Quranda
adı çəkilən peyğəmbərlərdən biri də Salehdir. Onun qədimdə Səmud
camaatına peyğəmbər olaraq göndərildiyi, səmudluların yaşadığı
yerin isə Mədinə ilə Şam arasında olduğu ehtimalı var. Deyilənə
görə, səmudluların yaşadığı ərazinin münbit və məhsuldar torpaqları
olub. Dağları yarıb möhkəm evlər tikirmişlər – divar, döşəmə,
tavan hamısı daşdan. Uzun müddət xoşbəxt yaşayıblar. Axırda Allahı
unudublar. Qayalarda bütlər yonub onlara ibadət etməyə başlayıblar.
Hesab ediblər ki, axirət, cəza və mükafat yoxdur. Bibliyada Saleh
peyğəmbər haqda məlumat yoxdur.
Nə zaman və harada
Səmud qövmü və Saleh
peyğəmbər haqqında Quranda geniş söz açılır. Belə hesab olunur
ki, Hudun vəfatından sonra yaşayıb. Səmud camaatı Şimali Ərəbistanda
məskun imiş. Saleh peyğəmbər səmudlu olub. Onlar maldarlıq və
əkninçiliklə məşğul olur, bütlərə sitayaş edirmişlər. Saleh peyğəmbər
onlara tövhidi – tək olan Allaha ibadət etməyi tövsiyə edir.
Hud
surəsində bu barədə deyilir: «Səmud qövmünə də göndərdik Biz Salihi,
onların öz qardaşını elçi olaraq. Dedi: «Ey qövmüm, təkcə Allaha
ibadət eləyin, yoxdur sizin Ondan başqa tanrınız. Odur sizi torpaqdan
inşa eləyən, yer üstündə yerləşdirən. Ondan məğfirət diləyin,
sonra Ona tövbə eləyin. Yaxındır bəndəsinə, istəyinə cavab verəndir
bəndəsinin Rəbbim, şübhəsiz». Onlar dedilər: «Ey Salih, bunları
deməmişkən biz sənə bel bağlayırdıq. Sənmi qoymayırsan bizi ibadət
eləyək atalarımızın tapındıqlarına? Sənin çağırdığın şeyə biz
şübhəylə yanaşırıq doğrusu» (Hud 61-62).
İnkar
Səmudlular da özlərindən
əvvəlki bir sıra camaat kimi inkara baş vururlar. Bu tövr tək
səmudlulara məxsus deyildi. Onlar Nuhun qövmü və Ad əhalisi kimi
hərəkət edirdilər. Quranda bu barədə deyilir: «Gəlib çatmamışmı
sizə sizdən öncə gəlib getmiş olanların, Nuh, Ad, Səmud qövmlərinin
xəbərləri və o kəslərin ki, Allahdan başqa heç kim tanımayır onları.
Aşkar dəlillər gətirmişdi o nəsillərə peyğəmbərləri. Hikkəsindən
dişləyib barmaqlarını «Sizinlə göndəriləni biz danırıq, nəyə səsləyirsinizsə
bizi ona şəkk gətiririk, şübhə edirik» dedilər (İbrahim
9). Saleh xeyirxah, sağlam düşüncəli bir şəxs imiş, hamı
da onu yaxşı tanıyırmış. Ona qədər Səmud qövmünün içində böyük
hörmətə malik olan Saleh bu təbliğə başlayandan sonra ona münasibət
pisləşib. Atalarının getdiyi yola zidd bir yol göstərdiyinə görə
Salehdən inciyiblər. Kafirlər ona qarşı cəbhə yaradıblar.. Saleh
yaxşı bilirmiş ki, bütpərəstlik onun qəbiləsinin ürəyində çoxdan
kök salıb. Çünki müasirlərinin ata və babaları da bütpərəst olublar.
Saleh onları tutduqları yanlış yoldan üz döndərməyə, haqq yola
üz tutmağa çağırlanda səmudlular onun çağırışına rədd ediblər.
Salehə inananlara isə deyiblər: «Onun qövmündən olan təkəbbürlü
kübarlar zəif sandıqları kimsələrə dedilər: «Salihi öz Rəbbinin
göndərməyini gerçəkdənmi bilirsiz?» «Biz onunla göndərilənə gerçəkdən
inanırıq» deyə bildirdilər. «Sizin inandığınızı biz danırıq» dedi
təkəbbürlük edənlər» (Əraf 75-76).
Bir sıra başqa peyğəmbərlərin
rastlaşdığı vəziyyətlə Saleh də üzləşir. Ona inanmır, yalançı,
lovğa adlandırırlar: «Xəbərdarlıq eləyən peyğəmbərini Səmud qövmü
də dandı. Dedilər: «Öz içimizdən olan bir bəşərin ardıncamı biz
hamımız getməliyik? Getsək, sapqınlıq içindəyik, dəliyik, deməli.
İçimizdə təkcə onamı vəhy verilmiş? Yalançının, lovğanın biridir
o» (Qəmər 23-25).
Saleh peyğəmbər öz təbliğində
Ad qövmünün taleyini in onların yadına salır ki, bəlkə, ibrət
alarar: «Xatırlayın ki, xəlifələr olaraq sizi Ad qövmünün yerinə
gətirmiş, yer üzündə yerləşdirmiş Allah. Yer üzünün düzündə qəsrlər
qurursunuz, dağ-daşından evlər yonursunuz. Xatırlayın Allahın
ne'mətlərini, yer üzündə qarışıqlıq salmayın» (Əraf, 74).
Möcüzə
istəmələri
Bütün bütpərəst cəmiyyətlərə
məxsus anlayış, düşüncə tərzi səmudlulara da hakim olub. Quranda
bu, «qəlbləri bir-birinə bənzəyirdi» şəklində ifadə olunur. Səmudlular
da Salehdən möcüzə istəyirlər. Rəvayətlərdə deyilir ki, bu camaatın
dağda ibadət etdikləri, qurban kəsdikləri bir daş var imiş. Ondan
yardım, ruzi və bərəkət istəyirmişlər. Saleh bir gün onların ibadət
yerinə gəlib təbliğat aparanda, bütlərdən əl çəkib, bir olan Allaha
ibadət etmələrini istəyəndə ondan israrla möcüzə istəyirlər. Biri
deyir ki, əgər sən həqiqətən də Allah elçisisənsə, onda bu daşdan
bir dəvə çıxar. Bir başqası isə əlavə edir ki, qoy bu dəvə dişi
və hamilə olsun. Quranda da səmudluların israrına cavab olaraq
möcüzə kimi dəvə göndərildiyi deyilir: «Səmud qövmünə də göndərdik
Biz Salihi, onların öz qardaşını elçi olaraq. Dedi: «Ey qövmüm,
Allaha ibadət eləyin. Yoxdur sizin Ondan başqa tanrınız. Aşkar
bir mö'cüzə göndərmiş Rəbbiniz sizə. Bu, Allahın dəvəsidir, sizin
üçün bir dəlildir. Buraxın onu otlasın Allahın torpağında. Nəbadə
ona pisliyiniz toxuna, yoxsa sizi bir ağrılı əzab yaxalar» (Əraf
73). Bu möcüzə bir qrup adamın tövhid dininə gəlməsi
ilə nəticələnir. Başqa bir qisim isə yenə iman etmir. Onlar indi
də başqa bəhanə arayır, Saleh peyğəmbəri cadugər adlandırırlar.
Möminlər hər gün bu dəvəni görəndə imanları artırmış. Kafirlərin
isə küfrü çoxalırmış. Bu möcüzədən sonra iman edənlərin sayının
artdığını görən bütpərəst çoxluq dəvəni atalarının dini üçün təhlükə
mənbəyi saymağa başlıyır və onu məhv eləmək üçün tədbirlər tökməyə
başlayırlar.
Dəvənin
kəsilməsi
Nəhayət, onlara sonuncu
şans verilir. Saleh onlara dəvəni göstərib deyir ki, bu, Allahın
dəvəsidir. Onun rəhmət nişanəsidir. Nəbadə ona toxunalar – Allahın
qəzəbinə gələrlər. Bütpərəstlər cəbhəsi dəvəyə kin bəsləyir və
onu öldürməyi qərara alırlar: «Dedi: «Mö'cüzə bu dişi dəvədir.
Bəlli bir gündə onun da su payı var, sizin də. Ona pislik eləməyin,
böyük günün əzabı yaxalar sizi» (Şuara 155-156).
Bundan sonra Saleh peyğəmbər
onlara bildirir ki, üç günləri qalıb: «Salih dedi: «Üçcə gün də
yaşayın öz yurdunuzda, sonra öləcəksiniz. Bu deyilən yalan deyil»
(Hud 65). Onlar isə yenə də küfrlərində israr edir, Allaha
inanmadıqlarını bir daha göstərir və cəza istəyiblər:
«…pozdular Rəblərinin
əmrini, «Ey Salih, gerçəkdən elçisənsə, qorxuzduğun o əzaba sal
bizi» dedilər» (Əraf, 77); «Kəsdilər dəvəni,
sonra peşman oldular. Yaxaladı onları o əzab. Şübhəsiz, insanlara
bu da bir dərs olmalı. Amma çoxları yenə gəlməyirlər imana» (Şuara
157-158).
Cəza
Dəvəni kəsəndən sonra
bir müddət salamat qaldıqlarını görən zalımlar daha bir cinayət
hadisəsi törətmək qərarına gəlirlər. Salehi və tərəfdarlarını
məhv eləmək üçün doqquz nəfərlik bir qrup plan hazırlayır: «O
şəhərdə doqquz adam vardı ki, yer üzünün nizamını pozandılar,
düzəldən deyildilər. Allaha and içərək dedilər: «Ona və ailəsinə
gecə ikən basqın edəcəyik, sonra da dostuna deyəcəyik ki, onları
öldürəni görməmişik. Biz doğru sözlü, düz əməlli kimsələrik».
Bir qurama qurdular» (Nəml 48-50).
Salehə qarşı sui-qəsd
xəbəri ona çatır və o, tərəfdarları ilə birgə hicrət edir. Sui-qəsdçilər
gecə vaxtı onun evini mühasirəyə alırlar. Amma evdə heç kəsi tapa
bilmirlər. Saleh peyğəmbər və tərəfdarları xilas olur: «Gəlib
çatdı əmrimiz. Rəhmətimizlə xilas elədik əzabdan, o günün zillətindən
Salihi və onunla bərabər iman gətirənləri. Qüvvətlidir, güclüdür,
şübhəsiz, Rəbbin sənin» (Hud 66). Bütpərəstləri
isə əzab yaxalayır və hamısı həlak olur: «Biz də hiylə qurduq
onlara. Bunu duymaz oldular. Bax necə olmuş axırı onların bu hiyləsinin.
Onları da, qövmünü də darmadağın elədik. Odur çökmüş evləri, zalımdı
yiyələri. Şübhəsiz, bu da ibrət olmalı anlayan bir qövm üçün.
O kəslər ki, iman gətirmişdilər, Allahdan qorxurdular, onları
xilas elədik» (Nəml 50-53); «Yaxaladı zalımları
o uğultu, yurdlarında meyit düşüb diz çökərək qaldılar. Sanki
bu yerlərdə heç yaşamamışdılar da. Axı Səmud qövmü danmışdı öz
Rəbbini, axı Səmud qövmü uzaq düşmüşdü Rəbbinin rəhmətindən» (Hud
67-68).
Son olaraq
Müəyyən arxeoloci qazıntılar
zamanı Səmud qövmünə aid olan qədim tikililər, qaya oymaları aşkar
edilib. Bu qövmdən bəhs edən ən qədim qaynaq isə Babil kralı 2-ci
Sarqonun bu qövmlə müharibədə qələbə qazandığını yazan Babil dövlət
yazılarıdır. Bu, hadisə eramızdan əvvəl 8-ci əsrdə baş verib.
Sarqon Şimali Ərəbistan yaramıdasına etdiyi yürüş zamanı səmudlulara
qalib gəlib. Tarixçilər Aristotel və Pliyiniyin də bu qəbilədən
bəhs etdiyini yazırlar.
|