Bu
rükn on təməl, əsas üzərində qurulub.
I əsas. Qüdrət
Aləmin yaradıcısı olan
Allahın kamil qüdrət sahibi olduğunu bilməkdir. Dəlili:
«Allah hər şey üzərində
mütləq qüdrət sahibidir» (Maidə, 120). Çünki
kainatın yapısını möhkəm, yaradılışını sıralı və düzənli görürük.
Gözəl toxunmuş, mütənasib naxışlarla işlənmiş bir paltarı görən
kəs bu paltarın qüvvəsiz bir ölü və ya aciz bir insanın əsəri
olduğunun vəhminə qapılarsa, o vaxt ağıl deyilən nemətdən məhrum,
axmaqlıq və cəhalət ərbabının mənliyinə girmiş olar.
II əsas. Elm
Allahın bütün mövcudatı
bildiyinə, bütün məxluqatı elmi ilə ehtiva etdiyinə, nə göydə,
nə yerdə zərrə qədər heç bir şeyin onun elminin xaricinə çıxmadığına
inanmaqdır. Necə ki Quranda buyurulur: «O, hər şeyi haqqı ilə
biləndər» (Baqara, 29). Bu ayə də bunu başqa
bir ifadə ilə sübut edər: «Bilməzmi yaradan? O, lütf edicidir,
bilici və bildiricidir» (Mulk, 14). İncə yaradılışda,
tərtib ilə süslənən sənətdə – lap həqir və zəif bir şeydə olsun
– şübhə etməzsən ki, onun tərtibi yaradıcının bu keyfiyyəti bildiyinə
dəlalət edər. Binaənəleyh, yaradılmışlarla və yaratmaq feliylə
zikr etdiyi dəlillər hidayət aə tanımaq və ya tanıma xüsusunda
dəlillərin ən əlasıdır.
III əsas. Həyat
Allahın həyy (diri) olduğunu
bilməkdir. Çünki elm və qüdrəti olan bir zatın diri olması da
istər-istəməz labüddür. Əgər qüdrət və elm sahibi yaradıcının
diri olmadığı təsəvvür edilə bilərsə, o vaxt yeriyib gəzən məxluqatdan
da «əcəba, canlıdırmı, yoxsa yox» şəklində şübhələnmək mümkün
görülə bilər. Bəlkə sənətkarların sənətlərinə rəğmən həyatlarının
varlığından şübhə etmək lazımdır. Belə bir şübhəçilik cəhalət
və zəlalətə batmaqdan başqa bir şey deyil.
IV əsas. İradə
Allahın bütün fellərini
iradə edici olduğunu bilməkdir. Heç bir mövcud yoxdur ki, Allahın
iradəsindən nəşət etməsin. Çünki düzəldən, göndərən və geri qaytaran
Odur. İradə etdiyini ən əla bir şəkildə düzəldən də Odur. Allah
necə iradə sahibi olmaz? Halbuki Allahdan sadir olan bir felin
ziddinin sadir olması da Allah üçün mümkündür. Ziddi olmayan fellər
isə olduğu zamandan əvvəl və ya o zamandan sonra da vaqe ola bilərdi.
Və bu hərəkət Allah üçün mümkündür. Əgər məlumun təhsilində elm
kafi olub, iradəyə ehtiyac olmasaydı, bu üzdən «ancaq daha öncə
elm varlığına ilişdiyinə görə o şey var oldu» deyilsəydi, o zaman
qüdrətə də ehtiyac olmadığı caiz olacaqdı. Və «elmlə var olduğu
daha öncədən bilindiyi üçün qüdrətsiz var oldu» deyiləcəkdi.
V əsas. Səmi
və Bəsir
Allahın Səmi (eşidən)
və Bəsir (görən) olduğuna qəlbdəki düşüncələri, vəhmləri və fikirdəki
gizlilikləri gördüyünə, zil qaranlıq gecədə qara daşın üzərində
yeriyən qapqara qarışqanın ayağından çıxan səsi eşitdiyinə və
onu gördüyünə inanmaq və bilməkdir.
Allah necə eşidən və
görən olmasın? Halbuki şəksiz və şübhəsiz, eşitmək və görmək əksiksiz
və kamil sifatlardır. Necə olur ki, eşidən və görən məxluq yaradıcısından
daha kamil ola bilir? Bir əsərin o əsəri yaradan müəllifdən daha
üstün olması mümkündürmü? Eşitmək və görmək məxluqa aid edilir
və yaradandan əsirgənərsə, ədalət haradadır? Əcəba, Allah üçün
əksiklik, yaratdığı məxluq üçün kamal nə zaman vaqe olub? Və ya
cəhalət və zəlalətdən ötrü bütlərə tapınan atası ilə mücadilədə
həzrəti İbrahimin dəlili – əgər Allah eşitməz və görməz deyilərsə
– necə doğru ola bilər? Zira İbrahim atasına eynən bunu söylədi:
«Bir zaman atasına demişdi: «Atacan, axı nəyə görə nə eşidən,
nə görən və nə sənə bir yararı, ya zərəri olan şeylərə ibadət
eləyirsən?» (Məryəm, 42). Əgər İbrahimin düşmənləri
İbrahimin məbuduna eyni vəsfləri izafə etsəydi və gerçək belə
olsaydı, İbrahimin dəlili çürük olar və mənaya dəlaləti etibardan
düşərdi. Həm də Cənab Haqqın bu ayəsi doğru olmazdı:
«Bu dediklərimiz Bizim
İbrahimə onun qövmü əleyhinə verdiyimiz dəlillərdir» (Ənam,
83). Əgər Allahın əzasız fail olduğu, ürək və beyin olmadan
alim olduğu düşünülürsə və bu, ağıl kəsəndirsə, eləcə də göz və
qulaq olmadan görücü və eşidici olması da ağıl kəsəndir. Zira
söylədiyimiz bu iki məna arasında fərq yoxdur.
VI əsas. Kəlam
Haqq taala zatı ilə qaim,
səs və hərfdən ibarət olmayan bir kəlam ilə danışandır. Onun kəlamı
başqasınınkına bənzəməz. Varlığı başqasının varlığına bənzəmədiyi
kimi.
Danışma həqiqətdə nəfsin
danışmasıdır. Hərfləri qırpa-qırpa çıxan səsə gəlincə, onlar nəfsdəki
danışığa tərcüman olmaq üçündür. Necə ki bəzən (dilsizlərdə olduğu
kimi) nəfsdəki danışma bacarığına hərəkətlər və işarələr də dəlalət
edir.
Cahil şairlərə belə məlum
olan bu keyfiyyət necə olur ki, bir qrup axmağa məchul olur? Və
Allahın mütəkəllim olduğunu inkar edirlər? Gör cahiliyyə dövrünün
şairi nə deyir:
Mühəqqəq və mütləq danışma
qəlbdədir,
Fəqət dil qəlbdəki danışmağa
tərcüman qılınıb.
«Dilim hadisdir, fəqət
dilimlə oxunan Quran qədimdir» deyəcək qədər ağıl və fərasətdən
məhrum bir kimsədən ümidini kəs. Artıq onunla danışmaqdan dilini
mühafizə elə.
Musa əleyhissalamın dünyada
səs və hərf olmadan bir kəlamı eşitməsini mümkün görməyən bir
kimsə getsin cisim və rəngi olmayan bir mövcudun (Allahın) axirətdə
görülməsini də inkar etsin. Əgər «cismi, kəmiyyəti və keyfiyyəti
olmayan bir varlığın görülməsi mümkündür, fəqət bu ana qədər buna
şahid olan görülməyib» qənaətində isə, göz üçün düşündüklərini
qulaq haqqında da düşünməli və qəbul etməlidir. (Yəni Musa əleyhissalamın
səssiz və hərfsiz bir kəlam eşitdiyinə də inanmalıdır).
Əgər Cənab Haqqın bir
elm sifatı olduğuna və bütün mövcudatı onunla bildiyinə ağlı kəsirsə,
bütün ibarələrin dəlalət etdiyi bir danışıq olan kəlam sifatına
sahib olduğuna da inanmalıdır. Əgər yeddi qat göyün, cənnət və
cəhənnəmin varlığının kiçicik bir vərəqə yazıldığına, qəlbin kiçik
bir yerində gizli olduğuna; göylərin, yerin, cənnət və cəhənnəmin
qəlbin o zərrəciyinə və o kiçik vərəqə girmədiyi halda, mərcimək
dənəsi qədər olan göz bəbəyinə yerləşdiyinə ağlın kəsirsə, dillərdə
oxunan, qəlblərdə hifz edilən, müshəflərdə yazılan kəlamın oralara
hülul etmədən vüqu etməsinə də ağlın kəsir. Zira əgər Allahın
Kitabı yazmaqla vərəqə düşüb orada qərar tutsaydı, o təqdirdə
adı kağızda yazıldığı üçün Allahın da kağızın içinə düşməsi lazım
gələrdi. Və kağızın üstünə atəş kəlməsi yazdığımız zaman bu adın
zatının hərarəti kağızı yandırardı.
VII əsas. Allahın
sifatları qədimdir
Allahın zatı ilə qaim
olan kəlam qədimdir. Necə ki bütün sifatları da qədimdir. Allahın
bütün sifatlarında zatında olduğu kimi qədimlik vəsfi vacibdir.
Binaənəleyh, Allahın zatı başqalaşa və dəyişə bilməz və hadis
olan nəsnələr da Allahın zatına hülul edə (daxil ola) bilməz.
Bəlkə Allah ta əzəldən bəri bütün gözəl sifatlarla müttəsif olduğu
kimi, əbəddə də dəyişmə və pozulmalardan münəzzəhdir. Çünki sonradan
olan şeylərə mahal olan şey hadislərdən xali deyil.
Sonradan olan şeylərdən
xali olmayan bir şey isə hadisdir. Cisimlərə pozulduqları və sifatları
dəyişdiyi üçün hadis vəsfi verilir. O halda cisimlərin yaradanı
necə olur ki, başqalaşma və dəyişməklə cisimlərlə eyni xüsusiyyət
daşıyır? Bu həqiqətin üzərinə «Allahın kəlamı qədimdir. Zatı ilə
qaimdir. Hadislər isə o kəlama dəlalət edən səslərdir» hökmü bina
edilir.
Allahın: «Mənəm sənin
Rəbbin, çıxar başmaqlarını, sən müqəddəs vadi olan Tuvadasan»
(Ta-hə, 12) ayəsinin dəlalət etdiyi tələbin əzəldən
bəri Allahın zatı ilə qaim olduğunu, bu tələbi biləcək bir elmin
Həzrəti Musa üçün yaradıldığını, Musa əleyhissalamın var olduqdan
sonra bu tələbə müxatib olub o kəlamı dinlədiyini də ağıl qəbul
etməlidir.
VIII əsas. Elm
sifatının qədimliyi
Allahın elmi qədimdir.
Allah daim zat və sifatını bildiyi kimi, məxluqatından əmələ gələn
felləri də bilməkdədir. Vücuda gətirilən məxluqu bilməsi üçün
Ona yeni bir elm vaqi olmaz. Bunlar əzəli elmi ilə Ona kəşf olunub.
Çünki bizlər üçün Zeydin günəş doğacağı zamanda gələcəyinə dair
bir bilik yaradılırsa və təqdirən o bildiyimiz günəş doğana kimi
davam edirsə, o anda Zeydin gəlişini bilməyimiz yeni bir elmlə
deyil, əski elmimizlə hasil olur. Allahın elminin qədim olmasını
da belə anlamaq lazımdır.
IX əsas. İradənin
qədimliyi
Allahın iradəsi qədimdir.
O iradə sonradan olan şeylərin əzəli proqrama görə təqdir edilən
vaxtlarda, təqdir edilən hal və şərtlərə uyğun olaraq gerçəkləşməsinə
aiddir. Əgər Allahın iradəsi zatında deyil, başqa bir yerdə və
ya başqa bir varlığın zatında təcəlli etsəydi, o zaman iradə Allaha
deyil, təcəlli etdiyi yerə izafə edilər, iradənin sahibi o olardı.
Necə başqasının hərəkəti ilə sən hərəkət edici olduğun zaman sənin
hərəkət etdirici sayılmamağın kimi. Yəni bir mühərrik səni hərəkətə
gətirirsə, sən mühərrik deyil, mütəhərrik olmuş olursan. Allahın
iradəsi əgər hadis olsaydı, onu da hərəkətə gətirən başqa bir
iradənin olması lazım gələrdi. Beləcə o iradə də başqa bir iradəyə
möhtac olmaq surətilə sonsuza doğru bu ehtiyac zənciri davam edərdi.
Əgər iradə iradəyə möhtac deyildir deyirsənsə, aləmin də iradəsiz
olması caiz olardı. O halda aləmin iradəsiz, kor bir təsadüf əsəri
olaraq düzəlməsi necə mühal olursa, ilk iradənin də – əgər hadis
olduğu qəbul edilirsə – iradəsiz düzəlməsi eləcə mühal olur.
X əsas. Zatın
və sifatların qədimliyi
Şübhəsiz, Allah elm sifatı
ilə alim, həyat sifatı ilə diri, qüdrətlə qadir, iradəsi ilə mürid
(iradə edici), kəlam sifatı ilə eşidici və bəsir sifatı ilə görücüdür.
Allahın bu sifatları zatı kimi əzəli və qədimdir. Bir şəxsin «Allah
elmsiz alimdir» deməsi «malsız zəngindir, məlumsuz alimdir» deməsi
kimidir. Çünki elm, məlum və alim öldurmək, öldürülən və öldürən
kimi biri digərini zəruri edəndir. Öldürmək olmadan öldürən və
öldürülən təsəvvür oluna bilmədiyi kimi, öldürənsiz öldürülən
və ölümsüz öldürən də ola bilməz. Bunların hər ikisinin tək başına
təsəvvürü də mümkün deyil. Beləcə elmsiz alim, məlumsuz elm, alimsiz
məlum da təsəvvür edilə bilməz. Bəlkə bu üç vəsf əqlən biri digərini
istəyən, lazım edəndir. Biri digərindən ayrılmaz. Binaənəleyh,
alimin elmindən ayrılmasını caiz görən bir şəxs alimin məlumatdan
ayrılmasını da caiz görməlidir. Və eyni zamanda, elmin də alimdən
ayrılmasını caiz görməlidir. Çünki bu sifatlar arasında heç bir
fərq yoxdur.
|