|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 181: Pozulan andın kəffarəsi nədir?

Cavab: Müəyyən səbəbdən andı icra etmək mümkünsüz olanda necə kəffarə ödəmək haqda Quranda məlumat verilir: «Pozulan anda görə günahı yumaq üçün ailənizə yedirdiyinizin orta hesabı ilə on fəqiri yedizdirmək, yaxud onları pal-paltarla təmin etmək, yaxud da bir köləni azadlığa çıxarmaq gərək. Buna gücü çatmayan üç gün oruc tutmalı. Andlarınızın kəffarəsi bunlardır. And içəndə əməl edin andınıza. Ona şükr eləyəsiz deyə beləcə açıqlayır sizə ayələrini Allah» (Məidə 89).

Sual 182: Ad günü qeyd etmək günahdırmı?

Cavab: Xeyr, bunda heç bir günah yoxdur.

Sual 183: Nəfsi-mərziyə nədir?

Cavab: Bu barədə Fəcr surəsinin 28-ci ayəsində bəhs edilir. “Mərziyə” başqalarının razı olduğu mənası verir. Deyilən ayədə Allahın razı olduğu nəfs mənasında işlənib.

Sual 184: Bəqərə surəsinin 61-ci ayəsində deyilir: “«Ey Musa, eyni yeməyə dözə bilmərik, bizdən ötrü dua elə Rəbbinə, yerin bitirdiyi səbzə, qabaq, sarımsaq, mərcimək və soğan yetişdirsin bizə” demişdiniz. «Düşük şeyləmi dəyişdirmək istəyirsiz sizə xeyirli olanı? Düşün şəhərə, şübhəsiz, tapacaqsız istədiyinizi» dedi.” Adı çəkilən nemətlər niyə “düşük” adlandırılır?”

Cavab: Bu yeməklər qüdrət halvası, bildirçin ətiylə müqayisədə ikinci sinifdir.

Sual 185: Təsbih namazı adlı namaz növü varmı? Deyirlər, kim o namazdan qılsa, Allah bütün günahlarını bağışlayar.

Cavab: İslamda belə bir namaz və belə bir anlayış yoxdur.

Sual 186: Deyirlər, sonuncu nazil olan ayə Məidə surəsinin 3-cü ayəsidir. Son ayə eniş sırasına görə sonuncu olan Nəsr surəsinin son ayəsi olmalı deyilmi?

Cavab: Son ayə Məidə surəsinin 3-cü ayəsidir. Son surə isə Nəsr surəsidir.

Sual 187: Ankəbut surəsinin 45-ci ayəsində deyilir: “Sənə vəhy olunanı oxu Kitabdan. Namaz qıl. İnsanı əxlaqsızlıqdan, fənalıqdan qoruyar namaz. Hər şeydən üstündür Allahı anmaq. Gördüyünüz işləri bilir Allah”. Bu ayədən çıxış edib namazın insanı metafizik mənşəli pis təsirlərdən qoruduğunu da demək olarmı?

Cavab: Bunu yalnız əsl namazlar haqda demək olar.

Sual 188: Allah dünya həyatında zalımlara da ruzi verir. Çünki Allah Rəhmandır. Bəs Allahın Rəhman sifəti axirətdə də təcəlli edirmi?

Cavab: Axirətdə Rəhim sifəti işləyəcək. Yəni cəzaya layiq olanlar hesab verəcəklər.

Sual 189: Arılarımız gedib ətrafdakı bağlardakı meyvələrdən şirə çəkir. O balı yemək, satmaq, almaq haramdırmı?

Cavab: Arıların hərəkətinə mane olmaq təbiətə embarqo qoymaqdır.

Sual 190: Təkbaşına ibadətlərdə üzümüzü qibləyə tutmasaq, namaz qəbul olunurmu?

Cavab: Quranda namaz vaxtı üzü qibləyə tutmaq lazım olduğu deyilir. Toplu və tək halda namaz belə qılınır. Amma təkbaşına namaz qılarkən qibləyə istiqamətlənmədən də namaz qılmaq olar. Çünki başqa bir ayədə üzünü hara döndərsən, orada Allahın üzü var” deyilir.

Sual 191: Deyirlər, sabah namazını gün doğanda qılmaq olmaz. Niyə?

Cavab: Günəşə sitayiş edənlərə bənzəməmək üçün gün çıxanda və batanda namaz qılmaq olmaz.

Sual 192: Quranda Allahın elminin sonsuz olduğu deyilir. Eyni zamanda deyilir ki, Allah bizi sınayır. Zəhmət olmasa, buna aydınlıq gətirin.

Cavab: Allahın elminin sonsuz olması bizim imtihan edilməyimizə mane olmur. Allah bizim dəyərimizin yoxlanması zamanı özümüzün iştirakımızı istəyir.

Sual 193: Quranın bir sıra ayələrində, o cümlədən Cəsiyə surəsinin 6-cı ayəsində hədislərə inanmaq pislənilir. O zaman da hədislərə inanmaq problemi vardı?

Cavab: Quran bu ayələrdə həm də gələcəkdə baş verəcək sıxıntıları dilə gətirir.

Sual 194: İbrahim surəsinin 6-cı ayəsində deyilir: “Musa öz qovmünə belə dediyini xatırla: «Anın Allahın sizə verdiyi nemətini. Sizə işgəncə verən, qadınlarınızı sağ saxlayıb oğullarınızın başını kəsən Firon ailəsinin əlindən almışdı sizi. Böyük bir imtahana çəkmişdi sizi Rəbbiniz.” Bu Məhəmməd peyğəmbərin Musa peyğəmbərin zamanıda da yaşadığınımı göstərir? Yoxsa Tövratı oxuduğunumu bildirir?

Cavab: Heç birinin dəlili deyil. Ərəbcədə keçmişdə olan hadisələri bu cür vermək üsulu var.

Sual 195: Fussilət surəsinin 3-cü ayəsində deyilir: “Ayələri anlayanlar üçün ərəbcə Quran olaraq birər-birər açıqlanan Kitabdır bu”. Bu ayə nazil olanda Quran kitab kimi toplanmışdı?

Cavab: “Kitab” Quranda heç də hər zaman bu gün başa düşdüyümüz mənada işlənmir. Bir kitabın konkret parçasına da kitab deyilir.

Sual 196: Bayram namazı fərzdirmi?

Cavab: Xeyr.

Sual 197: “İkan” nə deməkdir?

Cavab: “İman”dan fərqli olaraq “ikan” gerçəkliyi dəlilə bağlı olan, mübahisəsiz bilik deməkdir.

Sual 198: Eyni abdəstlə neçə vaxt namazı qılmaq olar?

Cavab: Abdəst pozulmayıbsa, istədiyiniz qədər.

Sual 199: O biri dünyada bu dünyada etdiklərimizi xatırlayacağıqmı?

Cavab: Əlbəttə. Kəhf surəsinin 49-cu ayəsində deyilir: “O əməl kitabı qoyulanda önlərinə orada yazılan işləklərindən görərsən suçlular necə düşər qorxuya. «Vay bizim halımıza. Xırdalı-irili nə varsa hər şeyi qeydə almış, hər şeyin sayını aparmış bu kitab» deyərlər. Gördükləri işləri çıxmış qabaqlarına. Haqsızlıq eləməz kimsəyə Rəbbin”.

Sual 200: Bir nəfər intihar eləmişdi. Eşidəndə "Allah rəhmət eləsin" dedim. Mənə dedilər ki, belə demək doğru deyil. İntihar edənə rəhmət düşmür?

Cavab: Siz haqlısınız. İntihar günahdır, amma insanı dindən çıxarmır.




<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.