Müqəddəs
Oxunu orijinalda oxuyarkən hər şeydən öncə bir dil möcüzəsilə
təmasa girdiyini duyursan. Bəlağət və ecaz baxımından sözlərin
düzümü, eyni sözün, ifadənin yerinə görə çeşidli mənalar daşıması,
səslərin alliterasiyasının aşıladığı ovqatlar, mənaca oxşar ayələrin
təkrarlanması ilə bağlı psixoloji təsirləri, təlqinləri gücləndirən
qafiyələr, düşünüb-daşınmaq imkanını saxlamaqdan ötrü qulağı rahat
buraxan qafiyəsiz məqamlar və s. – qüdsal Kitabımızın müşahidəyə
gələn bəzi məziyyətlərindəndir.
Quran vəhylərinin ilkin
enişində iman dəvətlərinə bunların sehrini duyar-duymaz bütpərəstlərin
etirazı ondan ibarət olmuşdur ki, ayələr guya şeir nümunələri
imiş. Peyğəmbər dəvətlərinin mahiyyətinə kölgə salmaq niyyəti
güdən həmin arqument o zamankı mədəni çevrəyə hakim kəsilmiş poeziyanın
yüksək mövqeyindən güc alırdı. Əski ərəb təfəkkürü islamöncəsi
“cahiliyyə çağı”nın bəlağət və fəsahət örnəyi sayılan poeziyasını
yaşatmaqda idi. Ömər Xəttab oğlunun “cahiliyyə” əhli barədə söylədiyi
“Qövmün elmi şeirdən ibarətdi, onun bundan savayı doğru-düzgün
bir elmi yoxdu” ifadəsi o dövrün nadanlıq mühitində poeziyanın
əlahiddə rolundan xəbər verir.
Qurana savaş açmış soydaşlarının
Peyğəmbərə şair söyləmələri bu baxımdan təbiidir. Belə bir dil
möcüzəsi qarşısında dinlərinin zavala uğrayacağından əndişə keçirən
bütpərəstlərin təbliğatı ona yönəlmişdi ki, camaatı nazil olan
ayələrin ilahidən gəlmə deyil də insan kəlamı olduğuna inandıra
bilsinlər. Ulu Yaradan həmin təbliğatı cavabsız qoymamışdır: “Yoxsa
ki, deyirlər: “Bunu uydurmuş o?!”. De “Siz də bunun bənzəri uydurulmuş
olaraq onca surə gətirin və Tanrıdan başqa kimi bacarırsız çağırın,
doğrucullarsınızsa. Sizi cavablamasalar, bilin, bu, Tanrının elmiylə
endirilmiş, Ondan başqa ilah yox. Necədir, təslim olursunuzmu?”
(Hud, 13-14); “Və Biz ona şeir öyrətməmişik, heç ona gərək də
deyil. Bu, yalnızca bir Anım, aydınladan bir Oxu” (Yə-sin, 69).
Islamın yayılıışından
sonrakı çağlarda da bu ilahi Söz nümunəsinin bənzərini belə yaratmaqda
aciz qələm yiyələrinə təkcə o qalmışdır ki, Tanrı kəlamının yaradıcı
mahiyyətinin dərki naminə cəhdlər göstərsinlər, ondan ilham alıb
söz yaradıcılığı ilə məşğul olsunlar. Söhbət Quran-i Kərimin istər
mövzu, istər də bədii sənətkarlıq baxımından ədəbiyyata, özəlliklə
də poeziyaya göstərdiyi böyük yaradıcı təsirdən gedir.
Yazıya köçürülməsi XI
əsrdə təxmin edilən milli abidəmiz “Kitab-i Dədə Qorqud”da bu
təsirin izləri aydın görünür. “Hecasından düz oxunsa yə-sin görklü”
deyən Qorqud müəllifinin də müqəddəs mətnin dil möcüzəsi məziyyətlərilə
təmasda olduğu aydınlaşır. Abidənin bədii cəhətdən mükəmməlliyinin
əsas səbəbini Tanrı qaynaqlı ilhamla yazıldığında axtarmaq mümkündür.
Bəzi Quran ayələrinin türkcəmizə şeirlə tərcüməsi öz yerində,
kitabda gedən sırf türk Tanrı öyümləri ilahi vəhylərin dil ecazına
can atmaq təsiri də bağışlayır:
Urduğun ulıtmayan ulu
Tanrı!
Basdığın bəlirtməyən bəlli Tanrı!
Götürdüyün göyə yetirən görklü Tanrı!
Vəhylərin şeirlə qarışıq
salınmaması, şeirin vəhy dışı bir kəlam olduğunu təlqin etmək
naminə müqəddəs Oxu şairlər barəsində öz dəyərləndirməsini verir:
“Şairlərə gəlincə, onlara azmışlar uyar. Məgər görməzmi oldun,
çaşqın-çaşqın dolaşırlar hər vadidə. Etmədiyi şeyləri söyləyirlər.
O şairlər istisna ki, inanmış da xeyircil əməllərdə bulunmuşlar,
Tanrını bol-bol anmışlar, zülm çəkəndən sonra uğur qazanmışlar...”
(“Şuara” – Şairlər, 224-226).
Şairlərin Quran təsnifatındakı
istisnaya görə dahi şairimiz Məhəmməd Füzulı öz divanına yazdığı
dibaçəsini ulu Tanrıya həmd oxumaqla başlayır. Ümumiyyətlə, Füzuli
sənətkarlığının ana qaynağı Qurandır. Şairin dühasından vəcdə
gələnlər onun obraz yaratma mexanizminin məhz ilahi mətndən alınma
olduğunun da fərqinə varmalıdırlar. Bir misal. Ayələrin birində
Rəbbimiz buyurur: “Kafirlərin işləri çöllükdə ilğım kimi. Su təşnəsi
su zənn eylər, yaxın gələr, o suyu yox bular, bir də baxar yanındakı
Tanrıdır ki, O da tam bir ölçüdə çəkər beləsilə haqq-hesabını.
Tanrı hesabı yeyin aparan” (Nur, 39). Burada batil olacaq işlər
görən imansızlar səhrada su gəzən kimsə ilə müqayisə edilir. Bu
adam ilğımı su zənn edərək yaxınlaşdıqca “suya” çata bilmir ki,
bilmir. Füzulinin “Leyli və Məcnun”undakı qəzəl qəhrəmanı isə
imansız deyil, anlamazların mühitində təkləndiyindən dərdini suya
söyləmək üçün ətəyindən tutmaq istəyir, o da ilğım olduğundan
həmdərdə çevrilə bilmir. Bu yerdə Füzuli deyir:
Əgər su damənin tutdum
rəvan döndərdi üz məndən,
Və gər gügudən umdum sidq əksi-müddəa gördüm.
Cəmiyyətdən baş götürüb
qaçan şəxs səhrada suya, məcazi mənada saflığa, aydınlığa təşnə
olub su şəklində görünən ilğıma can atırsa da axıb gedən ilğım
əlçatmaz olur. Və görünüşü etibarilə həmin ilğım bir növ güzgünü
xatırlatdığından qəhrəman bu dəfə də güzgüdən sidq umur. Güzgü
isə hər şeyi tərs göstərdiyindən tənhalığa çəkilmiş qəhrəmanın
həmdərdinə çevrilə bilmir.
Poetik lövhə, ahəng və
fəlsəfi məna vəhdətini nümayiş etdirən Füzuli misraları bütövlükdə
Qurana borcludur ki, bu məsələdə yeni araşdırmaların yaranacağı
şəksizdir.
Dindarların mədəni mühitinə
ünvanlanan şeirlərdə ilahi yaradıcılıq işinin poeziya obyektində
təcəllisini verməklə qələm əhli eyni zamanda sözün təsirini artırmağa
çalışmışlar.
Nə deyim xalü-xətün vəsfini
mundan artux,
Oxur eşq əhli onu sureyi-Quran yerinə
- deyən Racinin də barındığı
mənbə aydın görünür.
|