Rəhman
və Rəhim Allahın adıyla.
1. Ha mim.
2. Ayn sin qaf.
3. Beləcə vəhy eləyir
sənə və vəhy eləmiş səndən öncəkilərə güclü və müdrik olan Allah.
4. Onundur göylərdə nə
varsa, yerdə nə varsa. Ucadan ucadır, uludan ulu Allah.
5. Kafirlərin küfrünün
ucbatından az qala çatlaya bilərdi göylər. Həmd oxuyur Rəblərinə,
məğfirət diləyir yer üzündə olanlara mələklər. Günahlardan keçəndir,
Rəhimdir Allah.
6. Allahdan ayrısını
özlərinə dost arayıb seçənlərin işləklərinə göz qoymuş Allah.
Sən onlara vəkil olan deyilsən.
7. Biz sənə Qur'anı ərəbcə
vəhy elədik olacaqla qorxuzasan şəhərlərin anası Məkkə əhlini
və ətrafda olanları. Və bir yerə cəm olacaqları gün barədə - şübhə
yoxdur gələcək o gün - xəbər verəsən onlara. Cənnətə girər bə'ziləri,
alovlanan od içinə - bə'ziləri.
8. Allah istəsəydi əgər,
vahid ümmət yaradardı hamını. Yalnız istədiyi kimsəni salar O
rəhmətinin yazısına. Zalımlarınsa nə bir dostu olar, nə də bir
yardımçısı.
9. Deməli, Allahdan başqasını
dost seçirlər özlərinə. Dost təkcə Allah olar. Ölüləri dirildər
O. Hər şeyə qadirdir O.
10. Mübahisə etdiyiniz
hər şeyin barəsində hökmü yalnız Allah verər. Budur mənim Rəbbim
Allah. Mən Ona güvənirəm, Ona tuturam üzümü.
11. Sizə öz canınızdan
taylar, sizinçün dişili-erkəkli heyvanlar var eləmiş göyləri,
yeri yaradan. Beləcə sizi çoxaldır O. Misli yoxdur Onun. Hər şeyi
eşidəndir, hər işi biləndir O.
12. Göylərin, yerin açarları
Ondadır. İstədiyi kimsəyə ruzini bol-bol verər, istədiyi kimsəyə
müəyyən miqdarda verər. Hər şeyi biləndir O.
13. Nuha qanun bildiyini
sizə də din olaraq buyurmuş Allah. «Dininizdə bütöv olun, bölünməyin!»
deyə vəhy elədik sənə, buyurduq İbrahimə, Musaya və İsaya. Müşrikləri
də'vət elədiyin şey çox böyük görünmüş onlara. İstədiyi kimsəni
Özü üçün seçər Allah. Ona sarı üz tutanı doğru yola yönəldər O.
14. Elm alandan sonra
ayrı-ayrı dəstələrə təkcə ona görə bölündülər ki, zəhlələri gedirdi
bir-birindən onların. Və əgər yazılı əcəl barədə Rəbbinin öncədən
dediyi bir sözü olmasaydı, dərhal bitərdi çəkişmələri. Kitabın
sonrakı varisləri də Peyğəmbərə şəkk gətirirlər.
15. Və buna görə sənə
əmr edilən sayaq birliyə çağır, möhkəm ol, sabit ol çağırışında.
Tabe olma onların istəklərinə. De ki, «Allahın göndərdiyi Kitaba
mən iman gətirmişəm. Mənə əmr olunub sizin aranızda ədalətlə hakimlik
edim. Bizim də Rəbbimiz sizin də Rəbbiniz Allahdır. Bizim öz işimiz
var, sizin də öz işiniz. Elə bir ədavət yox aranızda. Hamımızı
bir yerə cəm edər Allah. Onun da dərgahına axır dönəcək hamı».
16. Müstəcəb oldumu Peyğəmbərin
duası, demək Allah barədə mübahisə edənlərin dəlilləri Rəblərinin
dərgahında məqbul sayılmaz. Onun qəzəbinə düçar olarlar. Şiddətli
bir əzab gözləyir onları.
17. Kitabı haqq olaraq
və ölçünü-mizanı ədalət olaraq göndərən Allahdır. Nə bilirsən,
bəlkə də qiyamət saatı lap yaxındadır.
18. Qiyamətin qopmağına
inanmayan kimsələr bunu tələsdirirlər. İnanan kəslərsə qorxudan
əsirlər, bunun haqq olduğunu bilirlər. Bilin, dərin bir sapqınlıq
içindədir qiyamət saatı barədə mübahisə eləyən kimsələr.
19. Bəndələrinə qarşı
lütfkardır Allah. Ruzi verər istədiyi kimsəyə. Qüvvətlidir, güclüdür
O.
20. Axirət qazancını
güdən kimsənin artırarıq qazancını. Dünya qazancını güdən kimsəyə
də istədiyindən verərik. Ancaq axirətdən bir nəsibi olmaz bu cür
kimsənin.
21. Bəlkə onların şərikləri
var və bu şəriklər də Allahın dində izn vermədiyi bir şeyi qanun
bilmiş onlara. Qiyamət barədə öncədən verilən və'd olmasaydı,
bu dünyanın özündəcə verilərdi cəzaları. Şübhəsiz, ağrılı bir
əzab gözləyir zalımları.
22. Qazandığı günahlar
çıxanda qabaqlarına, qorxudan titrəyən görürsən zalımları. O kəslər
ki, iman gətiriblər, saleh işlər görüblər, cənnət bağlarındadır
onlar. Rəblərinin dərgahında nə istəsələr varlarıdır. Onun böyük
lütfü budur!
23. İman gətirən, saleh
işlər görən bəndələrinə müjdə verir bunu Allah. De ki, «Buna görə
mən sizdən bir əcir də ummuram. Umacağım odur ki, ehtiram gözləyəsiz
mənim nəslimə». Artırarıq qazancını yaxşılıq qazanan kimsənin.
Günahlardan keçəndir, qədirbiləndir Allah.
24. Yoxsa deyirlər Allahın
adına yalan yaxmış o [Muhamməd]? Allah istərsə əgör, möhkəmlədər
ürəyini, yox eləyər batili, üzə çıxarar haqqı Öz kəlamıyla. Yrəklərin
içini biləndir O, şübhəsiz.
25. Bəndələrinin tövbəsini
qəbul eləyən, günahları bağışlayan, işləklərinizi bilən Odur.
26. İman gətirən, saleh
işlər görən kimsələrin duasına cavab verən, Öz lütfündən pay olaraq
onların əcrini artıran Odur. Kafirlərin payınasa şiddətli bir
əzab düşər.
27. Bəndələrinin hamısına
ruzini bol versəydi Allah, yer üzündə azğınlıq edərdilər. Dilədiyi
bir şeyi müəyyən miqdarda verər. Şübhəsiz, bəndələrindən xəbərdardır,
onları görəndir O.
28. Ymidləri yağıntıdan
kəsiləndən sonra onlara yağış göndərən, rəhmətini onlar üçün yayan
Odur. Öyülməyə layiq olan dost Odur.
29. Onun qüdrətinin dəlillərindəndir
göylərlə yerin yaranışı, hər birində canlıların yaradılıb yayılması.
İstəsə, bunları bir yerə cəm etməyə də qadirdir O.
30. Başınıza nə müsibət
gəlirsə, bu sizin öz əlinizin qazancı. Ancaq yenə günahların çoxunu
əfv edər O.
31. Aciz qoya bilməzsiniz
yer üzündə Allahı. Allahdan başqa nə bir dost tapılar, nə də bir
yardımçı sizə.
32. Dağ əzəmətilə üzər
dənizdə gəmilər. Bu Onun qüdrətinin dəlillərindən biridir.
33. Allah istərsə əgər,
yatırdar küləyi, hərəkətsiz dayanar su üstündə gəmilər. Şübhəsiz,
bunda ayələr var səbr eləyən, şükr eləyən hər kəs üçün.
34. Yaxud qazandığı suçlarının
əvəzinə batırar gəmidəki adamları dənizə, ya da suçlarının bir
çoxundan keçərək təkcə gəmiləri batırar O.
35. Ayələrimizi çək-çevirə salanlar bilsinlər, qaçmağa bir yeri
olmaz onların.
36. Sizə nə verilərsə,
dünya həyatının gəldi-gedər bir şeyidir sadəcə. Allahın dərgahında
olanlarsa daha çox xeyir gətirər, daha çox qalımlı olar iman gətirənlər
üçün, Rəblərinə güvənənlər üçün.
37. Və o kəslər üçün
ki, böyük günahlardan, əxlaqsız əməllərdən kənar dururlar, qəzəbli
olsalar belə bağışlaya bilirlər.
38. Və o kəslər üçün
ki, Rəblərinin çağrışına cavab verirlər, namaz qılırlar, işlərini
məşvərətlə həll eləyirlər, verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.
39. Və o kəslər üçün
ki, bəlaya düşdülərmi, yardım əli uzadırlar biri-birinə.
40. Pislik eləyən bir
kimsənin cəzası elədiyi pisliyinin misli ilə verilər. Ystünü vurmayıb
barışan kimsənin əcrinisə Allah verər. Zalımları sevməz O.
41. Zülm görəndən sonra
yardım alan kimsənin önünü başqa yol kəsə bilməz.
42. Yalnız o kəslərin
qarşısı kəsilər ki, yer üzündə nahaqdan insanları incidirlər,
azğınlıq eləyirlər. Ağrılı bir əzab gözləyir belələrini.
43. Kim ki, səbr eləyib
keçərsə bir günahdan, möhkəm tutmuş işini o deməli.
44. Allahın azdırdığı
kimsəyə bir dost tapılmaz. Görürsən bir zalımları, əzabı gördülərmi
«Geriyə dönəsi yoxmu yol məgər?» deyərlər.
45. Görürsən, oda tərəf
aparırlar onları. Qorxu, zillət içində başlarını sallamışlar aşağı.
Gözlərinin ucuyla oda tərəf baxırlar. «Qiyamət günü özlərini də,
ailəsini də itirənlərdir itgiyə uğrayanlar» deyər iman gətirənlər.
Bilin, əbədilik bir əzab içindədir zalımlar.
46. Allahdan başqa dostları
da yoxdu ki, yardımına yetəydilər onların. Allahın azdırdığı kimsənin
bir çıxış yolu olmaz.
47. O qaçılmaz gün Allahın
dərgahından gəlməmiş Rəbbinizin çağrışına səs verin. Sizə bir
sığınacaq tapılmaz o gün, sizin bir suçunuz danılmaz o gün.
48. Səndən üz çevirsələr,
bilsinlər, Biz səni göndərməmişik göz qoyasan onlara. Sənin borcun
yalnız bəyan eləməkdir verdiyimiz hökmləri. Dərgahımızdan bir
rəhmət daddırantək insana, sevinər buna. Amma öz əliylə elədiyi
üzündən pis bir işə düşən zaman, görərsən nankorun biridir insan.
49. Allahdır göylərin,
yerin yiyəsi. İstədiyi bir kəsi yaradar O. İstədiyi kimsəyə qız
uşağı, istədiyinə oğlan uşağı verər O.
50. Yaxud da həm oğlan,
həm qız verər istədiyi kimsəyə. Və sonsuz da qoyar istədiyi kimsəni.
Şübhəsiz, hər şeyi biləndir, hər şeyə qadirdir O.
51. Yalnız vəhy ilə,
yaxud pərdə dalından danışar bəşərlə Allah. Yaxud da bir elçi
göndərər, istədiyini Öz iznilə ona vəhy eləyər. Ucadan ucadır,
müdrikdir O.
52. Sənə də beləcə vəhy
vermişik, Öz əmrimizlə vəhyi sənə çatdırmaq üçün Cəbraili göndərmişik.
Sən öncələr bilməzdin heç Kitab nədir, iman nədir. Ancaq bəndələrimizdən
dilədiyimiz kimsəni doğru yola yönəltməkçün bu Kitabı nur olaraq
var elədik. Sən aldığın vəhy ilə göstərirsən insanlara doğru yolu,
53. Allahın yolunu. Onundur
göylərdə nə varsa, yerdə nə varsa. Bilin, Allaha qalar bütün işlər.
|