İslam
dini adına iddia olunan, əslində isə teoloji baxımdan yetərincə
saxtalaşdırılmış dəyərlər sisteminin siyasi amilə çevrilməsi cəhdləri
və faktları çağdaş dövrümüzün gerçəklikləri sırasındadır.
Müşahidələrimiz qısaca
olaraq onu deməyə əsas var ki, dinimizin siyasətə gətirilməsi
heç yerdə tərəqqiyə xidmət göstərməyib. Çağdaşı olduğumuz gerçəkliklərdə
bu daha aydın görünür.
“İslam” inqilabı hətta
monarxiya quruluşlu şərtlər çərçivəsində belə sənaye cəhətdən
inkişaf etmiş ölkələr sırasına can atan cənub qonşumuz İranı son
iyirmi ildə hansı duruma saldı, göz önündədir. Buna milyondan
çox müsəlmanın İraq-İran müharibəsinin nahaq qurbanlarına çevrilməsini
də əlavə etsək vəziyyətin faciəviliyi bir az aydınlaşmış olar.
Mən hələ İslam dini adına siyasət yürüdən qonşularımızın təcavüzkar
Ermənistanla məhrəm münasibətlərindən danışmıram ki, bu da geniş
bir söhbətin mövzusudur.
Amerika işğalı nəticəsində
İraqda yaşanan siyasi reallıqlar içində dinin qısa bir zaman kəsiyində
siyasiləşməsi ona gətirib çıxardı ki, ölkə vətəndaşları sünni-şiə
qarşıdurmasının, təriqət davalarının, ölkədə siyasi sabitliyin
pozulması nəticələrindən hələ də yaxa qurtarıb əziyyətdən xilas
ola bilmirlər ki, bilmirlər.
Yaxın Şərqdə sülh prosesinə
İslam dini adına müəyyən siyasi kapital yığmış Həmas təşkilatının,
Əlcəzairdə, Sudanda, Pakistanda, Əfqanıstanda, Hindistanda, Nigeriyada
sabitliyə siyasi “islami” qrupların hansı problemlər yaratdığından
da xeyli danışmaq olar.
Türkiyədə dinimizi siyasətlərinə
alət edərək səs toplayıb vəzifələrdə oturanların qüdrətli bir
dövləti içəridən necə zəiflətməyə çalışdıqlarının ayrıntıları
da göz önündədir.
Dinimizi siyasətə alət
edənlərin başlıca arqumenti bundan ibarətdir ki, peyğəmbərimiz
müsəlmalara, dini əsaslarda formalaşmış hakimiyyətə rəhbərlik
edib, bütpərəstlərə qarşı müharibələrin iştirakçısı olub. Ardınca
da sual edirlər: bəs bütün bunlar siyasət deyildi, bəs nə idi?
Məsələyə teoloji aspektdən
yanaşmağa çalışaq. Quran məntiqinə görə, ən böyük mənada mənəviyyat
yüklü siyasət ucalardan uca Allahın işidir. Kainatı, varlıqlar
aləmini yaradıb bunlara rəhbərlik edən, insanlara doğru yolu aydınlatmaq
üçün səmavi Yazılar endirən, onları axirət olacağı ilə məlumatlandırıb
bu dünyada iman sınağından keçirməkdən ötrü ağıllarının, şüurlarının
ixtiyarına sərbəst buraxan, yaxşıların tərəfini saxlayan, haqlıları
müdafiə edən Allahın!
Peyğəmbər dövrünə istinad
edərək dinin siyasi alətə çevrilməsinə bəraət vermək istəyənlər
isə ümumilikdə məsələnin teoloji aspektinə deyil də tarixi-formal
tərəfinə diqqət çəkirlər. Bu yönümdə İslam dini onların təqdimatında
yeni bir din olaraq 1400 il öncəki tarixin məhsulu fonunda təlqin
edilir. Halbuki “islam” sözü ilk insan Adəmdən bu yana mövcud
olmuş, təktanrılığın müxtəlif variantlarında insanlığa xidmət
etmiş olan Allaha təslimolma dininin sadəcə ərəbcə adından başqa
bir yenilik deyil. Təktanrılığın son variantının əks olunduğu
kosmik-ilahi informasiya qaynaqlı Quran-i Kərim, bu Müqəddəs Oxu
təqdimatında isə dinimiz zamanla çərçivələnməyib tarixlərin, dövrlərin
fövqündə dayandığından ilahi hikmətlər də nəhayətsiz və sərhədsiz
ölçülərdə təlqin olunur.
Din siyasətçilərinin
bəzən gizlədilən, açığa vurulmayan, bəzən isə aşkar etiraf olunan
strateji məqsədi dini dövlət yaradıb müsəlmanları təriqətindən
asılı olaraq ya “xilafət”də (sünnilər), ya da “imamət”də (şiələr)
birləşdirməkdir. Hər iki halda söhbət ictimai ədaləti mütləq mənada
təmin etməli olan “ilahi statuslu” quruluşdan gedir. İmamət düşüncəsində
olanlar ilk dörd raşidi xəlifəsindən (Əbu Bəkr, Ömər, Osman, Əli)
birinci üçünün qanuni hakimiyyətini tanımırlar. Din siyasətçilərinin
özlərinin istinad etdikləri tarixə müraciət etdiyimizdə gördüyümüz
ondan ibarətdir ki, həmin o raşidi xəlifələrinin xilafət hakimiyyəti
zamanında mütləq ədalətin gözlənilməsi müşkül idi, onların xilafəti
də daxili siyasi çarpışmaların girdabında idi. Həmin dövrün siyasi
çarpışmaları Ömər, Osman və Əlinin öldürülməsi ilə nəticələnmişdi
ki, bu da xilafəti ideal dövlət quruluşu kimi təbliğ edənləri
tarixi baxımdan da istinad edilə biləcək nümunə arqumentindən
məhrum qoyur.
Məlumdur ki, öləri bir
insan olan peyğəmbər (əz-Zumər – Zümrələr, 30) dövrünə aid reallıqlar
onun vəfatından sonra təbii olaraq dərhal dəyişikliyə uğradı.
Peyğəmbərin fiziki yoxluğu zamanında qayda-qanunlar dinamik ilahi
məntiqdən kənar formalaşmağa başladığına görə bunların ideal işləkliyi
tez bir zamanda zavala uğramağa məhkum idi.
Son peyğəmbər Məhəmməd Seçilmişin 23 il ərzində İslama dəvət və
müsəlmanlara rəhbərlik etməsi məsələsinə gəlincə, həmin dövr bütövlükdə
ayələri Peyğəmbər tərəfindən 7-ci əsrin tələbləri və səviyyəsinə
görə ideal təfsiri verilən müqəddəs Kitabımızın nazil olma anları
ilə müşayiət olunan bir zaman kəsiyindən ibarət idi. Hər situativ
tələbdən doğan suallar ayələrlə - Uca Yaradandan peyğəmbər ötürücülüyü
ilə insanlara çatdırılan vəhylərlə cavablandırılırdı. Birbaşa
olaraq vəhylərin cavablamadığı mətləblərin çözümünü isə Quranda
əksini tapan “şura” prinsipi, yəni peyğəmbərin iştirakı ilə müsəlmanların
arasında keçən məsləhətləşmənin nəticələri təmin edirdi. Peyğəmbər
rəhbərliyi altında sürən 23 illik hakimiyyət mahiyyət etibarilə
və nəzəri-teoloji baxımdan ilahi səltənətin mütləq ədalətin təmini
ilə bağlı stateji və labüd zəfərinin insanlara təktanrılığın iman
təlqini müstəvisində tanıdılmasının əlahiddə bir nümunəsi idi.
Və elə bir nümunəsi idi ki, bu, axirət ədalətinə təlqin olunan
imanın maddi-dünyəvi həyatda da ədalətin mütləq zəfəri nümunəsi
ilə möhkəmləndirilməsinə xidmət edən bir məzmun daşıyırdı.
Quran məntiqindən aşkarlanan
bir həqiqət də budur ki, yer üzündə mütləq ədalətin təntənəsi
Rəbbimizin insanlıq üçün nəzərdə tutulan iman eksperimentlərinə
daxil deyil: “...Tanrı istəsəydi əgər, sizi vahid bir ümmət eyləyərdi.
Ancaq verdiklərilə sizi imtahana çəkmək istəmiş...” (“əl-Maidə”
– Süfrə, 48).
Bu sətirlərin müəllifi
o fikirdə deyil ki, Peyğəmbərin vəfatından sonrakı dövrlərdə müxtəlif
təzahürlü siyasi çarpışmalar fonunda gedən proseslər tamamilə
ilahi nəzarətdən kənar cərəyan edirmiş. Bu, tamamilə yanlış bir
qənaət olardı. Quran İslamında tanıdılan İlahi Varlıq bəzi əski
dinlərdə olduğu kimi varlıqlar aləmini yaradıb hərəkətə gətirəndən
sonra öz guşəsinə çəkilib seyrçi mövqe tutan statik büt timsallı
bir varlıq deyil. Rəbbimiz “hər gün bir iş içində”dir (Rəhman,
29) və aktiv-dinamik fəaliyyət sürdürür. Bunu nəzərə alan İslam
ilahiyyat elmində belə bir ifadə keçir: “peyğəmbərlik bitmişsə
də ilahi ismarışlar davam edir”. Bu qənaət Müqəddəs Oxunun Qiyamət
surəsindəki ayələrlə də tamamilə uyarlı səslənir: “Bunu tələsdirmək
üçün sən dilini tərpətməyəsən. Şəksiz, Bizim üstümüzdə bunun toplanışı,
bunun Oxusu. Biz bunu oxuyanda izlə bunun Oxusunu. Sonra bunun
açımı Bizim Öz öhdəmizdə” (16-19). Gətirdiyimiz ayələr ilk növbədə
Rəbbimizdən vəhylər aldığında bunları yaddaşında dəqiq saxlaya
bilməyəcəyindən həyəcan keçirən peyğəmbərin psixoloji halına işarə
edir. Rəbbimiz peyğəmbərə təlqin edir ki, onun yaddaşı da bütövlükdə
ilahi nəzarətdədir, həyəcan keçirməyə hacət yox. Ayələrdəki sonuncu
ifadə isə ona dəlalət edir ki, vəhylərin doğru-düzgün açıqlanması
da bütövlükdə Rəbbimizin Öz öhdəsindədir. Rəbbimiz bu açıqlamasını
Peyğəmbərin dünyəvi həyatında bu elçisi vasitəsilə təmin etmişsə,
fiziki yoxluğunun qiyamətədək müşayiət edəcəyi zamanlarda isə
ayrı-ayrı insanların dilindən, qələmindən, əməlindən çıxmış və
çıxacaq olan nəsnələrlə həyata keçirir və keçirəcək. Və bu sonunculara
aid vacib bir məqam həm də ondan ibarətdir ki, Rəbbimizin elm
elçiləri missiyasını sürdürən belələrinin taleyi və fəaliyyətində
ilahi hikmətlərin açıqlanması təkcə yazılı Quran-i Kərimin, bu
Tanrı Yazısının hər dövrdə üzə çıxan, yenilikçi düşüncəyə impulslar
verən ismarışlarının yeni-yeni izahları və şərhləri ilə məhdudlaşmır.
Ilahi hikmətlərin açıqlanması arealı ilahiyyatçıların “yazılmamış
Quran” deyə vəsfləndirdiyi varlıqlar aləmini də əhatə edir ki,
müqəddəs Kitabımız bu aləmin yaradılışı və idarəsindəki hikmətləri
“ayələr” istilahı ilə nəzərə çarpdırır. Və məsələyə Quran məntiqi
müstəvisində baxdığımızda materialist düşüncə gərəyincə dini və
dünyəvi olaraq qələmə verilən elmlərin arasında sərhəd sadəcə
olaraq görünmür, çünki ilahi dəyərlərə aid stereotip qəlibdə təqdim
olunan dini-dünyəvi bölgüsü zahiri-subyektiv şərtilikdən başqa
bir şeyi ifadə etmir.
Mövzumuzun mahiyyətinə
qayıdaraq bildirək ki, Yaradanın yer üzündə xəlifəliyini, yəni
təmsilçiliyini Peyğəmbər zamanında bu Tanrı elçisi həyata keçirmişsə,
sonrakı zamanlarda bu missiyanın daşıyıcısı böyük ruh sahibləri,
yaradıcı insanlar olmuşlar ki, onların da heç biri peyğəmbərlik
iddiasına düşmədən yer üzündə ilahi iradəni təmsiletmə təkəbbüründə
bulunmamışlar. Olduqca ibrətamizdir ki, belə iddiada olmuş və
bu üzdən də təbii olaraq siyasiləşən, siyasətlərə qulluq edən
“islamı” təmsil etmiş şəxslər tarix güzgüsündə qətllərə, cinayətlərə
fətva verən qəddar din dəllalları görüntüsündə, idbar qiyafələrdə
nəzərə çarpırlar.
Görünür, Tanrı məsləhətidir
ki, ilahi iradənin yer üzündə müəyyən müddətliyə indi siyasət
kimi başa düşülən və qələmə verilən qəliblərdə sürdürülməsi başqa
heç kimsəyə deyil də yalnızca bəzi peyğəmbərlərə (Yusif, Davud,
Süleyman, Məhəmməd) rəva görülmüşdür.
Müqəddəs Oxu işığında
görünən bir həqiqət də budur ki, Tanrı hikmətlərini siyasi baxımdan
təmsil iddiasında olanlar isə bu hikmətlərə tarix boyu və elə
indinin özündə də əleyhdar olmuş, qənim kəsilmişlər. Belələrinin
İslam şəriəti adına qələmə verdikləri və anti-Quran məzmunlu çoxsaylı
nümunələrdən yalnızca birinin üzərində dayanmaq istərdim. Müqəddəs
Kitabımızı oxumaq yetər ki, aydın anlamlı ayələrdə etiqad azadlığının,
başqa dinlərə dözümlü münasibətin uca bir dəyər kimi ilahi zəmanətdə
olduğunu anlayasan. Qurana görə, insan din seçimində azad bir
varlıqdır: “Dində məcburiyyət yoxdur” (əl-Bəqərə - İnək, 256).
Müqəddəs Kitabımız başqa dinlərdəki müqəddəsləri də haqq elçiləri
olaraq adlandırır. Ayələrdə Nuh, İbrahim, Musa, İsa Məsih də Məhəmməd
Seçilmiş kimi Allah elçiləri olaraq hörmətlə anılır. Başqa din
mənsubları da iman gətirən müsəlmanlar kimi cənnətlə müjdələnir
Quranda: “İnananlar, yəhudilər, xristianlar, sabiilər, o kəslər
ki, inanmışlar Tanrıya, axır günə, xeyir-barış yaratmışlar – ödüncləri
Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları” (əl-Bəqərə
- İnək, 62). Bütün bu ayələrə baxmayaraq siyasiləşmiş “islam”
Qurana zidd olaraq ortaya belə bir qəddar mövqe qoyur ki, dinini
dəyişənlər edamla cəzalandırılmalıdırlar.
Siyasi xilafət ideyasının
(dünya müsəlmanlarının vahid dövlətdə birləşməsi) dindarlar arasında
o qədər də populyarlıq qazanmadığı bir şərairdə siyasi “islam”
tərəfdarları və ideoloqlarının irəli sürdüyü başqa bir ideya “camaatçılıq”
ideyasıdır. Çağdaş “camaatçılığ”ın ilkin məqsədi müsəlman icmalarını
camaatlar adlanan strukturlarda təşkilatlandırmaq, idarə etmək,
insanlarda “şəriət” qaydaları ilə yaşamağa alışqanlıq yaratmaq
və s.-dir. Sonrakı mərhələdə isə vəziyyətə uyğun olaraq terrorçuluq
da daxil ən müxtəlif vasitələrlə dünyəvi dövlət strukturlarını
dağıtmaq, yaxud ələ keçirib bunları “diniləşdirmək” məsələsi gəlir.
Ideyanı yayan siyasi “islam” nəzəriyyəçiləri qeyd edirlər ki,
dünyəvi-demokratik idarə-üsulu guya hazırda böhran dövrünü yaşayır
və camaatçılıq ideyasını da gündəmə gətirən guya bu böhran məsələsidir.
Onlar faktiki olaraq İslam dinini haqsız yerə demokratiyaya zidd
bir məzmunda qələmə verməyə çalışırlar. Bir daha məsələnin teoloji
aspektinə müraciət edərək qeyd edim ki, müqəddəs Kitabımızda İslam
dini monoteizmin mütləq mənada son ifadəçisi kimi insanlarla Allah
arasında hər cür vasitəçiliyi inkar etdiyi kimi, heç bir vasitəçilik
institutlarını da qəbul etmir. Başqa sözlə, İslam nəzəri cəhətdən
müsəlmanların dindarlığının mərkəzləşdirilmiş qaydada qayğısına
qalan kilsə institutlarına malik deyil. Siyasi “islam” tərəfdarları
isə camaatçılıq ideyasını ortaya atmaqla dinimizi onun dəyərlərini
saxtalaşdıraraq strukturlaşmağa, partiyalaşmağa məhkum etmək niyyəti
güdürlər.
Bəziləri bu fikirdədir
ki, İslamdan siyasi məqsədlərlə istifadənin zərbəsi ilk növbədə
dinimizə dəyir. Mən belə deməzdim. Zərbəyə məruz qalan saxta dindir,
dinimiz deyil. Görünür, Tanrı məsləhətidir ki, İlahiyə qayıdış
yollarının təmizlənməsi üçün saxta dini dəyərlərin də siyasi məğlubiyyəti
tarix üçün vacib bilinir.
Və yenə də görünür, Tanrı
məsləhətilə hasilə gələn ibrətamiz paradoksdur ki, dünyəvi dövlətlərin
konstitusiya müddəaları ilahi hikmətlərə, ilahi ədalət qanunlarına
daha açıq bir məzmundadır və sözdə bu hikmətlərin, qanunların
həyata keçirilməsinə iddiaçı olan dini-siyasi qrupların, cərəyanların,
partiyaların dini-siyasi platforması, eləcə də dini dövlətlərin
konstitusiya müddəaları ilə müqayisədə gerçək dinimizin, müqəddəs
Kitabımızın məntiqi və ayələrinə daha uyarlıdır. Məhz dünyəvi
dövlət quruluşuna aid bir xoşbəxtlikdir ki, belə bir quruluşun
siyasi iqtidarları Ilahi iradə təmsilçiliyinə iddia etməyə-etməyə
insanların dindarlığını hüquqi dövlət təminatları altında zədələnmələrdən
qorumağa çalışır.
|