Müsəlman
şərqi ölkələrinin tarixi keçmişinin də, bu gününün də şahidlik
etdiyi xoşagəlməz məsələlərdən biri qadın hüquqlarının pozulması,
qadınların alçaldılması ilə bağlı eybəcər ənənələrlə bağlıdır.
Klassik və müasir Azərbaycan ədəbiyyatında, eləcə də digər müsəlman
şərqi ölkələrinin proqressiv ədəbi nümunələrində tənqidə tutulan
bu ənənələr çox zaman müsəlmanların arxaik və gericil milli mədəniyyətləri
müstəvisində aşkarlanır. Əslində isə bunların yaşarılığını təmin
edən, bunları çağdaşlığımızın fonunda eybəcər görüntülərdə müəyyənləşən
məişət münasibətləri gündəmindən düşməyə qoymayan, tarixin arxivinə
verilməkdən saxlayan başlıca məqam saxtalaşdırılmış dini yozumlardan
su içməsi ilə şərtlənir. Bu yazıdan məqsədim gericil müsəlman
ailələrində ərin öz zövcəsinə əl qaldırması kimi kobudluğun “dini”
mündəricəsini aşkarlamaqdır.
Mətləbə ilahiyyat prizmasından
yanaşmaq üçün istərdim Müqəddəs Oxu nüzulunu başlatmış ilk beş
ayədən başlayım: "Oxu Yaradan Rəbbinin adıyla. Yaratmış insanı
qan laxtacığından. Oxu, Rəbbindir ən böyük kərəm yiyəsi. Qələmlə
yazmağı öyrətmiş. Öyrətmiş insana bilmədiyi nə varsa" (əl-Alaq
surəsi – Embrion, 1-5).
Rəbbimiz insanlığa hər
şeydən öncə "Oxu!" deyə xitab edir. Demir filan-filan
işlər gör, filan-filan şeylər elə, deyir oxu. Yazılar yazısının
adında ifadə olunan müqəddəs qayə işdə budur. Ayələrdən də alırıq
ki, söhbət mexaniki oxumaqdan yox, oxuyub öyrənməkdən gedir.
Bu möhtəşəm kosmik-ilahi
informasiyanın ikinci nazil olmuş ayəsində insanın "qan laxtacığı"ndan
yaradıldığı bildirilir. Ərəbcəsi "alaq"dır. Bir sıra
başqa ayələrdə insanın doğuluş anına qədər bir varlıq kimi fiziki
gəlişməsində iştirak edən təbii ünsürlər və mərhələlər heyrətamiz
bir elmi dəqiqliklə sadalanır ki, bunlardan təkcə biri həmin o
"alaq" deyiləndir. Və belə bir elmi dəqiqlik fonunda
bu sözün ilk qavrayışdan yad təsir bağışladığı təəssüratı yaranır.
Çağdaş ilahiyyatçılar "alaq"ın embrion, yəni ana bətnində
inkişafın erkən dövrünə aid insan orqanizmi olduğu qənaətindədirlər.
"Qan laxtacığı" isə məhz o mənada kara gəlir ki, embrionun
rəng çalarını, quruluşunu eynən xatırladır.
"Alaq" sözünün
daşıdığı başqa bir məna "sevgi, sevgiylə bağlanma"dır.
İkinci ayənin bu açıqlaması da keçərlidir ki, Rəbbimiz insanı
sevgidən yaratmışdır. "Alaq"da hər iki mənanın iştirakını
təmin etməklə Rəbbimiz diqqətimizi ona yönəldir ki, başqa varlıqlardan
(məsələn, heyvanlardan) fərqli olaraq insanın yaradılış "materialı"
maddi və mənəvi ünsürün qarışığından ibarətdir.
Elə bilirəm "insanı
sevgidən yaratmış" açıqlaması da müəyyən əsas verir deyək
ki, qadınla kişi arasında intim münasibətlər gerçək mənada sevgi
duyğuları, sevgi motivasiyası ilə müşayiət olunmalıdır. Cinsi
və mənəvi həzzin biri digərini tamamlaması zərurəti barədə uyğun
sahə alimlərinin də yazılarında incələmələr var. Dinimizin məntiqilə
yetərincə üst-üstə düşən qənaətləri ifadə edir bu qəbildən yazılanlar,
deyilənlər.
Tanrı Yaradandır və umur
ki, yer üzündəki xəlifəsi insan da yaradıcı özəlliklərə sahib
çıxa. Tanrı rizasınca yaradıcı mahiyyətdə əməllər, düşüncələr,
davranışlar sərgiləyə. İntim münasibətlər üçün də bu mahiyyət
vacib görülür və əsasən iki istiqamətdə. Birincisi nəsil artımına
aid istiqamətdir. Bunun maddi-fiziki məna yükü ilə yanaşı, mənəvi
tərəfi də var. Əsasən ailə quruculuğunda övlad yetişdirilməsi
və tərbiyəsinin roluyla bağlıdır. İkincisi sırf mənəvi baxımdan
önəmlidir. Burada söhbət "insan yaratmaq" naminə deyil
də təbii cinsi tələbatları vaxtaşırı ödəyən intim əlaqədən gedir.
O intim əlaqədən ki, əks cinslər arasında sevgi, mehribançılıq
yaradır.
Ər-arvad münasibətlərinin
möhkəmlənməsində vacib məsələdir ki, tərəf-müqabillər intim əlaqə
məqamlarında da bir-birini uğurla tamamlaya bilələr, aralarında
cinsi harmoniya hökm sürə. Əks halda, istisna deyil ki, münasibətlərə
müəyyən psixoloji rahatsızlıqlar sirayət etsin. Mütəxəssislər
bu fikri də vurğulayır ki, cinsi harmoniyanın saxlanmasında kişiylə
qadının fizioloji imkanları ilə bərabər onların mənəvi keyfiyyətləri
də mühüm rol oynayır. Yəni intim əlaqənin yaradıcı mahiyyətində
sevgi və şəhvət duyğularının vəhdəti dayanmalıdır.
Qadınlar surəsində ərinə
kobudluq göstərən qadına qarşı hansı davranışda bulunmaq tövsiyələri
var (34-cü ayə). Nəzərə çatdırım ki, tövsiyələr bütpərəstlərə
deyil də imanlı kişilərə ünvanlanmışdır. Öncə "öyüd verin"
deyir Rəbbimiz. Yola gəlməsələr deyir "onları yataqda tək
buraxın". Müvəqqəti cəza tədbiridir. Bəlkə də ən çeşidli
səbəblər üzündən (məişət problemləri və s. və i.) ərini sevməzlik
hallarına yol verən qadına psixoloji təzyiqdir. Təzyiqdir ki,
intim həyatın təkcə bioloji ehtiraslardan ibarət olmadığını götür-qoy
edə, bunun hansısa gözəl məqamlarda məhz sevgi impulsları ilə
gerçəkləşdiyini xatırlaya, düşünüb-daşına... Və yəqin ki, başqa
psixoloji aspektlər də nəzərə alınmaqla cinsi həzzdən müvəqqəti
məhrumetmənin effektini incələyən daha geniş və ayrı təfərrüatlar
da ola bilər.
Ayədə situasiyaya uyğun
ikinci tövsiyənin ardınca üçüncüsü də gəlir. Bu sonuncu tövsiyə
ilahi mətnin orijinalında "fədrubuhunnə"dir. Əksər müsəlmanlar
həmin ifadəni "onları döyün" kimi anlayıb həyata keçirməyə
bir növ adət emişlər. Kimlərsə iddia edə bilərlər ki, bəzi qadınlarda
məhz döyüldükdən sonra "mürgüləyən" sevgi hissləri təkrar
oyanır. Hər halda, elə bilirəm belə bir anormallıq çoxluğa aid
ediləsi məsələ deyil. Başqa yandan, zinaya yol verməmiş bir qadına
fiziki cəza verilməsi dinimizin məntiqilə də uyarlı görünmür.
Zinaya görə isə nəzərdə tutulan kötəkləmə (Nur surəsi, 2) eyni
zamanda kişiyə də uyğulanacaq bir cəzanın yuxarı həddidir (yeri
gəlmişkən, din "təəssübkeşləri"nin nəzərinə: zina qarşılığında
qadını daşqalaq etmə cəzasının heç bir Quran əsası yoxdur!).
Bəzi ilahiyyatçılar "fədrubuhunnə"
ifadəsinə aid "darabə" felinin kökündə otuza yaxın məna
olduğunu yazır və bunlardan ən önəmlilərindən dördünü - "vurmaq,
döymək, çıxmaq, getmək" mənalarını diqqətə almağı və ifadəni
bu cür açıqlamalarda qəbul etməyi məsləhət görürlər: "onları
evdən çıxarın"; "onları olduqları yerin dışına getmək
zorunda buraxın"; "onları döyün". Bu açıqlamalardan
hər birinin vəziyyətə, şəxsi keyfiyyətlərə görə uyğulanmasını
keçərli bilərək birinci və ikincini insan psixolojisinə və hüquq
məntiqinə daha uyğun sayanlar da var. Ancaq məsələ burasındadır
ki, "darabə" felinə həmin ilahiyyatçıların əlavə etdiyi
mənaları gətirən müvafiq ön qoşmalarıdır və bunlardan heç biri
"fədrubuhunnə" də yoxdur və məhz olmadığına görə də
mütərəqqi ilahiyyatçıların ənənəvi şəriəti islah etmək məqsədi
ilə istinad etməyə çalışdıqları həmin mənaları sadəcə olaraq etibarsız
edir.
Ön qoşmasız halda işlənən
bu felin diqqətdən qaçmış, izahlı lüğətlərdə yer almamış, fəqət
danışıq dilində, bəzi ərəb ləhcələrində işlənən və bu üzdən də
görkəmli rus ərəbşünası V.Borisovun tərtib etdiyi “Arabcko-russkiy
slovar”da qeyd olunan diqqətçəkici bir mənası da var. Bu, erkəyin
dişiylə cinsi əlaqəyə girməsini ifadə edir. Hesab edirəm, ilahi
məntiqə daha yaxın hikmət qatının açılmasında bu məna əsas götürülməlidir.
Mehribançılıq, şəfqət,
sevgi impulslarının təkrarən hərəkətə gəlməsi naminə addımı yenə
də kişi atır. Bu dəfəki intim əlaqə aktı öncələr olduğundan bir
qədər fərqli, bir qədər kobuddur. Felin lüğəti mənalarından biri
kimi "fədrubuhunnə"nin bu cür açıqlanması öz yerində.
Və bundan başqa elə bilirəm məhz bu mənaya üstünlük qazandıran
məsələ öncəki tövsiyə ilə bu sonuncunun arasında məntiqi-psixoloji
bağlılığın yaranmasına yardım göstərməsidir.
Və "yataqda tək
buraxılmağından" dolayı cinsi aclığa məhkum qadınla müəyyən
fasilədən sonra təkrar əlaqə aktı psixoloji bir fənd kimi nəzərdə
tutulur. Ənənəvi xoş münasibət izharına yol verilmədən həyata
keçən bu intim əlaqə zərif cinsin dikbaşlığını, kobudluğunu, sevməzliyini
və s.-ni ram edə bilir. Zatən cinsi əlaqənin sevgi, mehribançılıq,
şəfqət yaradıcılığı təyinatına uyğun gələn nəticədir.
Etiraf edim ki, vaxtilə
nəşr etdirdiyim Quranın dilimizə tərcüməsi əsərimdə (Quran-i Kərim:
Azərbaycan türkcəsində açıqlama, 1993) yuxarıda ərəbcə gətirdiyim
ifadənin tərcüməsini ənənəvi izahlar üzərində qurmuşdum, yəni
hədislərə əsaslanan mövcud təfsirlərə istinadən mən də “onları
döyün” deyə kobudluq edib yazmışdım. Bundan tövbə edərək yeni
və hələ nəşr olunmamış tərcümə əsərimdə isə ayənin həmin ifadəyə
aid hissəsinin açıqlamasını belə vermişəm: “...O qadınlar ki,
əndişə çəkirsiniz onların tərsliyindən, əvvəlcə öyüd verin onlara,
sonra tək buraxın onları yataqlarında, və nəhayət, onlarla möhkəm
cinsi əlaqədə bulunun. Və sizə ram oluban sayğılı davransalar,
bir yol aramayasız onların əleyhinə...”
Bu deyilənləri nəzərə
alan müsəlman kişisinin dindarlığı varsa bilsin ki, qadını döymək
yox, sevmək lazımdır. Çünki mərhəmətlilər mərhəmətlisi (Yusif
surəsi, 64) Rəbbimizin qəzəbi, cəzası müstəsna hallara və şərtlərə
bağlıdırsa, mərhəməti sonzusdur (əl-Əraf – Sədd surəsi, 156).
Və çağdaş ilahiyyatçıların da deiyi kimi, müqəddəs Oxudakı mərhəmək
anlayışı sevgi, şəfqət kimi mənaları da ehtiva edən geniş bir
məzmuna sahibdir.
Əminəm ki, müsəlman xalqlarının
ailə-məişət münasibətlərində yer almaqda davam edən gericillik,
kobudluq, qəddarlıq, mədəniyyətsizlik nümunələrinin aradan qaldırılması
yolunda yuxarıda qeyd olunan ayənin belə izahı bir yazı müəllifinin
ilahiyyatçılıq araşdırmaları “arxivindən” çıxıb da müsəlmanların
dindarlığına, dini şüuruna, oradan da ailəiçi münasibətlərinə
səyahət etməlidir.
|