Mənası
şiddətli arzu, arzulanan şey üçün atılmaq olan şəhvət ən mükəmməl
ünsürlərlə ən böyük bəlaları özündə daşıyan əsrarlı bir keyfiyyətdir.
O halda şəhvəti yalnız pis olaraq qiymətləndirib rədd edə bilmərik.
«Allah şəhvəti insana boşuna verməyib. Mənfəətə qaçmaq, əməl və
həvəs kimi şeylər hamısı ondan qaynaqlanır. İnsan və heyvan nəslinin
davamı da şəhvət sayəsindədir. Əgər şəhvət olmasaydı, yer üzü
xaraba, insanlar arası müamilələr hökmsüz və nəsil kəsilmiş olardı»
(Əhməd Rüfət).
Şəhvətin faydalı və zərərli
çeşidlərini ayırmaq üçün isabətli və yalançı şəhvət ölçüsünü işlədənlər
var. Bunlara görə, isabətli şəhvət bədən üçün zəruri olan şeylərə
duyduğumuz arzu, yalançı şəhvət isə bədən üçün lüzumsuz olana
yönələn arzudur. Adlarına nə deyirik, deyək, Quran şəhvətin həm
məqbul, həm də çirkin olanlarına işarə edir: «Qadınlara, uşaqlara,
kantar-kantar qızıl-gümüşə, ürgəyə, mal-qaraya, torpağın məhsullarına
qarşı hərisliyə, həvəsə qurşanmaq cazibəli göründü insanlara.
Bunlar dünya həyatının gəldi-gedər nemətləridir. Allahın dərgahıdır
gediləsi gözəl yer» (Ali İmran, 14).
Burada sayılan şeylərin
hamısı halal dairəsində olanlardır. O halda onlara duyulan arzu
ehtirasla dolu və həddi aşan tipdən olanda pis və çirkindir. Bu
ayə isə şəhvətin pisinə işarət edir: «Allah sizin tövbələrinizi
qəbul etmək istər. Şəhvətlərinə uyanlar isə sizin böyük bir meyllə
yoldan sapmanızı istərlər» (Nisa, 27).
Şəhvəti normal ölçülər
içində tutmağa islam əxlaqında iffət deyilir.
|