|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

.Sual 201: Hədislər ağızdan-ağıza keçərək bu günə gəlib çıxıb. Onları peyğəmbər sözü kimi qəbul etmək olarmı? İsra surəsinin 36-cı ayəsində deyilir: “Bilmədiyin bir şeyin dalına düşmə. Şübhəsiz, qulaq, göz və ürək - bunların hamısı sorğuya çəkilər tutduğun işə görə”.

Cavab: Qurana uyğun gəlməyən hədisin doğruluğu qəbul edilə bilməz. Əks təqdirdə Quranın gətirdiyi din qalmaz.

Sual 202: Həcc vəkaləti mümkündürmü? Yəni pulu olub yaşlı və ya xəstə adam öz əvəzinə başqasını göndərə bilərmi?

Cavab: İbadətlərdə vəkalət Qurana ziddir.

Sual 203: Şəriətlə idarə olunan ölkə vətəndaşı namaz qılmağa məcbur edə bilərmi? Və ya namaz qılmayanlara cəza tətbiq edilə bilərmi?

Cavab: Heç bir güc heç kəsi ibadətə məcbur edə bilməz. Zor ilə ibadət yanaşı ola bilməz. Quranda «Dində məcburiyyət - ikrah etdirmə yoxdur» məalında bir ayə var. Yəni insana onun xoşuna gəlməyən bir işi qəbul etdirmək, onu diksindirmək, ikrah yaratmaq olmaz. İstər dini qəbul etmək məsələsində, istərsə də qəbul etmiş insanların dini olan nəisə icrasında ikrahı – məcburiyyəti Müqəddəs Kitabımız məqbul saymır. Hətta peyğəmbərimizə xəbərdarlıq da edilir: «İstəsəydi Rəbbin əgər yer üzündə kim varsa, hamılıqla iman gətirərdi Ona. Sənmi zor işlədirsən insanları gətirmək üçün?» (Yunus 99).

Sual 204: İslamda evlənmək fərzdirmi?

Cavab: Xeyr, fərz deyil.

Sual 205: Şüursuz təvəkkül nədir?

Cavab: Bu günkü islam dünyasının etdiyi kimi hər şeyi Allaha həvalə edib yatmaq.

Sual 206: İnsanın hər hansı bir yerinin qanaması abdəsti pozarmı?

Cavab: Xeyr, pozmaz.

Sual 207: Quranın ilk nazil olan surəsində insanın ələqdən yaradıldığı deyilir. Bunun mənası nədir?

Cavab: “Ələq” sözünün bir mənası embriondur. Maraqlıdır ki, bu sözün “şəfqət”, “sevgi” mənaları da var.

Sual 208: Qələm surəsi qələmə andla başlanılır. Bu, təsadüfidirmi?

Cavab: Burada qələm və onun yazdıqlarının insan üçün vacib olan dəyərlərin əldə edilməsində, insanların bir sıra mənfiliklərdən qorunmasına əvəzsiz rolu olmasına diqqət çəkilir.

Sual 209: Deyirlər İxlas surəsinin başqa adları da var. Bunlar hansılardır?

Cavab: Bu surənin 10-dan artıq adı olduğu söylənilir. Bunlardan bəziləri: Əsas, Tövhid, Təfrid, Təcrid, Mərifət, Camal...

Sual 210: Budda peyğəmbərmi olub?

Cavab: Onun Quranda adı çəkilməyən rəsullardan olduğu ehtimal edilir.

Sual 211: Bəziləri Quranı “mücməl” – anlaşılmaz kitab elan edir, hədislərsiz keçinməyin mümkünsüzlüyünü iddia edirlər. Quran özü nə deyir?

Cavab: Qurandan hər kəsin payı var. Onun mücməl olması haqda deyilənlər həqiqətə uyğun deyil. Qəmər surəsində düz 4 dəfə təkrar olunur: “And olsun ki, Biz bu Quranı öyüd və ibrət alınsın deyə sadələşdirdik. Belə isə oxuyub öyüd alacaq kimsə yoxdurmu?” (Qəmər 17, 22, 32, 40).

Sual 212: Əsmaül-hüsna nə deməkdir?

Cavab: Əraf surəsinin 180-ci, İsra surəsinin 110-cu, Ta-hə surəsinin 8-ci və Həşr surəsinin 24-cü ayələrində işlənən əsmaül-hüsna Allahın gözəl adları deməkdir. Əraf surəsinin 180-ci ayəsində deyilir: “Allaha aiddir ən gözəl adlar (əsmaül-hüsna). Allahı bu adlarla səsləyin və tərk eləyin bu adlara küfr eləyən kəsləri. İşləklərinə görə cəzasına çatacaq onlar”.

Sual 213: Vaqiə surəsinin 60-62-ci ayələrində deyilir: “Sizin taleyinizə ölümü yazan Bizik. Kəsən olmaz qarşımızı əgər Biz istəsək ki, yerinizə sizin kimi kimsələri gətirək, bilmədiyiniz şəklə salıb sizi bir daha var eləyək. Siz ki, bilirsiniz ilk dəfə necə yaranmısınız. Yenə dəmi dərs olmamış bu sizə?” Burada reinkarnasiyadanmı söhbət gedir?

Cavab: İnsan surəsini 28-ci ayəsi də buna bənzəyir: “Onları yaradan da, qollarına güc verən də Bizik. İstərsək də onları aradan götürərik, yerlərinə onların oxşarı olan başqalarını gətirərik”. Buradan məhşərdəki yaradılış anlaşıldığı kimi reinkarnasiya mənasını çıxaranlar da var. Qəti söz demək çətindir.

Sual 214: İsra surəsinin 82-ci ayəsində Quranın bir şəfa kitabı olduğu deyilir: “Mö'minlərə Qur'andan şəfa və rəhmət verən şeylər nazil eləyirik”. Hansı şəfadan söhbət gedir?

Cavab: Quran bir öyüddür, əsas hədəfi də insanın iç dünyasını aydınlatmaqdır. Amma o oxunanda yaranan vibrasiyaların fiziki xəstəliklərə şəfa verməsi də mümkündür.

Sual 215: Quran zülm barəsində nə deyir?

Cavab: Quranın əsas anlayışlarından biridir zülm. Qaranlıq mənasına gələn «zülmət» sözü də zülmlə eyni kökdəndir. Belə olması çox təbiidir, çünki Allah nurdur, zülmət isə Allahsızlıq olan yer. Quran terminologiyasında «zülm» sözü bir şeyi lazım gələn yerə qoymamaq kimi izah olunur. Quranda deyilir ki, dünyada bütün zülmlər insanın işidir: «Zərrə qədər zülm etməz Allah, zərrə qədər yaxşılıq edənin yaxşılığını qat-qat artırar, Özü verər beləsinin böyük əcrini» (Nisa, 40). Zülmün üç növü var: 1. İnsanla Allah arasında zülm. Allaha şərik qoşmaq, riyakarlıq bu qəbildəndir. 2.İnsanın özü ilə yaşadığı cəmiyyət arasında olan zülm. Burada zülm cəmiyyətin haqlarına təcavüz şəklində üzə çıxır. 3. İnsanın özünə zülm etməsi. Adəm və Həvva cənnətdə yasağı pozaraq özlərinə zülm etmişdilər: «Rəbbimiz, özümüzə zülm elədik, bizi bağışlamasan, bizə rəhm eləməsən, ziyana uğrayarıq» söylədi hər ikisi» (Əraf 22-23).

Sual 216: “Məhəmməd ümməti” deyiləndə kimlər nəzərdə tutulur?

Cavab: Hər bir peyğəmbərin ümməti onun təbliğ üçün göndərildiyi bütün insanlardır. Peyğəmbərimiz “aləmlərə rəhmət olaraq” (Ənbiya 107) göndərildiyindən onun ümməti bütün insanlardır.

Sual 217: Təqva nədir?

Cavab: Təqva Allahın xoşlamadığı şeydən uzaq durmaq, təqdir etdiyinə məsələlərdə fəal olmaqdır.

Sual 218: Yalana qulaq asmaq olmaz?

Cavab: İmkan daxilində qulaq asmamaq lazımdır. Quranda yalanı dinləmək təqdir olunmayan hərəkət kimi verilir: "Yalana qulaq verərlər, haram yeyərlər...” (Məidə, 42).

Sual 219: Hutəmə nədir?

Cavab: Quranda cəhənnəm mənasında işlənib. «Yazıqlar olsun hər jür tənəbaza, rişxəndbaza. O kəsə ki, var yığar, yığdığını dönə-dönə sanayar. Sanar ki, varı ona əbədiyyət var eləyər. Xeyr, Hutəməyə atajaqlar mütləq onu axırı. Nə biləsən nədir Hutəmə. Allahın yanar odudur» (Huməzə, 1-6).

Sual 220: Quranda kainatın genişlənməsindən söz açılırmı?

Cavab: Zariyət surəsində buna bənzər fikir var: «Bir də göyə baxın, Biz onu qüvvətlə bina etdik və şübhə yox ki, Biz onu genişləndirməyə də qadiriz» (Zariyət 47).





<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.