Cavab: Quranda Adəmin yaradılış tarixi göstərilməyib. Ona görə elmi nailiyyətləri qəbul etmək Qurana uyğundur.

Sual 257: Müsəlman olmayanlar məsciddə öz ibadətlərini icra edə bilərlərmi?

Cavab: Məscidə büt kimi şeylər gətirməməklə edə bilərlər. Peyğəmbərimizin vaxtında belə hallar olub.

Sual 258: Ta-hə surəsinin 113-cü ayəsinə istinad edib Quranın hər zaman yeni olduğu deyə bilərikmi?

Cavab: Düşüncəniz tamamilə doğrudur.

Sual 259: Qurandakı surə adlarını kim qoyub?

Cavab: Surələrin adları peyğəmbərimiz tərəfindən müəyyən olunub.

Sual 260: Hər dəfə ölümü düşünəndə daxilimdən bir qorxu keçir. Bu, günahdırmı?

Cavab: Ölümdən qorxmaq insani bir duyğudur, günah deyil.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.