|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

.Sual 221: Quranda göz dəyməsinin olduğu təsdiq edilirmi?

Cavab: Bəli. Qələm surəsinin 51-ci ayəsində deyilir: “Quran eşidən zaman sənə baxarlar və baxışlarıyla az qalırlar səni vurub yıxalar”.
Ayədən göründüyü kimi, burada gözün nəzər deyilən mənfi təsirindən söz açılır. O da anlaşılır ki, təkcə maddi olanlar yox, ruhi üstünlüklər də neqativ təsirli həsədə – göz dəyməsinə səbəb ola bilər.

Sual 222: Quranda mənsux - hökmü aradan qaldırılmış ayələr hansılardır?

Cavab: Quranda hökmü aradan qaldırılmış ayə yoxdur. Bir Quran ayəsinin digər ayə və ya hədislə aradan qaldırıldığı haqda deyilənlər həqiqətə uyğun deyil. “Nəsx” mənaları zidd düşən sözlər arasında olur. Quran ayələri arasında bir-birinə zidd heç nə yoxdur. Nisə surəsində deyilir: “Düşünüb daşınmırlarmı Qur'an barədə. Allahdan yox, başqasından gəlsəydi o, içində çox ziddiyyətlər tapardılar”. Keçmiş təfsirçilər nəsxdən danışanda Bəqərə surəsinin 106-cı ayəsinə istinad ediblər: “Biz daha yaxşısını, yaxud bənzərini gətirmədikcə dayandırmarıq, yaxud unutdurmarıq hansısa bir ayənin hökmünü”. Yanlış ondan ibarətdir ki, təfsirçilər buradakı “ayə” sözünü Quran ayəsi kimi qəbul ediblər. Halbuki burada kainatdakı ayələr nəzərdə tutulur. Allah hər zaman kainatda yenilərini yaratmaqda artırmaqda (“Yaratdığı xilqətinə istədiyini artırar” Fatır 1) hansısa növləri, cinsləri aradan qaldırmaqdadır: “İstəsə aradan götürər sizi, başqa bir yaratdığını gətirər yerinizə” (İbrahim 19); “İstəsə sizi aradan götürər, yerinizə başqa xilqət gətirər” (Fatır 16).
Quranda ziddiyyət olmadığı üçün Quran ayələrində də nəsx yoxdur.

Sual 223: Səhih hədislərə inanmamaq günahdırmı?

Cavab: Xeyr, günah deyil. Din Qurandan öyrənilməlidir: “Mübahisə etdiyiniz hər şeyin barəsində hökmü yalnız Allah verər. Budur mənim Rəbbim Allah. Mən Ona güvənirəm, Ona tuturam üzümü” (Şura 10).

Sual 224: “İnsan yaradılmışların ən şərəflisidir” deyirlər. Bu
fikir Quranda öz təsdiqini tapırmı?

Cavab: Xeyr. Quranda insanın yaradılmışların hamısından yox, bir çoxundan şərəfli olduğu deyilir: “”Bolluca nemət vermişik Adəm oğullarına. Quruda, dənizdə daşımışıq onları. Təmiz-təmiz şeylərdən ruzilər vermişik onlara. Yaratdıqlarımızın çoxundan üstün tutmuşuq onları” (Isra 70).

Sual 225: Bəqərə surəsinin 140-cı ayəsindəki “şahidliyi gizləmək” nə deməkdir?

Cavab: Ayədə Allahdan gələn şahidlikdən danışılır. Yəni söhbət vəhyin bəyanlarını gizləməkdən gedir. Bu isə 2 cür ola bilər: 1. İlahi ayələri tamamilə inkar etmək, 2. Bunların mənalarını sapdırmaq, mötərizələr açaraq əlavələr etmək. Dini hökmləri Allahın kitabı ilə hüdudlandırmaq əvəzinə, “filankəs belə buyurub”, “filan kitabda belə yazılıb” deyərək Qurana zidd hökmlər çıxarmaq. Bunların hər ikisi zülmdür. Ayədə buna görə soruşulur: “Sizmi daha yaxşı bilirsiniz, yoxsa Allahmı?”

Sual 226: Allaha dua edərkən əllərimi açmadan dua edirəm. Bu, doğrudurmu?

Cavab: Duanın əllərlə heç bir bağlılığı yoxdur. Dua qəlblə edilir.

Sual 227: Qasas surəsinin 49-cu ayəsində deyilir: “De ki, «Əgər sadiqsinizsə ilahi kəlamlara, o ikisinə gələndən daha doğru bir Kitab gətirin ona tabe olum mən». Ayədə niyə iki kitabdan danışılır?

Cavab: Qasas surəsinin 48 və 49-cu ayələri bir-biri ilə bağlıdır. Burada peyğəmbəri dinləyənlərə xitab edilir və Tövratla Quran nəzərdə tutulur: “Ancaq dərgahımızdan haqq gələndə onlara, «Olmazdımı, Musaya veriləndən buna da veriləydi?» deyərlər. Musaya veriləni də öncə danmamışdımı onlar? «Bunlar ikisi [Musa və Muhamməd] bir-birinə arxa olan cadubazdırlar» dedilər. «Hər birinə küfr edirik» dedilər. De ki, «Əgər sadiqsinizsə ilahi kəlamlara, o ikisinə gələndən daha doğru bir Kitab gətirin, ona tabe olum mən».

Sual 228: Məidə surəsinin 48-ci ayəsində deyilir: “Allah istəsəydi, sizi tək ümmət yaradardı”. Niyə belə deyilir?

Cavab: Buradan belə anlaşılır: Tək inanc, tək din, tək millət Allahın iradəsinə ziddir.

Sual 229: Allahı unutmağın nəticəsi nədir?

Cavab: Qurana görə, Allahı unudanlar nəticədə özlərini unudaraq azarlar. Həşr surəsinin 19-cu ayəsində deyilir: “Oxşamayın o kəslərə ki, unutmuşlar Allahı, Allah da özlərini unutdurmuş onlara. Yolsuzlardır belələri”.

Sual 230: Təyəmmüm təkcə qüsl üçünmü edilir, yoxsa namaz abdəsti üçün də edilirmi?

Cavab: Hər iki halda təyəmmüm edilə bilər.

Sual 231: Özümüz icra etmədiyimiz, amma tərəfində durduğumuz işlərə görə payımız varmı?

Cavab: Bəli. Nisə surəsinin 85-ci ayəsində deyilir: “Gözəl bir işin tərəfini saxlayarsa, ona da pay düşər həmin işdən. Pis bir işdə tərəf saxlayana pay düşər həmin işdən. Hər şeyin əvəzini verər Allah”.

Sual 232: Bir möminin digər mömini öldürməsi barədə Quran nə deyir?

Cavab: Nisə surəsinin 92-93-cü ayəsi bu barədədir: “Bir mö'minin digərini öldürməyi yasaqdır. Səhvən baş verərsə bu - o başqa. Mö'min bir köləni azad etməli və ölənin ailəsinə qan bahası verməlidir səhvən bir mö'mini öldürən kəs. Ölənin ailəsi bağışlasa - bu başqa. Öldürülən mö'min sizə düşmən qövmdəndirsə, mö'min bir köləni azad etməli, sizin ittifaq bağladığınız qövmdəndirsə, ailəsinə qan bahası ödənməli və mö'min bir köləni azad etməli. Buna gücü çatmayan iki ay durmadan oruc tutmalıdır ki, onun tövbəsini qəbul buyursun Allah. Hər şeyi bilir Allah, müdrikdir Allah. Hər kim bir mö'mini öldürsə qəsdən, cəzası cəhənnəm olacaq və orada əbədilik qalacaq. Qəzəblənmiş ona, lə'nətləmiş onu və böyük bir əzab hazırlamış ona Allah”.

Sual 233: Zalım bir idarəçilik altında yaşamaq özünə zülmdürmü?

Cavab: Zülmə uğradılanlar həmin zülmlə mübarizə aparmalıdırlar. Əgər uğur qazanmasalar, ölkəni tərk etməkləri lazım gəlir. Əks təqdirdə özlərinə zülm etmiş olurlar. Nisə surəsinin 97-98-ci ayələrində deyilir: “Özlərinə zülm eləyən kimsələrə «Vəziyyətiniz necə idi» deyəndə mələklər canlarını almağa gələn zaman, «Biz yer üzündə zavallı kimsələrdik» dedilər. «Bəs geniş deyildimi Allahın ərzi, barı bir hicrət edəydiniz» dedi mələklər... Kələyi kəsilən, bir yol tapa bilməyən zavallı kişilər, qadınlar, uşaqlar onlara aid deyil”.

Sual 234: Namazların neçə rükət olması haqda Quranda yazılıbmı?

Cavab: Xeyr.

Sual 235: Namazda səsin alçaq və ya uca olması barədə Quran bir şey deyirmi?

Cavab: İsra surəsinin 110-cu ayələrində deyilir: “Sən namaz qılan zaman nə çox ucadan, nə də çox pəsdən oxu, bu ikisinin arasında orta bir səs seçib oxu”.

Sual 236: Oturaraq namaz qılmaq olarmı?

Cavab: Ayaq üstə durmağa taqəti olmayan şəxs oturaraq namaz qıla bilər.

Sual 237: Qadınların seçib-seçilmək hüququ barədə Quranda bir yasaq varmı?

Cavab: Yoxdur.

Sual 238: Quranda “Allahın orduları” deyiləndə nə nəzərdə tutulur?

Cavab: Müddəssir surəsinin 31-ci ayəsinə görə, Allahın ordularını yalnız O bilir.

Sual 239: Deyirlər, cinlər də mükəlləf varlıqlardır. Onlara da peyğəmbərlər göndərilirmi?

Cavab: Bəli. Ənam surəsinin 130-cu ayəsində deyilir: «Ey cin və insan cəmiyyətləri. Sizə içinizdən peyğəmbərlər gəlmədimi?»

Sual 240: Şirin dillə danışmaq barədə Quran tövsiyəsi varmı?

Cavab: Var. Bəqərə surəsinin 263-cü ayəsində deyilir: «Bir şirin dil, bir bağışlama, ardından incitmək gələn sədəqədən daha xeyirlidir. Allah Qənidir, Rəhimdir».




<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.