Rəhman
və Rəhim Allahın adıyla
1. Ta sin mim.
2. Bunlar haqqı aşkar
bildirən Kitabın ayələridir.
3. İmana gəlmirlər deyə
qəm-qüssədən özünü axır öldürəcəksən.
4. İstəsəydik bir mö'cüzə
göndərərdik göydən onlara, göndərsəydik ona boyun əyərdilər.
5. Hər dəfə bir öyüd
yetişəndə onlara Rəhmanın dörgahından, bundan üz döndərərlər.
6. Danmışlar Allahın
ayələrini. Lağa qoyduqları şeylər çıxacaq qabaqlarına.
7. Bir baxalar yer üzünə,
hər gözəl bitgidən cüt-cüt bitirmişik burada.
8. Şübhəsiz, bunda bir
ayə var insanlar üçün. Amma yenə çoxları gəlməyirlər imana.
9. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz.
10. Bir zaman səsləmişdi
Rəbbin Musanı: «Get o zalımların içinə,
11. Fir'on qövmünün içinə.
Allahdan çəkinməzmi onlar?»
12. «Rəbbim, qorxuram
danalar məni» dedi Musa –
13. «Sıxılır ürəyim,
tutulur dilim. Hərunu da mənimlə bərabər peyğəmbər göndər.
14. Onların yanında mənim
bir günahım var, qorxuram öldürələr məni».
15. «Xeyr, öldürməzlər.
Ayələrimizi götürüb gedin. Biz sizinlə bərabər eşidərik hər şeyi»
dedi Allah –
16. «Gedin Fir'onun yanına,
deyin: «Aləmlərin Rəbbinin göndərdiyi elçilərik.
17. Bizimlə birgə göndər
İsrail oğullarını».
18. Fir'on dedi: «Uşaq
idin, səni öz içimizdə böyütmədikmi? İllərlə aramızda ömür sürüb
qalmadınmı?
19. Axır ki, elədiyini
elədin. Sən nankorun birisən» .
20. Musa dedi: «Mən o
işi tutanda doğru yoldan azmış idim.
21. Sizin qorxunuzdan
qaçıb getdim. Sonra Hikmət verdi mənə, peyğəmbər olaraq göndərdi
məni Rəbbim.
22. İsrail oğullarını
kölə elədin, məni azad buraxdın, başıma qaxdığın yaxşılıq bumu?»
23. «Aləmlərin Rəbbi
nə ola?» dedi Fir'on.
24. «Göylərin, yerin,
bunların arasında olanların Rəbbidir O. Buna inanırsızsa, iman
gətirin Ona» dedi Musa.
25. «Eşidirsinizmi?»
dedi Fir'on ətrafında olanlara.
26. «Sizin də, köçüb
getmiş atalarınızın da Rəbbi Odur» dedi Musa.
27. «Sizə göndərilən
peyğəmbəriniz, şübhəsiz, dəlidir» dedi Fir'on.
28. «Ağlınız varsa, bilin,
Məşriqin, Məğribin, bunların arasında olanların Rəbbidir O» -
dedi Musa.
29. «Məndən başqasına
tanrı olaraq tapınsan, and olsun, səni zindanda çürüdərəm» dedi
Fir'on.
30. «Sənə aşkar bir dəlil
göstərsəm necə?» dedi Musa.
31. «Dediyin doğrudursa
di gətir baxaq» dedi Fir'on.
32. Əlindəki əsanı yerə
atdı Musa. Açıq-aşkar bir ilana döndü əsa.
33. Sonra çıxardı əlini.
Budur, bəmbəyaz rəngə çalıb parıldayır əli.
34. Ətrafındakı ə'yanlara
dedi Fir'on: «Bu çoxbilmiş cadubazdır.
35. Cadusuyla çıxarmaq
istəyir sizi torpağınızdan. Buyruğunuz nə olacaq?»
36. Ə'yanlar dedilər:
«Onu da, qardaşını da gözlət burada, şəhərlərə adamlar sal,
37. bütün çoxbilən cadubazları
hüzuruna gətirsinlər».
38. Bəlli bir gündə,
qoyulan və'dədə toplaşdı cadubazlar.
39. Camaata car çəkdilər:
«Siz də yığışıb gəlin!»
40. «Cadubazlar üstün
gəlsə, onlara tabe olarıq» dedi camaat.
41. Cadubazlar gəldilər,
Fir'ona dedilər: «Qalib gəlsək bizə mükafat çatır, eləmi?»
42. «Bəli, üstəlik də
mənə yaxın adamlardan olarsız» dedi Fir'on.
43. «Di göstərin məharətinizi»
dedi Musa onlara.
44. İplərini, dəyənəklərini
atdılar, «Fir'onun böyüklüyünə and olsun, biz qalib gələcəyik»
dedilər.
45. Əlindəki əsanı yerə
atdı Musa. Bir də baxdılar onların qurduqlarını bir-bir yaxalayıb
udur bu əsa.
46. Yzüqoylu düşərək
Allaha səcdə qıldı o cadubazlar.
47. «Biz iman gətirdik
aləmlərin Rəbbinə» dedilər –
48. «Musanın, Hərunun
Rəbbinə».
49. «Mənim iznim olmadanmı
siz ona inandınız. Şübhəsiz, sizin böyüyünüzdür o, cadunu da o
öyrətmiş sizə. Görərsiniz bunun əvəzini sizdən necə çıxaram. Əllərinizi,
ayaqlarınızı çarpaz olaraq kəsəcəm, sonra hamınızı asacam» dedi
Fir'on,
50. «Nə zərəri, Rəbbimizin
dərgahına dönəcəyik» dedilər –
51. «Səndən məğfirət
diləyirik, Rəbbimiz! Keç bizim suçumuzdan, biz ilki olarıq iman
götirənlərin!»
52. Musaya Biz vəhy elədik:
«Bəndələrimi gecə ikən yola çıxar. Sizi tə'qib edəcəklər, şübhəsiz».
53. Şəhərlərə carçılar
saldı Fir'on, car çəkdilər:
54. «Bunlar sayca azdırlar,
xırda bir tayfadırlar.
55. Qəzəbimiz tutmuş
bizim onlara.
56. Tədbirli olmalıyıq
hamımız».
57. Və nəhayət, Biz çıxardıq
onları bağlardan, bağçalardan, axarlı-baxarlı bir məkandan.
58. Uzaq saldıq onları
xəzinələrindən, ali məqamlarından.
59. Bunlara varis elədik
İsrail oğullarını.
60. Günün çıxan çağında
Musanın ardınca düşdülər.
61. Yz-üzə gələn zaman
bu iki dəstə Musanın adamları «Yaxalandıq!» dedilər.
62. «Xeyr, Rəbbim mənimlədir,
mənə bir yol göstərəcək» dedi Musa.
63. «Əsanla vur dənizə»
deyə vəhy elədik Musaya. Parça-parça oldu dəniz. Hər parçası nəhəng
bir dağ kimiydi.
64. Tə'qib edənləri də
yaxın gətirdik oraya.
65. Və xilas elədik Musanı,
onunla bir olanların hamısını.
66. Digərlərini isə qərq
elədik sulara.
67. Şübhəsiz, insanlara
bu görk olmalı. Amma yenə çoxları gəlməyirlər imana.
68. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz.
69. Sən onlara İbrahimdən
də danış.
70. Atasına, qövmünə
bir zamanlar demişdi: «İbadət elədiyiniz şeylər nə ola?»
71. «Bütlərə ibadət eləyirik.
Biz bunlara həmişə ibadətdə olarıq» dedilər.
72. «Onlara yalvaranda
eşidirmi qulaqları?» dedi İbrahim –
73. «Yaxud sizə onların
bir yararı, bir zərəri dəyirmi?»
74. «Atalarımız da bütlərə
tapınardılar» dedilər.
75. İbrahim dedi: «Görün
bir nələrdi mə'budları
76. sizlərin və atalarınızın.
77. Bunlar düşmənlərimdir.
Mən təkcə aləmlərin Rəbbinə ibadət edərəm.
78. Məni yaradan da,
doğru yola yönəldən də Odur.
79. Məni yedizdirən də,
içizdirən də Odur.
80. Elə ki, xəstələndim,
mənə şəfa verər O.
81. Məni öldürəcək, sonra dirildəcək olan Odur.
82. Qiyamət günü suçlarımın
bağışlanmasını dilədiyim Allah Odur.
83. Rəbbim! Hikmət ver
mənə, yaxşıların sırasına sal məni!
84. Elə et məndən sonrakılar
üçün yaxşı ad qoyum gedim.
85. Ne'mət cənnətinin
varislərindən et məni.
86. Atamı da bağışla.
Şübhəsiz, doğru yoldan sapmış o.
87. Məni rəzil eləmə
insanların diriləcəyi gün».
88. O gün ki, mal-dövlət,
oğul-uşaq fayda verməz heç kimə –
89. yalnız təmiz ürəklə
gəlməli Allahın dərgahına –
90. cənnətə yaxın gətirərlər
müttəqiləri.
91. Azğınlara da cəhənnəmi
göstərərlər.
92. Bunlara deyərlər:
«Hanı bəs bütləriniz?
93. Allahı qoyub onlara
tapınardınız. Sizə yardım edirlərmi, onlara yardım edən varmı?»
94. Cəhənnəmə tullayarlar
onları,
95. dalınca da hamılıqla
iblisin adamlarını.
96. Çəkişərlər bütləriylə
orada, deyərlər:
97. «V-Allahi ki, açıq-aşkar
sapmışdıq yolumuzdan.
98. Aləmlərin Rəbbinə
sizləri tay tutardıq.
99. Yalnız suçlulardı
bizi yoldan çıxaran.
100. İndi bir kimsə də
yox bizdən ötrü iltimas eləyə.
101. Yaxın bir dostumuz
da yox.
102. Dönə bilsəydik geriyə,
mö'minlərdən olardıq».
103. Şübhəsiz, insanlara
bu bir ibrət olmalı. Amma çoxları yenə gəlməyirlər imana.
104. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz.
105. Nuh qövmünün adamları
da danmışdılar göndərilən elçiləri.
106. Qardaşları Nuh onlara
bir zamanlar demişdi: «Allahdan çəkinməzmisiniz?
107. Mən sizə göndərilən
e'tibarlı bir elçiyəm.
108. Qorxun Allahdan,
itaət eləyin mənə.
109. Buna görə mən sizdən
bir əcir də ummaram. Əcrimi aləmlərin Rəbbi verər.
110. Qorxun Allahdan,
itaət eləyin mənə».
111. «Sənəmi inanmalıyıq?
Yalnız rəzil kimsələrdir sənə tabe olanlar» dedilər.
112. Dedi: «Olanların
işləklərinin mənə heç bir dəxli yox.
113. «Onların haqq-hesabını
Rəbləri çəkər. Bunu biləydiniz kaş.
114. Mö'minləri özümdən
qovan deyiləm.
115. Mən yalnız açıq-aşkar
xəbərdarlıq eləyənəm».
116. Dedilər: «Bu işdən
əl çəkməsən daş-qalaq olacaqsan».
117. Dedi: «Rəbbim! Soydaşlarım
danmış məni.
118. Sən Özün hakimlik
elə mənimlə onların arasında. Və xilas elə məni və mənimlə bir
olan mö'minləri».
119. Biz də onu və onunla
bir olanları xilas elədik daşıyaraq bir gəmidə onları.
120. Digərlərini isə
qərq elədik sulara.
121. Şübhəsiz, insanlara
bu da bir görk olmalı. Amma çoxları yenə gəlməyirlər imana.
122. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz.
123. Ad qövmü də danmışdı
göndərilən elçiləri.
124. Qardaşları Hud onlara
bir zamanlar demişdi: «Allahdan çəkinməzmisiniz?
125. Mən sizə göndərilən
e'tibarlı bir elçiyəm.
126. Qorxun Allahdan,
itaət eləyin mənə.
127. Buna görə mən sizdən
bir əcir də ummaram, Əcrimi aləmlərin Rəbbi verər.
128. Ötüb-keçənlərlə
əylənmək üçünmü siz boşuna hər təpədə bir bina qurursunuz?
129. Əbədilik yaşamağımı
güman edərək böyük su ambarları düzəldirsiniz?
130. Bir kimsəni döyəndə,
ya öldürəndə, rəhm nədir bilməzsiniz.
131. Qorxun Allahdan,
itaət eləyin mənə.
132. Bildiyiniz şeyləri
sizə verəndən qorxun.
133. Mal-qara, oğul-uşaq
vermiş sizə O.
134. Bağçalar, axar-baxarlı
yerlər vermiş sizə O.
135. Qorxuram böyük günün
əzabına uğrayasız».
136. Dedilər: «Öyüd versən
də, verməsən də, bizim üçün nə fərqi.
137. Bizdən öncəki nəsilləri
də beləcə qorxuzurdular.
138. Əzaba uğrayan deyilik».
139. Dandılar Hudu. Biz
də məhv elədik onları. Şübhəsiz, insanlara bu da bir görk olmalı.
Amma çoxları yenə gəlməyirlər imana.
140. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz. 141. Səmud qövmü də danmışdı göndərilən elçiləri.
142. Qardaşları Salih
onlara bir zamanlar demişdi: «Allahdan çəkinməzmisiniz?
143. Mən sizə göndərilən
e'tibarlı bir elçiyəm.
144. Qorxun Allahdan,
itaət eləyin mənə.
145. Buna görə mən sizdən
bir əcir də ummaram. Əcrimi aləmlərin Rəbbi verər.
146. Məgər çoxmu qalacaqsız
bu naz-ne'mət içində,
147. bağlarda, axar-baxarlı
yerlərdə,
148. tarlalar kənarında,
meyvələri ağızda əriyən xurmalıqlar içində?
149. Dağ-daşı ustalıqla
yonub evlərmi qurursunuz?
150. Qorxun Allahdan,
itaət eləyin mənə.
151. Hədlərini aşanların
əmrinə tabe olmayın.
152. Yer üzünün nizamını
pozar, düzəltməz onlar».
153. Dedilər: «Səni,
heç şübhəsiz, cadulamışlar.
154. Sən də bizim kimi
bir bəşərsən sadəcə. Doğru sözlü, düz əməlli kimsəsənsə bir mö'cüzə
göstər baxaq».
155. Dedi: «Mö'cüzə bu
dişi dəvədir. Bəlli bir gündə onun da su payı var, sizin də.
156. Ona pislik eləməyin,
böyük günün əzabı yaxalar sizi».
157. Kəsdilər dəvəni,
sonra peşman oldular.
158. Yaxaladı onları
o əzab. Şübhəsiz, insanlara bu da bir dərs olmalı. Amma çoxları
yenə gəlməyirlər imana.
159. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz.
160. Lut qövmü də danmışdı
göndərilən elçiləri.
161. Qardaşları Lut onlara
bir zamanlar demişdi: «Allahdan çəkinməzmisiniz?
162. Mən sizə göndərilən
e'tibarlı bir elçiyəm.
163. Qorxun Allahdan,
itaət eləyin mənə.
164. Buna görə mən sizdən
bir əcir də ummaram. Əcrimi aləmlərin Rəbbi verər.
165. Aləmlər içindən
kişilərimi seçərək onlarla yaxınlıq eləyirsiz?
166. Rəbbinizin sizdən
ötrü yaratdığı taylardanmı uzaq düşürsüz? Doğru yoldan azmışsınız,
şübhəsiz».
167. Dedilər: «Ey Lut,
dediyindən dönməsən, biz səni qovarıq şəhərimizdən».
168. Dedi: «Tutduğunuz
işə görə mən sizə qəzəbliyəm.
169. Rəbbim! Bunların
pis əməli əlindən xilas elə məni, ailəmi».
170. Biz də xilas elədik
onu və ailəsini, hamısını,
171. arxada qalan bir
qoca qadından savayı.
172. Və digərlərini də
darmadağın elədik.
173. Daş yağışı yağdırdıq
onların üstünə. Bu nə pis yağış idi, yağırdı xəbərdarlıq alsa
da doğru yola gəlməyən kimsələrin başına.
174. Şübhəsiz, insanlara
bu da bir dərs olmalı. Amma çoxları yenə gəlməyirlər imana.
175. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz.
176. Eykəlilər də danmışdılar
göndərilən elçiləri.
177. Onlara bir zamanlar
Şuayb demişdi: «Allahdan çəkinməzmisiniz?
178. Mən sizə göndərilən
e'tibarlı bir elçiyəm.
179. Qorxun Allahdan,
itaət eləyin mənə.
180. Buna görə mən sizdən
bir əcir də ummaram. Əcrimi aləmlərin Rəbbi verər.
181. Ölçüdə, çəkidə düzlük
gözləyin, heç nəyi əskik verməyin,
182. çəkdiyinizi düzgün
olan tərəziyə qoyub çəkin.
183. Adamların haqqını
kəsməyin. Pozğunçuluq törədərək yer üzündə qarışıqlıq salmayın.
184. Sizi və sizdən öncəki
nəsilləri yaradandan qorxun!»
185. Dedilər: «Səni,
heç şübhəsiz, cadulamışlar.
186. Sən də bizim kimi
bir bəşərsən sadəcə. Səni yalançı sayırıq.
187. Doğru sözlü, düz
əməlli kimsəsənsə, göyün bir parçasını sal bizim üstümüzə baxaq
necə salırsan».
188. Dedi: «Gördüyünüz
işləri Rəbbim daha yaxşı bilir».
189. Dandılar Şuaybı.
Və buludlu bir günün əzabı yaxaladı onları. Şübhəsiz, böyük günün
əzabıydı bu əzab.
190. Şübhəsiz, insanlara
bu da bir dərs olmalı. Amma çoxları yenə gəlməyirlər imana.
191. Güclüdür, Rəhimdir
Rəbbin, şübhəsiz.
192. Aləmlərin Rəbbinin
göndərişidir, şübhəsiz, bu Qur'an.
193. Onu e'tibarlı ruh
[Cəbrail] salmış
194. sənin qəlbinə insanlara
xəbərdarlıq eləyəsən
195. aydın ərəb dilində.
196. Öncəki elçilərin
Kitablarında da xatırlanmış bu Qur'an.
197. İsrail oğullarının
alimləri də bilirlər bu Qur'anı. Məgər dəlil olaraq bu yetərli
deyilmi?
198. Qur'anı göndərsəydik
əgər bə'zi əcəmilərə [qeyri-ərəblərə]
199. və bunlar da ərəblərə
oxusaydılar onu, yenə də gəlməzdi imana onlar.
200. Suçluların qəlblərinə
küfr salırıq beləcə.
201. Nə qədər ki, görməyiblər
o ağrılı əzabı, inanmazlar Qur'ana.
202. Özləri də bilmədən
bu əzab onlara qəfildən gələr.
203. «Möhlət verilməzmi
bizə?» deyərlər.
204. Əzabımızın gəlməyinimi
tələsdirirlər?
205. De görək, əgər Biz
illər uzunu naz-ne'mət versək onlara
206. və sonra o və'd
edilən əzab gələrsə,
207. verdiklərimizin
bir faydası qalarmı heç onlara?
208. Xəbərdarlıq çatdırmadan,
elçilər göndərmədən Biz yoxa çıxarmazdıq heç bir şəhəri.
209. Öncə öyüd verərdi
camaata elçilər. Biz zalımlar deyilik.
210. Qur'anı şeytanlar
nazil etməmiş.
211. Bu onların işi deyil,
gücləri də çatmaz buna.
212. Vəhyi dinləməkdən
üzaq tutulmuş onlar.
213. Başqa bir tanrını
tay tutaraq Allaha ona dua eləmə. Əzaba uğrayarsan.
214. Olacağı öncə ən
yaxın qohumlarına xəbər ver.
215. Qanadının altına
al sənə tabe mö'minləri.
216. Yzünə ağ olsalar,
de ki, «Gördüyünüz işlərin mənə heç bir dəxli yox».
217. Güclü olan, Rəhim
olan Allaha güvən.
218. O Allaha ki, sən
namaza qalxan zaman görür səni
219. namaz qılan kəslərin
arasında.
220. Şübhəsiz, hər şeyi
eşidən, hər şeyi bilən Odur.
221. Sizə bildirimmi
Mən, şeytanlar kimlər üçün nazil olarlar?
222. Suç yiyəsi hər böhtançı
kimsə üçün.
223. Belələri şeytanlara
qulaq asarlar. Çoxu da yalançıdır onların.
224. Şairlərə sapmışlar,
pərəstişkar adamlar tabe olarlar.
225. Məgər görməmisənmi,
bir söz vadisindən o birinə keçərkən onlar necə hədlərini aşırlar
[yə'ni nə həcv, nə də mədhiyyə qoşmaqda sərhəd gözləmirlər],
226. Eləmədiklərini «Eləmişik»
deyərlər.
227. Ancaq başqa şairlər
də var, bunlardan deyil onlar. O şairlər ki, iman gətiriblər,
saleh işlər görüblər, Allahı tez-tez anıblar, zülm çəkəndən sonra
uğur qazanıblar. Zalımlıq eləyənlər axır görüb biləcəklər hara
imiş qayıtmalı olduqları yerləri.
|