Qurani-Kərimdə
əsas anlayışlardan olan şükür isim və fel olaraq 70-ə yaxın yerdə
keçir. Quran termini olaraq «şükür» insanın əldə etdiyi neməti
düşünməsi və bunu bir sıra formalarda biruzə verməsi mənasındadır.
Qurani-Kərim Allahın saysız nemətlərini istifadə edən insanın
bu nemətlərin sahibini düşünməsini və xidmətinə verilən nemətlərdən
duyduğu xoşbəxtliyi bir sıra davranışlarla ortaya qoymasını şükür,
şükür etmək adlandırır. «Təşəkkür» və «şükran» sözləri də bu kökdəndir.
Quran terminologiyasında
şükürün antonimi küfrdür. Bu isə neməti örtmək, unutmaq, görməzlikdən
gəlmək deməkdir. Şükür Allaha imanın təzahürlərindən biri kimi
verilir. Qurani-Kərim insanın tipik özəlliklərinin birinin də
nemətlərə şükür etməmək olduğunu söyləyir. İnsanların çox azının
şükür etdiyini ifadə edən ayələrin sayı 20 civarındadır
(Baqara, 243; Yunus, 60;Yusuf, 38; Ğafir, 61 və s.).
Şükürün necə yerinə yetirilməsi
də vacib məsələlərdən biridir. Şükürün Quran yapısını dəyərləndirən
müfəssirlər onun üç yolla yerinə yetiriləcəyini təsbit ediblər:
düşüncə yolu, dil yolu, aksiya yolu. Bunlardan ilki nemətlərin
sahibi olan Allahı düşünmək, ikincisi Allahı dil ilə anmaq, üçüncüsü
isə nemətlərin sahibi olan Allahın qullarını o nemətlərdən yararlandırmaqdır.
İslam əxlaqında şükürün
dilə gətirilməsinə təhdisi-nemət deyilir. Duha surəsinin
11-ci ayəsindən («An həmişə Rəbbinin sənə olan ne'mətini»)
qaynaqlanan bu deyimin ifadə etdiyi əsas anlam sahib olduğumuz
nemətlərdən başqalarına da verməkdir. Necə ki Qurani-Kərim şükrü
yerinə yetirməyin yolunun aksiya və xidmət olduğunu açıqca bildirir:
Səbə surəsinin 13-cü ayəsi belə deyir: «Ey Davud
ailəsi, şükür olaraq əməl sərgiləyin. Fəqət qullarım içində bu
anlamda şükür edən çox azdır». Həzrəti peyğəmbər: «Allah quluna
bir nemət verəndə onun əsərini qulu üzərində görmək istər» deyərək
şükürün bir söz və ya düşüncə olmaqdan çox bir fel olmasının lazımlığına
diqqət çəkir.
Şükürlə həmdin qarşılaşdırılması
da mövzunun diqqət çəkən tərəflərindən biridir. Deyilib ki, şükür
çox geniş çərçivəli həmdin içində yer alır. Amma həmd yalnız dillə
ifadə edildiyi halda, şükür fellə də yerinə yetirilir. Ayrıca
şükür mütləq əldə edilən bir nemət qarşılığında edilir. Həmd isə
nemət sahibinə nemət bizə çatmasa da edilir. Buna görədir ki,
artmasını istədiyimiz şeylər üçün şükür edərik.
|