Quranda
adı çəkilən peyğəmbərlərdən biri də Şuaybdır. Onun Musa peyğəmbərlə
eyni dövrdə yaşadığı fikri var. Bibliyada və rəvayətlərdə Şuayb
İofor adı ilə təqdim olunur. Onun Musa peyğəmbərin qayınatası
və Mədyəmin baş ruhanisi olduğu göstərilir. Mədyənin isə indiki
əl-Bad şəhəri olduğu güman edilir.
Bibliyada
Deyilənə görə, əl-Badda
Musa bulağı da var. Bu həmin bulaqdır ki, onun başında Musa peyğəmbər
sürünü suvarmaq istəyən qızları görmüş və onlara yardım etmişdi.
Bibliya mətnlərində və onunla bağlı rəvayətlərdə deyilir ki, Musa
peyğəmbər bir dəfə sürünü suvarmaq üçün quyu başına gələn yeddi
qızı görür. Öz sürüsünü suvarmaq istəyən bir dəstə çoban onları
qovmaq istəyəndə Musa peyğəmbər qızlara yardım edir. O da bəlli
olur ki, Musa peyğəmbər və qızlar bir-birinin dilini başa düşmürmüş.
Evə qayıdan qızlar əhvalatı atalarına – İofora (Şuayba) danışırlar.
Şuayb bu nabələd adamı evinə dəvət edir. Musa peyğəmbər onların
çobanı olur, ailənin sevimlisinə çevrilir və nəhayət, Şuaybın
kiçik qızı ilə evlənir.
Bibliyada Şuayb möcüzələr
göstərən bir şəxs kimi təqdim olunur. Deyilənə görə, oğlu olmadığından
o, öz biliklərini Musaya öyrədir. Bibliya rəvayətlərində o da
deyilir ki, guya əsanı ilana çevirməyi, əlin ağarması və s. kimi
möcüzələri Musaya Şuayb peyğəmbər öyrədibmiş.
Əhdi-ətiqdə nəql olunur
ki, Şuayb biləndə ki, Allah və Musa İsrail xalqı üçün nə etdilər,
xalqı fironun qılıncından xilas etdilər, Sepforu, Musanın arvadını,
oğulları Girsam və Yeliezeri götürüb onu qarşılamağa gedir. (Çıxış
18:1-3). Və Şuayb Allaha qurban verib yandırır. Harun
və İsrail ağsaqqaları da yığışırlar. (Çıxış 18: 9-12).
Bundan başqa, Bibliyada Şuayb peyğəmbər Musa peyğəmbərin ağsaqqallı
kimi verilir. Məsələn, Musa camaatı mühakimə etməyə başlayanda
Şuayb ona məsləhətlər verir. O cümlədən deyir ki, sən Allahla
xalq arasında vasitəçi ol. İlahi qanunları öyrət. Sonra yaxşı
adamlardan seç, onlara minbaşı, yüzbaşı, əllibaşı və onbaşı təyin
elə. Qoy adamları onlar mühakimə eləsin, ən vacib məlumatları
sənə çatdırsınlar, xırdaları özləri çözsünlər, onda sənə asan
olar. Musa öz qayınatasının sözünü qəbul edir. (Çıxış
18: 13 –23). Beləliklə, göründüyü kimi, burada Şuayb
peyğəmbər ülul-əzm Musa peyğəmbərə ağsaqqallıq edən birisi kimi
təqdim olunur.
Dinimizdə
Dinimizdə Şuayb peyğəmbərin
Mədyən və Eykə əhalisinə peyğəmbər olaraq göndərildiyi deyilir.
Onun İbrahim və ya Saleh peyğəmbərin nəslindən olması ehtimalı
var. Şuaybın Musa peyğəmbərin qayınatası olduğu fikri də geniş
yayılıb. Çox gözəl, təsirli natiqlik qabiliyyəti olduğu və bu
səbəbdən xətibül-ənbiya (peyğəmbərlərin xətibi) ləqəbi aldığı
deyilir. Qurandan öyrənirik ki, Şuayb peyğəmbərin zamanında Mədyən
əhli bütlərə sitayiş edirmiş. Bundan başqa, əksəriyyəti ticarətlə
məşğul olan adamlar alış-verişdə bir-birinə hiylə işlədir, ərzağı
yığıb saxlayır, bahalananda satırmışlar. Bundan başqa, alanda
böyük ölçü ilə alır, satanda kiçiklə satırmışlar. Quranın Əraf
surəsində bu barədə deyilir: «Mədyən qövmünə də göndərdik Biz
Şuaybı, onların öz qardaşını elçi olaraq. Dedi: «Ey qövmüm,
Allaha ibadət eləyin. Yoxdur sizin Ondan başqa tanrınız. Aşkar
bir dəlil gəlmiş sizə öz Rəbbinizdən. Ölçüdə, çəkidə düzlük gözləyin.
İnsanların şey-şüyünü əskik eləməyin. Yer üzünün nizamı düzələndən
sonra pozğunçuluq törədib qarışıqlıq salmayın. Bunların xeyri
olar sizə, əgər mö'minsinizsə (Əraf, 85).
Mədyən əhli varlı olsa da, Allaha şükür etmirmiş. Şuaybın qismətinə
düşən camaat da Nuh, Hud, Saleh peyğəmbərin xitab etdiyi kütləyə
çox bənzəyib. Onun təbliğatına qulaq asmamaqları bir yana, bu
təbliğatı təhlükə sayır, Şuayb peyğəmbəri və onun tərəfdarlarını
şəhərdən çıxarmaqla hədələyirmişlər: «Onun qövmündən olan
təkəbbürlü kübarlar dedilər: «Ey Şuayb, ya səni və səninlə bərabər
iman gətirənləri mütləq çıxardarıq öz kəndimizdən, ya da dinimizə
dönməlisən» (Əraf, 88).
Onları bu yoldan çəkindirməyə
çalışan Şuayb peyğəmbər və onun tərəfdarları mütəmadi təhdid edilsələr
də, təbliğlərindən qalmır, Hud və Lut qövmünün aqibətini ibrət
kimi xatırladırmış. «Ey qövmüm, özünüzü gözləyin ki, mənə
qarşı çıxmanız günaha salmaya sizi, Nuh və Hud qövmlərinin, yaxud
Salih qövmünün düşdüyü bəla başınıza gəlməyə. Lut qövmünün taleyi
də sizə uzaq bir şey kimi gəlməsin. Rəbbinizdən məğfirət diləyin,
sonra Ona tövbə eləyin. Şübhəsiz, Rəhimdir, mö'minləri çox sevəndir,
Rəbbim mənim». Dedilər: «Ey Şuayb, dediklərinin bir çoxunu anlamırıq,
biz səni zəif görürük. Qəbilən olmasaydı, səni daşa basardıq.
Yoxdur sənin bizə görə bir dəyərin» (Hud, 89-91).
Qurandan öyrənirik ki,
Allaha taala Mədyən əhlini sıxıntılara salmaqla onlara doğru yola
düzəlmək imkanı verirmiş. Qorxu və təhlükə nəticəsində ayrı-ayrı
fərdlərin və camaatların imana dönməsi, imanlarının güclənməsi
faktlarınnın olduğunu da görürük. Elə Yunus peyğəmbərin göndərildiyi
Ninəva əhli də bu yolla imana qayıtmışdı. Amma mədyənlilər bundan
nəticə çıxarmır. Nemətlərin bolluğu onları Allaha daha da bağlamaq
əvəzinə, qürur və təkəbbür yaradıbmış. Peyğəmbərin xatırlatmaları
isə onların küfrlərini artırır: «Biz hansı ölkəyə peyğəmbər
göndərmişdiksə oranın əhlini yalvarıb yaxarsınlar deyə bəlaya
və müsibətə düçar eləmişdik. Sonra pisliyin yerini yaxşılıqla
dəyişmişdik. Elə ki, çoxaldı onların sayı və «Atalarımız da bəlalı
və şad günlər keçirmişdilər» dedilər, özləri də duymadan yaxaladıq
Biz qəfildən onları» (Əraf 94-95).
Nəhayət, Şuayb peyğəmbər
onlara öyüdün faydasız olduğunu görüb deyir: «Ey qövmüm,
nə eybi, siz öz işinizdə olun, mən də öz işimdəyəm. Alçaldıcı
əzaba kimin düşəcəyini, kimin yalançı olduğunu biləcəksiniz. Siz
gözləməyinizdə olun, mən də sizinlə birgə gözləməkdəyəm» (Hud
93).
Allaha və onun peyğəmbərinə
qarşı düşmənçilik mövqeyi bəsləyən, küfrlərində israr edən bu
camaat Allahın qəzəbinə gəlir. Allah taala Mədyən xalqına əzab
olaraq zəlzələ göndərib. Zəlzələ onların hamısını məhv edib: «Zəlzələ
yaxaladı onları, yurdlarında meyid düşüb diz çökərək qaldılar.
Elə bil heç dünyada yaşamamışdı da Şuaybı yalançı sayanlar. Yurdlarında
onların izi-tozu qalmadı. Ziyana uğrayanlardı Şuaybı yalançı sayanlar
(Əraf, 91-92).
Deyilənə görə, Mədyən
fəlakətindən sonra Şuayb peyğəmbər Mədyənə yaxın olan Eykəyə gedərək
onların təbliği ilə məşğul olub. Eykə Mədyənlə müqayisədə daha
kiçik yaşayış məntəqəsi imiş. Amma buranın əhalisi bolluq içində
yaşayırmış. Amma zalımlıqda israr edirmişlər: «Zalım olan
kimsələrdi eykəlilər, şübhəsiz [Şüaybın soydaşları olan bu adamlar
«eykə»də, yə'ni ağacları sıx meşəlikdə yaşayırdılar]. Və onlardan
da Biz intiqam almışıq. Hər ikisinin [Sədumun və Eykənin] taleyi
göz önündədir” (Hicr 78-79). Şuayb peyğəmbər onlara mizanı
pozmamağı, bir-birinin haqqını yeməməyi tövsiyə edir, fitnəkarlıqdan
çəkinməyə çağırır: «Ölçüdə, çəkidə düzlük gözləyin, heç
nəyi əskik verməyin, çəkdiyinizi düzgün olan tərəziyə qoyub çəkin.
Adamların haqqını kəsməyin. Pozğunçuluq törədərək yer üzündə qarışıqlıq
salmayın. Sizi və sizdən öncəki nəsilləri yaradandan qorxun!»
(Şuara, 181-184). Amma onun öyüd və nəsihətləri burada
da etirazla qarşılarnır. Eykə əhalisi onu cadugər, yalançı adlandırır:
«Dedilər: «Səni, heç şübhəsiz, cadulamışlar. Sən də bizim
kimi bir bəşərsən sadəcə. Səni yalançı sayırıq. Doğru sözlü, düz
əməlli kimsəsənsə, göyün bir parçasını sal bizim üstümüzə baxaq
necə salırsan» (Şuara, 185-187).
Eykəlilər Şuaybın təbliğini
qəbul etmir, öyüdlərindən nəticə çıxarmır, onu eşitmək istəmirlər.
«Dandılar Şuaybı. Və buludlu bir günün əzabı yaxaladı onları.
Şübhəsiz, böyük günün əzabıydı bu əzab. Eykəlilərin adı Quranda
bir neçə yerdə çəkilir. Hər birində də başqa zalım camaatlarla
birlikdə. Bir sıra onları birləşdirən keyfiyyətlərin olduğuna
diqqət çəkilir. Peyğəmbərləri danmaq, axirətə inanmamaq: «Səmud
və Lut qövmləri, əl-Eykə camaatı ayrı-ayrı firqələrdi. Hər biri
danmışdı peyğəmbərləri. Və hamısını haqlamışdı axır Mənim əzabım.
Surun o bircə labüd səslənişindən savayı bir şey gözləməz onlar.
Rişxəndlə deyərlər: «Haqq-hesab çəkilən gün gəlməzdən öncə ver,
tez ver bizim payımızı, Rəbbimiz!» (Sad 13-16); «Ad qövmü, Fir'on,
Lutun qardaşları, əl-Eykə camaatı, Tubbə qövmü - hər biri danmışdı
peyğəmbərini və və'd verdiyim o əzab haqlamışdı onları» (Qaf 13-14).
|